Azərbaycanlı tələbə kəşfinə
görə Britaniya universitetinin fəxrinə çevrilib
Tərlan Süleymanov: “Şeffild
Universitetini bitirdikdən sonra Azərbaycanda elmi fəaliyyətlə
məşğul olmaq istəyirəm”
Xaricdə təhsil
alan gənclərlə bağlı rubrikamızın
qonağı digər ölkələrdən olan həmyaşıdları
arasında yüksək intellektual səviyyəsi ilə
seçilən Tərlan Süleymanovdur.
Fəxrimiz
sayılan tələbəmizlə olan müsahibəni
oxuculara təqdim edirik:
-Özünüz
barədə məlumat verərdiniz.
-Mən
- Tərlan Süleymanov 1993-cü il avqustun 1-də
Göyçay şəhərində anadan olmuşam. İlk
təhsilimə Göyçay şəhər 3 nömrəli
tam orta məktəbdə başlamışam. 7-ci sinfə qədər
rus bölməsində təhsil aldım, daha sonra 2005-ci ildə
imtahan verərək yüksək
balla Ağdaş Özəl Türk Liseyinə qəbul oldum.
11-ci sinfi Bakı Özəl Türk Liseyində Dərəcə
Qrupunda oxudum. Ağdaş Liseyindən məzun olduqdan sonra
2010-cu ildə ali məktəblərə qəbul
imtahanında 690 bal toplayaraq Qafqaz Universitetinin ingilisdilli
Kompüter mühəndisliyi fakültəsinə qəbul
oldum. Göstərdiyim nəticəyə görə dövlət
başçısı İlham Əliyevin 8 sentyabr 2010-cu il
tarixli sərəncamı ilə Prezident təqaüdünə
layiq görüldüm. Qafqaz Universitetinin I kursunu əla qiymətlərlə
başa vurduqdan sonra Böyük Britaniyanın Şeffild
Universitetinin Kompüter elmləri fakültəsinə qəbul
oldum.
-Şeffild Universitetinə qəbul olmağınız yəqin əsas arzularınızdan biri olub...
- Liseydə oxuduğum müddətdə xaricdə təhsil almağı həmişə arzulamışam. Eyni zamanda qardaşım Həbib Süleymanov 2009-cu ildən Şeffild Universitetinin Kimya mühəndisliyi fakültəsində təhsil alırdı. Onun İngiltərədə təhsil alması mənim xaricdə təhsil almaq istəyimi daha da artırdı və Şeffild Universitetini yaxından tanımağıma səbəb oldu.
-Bir qədər də bu ali təhsil ocağı haqqında söz açardınız.
-Şeffild Universiteti həm
dünyada, həm də İngiltərədə ən
nüfuzlu təhsil ocaqlarından biridir. Şeffild şəhərindəki
iki universitetdən biri olan bu ali təhsil ocağı 1905-ci
ildə universitet statusu alıb və 2011-ci ildə “Times Higher
Education” (THE) tərəfindən ilin universiteti seçilib.
Şeffild şəhərinə gəldikdə isə
Avropanın ən yaşıl şəhəri və
Böyük Britaniyanın ən təhlükəsiz və
xoşbəxt şəhəri seçilib. Universitetin
Tələbə Birliyi ardıcıl bir neçə ildir ki,
ölkədə birinci yer tutmaqdadır. Təhsil
aldığım Kompüter Elmləri Departamenti 2014-cü ildə
“Research Excellence Framework”a əsasən ilk beşlikdə yer
alıb. Ümumiyyətlə, Şeffild
Universitetindəki təhsil səviyyəsi məni qane edir.
Belə ki, universitetdə nəzəri biliklərlə
yanaşı tələbələrin praktik bilikləri
öyrənməsinə çox əhəmiyyət verilir.
Müxtəlif fənlərdən həm fərdi,
həm də qrup şəklində layihələr həyata
keçirilir. Müəllimlər dərslərdə
əsasən hər hansı bir mövzu üzrə təməl
bilikləri öyrədirlər və tələbələrdən
həmin mövzu üzrə geniş araşdırma apararaq dərindən
öyrənməyi və tətbiq etməyi tələb edirlər.
