Azərbaycanlı gənc neft-qaz
iqtisadiyyatı üzrə ingiliscə dərslik
hazırlayır
Elçin
Həsən: “Cəmiyyətin elmi və sosial inkişafı
insanların mənəvi inkişafının təminatı
üçün vasitə kimi görülməlidir”
Bu gün Azərbaycanda mənəvi cəhətdən sağlam və intellektual gənclər ordusu formalaşmaqdadır. Belə gənclərin bir arada olması və ictimai fəaliyyət göstərməsi onlar üçün daha geniş perspektiv imkanlara yol açır. Elə Aydınlar Elmi İctimai Birliyinin də ətrafında yüksək intellektli gənclər toplanıb. Qeyd edək ki, təşkilatın sədri Elçin Həsən 2003-cü ildə orta məktəbi riyaziyyat təmayüllü sinifdə bitirib, yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasına daxil olub. 2007-ci ildə əla qiymətlərlə ADİU-nu başa vurub. 2011-2013-cü illər arasında Liverpool Universitetinin Beynəlxalq Neft-Qaz İdarəetməsi ixtisası üzrə yüksək qiymətlərlə magistr təhsili alıb. Əlavə olaraq müxtəlif ölkələrdə neft-qaz iqtisadiyyatı ilə bağlı dünya səviyyəli kurslara və tədbirlərə qatılaraq bir neçə sertifikat alıb. Hal-hazırda da araşdırmaları davam edir. Əlavə olaraq neft-qaz iqtisadiyyatı üzrə ingiliscə dərslik hazırlayır.
- Təhsilinizi davam etdirmək fikriniz varmı?
-Bəli, təhsilimi davam etdirməyi düşünürəm və
hal-hazırda demək
olar ki, vaxtımın çox hissəsi buna hazırlığa sərf
olunur. Təşkilata üzvolma şərtlərindən
biri də təhsildə minimum Doktor
dərəcəsini almaq
olduğu üçün
gərək bu dərəcəni ilk öncə
özümüz əldə
edək. Bu ay Oxford Universitetinə sənədlərimi
verməliyəm. Bundan əlavə
Martda Cambridge və iyun ayında London Universitetinə müvafiq olaraq İnkişaf Elmləri və Beynəlxalq Münasibətlər
üzrə Doktoranturaya
sənəd verməyi
planlaşdırıram.
-Siz xaricdə təhsil almış bir gəncsiz. Xaricdə təhsil gənclərə
hansı yeni imkanlar verir?
-Ölkəmizdə, xüsusilə
də ADA və Qafqaz Universitetlərində
yüksək səviyyəli
təhsil almağın
mümkün olduğunu
düşünürəm. Amma səmimi desəm, digər əksər universitetlərimizin səviyyəsindən
heç razı deyiləm, öz oxuduğum ADİU də həmçinin. Ona görə
hər zaman gənclərə, təhsillərini
tamamladıqdan sonra geri qayıdıb öz vətənlərinə
faydalı insanlar olmaq şərtilə ən azı magistr dərəcəsini
səviyyəli xarici universitetlərdə oxumağa
təşviq edirəm.
Dövlətin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”nın
bu məsələdə
çox böyük dəstəyi olduğunu düşünürəm. Özüm də bu imkandan
yararlanmaq fikrindəyəm.
Xaricdə təhsil deyərkən səviyyəli
ali məktəbləri
nəzərdə tutsaq,
bu, daha keyfiyyətli təhsil, daha yüksək analitik qabiliyyətlər,
fərqli yanaşma, elmi tolerantlıq və kreativlik, gələcək karyerada uğur qazanmaq və beynəlxalq arenaya çıxmaq üçün daha üstün imkanlar, beynəlxalq təcrübələrin
ölkədə tətbiqatına
daha çox qabil olmaq və
s. deməkdir.
-Aydınlar
Elmi İctimai Birliyi işlərini hansı profildə aparır?
