Bizim gənclər bir çox hallarda başqa tələbələrdən üstün olurlar

 

Cavid Mövsümlü: “İbtidai sinifdən övladlarımıza öncə vətənpərvərliyi aşılamalıyıq”

Türkiyənin Hacettepe Universitetinin doktorantı Cavid Mövsümlü ilə müsahibəni təqdim edirik

 

-Özünüzü oxucularımıza tanıtmağınızı istərdik.

-Mən 1989-cu ildə Bakı şəhərində hərbçi və müəllimə ailəsində anadan olmuşam. Orta məktəbdə təhsil alarkən paralel olaraq musiqi, rəsm və üzgücülüklə məşğul olmuşam. Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam. Tələbəlik illərində də ictimai-elmi sahələrdə aktiv olmuşam. 2009-cu ildə fakültəmiz tərəfindən ilin tələbəsi də seçilmək mənə nəsib olub. 2010-cu ildə bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirərək yenə də BDU-nun AsiyaAfrika ölkələri tarixi ixtisası üzrə magistr pilləsinə qəbul olmuşam. Amma eyni ildə təhsilimi donduraraq hərbi xidmətə getmişəm. 2010-2011-ci illərdə Naxçıvanda DSX-in “N”saylı hərbi hissəsində şərəfli “sərhədçi” adını daşımaq mənə nəsib olub. Hərbi xidmətimi tamamladıqdan sonra magistr dərəcədə yenidən təhsilimi davam etdirməyə başlamışam. Bu illərdə elmi fəaliyyətimi daha da genişləndirdim. Bir sıra xarici ölkələrdə elmi konfrans, simpoziumlarda məruzəçi, oturum rəhbəri və hətta təşkilatçı kimiiştirak etmişəm. Bu günə qədər 20-dən çox elmi məqalələrim və tezislərim müxtəlif beynəlxalq dərgilərdə müxtəlif dillərdə dərc olunub. 2014-cü ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm. 2011-ci ildən BDU-nun Tarix fakültəsində Tarixşünaslıq və Mənbəşünaslıq fənləri üzrə rus bölməsinə mühazirələr oxumuşam. 2014-cü ildə magistratura pilləsində təhsilimi başa vurduqdan sonra Türkiyə Cümhuriyyətinin təhsil proqramı üzrə sənədlərimi göndərdim. Müsbət cavab gəldikdən sonra səfirlikdə müsahibə yolu ilə Hacettepe Universitetinin Tarix bölümündə doktarantura pilləsində təhsil almağa dəvət olundum. Hal-hazırda təhsilimi davam etdirirəm.

- Siz xaricə təhsil almağa getməmişdən əvvəl BDU-da müəllim işləmisiz. Sizcə, müəllim hansı cəhətləri ilə gənclərə örnək olmalıdır?

-Məncə, öncə müəllim olan kəs şərəfli “Müəllim” adını yüksək tutmalı, ona hörmət etməlidir. Bundan sonra onun peşəsinə ətrafdakılar da hörmət edəcəklər. Mənim aləmimdə müəllim ən müqəddəs peşədir. Müəllim dürrüstlüyü, ədaləti, savadı, əxlaqı, vətənpərvərliyi, mərdliyi ilə gənclərə örnək olmalıdır ilk olaraq. Müəllim cəmiyyətimizə faydalı gəncləri yetişdirən bir insan olmalıdır.

-Necə düşünürsüz, gənclər öz istəkləri uğrunda əzmlə mübarizə aparırlarmı?

-Az da olsa təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu gün Azərbaycan gəncliyinin tədris mərkəzlərində fəaliyyətləri aşağı səviyyədədir. Bizdə bəziləri sərmayəsini övladları savadsız olsun deyə xərcləyirlər. Elə buna görə də çox zaman elmə marağı olan gənclərimizin kütləvi surətdə elm və tədrisin inkişaf etmiş ölkələrə axınını müşahidə edə bilərik. Bu isə ölkəmizin potensiallı gənclərinin istəməyərəkdən xaricə idxalı deməkdir.

- Azərbaycanlı tələbələr hansı cəhətləri ilə əcnəbi tələbələrdən irəli və ya geridirlər?

-Doğrusu, hələ ki, təhsilimə yeni başlayıram. Amma buna qədər başqa ölkələrdə elmi tədbirlərə çox qatılmışam deyə, tələbələri də müşahidə etmək imkanım olub. Zənnimcə, xarici ölkələrə savadlı gənclərimizin getməsi ilə əlaqədar olaraq bizim gənclər heçbaşqa tələbələrdən geri qalmırlar, hətta bir çox hallarda üstünolurlar.O ki qaldı ölkəmizdəki gənclər, doğrusu, bizimkilərin oxumağına oxumaq demək olmaz! Çox nadir hallarda, hər qrupda 1 və ya 2 çalışqan tələbə tapmaq olar.

-Gənclərin mənəvi inkişaf əldə etməsi üçün əsas nəyə ehtiyac var?

-Zənnimcə, ibtidai sinifdən övladlarımıza öncə vətənpərvərliyi aşılamalıyıq. Bu çox mühüm bir faktordur. Bu cür yetişən nəsil öz millətinə və ya dövlətinə aid olan hər bir şeyin təəssübkeşliyini çəkir. Daha sonra təhsildə istənilən neqativ halları aradan qaldırmaq lazımdır. Bu da bizim gənclərin psixologiyasına mənfi təsir edir. Bu problemlər bizim təhsilimizdə hələ də mövcuddur, ona görə də bizdə bu sahədə inkişaf, hələ ki, getmir. Amma ümid edirəm ki, yaxın gələcəkdə bu problemlər də öz həllini tapacaq. Ölkəmizin bir sıra sahələri inkişaf etdiyi kimi təhsil sahəsi də inkişaf edəcək.

-Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin hansı rolu var?

-Gözəl sualdır. Milli adət-ənənələr bir millətin tarix boyunca varlığını sübut edən bir sənəddir. Adət-ənənələrimiz zəngindir, demək ki, bizim tariximizçox qədimlərə dayanır. Bu gün bu kimi mənəvi dəyərlərimizin inkişaf etdirilməsində, zənginləşdirilməsində və beynəlxalq aləmə çatdırılmasında mövcud hökumətimizin müstəsna rolu vardır. Bu yaxşı haldır. Belə bir siyasət millətin də geninə yaxşı təsir edir. Elementar olaraq bir misal çəkim ki, bir neçə il bundan qabaq toylarda klub mahnı və rəqslərinə, estrada müğənnilərinə təlabat var idisə, indi daha çox milli musiqi və rəqs, muğam ifaçıları, aşıq musiqisixalq mahnılarına daha çox maraq vardır. Deməli, bu sahədə inkişaf vardır.

-Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması yolları hansılardır?

-Burada ilk olaraq bir amil əsas götürülməlidir, o da təbliğatdır. Təbliğatın iki əsas forması vardır ki, gənclərə tez təsir göstərir: KİV və tədris. KİV və tədris sistemi gənclərimizə nə qədər çox vətənpərvərlik ruhunda təbliğat apararsa, biz o qədər də ölkəmiz üçün sağlam gənc nəsil yetişdirmiş olarıq.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-19 dekabr.-S.7.