Beləliklə, tələbələr həm
mövzunu geniş bir şəkildə öyrənmiş
olurlar, həm müstəqil araşdırma aparmağı
öyrənirlər, həm də “öyrənməyi öyrənirlər”
(learning how to learn). Bir proqramçı
olaraq “öyrənməyi öyrənmək” mənim
üçün çox əhəmiyyətlidir. Belə ki, hər hansı bir texnologiyanı mükəmməl
bilmək yaxşı mütəxəssis olmaq
üçün kifayət deyil. Çünki texnologiya
sürətlə inkişaf etdiyinə görə bu gün
çox istifadə olunan bir texnologiyanın yerini 1-2 il sonra yenisi əvəz edə bilər. Zamanla ayaqlaşmaq üçün daim yeni
texnologiyaları öyrənmək mütləqdir.
- Bildiyim
qədərilə gənc olmağınıza baxmayaraq, bir
sıra uğurlarınız olub. Onlar haqda da
oxuculara ətraflı danışardınız.
- Daha
öncə də qeyd etdiyim kimi, ilk əhəmiyyətli
uğurum Ağdaş Liseyinə qəbul olmağım oldu.
Liseyi bitirdikdən sonra TQDK imtahanından 690 bal
toplayıb və Prezident Təqaüdünə layiq
görülməyim də əhəmiyyətli uğurdur. Qafqaz Universitetində təhsil aldığım
müddətdə göstərdiyim nəticələrə
görə fakültə tərəfindən təqaüdə
layiq görüldüm. 2011-ci ildə
Şeffild Universitetinə qəbul olduqdan sonra Dövlət
Proqramının seçmələrindən müvəffəqiyyətlə
keçərək xaricdə təhsil almaq imkanını əldə
etdim. Şeffilddə təhsil
aldığım müddətdə əldə etdiyim əhəmiyyətli
uğurlarımdan biri universitetin ən yaxşı innovativ
layihəsinin qalibi seçilməyimdir. Şeffilddə
təhsilimin 3-cü ilində fərdi dissertasiya layihəsinə
görə "The Floow" şirkəti tərəfindən
"Ən innovativ layihə" (The Most Innovative Project)
mükafatına layiq görüldüm. İngilis dilində
"Animating `Zeno` the RoboKind Humanoid Robot: Navigationin a Mobile
Environment" (qısaca Səyyar Mühitdə Naviqasiya)
adlandırılan layihənin ideyası mənə məxsus
idi. Şeffild Universitetinin professoru Roger Moorenun rəhbərliyi
ilə həyata keçirilən layihədə "Zeno R50
RoboKind" robotundan istifadə etmişdim. Layihənin əsas məqsədi tamamilə
öz-özünə (fully autonomous) hərəkət edən
sistemlərin əsas problemlərindən biri olan naviqasiya
problemini həll etmək olub. Tədqiqat
işi həmçinin robotlar və süni intellekt sahələri
üzrə bir neçə əhəmiyyətli mövzunu əhatə
edib.
Əldə
etdiyim bu uğur universitet tərəfindən bu sözlərlə
qeyd olundu: "Biz mükafatı təkcə öz
innovasiyalarımıza görə yox, həm də yeni istedad
və ideyalara veririk. Şeffild Universitetinin
"Ən yaxşı innovasiya layihəsi" üzrə
mükafat İnformatika fakültəsinin tələbəsi Tərlan
Süleymanova təqdim olunur. Biz Tərlana
kiçik bir robot verərək onun süni intellektini tədqiq
etməyi təklif etdik. Lakin o, tipik həll
variantını seçmək əvəzinə, daha çətin
həll variantına üstünlük verərək robotun
xarici müdaxilə olmadan nəqliyyat vasitəsi ilə
müstəqil idarə olunması imkanlarını
araşdırmağa qərar verib". Üzərində
çalışdığım layihə robota
dolayısı ilə nəqliyyat vasitələrinin məhdud
məkan daxilində hərəkətini idarə etməyə
imkan verir. "Kompüter həlli və
süni intellektə əsaslanan bu tədqiqat işi ən
çətin problem və innovasiyadır. Buna
görə də biz düşündük ki, Tərlanın
işi "Ən yaxşı innovativ layihə" olmağa
layiqdir. Beləliklə də biz Tərlanı
təbrik edirik. Biz sizin işinizdən böyük təəssüratla
ayrılırıq, Tərlan! Sizin innovasiya və
istedadınızın gələcəkdə də
özünü göstərəcəyi günü gözləyirik",- deyə Şeffild Universitetindən verilən
açıqlamada qeyd olunub.
