“Hollandiyada əhalinin
çox az hissəsi ali təhsillidir”
Bəhruz Sadıqov: “Holland ailəsinin
öz övladlarına ev, maşın
almaq, toy etmək kimi bir öhdəliyi yoxdur”
Xaricdə təhsil alan
gənclərlə bağlı rubrikamızın budəfəki
qonağı Bəhruz Sadıqovdur. Hazırda Hollandiyada ali təhsilini davam etdirən bu istedadlı və
uğur formulunun sirlərini bilən gənclə olan
müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat
verərdiniz?
-Mən -
Sadıqov Bəhruz Babək oğlu 1991-ci il
13 oktyabrda Bakı şəhərində anadan olmuşam.
İbtidai təhsilimə 1998-ci ildə Yasamal rayonu şəhid
Eldar Məmmədov adına 21 saylı orta
məktəbdə başladım. 2002-ci ildə
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinə qəbul
oldum və orta təhsilimi burda davam etdirdim. Orta məktəbdə Təhsil Nazirliyi tərəfindən
keçirilən fənn olimpiadalarında tarix və
coğrafiya fənləri üzrə Bakı birinciliyinə
layiq görüldüm. 2009-cu ildə həmin
liseyi yüksək qiymətlərlə bitirib 680 balla Prezident
təqaüdçüsü olaraq Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının Hüquqşünaslıq fakültəsinə
qəbul oldum. Universitetdə təhsil
aldığım müddətdə təkcə akademik fəaliyyətlə
deyil, sosial fəaliyyətlə də məşğul
olmuşam. Sosial fəaliyyətimi təkcə
universitet səviyyəsində məhdudlaşdırmayıb,
elə 1-ci kursdan ölkə səviyyəsinə yüksəltməyə
nail oldum.
-Yüksək balla ali
məktəbə qəbul olan bir tələbə üçün
xaricdə təhsil almaq qərarı da asan və gözlənilən
olardı.
-Başqa
bir ölkədə ali təhsil almaq barədə
hələ orta məktəbdə təhsil alarkən
düşünürdüm. Universiteti bitirdikdən
sonra belə bir fikrim olduğunu ailəmə də bildirdim.
Onlar da bu fikrimi dəstəklədilər və
daim arxamda oldular. Əslində xaricdə təhsil
almaq fikrimin olduğunu eşidən hər kəs məni dəstəklədi.
Amma bu işdə ən çox dəstəyi ailəm və
ikinci ailəm saydığım Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı – “ATGTİ
ailəsi” , şəxsən sədr –
Şahin İsmayılov göstərdi. Universitet
illərində təkcə akademik fəaliyyətlə deyil,
eyni zamanda sosial fəaliyyətlə də məşğul
olurdum. Bu işdə ATGTİ mənə və
deyərdim ki, bir çox gənclərə körpü rolunu
oynadı. Bizim asudə
vaxtımızın səmərəli təşkil
olunmasına və öz bacarıqlarımızdan yararlanaraq
Azərbaycanı bir çox ölkələrdə təmsil
etməyimizə yardımçı oldu. Yaradılan
fürsətlərdən istifadə edərək xarici ölkələrdə
yay məktəbləri, konfrans, seminar və treninqlərdə
iştirak etdim və bu mənim gələcək təhsilimdə
və karyeramda effektiv rol oynadı.
- Azərbaycanda kifayət qədər
səviyyəli və tanınan bir ali təhsil
ocağında oxudunuz. Hazırkı seçiminiz necə, sizi
qane edirmi? Universitetinizdəki təhsilin səviyyəsindən
söz açardınız.
-Mən
hazırda Niderland Krallığının Erasmus Rotterdam
Universitetində “kommersiya və şirkət hüququ” üzrə
magistr təhsili alıram. Oxuduğum universitet
dünyanın və Avropanın ən yaxşı hüquq təhsilini
tədris edən universitetdir. Təhsil və
tədrisin keyfiyyətindən isə tam razıyam. Tələbələrə nəzəriyyədən
çox praktika öyrədilir. Məncə,
Azərbaycan təhsil sistemindəki ən böyük problemlərdən
biri də elə budur. Bizdə daha
çox nəzəriyyəyə üstünlük verilir.
Şifahi leksiyalar isə tamam ləğv olunub,
tədrisin hər sahəsi elektronlaşdırılıb.
Dərsdə iştirak etməyən tələbə
dərs materiallarını və məlumatları elektron
variantda əldə edə bilər. Bundan əlavə
ixtisasımız üzrə daim dövlət və özəl
müəssisələri ziyarət edir, proseslə daha
yaxından tanış olmaq imkanı əldə
edirik. Müəllimlərin tələbələrlə
münasibəti isə tam səmimi fundament üzərində
qurulub. Tədris prosesini həyata
keçirən professorlar isə öz sahələrinin
peşəkarlarıdır və praktikada
qarşılaşdıqları çətinlikləri bizlərlə
bölüşürlər. Bu da bizim
boşluqları doldurmağımıza və gələcəkdə
ölkəmizdə bu sahədə çətinliklərin
aradan qaldırılmasına yönəlmiş bir töhfədir.
