Şəmsi Pənahoğlu: “Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanası dünyanın ən zəngin
kitabxanalarından biridir”
Layihə çərçivəsində müsahibimiz AMEA Şərqşünaslıq
İnstitutunun elmi işçisi Şəmsi Pənahoğludur. Onunla budəfəki
söhbətimiz Təbriz Milli Kitabxanası haqqında oldu:
-Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanası dünyanın ən müasir və zəngin kitabxanalarından biridir. Əslində bu kitabxana elə də qədim tarixə malik deyil. Bu il onun yaradılmasının 57-ci ildönümüdür. Kitabxananın yaranmasının maraqlı bir tarixçəsi var. O, zəmanəsinin vətənpərvər alimi və maarifpərvər ziyalısı Məhəmməd Naxçıvaninin təşəbbüsü, ianə və bağışı ilə 1957-ci ildə yaradılıb. Məhəmməd Naxçıvani həm də xeyriyyəçi kimi kitabxananın tikintisinə 100 min riyal pul bağışlayıb. Təbii ki, o zaman bu, çox böyük bir məbləğ idi. Zəngin ədəbi, elmi və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş Hacı Məhəmməd Naxçıvani daha çox öz xeyriyyəçiliyi ilə tarixə düşüb. Bunun əsas səbəbi onun zəngin ədəbi və elmi yaradıcılığının bugünə qədər kifayət qədər öyrənilməməsidir. Yuxarıda qeyd etdiyim kimi, onun xeyriyyə işlərindən biri də təqribən 4200 nüsxədən ibarət nəfis əlyazma və kitablardan ibarət öz zəngin kitabxanasını zaman-zaman dövlətə bağışlaması, bununla da vətənsevər insanların köməyi və xalqın dəstəyi ilə Təbriz Milli Kitabxanasının yaradılması olub. Sonradan bu kitabxanaya yaradıcısının xatirəsinə hörmət əlaməti olaraq onun adı verilib. M.Naxçıvani adına Təbriz Milli Kitabxanası Təbrizin rəmzlərindən biri olan Ərk qalasının yaxınlığında tikilən binada fəaliyyətə başlayıb. 1988-ci ildə isə o,Təbrizin məşhur Gülüstan bağının yaxınlığındakı binaya köçürülüb. Yeri gəlmişkən, deyək ki, Gülüstan bağı böyük vətənpərvər alim, naşir, kitabşünas, ictimai-siyasi xadim və dünyada mövcud əlyazmalar haqqında qeyri-adi məlumata sahib olduğu üçün hələ sağlığında “Fohresti əlkitəbi nateq” (“Danışan kitablar külliyyatı”) adını qazanmış Məhəmmədəli Tərbiyətin yadigarıdır. M. Tərbiyəint 1929-1931-ci illərdə Təbriz şəhər bələdiyyəsinin sədri olanda gördüyü böyük işlərdən biri də bu bağı saldırması olub.
- Dünyanın ən
zəngin
kitabxanalarından biri olan
M.Naxçıvani adına Təbriz Milli
Kitabxanasının qorunub gələcək
nəslə
çatdırılması istiqamətində
hansı tədbirlər görülüb?
- M.Naxçıvani adına Təbriz Milli Kitabxanası fəaliyyət göstərdiyi illər ərzində hər zaman mütərəqqi insanların və dövlətin qayğısı ilə əhatə edilib. Bunu üç səbəblə izah etmək olar: birincisi, onu yaradan Məhəmməd Naxçıvaninin şəxsiyyətinə və xatirəsinə ehtiram; ikincisi, buradakı kitab xəzinəsinin maddi və mənəvi dəyəri; üçüncüsü və bəlkə də aparıcı olan Azərbaycan xalqının, xüsusən Təbriz əhalisinin elmə, maarifə və mənəvi dəyərlərə verdiyi yüksək qiymət. Elə bunun nəticəsində də bu müqəddəs ocaq üçün 1991-ci ildə Təbrizin Lalə rayonunda xüsusi layihə əsasında beynəlxalq standartlara uyğun yeni kitabxana binası tikilməyə başlayıb və o, 2002-ci ildə istifadəyə verilib. Həmin ildən M.Naxçıvani adına Təbriz Milli Kitabxanası bu böyük, əzəmətli və özəl təyinatlı binada fəaliyyət göstərir. 11000 m2 sahəni tutan yaraşıqlı bina 5 hektarlıq yaşıl bağçanın içərisində yerləşir və görənləri ovsunlayaraq heyran edir; füsunkar bağ və onunla üzvi bir şəkildə harmoniya təşkil edən yaraşıqlı bina sanki dəyərli bir üzüyü və onun üzərində qiymət biçilməsi mümkünsüz olan qaşı xatırladır.