-Aydınlar Elmi İctimai Birliyi yeni təsis edilən QHT-dır. Məqsədimiz hər hansı sahədə təhsil göstəriciləri, intellekti,
düşüncə tərzi
və yüksək mənəviyyatı ilə
seçilən gənclərdən
ibarət elmi bir şəbəkə formalaşdıraraq yorulmadan
xalqın elmi-intellektual,
sosial-iqtisadi, milli-mənəvi
və institutsional inkişafına xidmət etməkdir. Hələ ki sağlam
düşüncəli gənclərin
cəlb olunması prosesi davam edir
və əslində bu daim getməsi
nəzərdə tutulan
bir prosesdir. Hal-hazırda fəaliyyətimiz
elə də intensiv getmir. Bunun bizdən asılı olan və olmayan
səbəbləri var. Təşkilat
üzvlərindən tələb
etdiyimiz minimum təhsil
dərəcəsini ilk öncə
bir rəhbər olaraq özüm əldə etməli olduğuma görə hələ ki, daha çox bu işlərlə məşğulam və təşkilatın işlərinə
maksimum enerji qoymaq imkanım yoxdur. Amma bu təbii ki, müvəqqəti haldı. Təhsillə bağlı mükəmməl
bir layihə hazırlamışıq. QHT-lərə Dövlət Dəstəyi Şurasından
bunu reallaşdırmaq
üçün lazımi
dəstəyi alacağımıza
çox ümid edirik. Qısa olaraq deyim ki, layihə şəhər səviyyəsində
9-11-ci sinif uşaqları
arasında ixtisas maarifləndirilməsini artırmaq
məqsədi daşıyır
və bu səpgidə çox böyük təsir qoyacağı güman edilir.
-Gənclərin mənəvi inkişafında
təhsilin nə kimi rolu var?
-Bu, deyərdim ki, mənim yaralı yerimdir. Çoxumuz hələ də,
təhsillə mənəviyyatın
bağlılığını qavramış deyilik.
Əslində, mənə görə
mənəviyyatlı olmaq
üçün mütləq
təhsilli olmağa gərək yoxdur. Ümumiyyətlə, təhsillə biliyi
eyniləşdirmək olmaz.
Ölkəmiz də daxil olmaqla, dünyada rəsmi savadı olmadığı
halda müxtəlif mövzularda dərin bilgi və dərrakəsi
olub bir çox təhsilli insanlardan intellekt və mənəviyyatına
görə üstün
olanlar var. Amma formal təhsilin də öz üstünlükləri
var. Digər tərəfdən
mənəvi və mədəni inkişafı
da ayırmağa ehtiyac var. Təhsil isə, alınmasında məqsəd sağlam olduqdan sonra, həm mədəniyyətin,
həm mənəviyyatın
inkişafına öz
əvəzsiz qatqısını
verə bilir. Bu yolla insan dünyaya
açılaraq, başqa
nəzəriyyələrlə, mədəniyyətlərlə, anlayışlarla tanış olub onları təhlil edərək öz anlayışına, mədəniyyətinə
və mənəvi dünyasına daha sağlam istiqamət verə bilir. Amma bu, mütləq mənada baş verən hal deyil. Son dərəcə
yüksək təhsili
olub mənəviyyatdan
heç bir payı olmayan insanlar da az deyil. Ona görə düşünürəm
ki, təhsil özü sərbəst bir hədəf olmalı deyil, cəmiyyətin inkişafı
üçün vasitə
kimi qiymətləndirilməlidir.
Cəmiyyətin elmi və sosial inkişafı özü də son hədəf yox, insanların mənəvi inkişafının təminatı
üçün vasitə
kimi görülməlidi.
İzahı çox sadədir
- çünki insanların
hamısının istədiyi
bir şey var, o da xoşbəxtlikdir.
Xoşbəxtlik isə hətta
hər şeyi maddiyyatda görən insan üçün belə mənəvi hüzurdadır. Zənnimcə, məsələnin bu tərəfinin düzgün
qavranmaması bəşəriyyətin
ən böyük çatışmazlığıdır.
