Güləşçilərimiz ili 102 qızıl, 81 gümüş və 111 bürünc medalla başa vurur

 

Yeniyetmələrin idmana, güləşə cəlb edilməsi onların fiziki-mənəvi inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir

 

Ölkədə idmana göstərilən diqqət və qayğı bu sahəyə gənc nəslin böyük axınını təmin edib. Ölkə daxilində idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub.

Yəni, bu gün idman sahəsində böyük yeniyetmə və gənclər ordusu cəmləşib ki, bu, dövlətin həyata keçirdiyi idman siyasətinin ana xəttini təşkil edir.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri olan İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək, fiziki-mənəvi baxımdan sağlam yetişdirmək çox mühüm yer tutur. Bu sahədə güləş idmanı çox seçilir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. Qeyd edək ki, Güləş Federasiyasının proqram əsasında həyata keçirdiyi aşağı yaş qrupları üzrə yeni nəsil güləşçilərin formalaşmasını təmin edib. Yeniyetmə güləşçilərin idmana, güləşə cəlb edilməsi onların fiziki-mənəvi inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilərin yığma komandalara cəlb olunması, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilməsi onların fiziki-mənəvi inkişafı baxımından əhəmiyyət kəsb edir. İlin yekunları da göstərir ki, güləş sahəsində görülən işlər müsbət nəticələrini verib. Belə ki, ətrafına minlərlə yeniyetmə və gənc pəhləvanı toplayan güləşçilərimiz ili 102 qızıl, 81 gümüş və 111 bürünc medalla başa vurur. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnirçempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Bütün bu nailiyyətlər ölkə Prezidentinin idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Məhz ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur.

 

Yeniyetmə güləşçilərimiz 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər

 

 

Azərbaycan Güləş Federasiyasının rəhbəri Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir. Yığma komandalarımızın üzvləri 2014-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 27 qızıl, 22 gümüş, 16 bürünc - toplam 65 medal qazanıblar. Bunların 28-i yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz AvropaDünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər. Bu nəticə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə ötən ilki nəticədən üstündür. Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz AvropaDünya çempionatlarında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər. Gənc güləşçilərin nailiyyətində builki qızıl medalların sayında müşahidə edilən ikiqat artım xüsusilə diqqəti cəlb edir. Böyüklərdən ibarət yığma komandalarımız isə, 4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla 17 medal qazanıb. Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 229 medal qazanıb. Bu medalların 75-nin əyarı qızıl, 59-u gümüş və 95-nin əyarı isə bürünc olub. Qarşıdan gələn 2015-ci il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki qarşıdan gələn ildə tarixdə ilk dəfə keçiriləcək, həm də ölkəmizdə baş tutacaq I Avropa Oyunları, eyni zamanda Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Çempionatı kimi mühüm əhəmiyyətli yarışlarda güləşçilərimizi ciddi sınaq gözləyir.

 

İlin ən yaxşıları

Azərbaycan Güləş Federasiyası 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. Mərasimdə AGF rəsmiləri, yığma komandaların üzvləri, idmançılar və məşqçilərlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, eləcə də KİV nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən AGF baş katibi Əjdər Cəfərov güləşçilərimizin 2014-cü ili uğurla başa vurduqlarını bildirib. Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb. “İlin ən yaxşı idmançısı” sərbəst güləş üzrə - Hacı Əliyev (Böyüklər arasında dünyaAvropa çempionu), Yunan-Roma güləşi üzrə - İslam Abbasov (gənclər arasında DünyaAvropa çempionu), qadın güləşi üzrə - Səbirə Əliyeva (gənclər arasında Dünya çempionu) seçiliblər. “İlin ən yaxşı məşqçisi” sərbəst güləş üzrə - Əsgərxan Novruzov (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi), Yunan-Roma güləşi üzrə - Şaban Donat (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi) olub. “İlin ən yaxşı hakimi” isə beynəlxalq dərəcəli hakim Sədi Quliyev olub.

 

Avropa Oyunlarındakı

güləş elçiləri

 

Onu da qeyd edək ki, “Bakı-2015” ilk Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb. Seçilmiş idmançılar öz idman növlərini və ölkəmizi təmsil edəcək, qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin “Bakı-2015”in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər. 11 elçidən ikisi Azərbaycan Güləş Federasiyasının nümayəndələri - Yunan-Roma güləşçisi Rövşən Bayramov və qadın güləşçisi Mariya Stadnikdir. 14 ildir güləşin Yunan-Roma növü ilə məşğul olan Rövşən Bayramovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bu həm də idmançımızın indiyə qədər qazandığı nailiyyətlərlə bağlıdır. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), Dünya Çempionatının qızıl (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), Hərbçilərin Dünya Çempionatının qalibi (2006), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Güləşlə 12 ildir məşğul olan Mariya Stadnik adı da güləş həvəskarlarına çox tanışdır. Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya demək olar ki, qatıldığı bütün yarışlardan medalla qayıdıb. Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011, 2014), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz Prezidentin sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Həm Rövşən Bayramov, həm də Mariya Stadnik Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını bildirirlər.

Anar Miriyev

Palitra.-2014.-25 dekabr.-S.11.