Ümumrespublika “Məktəbli
Kuboku“ təşkil edilə bilər
Məqsəd
yeniyetmə və gənclərin fiziki-mənəvi
inkişafı, asudə vaxtlarının səmərəli təşkili,
sağlam həyat tərzinin təbliğ olunması və
yeni istedadların üzə çıxarılmasıdır
Son illər ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped İdmanı Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub.
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda uşaq və yeniyetmələrin, gənc nəslin fiziki inkişafında mühüm rol oynayan velosiped idmanı və bu idman növünün ölkəmizdə inkişafı haqqında məlumat verəcəyik. İstər uşaq, istərsə də böyüklərin bu idman növü ilə məşğul olması fiziki sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Velosiped İdmanı Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulub. Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülmüş “Azərbaycan İstedadları Proqramı” layihəsi velosipedçi idmançıların dəstəklənməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında, Olimpiya Oyunlarında uğur qazanmaq üçün onların idman karyerasına dəstək olmaqdan ibarətdir. Ölkəmizdə velosiped idmanının inkişafı ilə bir çox klub və idman məktəbləri məşğuldur. Bu idman məktəblərinin məqsədi velosiped idmanına maraq göstərən yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və onların peşəkar idmançı kimi hazırlanmasını təşkil etməkdir.
Velosiped idmanının inkişafına töhfə verən məktəblər
Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsinə öz töhfələrini vermiş məktəblərdən sayılır. Məktəb 1984-cü ildə yaradılıb və Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydançasında, həm də ölkə daxilində şose yürüşlərində keçirirlər. Məktəb 6 inventar, soyunub-geyinmə və 2 inzibatı otaqdan ibarətdir. Məktəbin direktoru Anna Qladçenko 1996-cı ildən bu idman məktəbinə rəhbərlik edir, velosiped idmanı ustasıdır. Hələ 1986-cı ildə Ümumittifaq hakim dərəcəsini alıb. 1997-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. Məktəbin yetirmələrinin uğurlarından söz açarkən ilk növbədə Oleq Nojinin 1997-ci ildə gənclərin İtaliyada keçirilmiş Avropa birinciliyində sprintdə qazandığı gümüş və vaxt üzrə fərdi yürüşdə əldə etdiyi bürünc medalı qeyd etmək lazımdır. Elə həmin il məktəbin təmsilçiləri Türkiyədə yeniyetmələr arasında keçirilmiş beynəlxalq yürüşdə 3-cü yeri tutublar. Bundan əlavə, 2001-ci ildə dünya çempionatında Oleq Nojin trekdə 1 kilometrlik yarışda 7-ci, İqor Demyaşkin isə trekdə xal üzrə qrup yürüşündə 9-cu, şosedə qrup yürüşündə 20-ci yeri tutub. Məktəbin digər yetirməsi Elnarə Musayeva 2007-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş dünya çempionatında "B" qrupunda trekdə vaxt üzrə fərdi yürüşdə 5-ci, şossedə 86-km-lik yürüşdə 24-cü olub. Məktəbin yetirməsi Aqşin İsmayılov 2008-ci ildə ölkə çempionu olmuş və hazırda Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun heyətində çıxış edir. O, eyni zamanda yığma komandamızın da üzvüdür. 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi 1969-cu ildə yaradılıb. Məktəbin velosiped idmanı üzrə məşğul olan idmançıları Əhmədli qəsəbəsində yerləşən 29 nömrəli məktəbə məxsus velobazada, velotrekdə və şoselərdə məşq keçirlər. 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində beş idman bölməsi fəaliyyət göstərir: Boks, qılıncoynatma, ağır atletika, velosiped idmanı və futbol. Məktəbin idman yetirmələri dəfələrlə Avropa, dünya və Olimpiya çempionları olublar. Məktəbin iki idman yetirməsi - Boris Koretski və İlqar Məmmədov Seul Olimpiadasında qılıncoynatma üzrə Olimpiya çempionları olublar. 