Leyla Əliyeva: “Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilib

“Bir ildən başqa bir ilə qədəm qoymaq bir çox xoş hiss və duyğularla müşayiət olunur. Burada həm Yeni il yolkasının könülaçan ətri, hədiyyələrin büküldüyü kağızların xəfif xışıltısı, bayram yeməklərinin ləziz dadı, sənə yaxın adamların göz oxşayan bərbəzəyi və əlbəttə ki, musiqi vardır. Doğma olan "V lesu rodilas yoloçka" mahnısından tutmuş, ildə bir dəfə hər bir evdə səslənən ötən illərin çoxsaylı hit mahnılarınadək”. Bu sözləri Leyla Əliyeva “Baku” jurnalının redaktor səhifəsində yazıb. Ənənəyə görə, “Baku” jurnalının builki birinci nömrəsi jurnalın baş redaktoru Leyla Əliyevanın öz oxucularına "Gözəl əhval-ruhiyyə" başlıqlı müraciəti ilə başlayır. Doğma şəhərinin vurğunu olan Leyla Əliyeva bakılıların Yeni il ovqatından, Bakının musiqi ənənələrindən söz açaraq bu dəfə də Azərbaycanın paytaxtını təkrar-təkrar öz oxucularına sevdirir. Şəhərimizin musiqi mədəniyyətinin özünəməxsusluğundan danışan Leyla Əliyeva yazır: "....Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilib. Yola saldığımız ildə burada çoxlu sayda yaxşı musiqi səslənib: Beynəlxalq Muğam Festivalının iştirakçılarını və "Gelikon opera"nın solistlərini dinləmək, caz korifeylərinin çıxışlarından zövq almaq, Qəbələ festivalının konsertlərində olmaq, Qara Qarayevin və Müslüm Maqomayevin xatirə gecələrində onların zəngin irsini yada salmaq mümkün olub".

Baş redaktor ilk növbədə muğam və aşıq musiqimizin Avropa musiqisi ilə sintezinə nail olan "Üzeyir Hacıbəyli dühasını" xatırlayır. Məqalədə deyilir: "Onun Azərbaycanın musiqi mədəniyyətinə təsiri o dərəcədə güclü olub ki, o Şərq ilə Qərbin bu sintezini hətta milli səviyyədə möhkəmləndirə bilib. Məhz Ü.Hacıbəylinin sayəsində tar və skripka, kamança və violonçel, ud və fortepiano füsunkar dialoqa girib, böyük müğənni Bülbül həm opera ariyalarını, həm də muğamları ifa edib. Bəstəkar musiqi təhsili sahəsində də ənənə və novatorluğun harmonik vəhdətinin bünövrəsini qoyub. Məhz belə bir təhsil hazırda bakılılara istər Berlin operasının səhnəsində, istərsə də "Eurovision" mahnı müsabiqəsində parlamaq imkanı verir". Leyla Əliyevanın fikrincə, Bakıda musiqini onun xiridarı olan heç olmasa bir neçə insanın toplaşdığı hər bir məkanda öyrənirlər. Əsası Yuli Qusman tərəfindən qoyulmuş Şən və Hazırcavablar Klubu gecələrinin ənənəsi, Elçin Əzizovun bu kulubdan Böyük Teatra aparan yolu, İsfar Sarabskinin müxtəlif ahəngli caz və muğam kompozisiyalarını birləşdirməsi buna gözəl nümunədir. L.Əliyeva yazır ki, "bakılıların musiqi mədəniyyətinin formalaşmasına çoxlu sayda fenomen təsir göstərib. Bunun sayəsində onlar ən müxtəlif musiqidən gözəl miks yarada bilirlər. Bakı yeni 2014-cü ilə məhz bu cür yüksək əhval-ruhiyyədə, gözəl dostların əhatəsində və sevimli musiqi hitlərinin sədaları altında qədəm qoyur.

Həmişəki kimi parlaq və məzmunlu olan "Baku" jurnalının yeni nömrəsi bu dəfə də oxucuları son bir neçə ayda Azərbaycan paytaxtının mədəni həyatının ən maraqlı hadisələri ilə tanış edir: P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti və Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin beynəlxalq sərgisinin dünya premyerası, "ÜNS" Teatrında Müslüm Maqomayev haqqında "Beşikdən əbədiyyətə qədər" filminin premyerası, Heydər Əliyev Sarayında "Qorxma, mən səninləyəm.1919" filminin premyerası, Bakı Caz Festivalı və rəssam Taus Maxaçevanın Muğam Mərkəzində mühazirələri, Lalla Essaydinin Müasir İncəsənət Muzeyində fərdi sərgisi, Nizami Kino Mərkəzində turizm mövzusunda filmlərin beynəlxalq festivalı və bir çox başqa hadisələr.

