Gənc idmançılarımızın
uğurları tarixi nailiyyətdir
Prezident: “Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər”
“İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var”
Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb.
Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər. Məhz buna görə də ölkəmizdə çoxlu sayda Avropa, dünya birincilikləri, Olimpiya təsnifat turnirləri keçirilməkdədir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında ölkəmizdə dövlət tərəfindən həyata keçirilən nəhəng işlər dayanır. Həmin işlərin nəticəsi olaraq Azərbaycan siyasi-iqtisadi cəhətdən güclü dövlətə çevrilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu inkişafa paralel olaraq idman sektorunda da qısa müddət ərzində xeyli böyükmiqyaslı layihələr reallaşdırılıb. Sadəcə, onu vurğulayaq ki, planlı şəkildə həyata keçirilən işlər nəticəsində idman sahəsində müasir idman infrastrukturu yaradılıb ki, bu fakt idmanın inkişafında həlledici rol oynayır. Dövlət başçısının bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq respublikamızın, demək olar ki, hər bir bölgəsi müasir idman infrastrukturu ilə əhatə olunub. Bu isə ölkədə uşaqların və gənclərin tərbiyəsində, fiziki-mənəvi inkişafında mühüm rol oynayır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda da bu məqamlara toxunacağıq. Azərbaycanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində yeni idmançı nəsli yetişir. Yəni, bu siyasət elə qurulub ki, daimi olaraq yığma komandalar üçün ehtiyat qüvvə yetişir. Fiziki-mənəvi baxımdan sağlam yetişən yeniyetmə və gənc nəsil artıq indidən idmanımızın sabahı üçün böyük gələcək vəd edir.
Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılıb və onlardan 275-i qızıl medaldır.
Elə başa çatmaqda olan 2014-çü ilin idman yekunları da bu sahədə əldə edilən uğurların təsdiqidir. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da qeyd edib ki, bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olub: “Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir.
İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan dövləti vardır”.
“Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir”
Prezident
çıxışında yeniyetmə
idmançıların uğurunu xüsusi qeyd edib: “Uğurlarımızın davamı, əlbəttə
ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il
Çində keçirilmiş yeniyetmələrin
Yay Olimpiya
Oyunlarını misal göstərmək olar. Bu Oyunlar
bizim üçün
tarixi oyunlardır. Çünki
bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə
qazanmışlar. Bu Oyunlarda
204 ölkə iştirak edirdi
və Azərbaycan yeniyetmələri komanda
hesabında 10-cu yerə layiq
görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir.
Dünya miqyasında 10-cu yerə nail olmaq böyük
uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq
çətin olacaq. Ancaq
biz buna
çalışmalıyıq. Bu, bir daha onu
göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas
uğurlarımızın mahiyyəti ondan
ibarətdir ki, ardıcıllıq təmin
edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya,
Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman
şöhrətimizi yüksəklərə qaldırırlar
və gənc nəsil də yetişir”.
Xatırladaq ki, Çinin
Nancinq şəhərində keçirilən
yeniyetmələrin II Yay Olimpiya
Oyunlarında Azərbaycan idmançıları möhtəşəm
nəticə əldə ediblər. 29 idman
növü üzrə keçirilmiş
yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən
(avarçəkmə, cüdo, taekvando, boks, sərbəst
güləş, yunan-Roma güləşi,
üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı)
5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204
iştirakçı ölkə arasında və medal qazana bilmiş
86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların
sayına görə (12 medal) Azərbaycan
14-cüdür. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və
Qafqaz ölkələri arasında 1-ci
yerdədir. 21 idmançıdan 12 idmançı Vətənə
medalla qayıdıb.
İdmançılarımızdan Səid Quliyev
(73 kq) taekvando, İslambek Dadov (69 kq) yunan-Roma, Rüfət Hüseynov (49 kq) boks, Teymur Məmmədov
(63 kq) sərbəst güləş, İqbal Hacızadə (100 kq)
sərbəst güləş qızıl medala
sahib olublar. Olimpiya
Oyunlarında Leyla Əliyeva (44 kq) cüdo, Natiq Qurbanlı (55 kq) cüdo, Ceren Ozbek (44 kq) taekvando,
Baris Yotov avarçəkmə
(1 nəfərlik qayıq), Cabbar Nəcəfov
(50 kq) yunan-Roma güləşi,
Leyla Qurbanova (52 kq) qadın güləşi gümüş
medal və Nazim Babayev atletika (3 təkanla tullanma) bürünc
medal qazanıblar. Sinqapurda Yeniyetmələrin
I Yay Olimpiya
Oyunlarına nəzər salsaq bu oyunlarda da
Azərbaycan idmançılarının uğurlu
nəticə etdiyinin şahidi
oluruq. Ölkəmiz turnirdə 5 idman növündə (ağır atletika, güləş, boks,
cüdo, avarçəkmə) 12 nəfərdən
ibarət komanda ilə iştirak
edib. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks)
5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında
11-cü yeri tutub. Eyni zamanda Azərbaycan
iştirakçıların sayına görə ən
yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda İslam dövlətləri
arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri
arasında 3-cü yeri qazanıb. Nancinq-2014-ün nəticələrini təhlil edərkən
daha maraqlı bir məqam
ortaya çıxır. İlk
onluqdakı Çin, Rusiya,
ABŞ, Fransa, Ukrayna, İtaliya, Yaponiya,
Macarıstan, Braziliya və Azərbaycan
idmançılarının qazandıqları medalları
ölkələrin əhalisinin sayına nisbətinə
hesabladıqda idmanın Azərbaycanda daha
populyar olduğu təsdiqlənir.
Ümumilikdə 65 medalla birinci
olan Çində əhalinin təxminən
hər 20 milyon, Rusiyada
2,5 milyon, ABŞ 14 milyon,
Fransada 3,3 milyon, Ukraynada 1,9 milyon, İtaliyada 2,9 milyon, Yaponiyada 6,3 milyon, Braziliyada isə hər 15 milyon
nəfərinə biri medal
düşür. Azərbaycanda isə bu göstərici 790 min nəfərə
bir medaldır. Ölkəmiz bu göstəriciyə görə ilk onluqdakı ölkələrdən
yalnız Macarıstandan geri qalır. Beləliklə,
demək olar ki, Azərbaycanda
idman Çin, Rusiya, ABŞ, Fransa və inkişaf etmiş digər
ölkələrdən daha da populyardır. Dövlət
başçısı qeyd edib ki, bu
uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə
ediblər: “İdmançılarımızın
uğurları xalqımızı sevindirir.
Bu uğurları müstəqillik
dövründə böyümüş
idmançılar əldə ediblər. Bu,
bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər
böyük mənası, nə qədər
böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə
heç vaxt bu qədər qələbələr
qazanmamışlar. Ancaq müstəqillik
dövründə, Azərbaycan xalqının öz
taleyini öz əlində
saxladığı dövrdə biz buna nail ola
bilmişik. Əminəm ki,
biz bundan sonra da
ardıcıllıqla bu uğurlara
imza atacağıq. Gənc
idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə
bu uğurları təkrarlayacaqlar. Gənc,
peşəkar idmançılar bizim fəxrimizdir.
Onlar Azərbaycanı dünyada
ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi
artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər”.
Anar Miriyev
Palitra.-2014.-24 dekabr.-S.11.