“Belarusda tələbələr
Azərbaycan dilini öyrənir”
“Azərbaycan
nağıllarını Belarus dilində tərcümə
edib, nəşr etdirmək fikrindəyik”
Müsahibimiz Bakı Slavyan Universitetinin, Belarus Dili və Mədəniyyəti Mərkəzinin müdiri Seyidova Albina Zakir qızıdır.
- Albina
xanım, mərkəzin fəaliyyəti hansı mövqedədir?
- Mərkəz haqqında ilk onu deyim ki, Belarus Dili və Mədəniyyəti Mərkəzi artıq 4 ildir ki, fəaliyyət göstərir. 2010-cu ilin iyun ayında Belarus Dövlətinin Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkanın iştirakı ilə mərkəz açılıb. Bu mərkəz Bakı Slavyan Universiteti və Belarusda olan Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetlərinin rektorları arasında müqavilə nəticəsində yaradıldı. Bu müqaviləyə əsasən, Bakıda Bakı Slavyan Universitetində Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılması, Belarusun Minsk şəhərində isə Maksim Tanka adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı həyata keçirildi. Artıq üçüncü ildir ki, mərkəzimizdə tələbələr belarus dilini öyrənirlər. Mərkəzdə nəinki belarus dili öyrədilir, həmçinin, belarus mədəniyyəti, adət-ənənələri, milli mətbəx mədəniyyəti də təbliğ edilir.
- Mərkəzin
fəaliyyətində hansı istiqamətdə tədbirlər
həyata keçirilir?
- Mərkəzimiz bir çox tədbirlər həyata keçirir. Bizi Belarusun Azərbaycanda olan səfirliyi hər zaman dəstəkləyir. Onların bütün tədbirlərində yaxından iştirak edirik.
Tələbələrimiz fəal iştirak edən tədbirlərdən biri Bakı Miniatür kitab evinin rəhbəri Zərifə Salahovaya Belarusun yüksək dövlət mükafatı Fransisk Skorina medalı ilə təltif edilmə mərasimi idi. Zərifə Salahova həm də Belarus şairlərinin əsərlərinin miniatür kitab halında çap olunmasında yaxından iştirak etdiyi üçün bu ordenə layiq görülüb. Həmin tədbirdə mərkəz adından bizim tələbələr də iştirak ediblər. Tədbirdə tələbələrimiz belarus dilində şeirlər, mahnılar ifa etməklə çıxış ediblər.
Bununla yanaşı, Belarusun Azərbaycandakı səfirliyinin nəzdində Azərbaycan -Belarus dostluq və əməkdaşlıq cəmiyyəti yaradılıb. Akademik Arif Mehdiyev, millət vəkili Ziyad Səmədzadə, Bakı Miniatür kitab evinin rəhbəri Zərifə Salahova, millət vəkili Mehriban Alışanova və bu kimi insanlar bu cəmiyyətin üzvləridir. Cəmiyyətin üzvləri də Belarus Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından maraqlanir,tədbirlərimizdə iştirak edirlər.
- Sizcə, Azərbaycan
və Belarus mədəniyyətlərinin
ortaq nöqtəsi varmı?
- Hal-hazırda gördüyümüz işlərdən biri də, Belarusda fəaliyyət göstərən, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə sıx əlaqə saxlamaqdır. Orada Azərbaycan dilini öyrənmək istəyən belarus tələbələr ilə “skype” vasitəsilə əlaqə saxlayırıq. Bununla da “skype” vasitəsilə Belarus tələbələri Azərbaycan dilini, azərbaycanlı tələbələrimiz belarus dilini səlis öyrənməyə çalışırlar. Ünsiyyət zamanı iki ölkənin mədəniyyətinin dərinliklərini gənclər daha yaxşı mənimsəsinlər. Həm bizim tələbələr, həm belarus tələbələri bir-birləri ilə sıx ünsiyyətdə olsunlar. Tələbələr öz ölkələrində bakalavr dərəcəsini bitirdikləri zaman magistr pilləsində dəyişiklik edirlər. Yəni, bizim tələbələr təhsillərini magistr pilləsində Minsk Pedaqoji Universitetində davam etdirsinlər. Belarus tələbələri də bizim universitetdə magistr pilləsini davam etdirirlər.