- Təbriz
Milli Kitabxanasının adını
daşıdığı Məhəmməd
Naxçıvani haqqında nə deyə
bilərsiniz?
- Hacı Məhəmməd Əliabbas oğlu Naxçıvani (1880-1962) dövrünün həm maddi və həm də mənəvi cəhətdən zəngin insanlarından biri-vətənpərvər və xeyriyyəçi alimi olub. Səhər Vəhdəti yazır ki, kitablara məhəbbəti onu bütün İranda tanıtdı, dünya üləmaları arasında ona yer verdi. Hacı Mirzə Abdulla Müctehidiyə görə isə M.Naxçıvaninin dünyanın 4 bir yanından topladığı əlyazma və kitablar o qədər dəyərli idi ki, hələ sağlığında çox vaxt Tehrandan və Avropadan gələn alimlər onun evində bu kitabların mütaliəsi ilə məşğul olar və qeydlər götürərdilər. İlkin araşdırmaya görə “Dünya müharibəsinin (1918-1919-cu illər) hərbi tarixi”, “Tərbiyət kitabxanası və oxu zalı əlyazma və kitablarının kataloqu”, “Göz yaşlarının leysan buludu”, “Qətran Təbrizinin divanına müqəddimə”,“Hacı Mirzə Cavad Müctehid”, “Dar ağacından asılmış Seqətülislam” (Aşura günü ruslar tərəfindən dar ağacından asılaraq edam edilib), “Darsinin ləğvi”, “Allahın köməyi və yaxınlığın fəthi”, “Nizamiyyənin tarixi”, “Əmadülzakirinin vəfatı”, “Mirzə Mahmud Qənizadə Salmasinin xatirəsi”, “Mirzə Əli Ləlinin həyatı” və s. kimi əsərlər məhz onun qələminin məhsuludur. Yazılarına çox ciddi yanaşıb, həyatda olduğu kimi, öz yaradıcılığına münasibətdə də çox tələbkar olub. Buna görə də onun məqalələri hər zaman “Ərməğan”, “Mahtab”, “Təbriz Ədəbiyyat İnstitutu” və “Yəğma” jurnallarının bəzəyi olub. Araşdırma və tərcümələri M.Naxçıvaninin necə böyük Vətən sevgisinə, erudisiyaya, geniş dünyagörüşə, zəngin biliyə, dərin zəkaya, hərtərəfli savad və ağla malik olduğunu ortaya qoyur. Bu baxımdan onun hazırladığı müxtəlif söz ustaları və filosofların əsərlərinin elmi-tənqidi mətnləri, “Saib Təbrizi”, “Nəssabəlsibyan haqqında”, “Ədil əl-məmlekin bir neçə beytinin redaktəsi”, “Əbu Əli Sinanın məzarı”, “Sədrəddin Rəbii”, “Setan sözünün şərhi”, “Məazi Təbrizi”, “Məhəmməd ibn Əlbəis və Azərbaycan dili”, Motul Təftəzaninin əsərlərinin fars dilinə tərcüməsi və digər əsərləri xüsusilə maraq doğurur.
- Məhəmməd
Naxçıvaninin fəaliyyətində
hansı digər mühüm
məqamlar
yer alıb?
- Məhəmməd Naxçıvaninin ən böyük işlərindən biri də çoxsaylı əlyazmalara yazdığı dəyərli qeyd və haşiyələrdir. Məsələn, Mədhuşun “Divan”ının əlyazmasının birinci səhifəsində yazdığı haşiyədə onun müəllifinin adının Molla Məhəmməd Sadiq və Mollabaşı Heydərqulu Mirzə olduğunu, əlyazmanın müəllifin özü tərəfindən yazıldığını qeyd edib və haşiyənin yazıldığı tarixi-1327 (1948) qoyub. Yaxud da, Mənsur Həllacın əlyazma divanının bir səhifəsində M.Naxçıvani tərəfindən yazılmış haşiyədə əsərin sonunda Hicri-qəməri 922, 925 və 927 tarixlərinə rast gəlindiyi və onun təqribən Zəhirəddin Babur şahın vaxtında yazıldığı göstərilir. Əslində bu qeyd və haşiyələr bütövlükdə mötəbər bir təzkirədir. Yeri gəlmişkən, bu qeyd və haşiyələrin nümunələrini Əziz Dövlətabadi toplayıb və çap etdirib.