- Adətən gənclərimiz təhsil
üçün getdikləri ölkələrin mühitinə,
adətlərinə çətin alışırlar. Sizdə
necə, Hollandiyaya uyğunlaşmaq prosesi çətin
keçmədi ki?
-Belə
bir sualla tez-tez qarşılaşıram. Mən təhsil
alacağım ölkəni seçəndə ailəm də
daxil olmaqla hər kəs bir az narahat idi. Çünki ölkəmizdə Niderlandla
bağlı çoxlu uydurmalar var, amma reallıq isə tamam fərqlidir.
Yerli xalq gəlmələrə qarşı çox mehriban və
dost münasibət göstərir. Burada sizi tanımayan kimsənin
sizə salam verməsi və ya
gülümsəməsi adi haldır. Yerli xalq
öz istirahətinə çox üstünlük verir,
xüsusilə həftə sonları və tətillərdə
səyahət etməyi çox sevirlər. Əhalinin yaşayış səviyyəsi isə
demək olar ki, dövlət tərəfindən
balanslaşdırılıb. Əhalinin əsas
hissəsini orta təbəqə təşkil edir. Hər bir şəxs öz təhsili və ya
işi ilə yanaşı hər hansı bir idman növü
ilə məşğul olur. Sağlam həyat
tərzi və idman yerli xalq üçün əvəzolunmazdır.
Məncə Azərbaycanla Niderland əhalisi
arasında əsas fərq burda insanların universitetə daxil
olmaq öhdəliyinin olmamasıdır. Hətta deyərdim
ki, əhalinin çox az hissəsi ali təhsillidir.
Ali təhsil olmadan da insanlar işləyə bilər
və öz karyerasını qura bilərlər. Azərbaycanda isə bu artıq bir öhdəliyə
çevrilib. Bununla bağlı olaraq da
idman və incəsənət sahəsində bizdən daha
üstündürlər. Bundan əlavə
gənclər ailədən asılı olmağı sevmir.
Onlar öz həyatlarını və
karyeralarını özləri qurmağa üstünlük
verirlər. Ailənin də öz övladlarına ev, maşın almaq, toy etmək kimi bir öhdəliyi
yoxdur. Ən əsası isə yerli xalq
bahalı maşınlar və dəbdəbəli həyat tərzini
xoşlamır. Əhalinin 70%-i velosipeddən
istifadə edir. Onlar öz
sağlamlığı və səyahətləri ilə
öyünürlər. Onu da qeyd etmək
lazımdır ki, mentalitet baxımından əhalinin həyat
tərzində bizim cəmiyyətdə qəbul olunmayacaq
davranışlar da var.
-Vətəndə, ictimai işlərdə
aktiv olduğunuzu dediniz. Hollandiyada necə, fəallıq
göstərə bilirsinizmi?
-Doğrusu,
tədrisin ağır yükü bu işdə bizə bir az mane olur, amma bacardığım qədər
bütün tədbir və diaspor tədbirlərində
iştirak edir və əlimdən gələn yardımı
edirəm.
- Bəs digər azərbaycanlı tələbələr
necə, aktivdirlərmi?
-Azərbaycanlı
tələblər çox aktiv fəaliyyət göstərirlər
və daim ölkəmizin tanıdılmasına səy
göstərirlər. Biz daim azərbaycanlı tələbələrlə
görüşlər təşkil edir və ölkəmizin
və Qarabağ həqiqətlərinin Avropada və
dünyada tanıdılması üçün yeni fəaliyyət
planları hazırlayırıq. Bundan əlavə
son dövrlərdə Azərbaycanda keçirilən və
keçiriləcək bir sıra beynəlxalq tədbirlər
barədə də yerli xalqa və digər ölkə
nümayəndələrinə məlumatlar veririk. Niderland Krallığında soydaşlarımız
da çoxdur. Onlar da bizə çox
doğma münasibət göstərir, evlərində qonaq
edirlər. Hər bir çətinliyimiz
olanda yardım edirlər, necə deyərlər qəribçilikdə
olduğumuzu hiss etdirmirlər.
- ATGTİ-nin sizin aktiv gənc kimi
formalaşmağınızdakı rolunu qeyd etdiniz. Bəs ümumilikdə gəncliyimizin hazırkı
durumunu necə xarakterizə edərdiniz?
-Son
dövrlərdə Azərbaycan gəncinin səsini
dünyanın hər bir ölkəsindən eşitmək
mümkündür. Bu, çox təqdir
olunası haldır. Gənclərin sosial
aktivliyi son illərdə nəzərəçarpacaq dərəcədə
artıb. Bu işdə Azərbaycandakı
gənclər təşkilatlarının, xüsusilə Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) rolu əvəzolunmazdır.