Qısası, təhsil, hansı
sahə olmasından aslı olmayaraq dolayı yolla insanların mənəviyyatına
xidmət etməlidi.
- Ümumiyyətlə,
bugünkü gənclikdə
milli mənlik şüuru necə formalaşıb?
-Bu da aktual və həlli üçün ciddi sosial antropoloji tədbirlər tələb edən problemlərimizdən biridir. Hamıya bəlli olan hal budur ki, hazırda gənclərimiz əsasən üç ideoloji istiqamətdə yetişir: (1) qərb yönümlülük və ya başqa sözlə desək, liberalizm; (2) dindarlıq və (3) millətçi şüur. Hər üçündə ciddi çatışmazlıqlar müşahidə olunur. Birincilərin problemi milli-mənəvi dəyərlərdən sıyrılaraq tam bir tipik qərbli həyat tərzinə, maksimum individualizmə meyilli olmalarıdır. İkincilərin müşkülü əksər hallarda hansısa ölkə və ya təriqət cərəyanlarına bağlı olmalarıdır. Heç bir kənar ölkəyə heyranlığı və ya tarixən siyasi məqsədlərlə yaranıb bugünə kimi saxlanan təriqətlərin hər hansına bağlılığı olmayan dindar barmaqla sayılar. Üçüncülərin çatışmazlığı da milliliyi hədsiz qabartmalarıdır. Biz tarixi fəxr və ya üstünlük iddiaları üçün yox, ibrət üçün öyrənməliyik. Heç kim heç kimdən sırf milli mənsubiyyətinə görə üstün ola bilməz, çünki üstünlük kəsb olunan şeylərə nisbətdə olur ki, milliyyət də insanın özünün kəsb etdiyi keyfiyyət deyil. Mən türkəm və buna sevinirəm. Ən azı ona görə ki, türklər tarixən çox gözəl və özəl mədəniyyətə sahib olmuş və bəşəriyyətə çox şeylər bəxş etmişlər. Suala qısa cavab olaraq deyim ki, gələcək haqda həqiqətən nikbin olsam da, bu gün gəncliyin milli mənlik şüuru məni qane eləmir.
-Radikalizm
gənclərinin mənəvi inkişafına nə dərəcədə
mənfi təsir göstərə bilər?
-Məncə, bu suala cavabımı bundan əvvəlki iki suala cavabımda sezmək mümkündü. Bu gün radikalizm dedikdə zehnimizdə çox zaman ancaq terror, partlatmaq, dağıtmaq və s. səhnələr canlanır. Halbuki, ən azı bunlar qədər təhlükəli olan “fikri radikalizm” də mövcuddur ki, əvvəldə qeyd etdiyim üç ideoloji istiqamətin çatışmazlıqları məhz onların bu yönlərdə radikal olmalarıdı. Radikalizm yalnız tolerantlığın, təhsilin, davamlı islahatın, mədəniyyətin və sağlam mənəvi dəyərlərin olmadığı və ya mənimsənilmədiyi şəraitdə təbii olaraq formalaşan haldır ki, mütləq, xüsusilə gənclərin həyatında ciddi fəsadlar törədir.
-Sizcə, uşaq və gənclərin mənəvi
inkişafı üçün hansı
addımların atılmasına ehtiyac var?
-Bu barədə aylarla danışmaq olaq. Bu o qədər kompleks yanaşma tələb
edən ciddi məsələdir ki, harasından başlayacağımı da bilmirəm. Desəm ki, uşaq
bağçalarından düzgün mənəvi
istiqamətləndirmə olmalıdı, sual
çıxır ki, kim
verəcək o istiqaməti? Ümumiyyətlə,
bütün digər sahələrdə olduğu kimi, cəmiyyətin
mənəviyyatında da islahatların
getməsi üçün həm bütün təbəqələrilə
cəmiyyətin, həm də dövlətin
qarşılıqlı şəkildə qətiyyətli məqsədi,
bilgisi, planı və səyi
olmalıdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-27 dekabr.-S.11.