Dövlət büdcəsinin inkişaf dinamikası
Elçin Süleymanov
Tarixən ``budget`` anlayışı ingilis mənşəli söz olub “çanta, torba” mənasında işlənib. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olub, məna etibarilə “xəzinə” sözünə yaxın olub. Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Büdcə ölkədə milli gəlirin və ümumi daxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil bir büdcə formalaşdırmağa başlayıb. Fəqət həm Qarabağ müharibəsi, həm də iqtisadi strukturun qurula bilməməsi bu prosesi ləngitmişdi. “Əsrin müqaviləsi” imzalandıqdan sonra və ölkədə münbit investisya mühitinin yaranması ölkənin iqtisadi inkişafına təkan vermişdi. Fəqət o illərdə Azərbaycan dövlət büdcəsinin dünyanın inkişaf etmiş və ya etməkdə olan ölkələri ilə müqayisəsi tez idi. 1993-cü ildən başlayaraq hər il əvvəlki ilə görə əhəmiyyətli dərəcədə artırılan dövlət büdcəsi son iki ildə artıq dünyanın inkişaf etmiş ölkələrinin büdcəsi sinfindən sayıla bilər. Neft strategiyasının uğurla həyata keçirilməsi ölkənin maliyyə imkanını artırıb. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 milyard 384 mln. manat, xərcləri isə 20 milyard 063 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manatı Dövlət Neft Fondundan transfertlər, 7,102 mlrd. manatı Vergilər Nazirliyi, 1,510 mlrd. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Büdcə gəlirlərinin 9 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər təşkil edəcək. 38,6 faizi Vergilər Nazirliyinin, 8,2 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur. Xərclərin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşu (6,260 mlrd. manat), sosial müdafiə və sosial təminat (2,072 mlrd. manat), ümumi dövlət xidmətləri (1,997 mlrd. manat), təhsil (1,653 mlrd. manat), müdafiə (1,637 mlrd. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər (1,240 mlrd. manat) tutur. Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 24 443 890,2 min manat müəyyən edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin kəsiri 14 084 994,8 min manat məbləğində müəyyən edilib. Son iki ilin büdcəsi qonşu Türkiyə ilə müqayisə edilərsə, bəzi nüanslar ortaya çıxarmaq olar. 2014 il ÜDM-si 1 trilyon 719 milyard lirə (780 milyard dollar) olan qardaş ölkənin büdcə xərcləri 436,3 milyard TL(198 milyard dollar ) nəzərdə tutulub. Bu Türkiyənin ümumi daxili məhsulun 25,3 faizini təşkil etməkdədir. Büdcə xərclərinin adambaşına düşən payı Türkiyədə 2650 dollar, Azərbaycanda isə 2700 dollar həcmindədir. Dolayısıyla artıq iki ildir dövlət büdcəsindən fərd başına düşən pay Türkiyədən çoxdur. Eyni zamanda Azərbaycanın xarici borcu ÜDM-nin 6-7 faizini təşkil etməsi və bu borcların uzun müddətli və güzəştli olması müsbət amillərdəndir. Son zamanlarda qeyri-neft sektorunun sürətli inkişafı da büdcə artımı barədə müsbət proqnozlara əsas verir. Eyni zamanda büdcə xərclərində təhsil və səhiyyə xərcləri Azərbaycanda artırılsa, daha məqsədəuyğun olar. Elmə və təhsilə ayrılan hər 1 dollar xərc bir neçə ilə 3-5 dollar gəlir gətirir. Dolayısıyla dünyanın inkişaf etmiş ölkələri ÜDM-nin 2-3 faizini elmə, 6-7 faizini təhsilə ayırması təcrübəsini effektiv xərclənmək şərti ilə Azərbaycanda da tətbiq etmək olar. Bir başqa vacib vəzifə büdcə xərclərinin effektivliyinin artırılmasıdır. Bu istiqamətdə müasir metodlardan istifadə edilə bilir. Eyni zamanda neftin tükənən resurs oldugunu nəzərə alaraq qeyri-neft sektorunun inkişafına dəstəyin artırılması vacibdir. Son zamanlarda dövlət tərəfindən bu istiqamətə böyük diqqətin ayrılması da bu vacibliyi bir daha göstərmiş olur. Neft Fondu və Mərkəzi Bankın 50 milyard dollara çatan rezervlərinin rasional və iqtisadi əsaslarla rentabelli və risksiz layihələrə yönləndirilməsi də bu istiqamətdə atılacaq vacib məsələlərdəndir. Dünyanın əksər inkişaf etmiş ölkələrinin büdcə gəlirləri içində gömrük rüsumlarının cüzi yer tutması artıq müasir dünyada gömrük gəlirlərinin fiskal məqsədlərlə tutulmadığını göstərir. Dolayısıyla Azərbaycan da bu təcrübədən istifadə etməli, gömrük rüsumlarından daxili istehsalı tənzimləmək məqsədi daşımalıdır. Bir başqa vacib məsələ isə büdcədən subsidya və transfertləri tədricən azaltmaqdır. Misal üçün bir çox inkişaf etmiş ölkədə sosial müdafiə fondları öz yığımlarını iqtisadi layihələr və bank resursları kimi dəyərləndirərək demək olar ki, büdcədən asılılıqdan azad olub. Azərbaycanda da hazırda yığım fondu olan bu resursları investisiya istiqamətli qiymətləndirmə həm pensiya və müavinətlərin artırılmasına, həm də büdcədən olan asılılığın azaldılmasına kömək edər.
Elçin Süleymanov
Qafqaz Universiteti
Maliyyə
kafedrası
Palitra.-2014.-1 fevral.-S.10.