Gənclərin pis vərdişlərdən
uzaqlaşdırılıb sosial fəaliyyətə cəlb
olunması hər bir şəxsdə sevinc doğurur və
bunun miqyası ildən-ilə artır. 10 il
əvvəlki və indiki Azərbaycan gənci arasında təhsil
və dünyagörüşü sahəsində fərq təqdir
olunasıdır. Düşünürəm ki, bu proses
universitet və kolleclər səviyyəsindən məktəb
səviyyəsinə də daşınmalıdır. Bəli, hazırkı Azərbaycan gəncliyi ilə
fəxr etmək olar, ancaq bu, hər şey demək deyil.
Hələ də pis vərdişlərdən
uzaqlaşmayan gənclər var. Fikrimcə, biz onları da
öz tərəfimizə çəkib, bu prosesə cəlb
etməliyik. Bu prosesdə dövlətlə
yanaşı ailənin və biz gənclərin üzərinə
böyük öhdəlik düşür.
- Xaricdə təhsilə
üstünlük verən tələbələrimizin
sayı da çoxalıb. Bunu necə dəyərləndirərdiniz?
-Bəli,
mən də özümü həmin nəslin bir nümayəndəsi
kimi hesab edirəm. Son illərdə gənclər peşəkar
təhsilin əhəmiyyətini anlayır və daim bunu
inkişaf etdirməyə can atır. Təhsilin
ölkə səviyyəsindən kənara
daşınması çox gözəl haldır. Hazırda Azərbaycan gəncinin təhsilin istənilən
sahəsində, dünyanın istənilən ölkəsində
göstərdiyi uğurlar Azərbaycanın, Azərbaycan
xalqının balansına yazılır. Azərbaycan
tələbəsinin xaricdə əldə etdikləri akademik
uğurlar hər bir gəncimizin, hər bir azərbaycanlının
sevincinə səbəb olur. Mən də
həmin gənclərdən biri olmaq yolunda irəliləyirəm.
Eyni zamanda xaricdə təhsil almaq istəyən
gənclərə daim nəzəri və praktiki biliklərimlə
məsləhət verirəm və hər zaman məsləhət
verməyə, yardım etməyə hazıram.
Dövlətimiz də bu işdə daim gənclərin yanındadır. Təhsil sahəsində keçirilən proqramların bu işdə böyük rolu var. Mənim fikrimcə, əgər gənc müvafiq dil və akademik göstəricilərə uyğun gəlib universitetə qəbul olunubsa, digər prosedurları bir az yüngülləşdirmək lazımdır.
-Ölkəmizdə
tələbələr üçün yaradılan şərait
sizi qane edirmi?
-Dövlət səviyyəsində bəli,
amma universitet səviyyəsində yox. Azərbaycan dövləti
daim gənclərin yanındadır və daim gənclərə
dəstək olur. Təhsil, idman, gənclər və digər
sahələrdə həyata keçirilən proqramlar, Gənclər
və İdman Nazirliyinin gənclərə qayğısı
bunun bariz nümunəsidir və bu qayğı ilbəil
artmaqdadır. Ancaq onu da qeyd etmək
lazımdır ki, universitet səviyyəsində gənclərin
sosial fəaliyyətində müəyyən məhdudiyyətlər
var. Əlbəttə,
bu bütün universitetlərə aid olmasa da, bir çoxunda
belədir. 5 il əvvəl gənclər öz layihələrini,
fərdi istedad və bacarıqlarını
göstərməyə çətinlik çəkirdilər.
Hazırda isə bu sahədə ATGTİ və digər gənclər
təşkilatları , eyni zamanda Gənclər
və İdman Nazirliyi, Gənclər Fondu daim bacarıqlı
və istedadlı gəncləri dəstəkləyir, onlara
yardım edir.
-Yəqin artıq gələcəklə
bağlı planlarınız var...
-Təhsilimi
bitirdikdən sonra əsas məqsədim dövlətimizə
və xalqımıza öz ixtisasım üzrə yararlı
olmaq. İstər ölkə daxilində, istər
ölkə xaricində Azərbaycanı təmsil etmək və
daima inkişafda olan ölkəmizin bu uğurunda mənim də
payım olmasına çalışmaqdır. Bu işdə gənclərin böyük rolunu nəzərə
alıb, onlarla çalışmaq və onları bu sahədə
həvəsləndirmək də gələcək
planlarımın əsasını təşkil edir. Bundan əlavə akademik fəaliyyətlə olmasa
da, daha da peşəkarlaşmaq üçün təhsilimi gələcəkdə
daha da təkmilləşdirmək planım var.
Tural
Tağıyev
Palitra.-2014.-24 dekabr.-S.6.