- Bakı Slavyan Universitetində təhsil alan tələbələrin Belarus
mədəniyyətinə baxışları necədir?
- Belarus mədəniyyəti Azərbaycan mədəniyyətindən heç də fərqlənmir. Oxşar cəhətlərimiz çoxdur. Xasiyyətcə, böyüklərə hörmət saxlamağımız, ünsiyyət əlaqələrində səmimiyyət və kulinariya mədəniyyətimizdə oxşar xüsusiyyətlərə rast gəlmək olur. Bu da iki ölkə arasında ünsiyyət qurmağa çətinliklər yaratmır.
Belarus sakit dövlət olduğu üçün, təhsilə mühüm önəm verilməsi və keyfiyyətli təhsilin olduğu məkan olduğuna görə tələbələrimizin xüsusi diqqəti və marağı çox böyükdür. Bir çox tələbələrimizin məqsədləri də budur ki, təhsillə yanaşı karyeralarını da həmin ölkədə qursunlar.
- Azərbaycan və
Belarus gənclərinin perspektivlərini nədə
görürsünüz?
- Perspektivləri onda görürük ki, iki ölkə başçıları da gənclərə böyük bir imkan verib ki, gələcəklərini demokratik bir şəkildə qursunlar. Öz düşüncələri və imkanları nəticəsində məqsədlərinə nail olsunlar. Ən əsası iki dövlətdə sülh və əmin-amanlığın qorunmasını təmin etməkdir. İnanıram ki, dövlət başçılarımızın yaratdığı iki ölkə arasındakı xoş münasibəti gənclərimiz daha da genişləndirəcək və yaxşılığa doğru özlərini göstərə biləcəklər.
- Mərkəzin
gələcək fəaliyyəti üçün
nələr düşünürsünüz?
- Mərkəzin fəaliyyəti haqqında onu deyə bilərəm ki, biz çalışırıq Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Bakıda Belarus Dili və Mədəniyyət Mərkəzi hər zaman sıx əlaqədə olsunlar. Universitetlərimiz arasında daimi dostluq əlaqələri davam etsin. Tələbələrimiz də ildən-ilə daha çox olsunlar.
- Belarusda
yaşayan Azərbaycan gəncləri ilə
əlaqə qurursunuzmu?
- Bəli. Belarusda Azərbaycan gənclərinin cəmiyyəti var. Onların keçirdikləri bir çox tədbirləri biz sosial şəbəkələrdən yaxından izləyirik. Sosial şəbəkələrdə sıx əlaqə saxlayırıq. Bizim mərkəzimizdə də keçirilən tədbirlərdən onlar da agah olurlar. Məsələn, ümummilli liderimiz Heydər Əliyevin anım günü Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirildi. Bununla əlaqədar tədbirdə Azərbaycanın Belarusdakı səfiri, Belarusun ictimai xadimləri, jurnalistlər və bir çox tanınmış şəxsiyyətlər iştirak ediblər. Tədbirdə Heydər Əliyev haqqında belarus dilində dərc olunan kitabın təqdimat mərasimi keçirildi. Biz bu tədbiri yaxından izlədik. Həmçinin, ümummilli liderimizin xatirəsi Belarus Dili və Mədəniyyəti Mərkəzində də anılıb, film nümayişi keçirilib. Çalışırıq ünsiyyət zamanı oradakı gənclər vasitəsilə belarus gənclərinə Azərbaycanımızın inkişafından, keçirdiyi müsabiqə və yarışlardan xəbərdar edək.
- Gələcəkdə Belarus mədəniyyəti haqqında Azərbaycan dilində kitabın nəşri düşünülürmü?
- Bu yaxınlarda mərkəzdə dahi Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin “Şeyda” poemasını belarus dilinə tərcümə etdik. İndi isə tələbələrlə birgə Azərbaycan nağıllarını belarus dilində tərcümə edib, nəşr etdirmək fikrindəyik. Həmin nəşri Belarusa göndərib, yerli tələbələri Azərbaycan nağılları ilə yaxından tanış etmək istəyirik.
Sualınıza cavab olaraq deyə bilərəm ki,
bütün bu işlər
təbii ki,
qarşılıqlıdır. Belarus
şairlərinin şerləri də həmçinin, Azərbaycan
dilində tərcümə edilir. Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzində
də bu təşəbbüslər görülür.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-30 dekabr.-S.13.