Heydər Əliyev Mərkəzinin təqdimatı haqqında "Xüsusi reportaj" və layihənin memarı, dünya şöhrətli Zəha Hədidi ilə müsahibədə dünya memarlığında Mərkəzin rolunun qiymətləndirməsi, sərgi və konsert meydançası kimi potensial imkanlarının nümayiş etdirilməsi üçün iri dünya bürolarının memarlarının, layihəçilərinin və dizaynerlərinin Bakıya səfərindən söz açılır.

Jurnalın başqa bir həmsöhbəti "Gelikon opera" teatrının yaradıcısı Dmitri Bertmandır. O, noyabr ayının əvvəllərində Heydər Əliyev Mərkəzində bakılı tamaşaçılara "Sibir" operasını və "Bir ömürlük məhəbbət" qala-konsertini təqdim etmişdir. Tanınmış rusiyalı teleşərhçi Vladislav Flyarkovski oxucular tərəfindən sevilən "Bakinstvo" rubrikasında uşaqlıq illərini keçirdiyi şəhərdən söz açaraq yazır: "Bakı heç vaxt tənha adamların yaşadığı cansıxıcı şəhərlər siyahısına daxil olmayacaqdır. Burada həmsöhbət həmişə tapılar". Jurnalist Vlada Topçevanın Bakı milyonçusu və mesenatı Ağa Musa Nağıyevin nəvəsi ilə müsahibəsi "İşlər və hisslər" rubrikasında yerləşdirilib. Dilarə Nağıyeva müsahibəsində deyir: "Mənim babam taleyə inanırdı və irəlini görürdü. O, qarşısına 100 ev tikmək və 100 il ömür sürmək məqsədi qoymuşdu. Lakin yalnız 98 ev tikdirə bildi". "Bir dəfə N şəhərində" layihəsinin müəllifləri hesab edirlər ki, "Kitabı illüstrasiya etmək üçün səyahətə getməkdən yaxşı üsul yoxdur. Jurnalın 39-cu nömrəsindəki məqaləni oxumaqla Trister, Sevilya, Hoşimin, Çikaqo, Praqa və Bakı şəhərlərinin ədəbiyyatla bağlı hifz etdiyi əhvalatları öyrənmək olar. "Baku" tanınmış sahibkar, böyük mesenat, Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradıcılarından biri Aydın Qurbanovun anadan olmasının 60 illiyi münasibətilə Moskvada keçirilmiş xatirə gecəsindən reportaj da təqdim edir. Mesenatın oğlu, Aydın Qurbanov Fondunun rəhbəri, ÜAK-ın idarə heyətinin üzvü Səməd Qurbanov xatirə gecəsində dediyi bu sözləri oxucuların diqqətinə çatdırır: "Atam mənim üçün əsl kişilik və əsl vətənpərvərlik nümunəsidir. Ümidvaram ki, bu münasibəti Aydın Qurbanovun adını daşıyan öz oğluma da aşılaya biləcəyəm". S.Qurbanov Fondun Bakının yaxınlığında, Zirə qəsəbəsində Cümə məscidi tikmək və bununla da atasının xeyirxah əməllərini davam etdirmək niyyətində olduğunu bildirir.

Rza Deqatinin Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzində açılmış "Azərbaycan - tolerantlıq məkanı" sərgisindən, "Baku International" jurnalının ikinci ildönümü şərəfinə Bakıda təşkil edilən gecədən, Rusiyada, "Krokus Siti Holl"da ilk dəfə təşkil edilən "Kainat gözəli" müsabiqəsindən və ötən ilin son aylarının digər hadisələrindən reportajlar parlaq fotoşəkillərlə müşayiət olunur.

Jurnalın redaksiyası qurmanları sevindirmək imkanını da əldən verməyib. Jurnalın bu nömrəsində Azərbaycan mətbəxinin daha bir ləziz təamı olan gürzənin hazırlanması resepti yer alıb.

Nigar Abdullayeva

Palitra.-2014.-1 fevral.-S.4.