Layihəni bitirdikdən sonra robotlar sahəsi üzrə
daha geniş biliklərə sahib olmaq üçün
Şeffild Universitetinin Robotlar Mərkəzində (Sheffield
Centre for Robotics) yay təcrübəsi keçmişəm. Təcrübə
müddətində yeni robotların
quraşdırılması, bacarıq və məhdudiyyətlərinin
müəyyən edilməsi, istifadə qaydalarının
hazırlanması və demo proyektlərin həyata
keçirilməsi ilə məşğul olmuşam.
Əlavə olaraq Zeno R50, Zeno R25 və NAO insanvari robotları
Şeffild şəhərində keçirilən "Beyin
Festivalı" (Festival of the Mind) çərçivəsində
"Robotların yeni erası: interaktiv sərgi"
üçün (The New Age of Robotics: Interactive Exhibition)
nümayişə hazırlamışam. Seffild Universitetində
keçirilən seminarlarda ("Skills forSuccess Programme")
iştirakıma və "Engineering: YouTre Hired" həftəsi
ərzində ən yaxsı layihəyə görə ali məktəb tərəfindən təltif
olunmuşam.
-Doğrudan da fəxr olunası gəncimizsiniz.
Bəs belə bir gənc ictimai işlərdə necə,
aktivlik göstərirmi?
-Dərslərimlə
bərabər Azərbaycanın tarixinin, adət-ənənələrinin,
mətbəxinin və sairin əcnəbilərə
tanıdılması üçün müxtəlif tədbirlərdə
iştirak edirəm. Bu yöndə əsas fəaliyyətim
universitetimizdə yaradılmış Şeffild Azərbaycan Cəmiyyətində
aktiv rol almağımdır. Şeffildə
ilk dəfə gələndə, Cəmiyyətimizdə
İT meneceri idim, hazırda isə vitse prezident olaraq fəaliyyət
göstərirəm. Burada hər il
müxtəlif tədbirlər həyata keçiririk. Misal olaraq Novruz festivalını qeyd edə bilərəm.
Festivalda Azərbaycan mahnıları və rəqsləri
ilə bərabər mətbəximiz, milli geyimlərimiz, Azərbaycan
haqqında ümumi biliklər və ölkəmizdə həyata
keçirilən yeniliklər əcnəbi tələbələrə
təqdim olunur. “Xocalıya Ədalət” kampaniyası da
hər il keçirilən əhəmiyyətli
tədbirlərdən biridir. Əcnəbilərə
Xocalıda baş verənlər haqqında ətraflı məlumat
çatdırılır. Bununla bərabər,
daha geniş kütləyə xitab etmək üçün
videoçarx hazırlanır. Kompüter
elmləri ixtisası oxuyan bir tələbə olaraq videonun
çəkilməsi və redaktə edilməsi mənim
üzərimə düşür. Önəmli
tədbirlərimizdən biri də Şeffild Tələbələr
Birliyinin həyata keçirdiyi Dünya Həftəsində
iştirak etməyimizdir. Bir həftə
boyunca biz parad, dil festivalı və milli sərgi kimi tədbirlərdə
iştirak edirik. Bu ilin noyabrında baş tutan Dünya Həftəsində
Azərbaycan dili müəllimi olaraq qatıldım və bizə
ayrılan vaxt ərzində yerli və əcnəbi tələbələrə
Azərbaycan dili haqqında məlumat verməklə bərabər,
eyni zamanda Azərbaycan haqqında maraqlı faktlar, Azərbaycanın
zəngin mədəniyyəti və tarixinə aid məlumatlar,
iqtisadi, siyasi, elmi, idman və digər sahələrdə əldə
olunan nailiyyətlər və ölkəmizdə baş tutacaq
Avropa Oyunları və Avropa çempionatı barədə məlumat
çatdırdıq.
-Sizinlə bərabər digər azərbaycanlı
tələbələr də aktivlik göstərirlərmi?