2008-ci ildə keçirilən boks üzrə Avropa və dünya birinciliyinin qalibi Salman Əlizada də həmçinin bu məktəbin yetirməsidir. Məktəbin Velosiped İdmanı üzrə idmançılarından olan Elgün Əlizadə və Nicat Niftəliyev Türkiyənin Konya şəhərində keçirilən Beynəlxalq Velosiped İdmanı turnirində iştirak edərək ikinci yerə çıxıb. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) velosiped idmanı bölməsindən də yan keçməyib. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin idman tarixində ilk dəfə velosiped idmanında London-2012 Yay Olimpiya oyunlarına lisenziyanı mərkəzin yetirməsi Yelena Çalıx qazanıb. “Nefçi” İSM-in velosiped idmanı bölməsi Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Hazırda bu idman bölməsində 20-yə yaxın gənc və yeniyetmə idmançı, bütün kateqoriyalar üzrə məşqçi Asif Həsənovun rəhbərliyi altında məşq keçir. Bu bazada məşq edən mərkəzin yetirmələri bir sıra nəticələrə nail olublar. Məsələn, idmançılardan Elçin Həsənov 2008, Tural Xanməmmədov 2012-ci ildə Qubada keçirilən Azərbaycan çempionatında 3-cü yeri tutublar. Cəmiyyətin digər yetirməsi, hazırda Sumqayıt klubunun məşqçisi Qafur Mustafayev dəfələrlə beynəlxalq yarışların iştirakçısı, 2004-2005-ci illərdə Azərbaycan çempionatının qalibi olub. Digər idmançı Həmid Manafov isə 2003-cü ildə Azərbaycan çempionatının qalibi kimi Pekində Dünya Çempionatının “B” qrupunda iştirak edib və orada 70 idmançı arasında qrup yarışında 21-ci yeri tutub. Dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin mükafatçısı və Azərbaycanı ilk dəfə 2012-ci ildə Hollandiyada keçirilən Dünya çempionatında “A” qrupunda təmsil edən Elçin Əsədov məhz “Neftçi” İSM-in yetirməsidir. O eyni zamanda “Synergy Baku” komandasının da heyətində çıxış edir.
"Tələbə
kuboku"
velosiped yarışı keçirib
Velosiped idmanının uşaq və yeniyetmələrin fiziki inkişafında böyük
rolu var. Bu idman növünü
gənc nəsil nümayəndələri arasında təbliğ
etmək üçün bir
sıra layihələr həyata keçirilir.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının müvafiq bəndinin
icrası, velosiped idmanının daha da populyarlaşması
və kütləviliyi, gənclərin asudə
vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ
olunması məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Azərbaycan
Velosiped İdmanı Federasiyası ilə
birgə ADPU tələbələri arasında "Tələbə
kuboku" velosiped
yarışı keçirib. 16
komandanın iştirak etdiyi
yarışın finalına 4 komanda vəsiqə
qazanıb. Yekunda ADPU-nun
Kimya fakültəsinin komandası finiş xəttini birinci
keçməklə "Tələbə kuboku"nun sahibi olub.
2-ci yeri t arix fakültəsi, 3-cü yeri
isə coğrafiya və
çağırışaqədər hazırlıq
fakültəsinin komandası tutub. Qeyd edək ki, qaliblər pul mükafatı, kubok, medal və diplomlarla təltif
ediliblər. Velosiped idmanının daha da populyarlaşması və kütləviliyi,
yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli
təşkili, sağlam həyat tərzinin
təbliğ olunması və yeni
istedadların üzə çıxması məqsədilə
Azərbaycan Velosiped İdmanı
Federasiyası "Məktəbli Kuboku"
layihəsinin icrasına başlayıb. Nərimanov rayon Gənclər və İdman
İdarəsi ilə əldə olunmuş
razılığa əsasən, Veloparkda
Nərimanov rayonunun məktəbliləri
arasında velosiped yarışı keçirilib. Qeyd edək ki, Nərimanov rayonu məktəbliləri
arasında keçiriləcək bu
yarış pilot layihədir və
lazımi nəticə əldə olunacağı təqdirdə,
ümumrespublika "Məktəbli Kuboku"nun təşkili
də nəzərdə tutulur.
Anar Miriyev
Palitra.-2014.-19 dekabr.-S.11.