Bundan başqa, M.Naxçıvani Heyran xanım Dünbülünün “Divan”ını çap etdirib, “Xəmsəül-motəəhhedin”i türk dilinə, “Əzaye-Came”ni fars dilinə çevirib. Onun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ən böyük xidmətlərindən biri də Əbu Mənsur Qətran Təbrizi və Saib Təbrizinin “Divan” larının elmi-tənqidi mətnini hazırlaması və çap etdirməsidir. Məhəmməd Rza Nəsiri yazır ki, M.Naxçıvaninin, Həkim Qətranın “Divan”ını redaktə edərək çap etdirməsi həm ədəbiyyatşünaslıq baxımından diqqətəlayiq bir hadisədir, həm də burada Hicri-qəməri III və IV əsrin sultanları, əmirləri, vəzirləri və şairləri haqqında verilən məlumatları başqa heç bir mənbədə tapmaq mümkün deyil. Tapılsa da, çox cüzidir. Bu baxımdan adıgedən əsər çox dəyərli bir tədqiqat əsəridir. Bu baxımdan Seyid Həsən Tağızadə yazır ki, əgər Qətran və onun qəsidə yaradıcılığı olmasaydı, Əbu Nəsr Məmlan tarixdə qalmazdı. Bu, ona bənzəyir ki, Atabəy ibn Səədin adını tarixdə məhz Sədi Şirazi əbədiləşdirib. Yəni Məmlan, Fəzlun və Azərbaycanın, eləcə də Arranın digər bəzi əmirlərinin adlarını da məhz Qətran Təbrizi yaşadıb. Müasirləri M.Naxçıvani haqqında çox yüksək fikirlər söyləyib. Bu nöqteyi-nəzərdən bir vaxtlar Təbriz Milli Kitabxanasının əməkdaşı, sonralar isə onun müdiri olan və M.Naxçıvanini çox yaxından tanıyan və onun kitabxanaya bağışladığı qiymətli kitabları kataloqlaşdıran Seyid Yunisinin yazdığı aşağıdakı misralar çox maraqlıdır:
Farscası
(Sənin gözəlliyin hələ də çəmənlərdə yaşayır,
Sənin ətrin hələ də səmənlərdə yaşayır.
Sənin zikrin ürəklərdə dolaşır,
Sənin söhbətin məclislərdə gəzir.
Sənin xəzinənin bir küncündə mən,
Səni öz sözlərinlə xatırlayıram). ( Təbriz, 2010).
M.Naxçıvaninin qardaşı Hacı Hüseyn Naxçıvani də dövrünün alim ziyalılarından biri olub, “İbrətnamə”, “Qırx məqalə”, “Məmləkətin təzkirələri”və s. əsərlərini yazıb. Ümumiyyətlə, bu iki böyük şəxsiyyətin həyat və fəaliyyətlərinin elmi şəkildə tədqiq edilməsinə ehtiyac var. Əslində M.Naxçıvaninin mənsub olduğu Naxçıvanilər nəsli böyük və sanballı bir tədqiqat əsərinin mövzusudur. Çünki bu nəsildən indiyə qədər öyrənilməmiş bir çox şəxsiyyətlər, o cümlədən Rza Naxçıvani, Abbas Naxçıvani, Əli Naxçıvani, Mirzə Cabbar Vaiz Naxçıvani, Murtuza Rəssam Naxçıvani, Həsən Naxıvani və başqaları çıxıb.
M.Naxçıvaninin ölümündən sonra onun oğlu, ziyalı vətənpərvər Rza Naxçıvani atasının qalan kitablarını və şəxsi arxivini də onun vəsiyyəti əsasında Təbriz Milli Kitabxanasına bağışlayıb. Yeri gəlmişkən, qeyd edək ki, o, bir müddət Təbriz Milli Kitabxanasının müdiri olub. Bu xanədandan olan başqa bir naxçıvanlı (M.Naxçıvaninin bacısı oglu) Hacı Həsən Naxçıvani şahlıq dövründə Şərqi Azərbaycan vilayəti “Pəhləvi” Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyib.
Nigar Abdullayeva
Palitra.-2014.-4 fevral.-S.11.