-Ümumiyyətlə
azərbaycanlı tələbələrin böyük əksəriyyəti
diaspora fəaliyyətlərində daim aktiv olmağa
çalışırlar. Xaricdə təhsil
proqramının ilk illərində azərbaycanlı tələbələrin
sayı az idi. Buna baxmayaraq
Şeffild şəhərində Azərbaycan cəmiyyətinin
təsis edilməsinə müvəffəq olundu və ilk tədbirlər
təşkil edildi. Növbəti illərdə
həm azərbaycanlı tələbələrin
sayının artması ilə, həmçinin toplanan təcrübə
əsasında cəmiyyətin tədbirləri daha professional
xarakter daşımağa başladı və daha çox əcnəbi
qonaq cəlb etməyə müvəffəq oldu.
Hazırda əvvəldə də qeyd olunduğu kimi, cəmiyyətimiz
Azərbaycan mədəniyyətinin, adət-ənələrinin,
idmanının və dilinin təbliğində, ən əsası
da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynayır və
bunları həyata keçirərkən Azərbaycanın
Britaniyadakı səfirliyi, ARDNŞ, Şeffild Universiteti Tələbə
Birliyi və digər tələbə təşkilatları,
Şeffild Universiteti Beynəlxalq Əlaqələr Ofisi və
İngiltərədə yaşayan həmvətənlərimizlə
əməkdaşlıq edilir.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin
hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Son bir
neçə ildə əsasən Azərbaycandan kənarda
olduğuma görə Azərbaycan gəncliyinin hazırkı
durumunu xarakterizə etmək üçün xaricdə təhsil
alan gənclərimizi nümunə göstərərdim.
Bu gənclərə nəzər yetirdikdə
ümumi vəziyyətin ürəkaçan olduğunu qeyd
etmək olar. Belə gənclərimiz
dünyagörüşü ilə bərabər öz
oxuduqları sahələrinin mütəxəssisləri olaraq
yetişirlər və onların bu səviyyədə
olmaları Azərbaycanın gələcəyi
üçün çox ümidvericidir.
- Son illərdə ali
təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici
ölkələrdə təhsillərini davam etdirməsi
halları da çoxalıb, bununla bağlı dövlət
proqramları da həyata keçirilir. Bunu necə
dəyərləndirərdiniz?
-Belə
tələbələrdən biri də mənəm. Belə ki, Şeffild Universitetində təhsilimi məhz
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində alıram.
Bu kimi proqramların həyata keçirilməsinin
çox vacib olduğunu düşünürəm. Ölkəmizin daha da inkişaf etməsi
üçün dünyanın öndə gedən universitetlərinin
bilik və təcrübələrindən istifadə etmək
lazımdır. Xaricdə təhsil alan
gənclərimiz bu biliklərə yiyələnirlər və
geri dönəndə öyrəndikləri təcrübələri
Azərbaycanda həyata keçirirlər.
-Ümumilikdə ölkədə gənclərimiz,
tələbələr üçün yaradılan şərait
sizi qane edirmi?
-Müstəqillik
əldə etdiyimizdən bu günə qədər Azərbaycanda
gənclərimizin inkişafı üçün yeni təhsil
ocaqları, məktəblər, hazırlıq kursları,
universitetlər və s. yaradılıb. Bütün
bunlar təhsilin gənclərimiz üçün necə əhəmiyyətli
olduğunun bir göstəricisidir, çünki qloballaşan
dünyada gənclərimiz, özlərinə layıq yeri
tutmaları üçün daim özlərini inkişaf
etdirmələri və gələcəyə inamla
addımlamalıdırlar. Bu məqsədə
çatmaq üçün beynəlxalq təcrübələrin
gənclərimiz tərəfindən mənimsənilməsi və
ölkəmizdə tətbiq olunması üçün
dövlət proqramının və ARDNŞ-nın xaricdə
təhsil proqramının böyük rolu vardır.
-Gələcək
planlarınız barədə də söz
açardınız...
-Şeffild Universitetini bitirdikdən sonra Azərbaycanda
elmi fəaliyyətlə məşğul olmaq istəyirəm. Bunun
üçün də öncə nüfuzlu universitetlərin
birində doktorantura təhsili almaq arzusundayam. Gələcəkdə arzum öz sahəmdə
ekspert olmaq və elmə yeni ideyalar gətirməklə vətənimə
xidmət etməkdir.
Tural
Tağıyev
Palitra.-2014.-30 dekabr.-S.6.