“Müstəqilliyin qorunub saxlanmasında ölkə gəncliyinin göstərdiyi xidmətlər
danılmazdır”
Ayaz Əhmədzadə: “Azad, demokratik ənənələri, milli-mənəvi dəyərləri olan bir ölkənin vətəndaşı olmaq hər bir gəncə qürur verən hisslərdir”
Azərbaycan gəncləri hazırkı ictimai-siyasi aktivliyi ilə özünü cəmiyyət qarşısında təsdiq edib. Bu, gənclərin dövlətçiliyə bağlılığı və milli vətənpərvərlik baxımından uğurdur. Elə “Uğurlu Gənclik” İctimai Birliyi də öz ətrafına məhz bu amalla yaşayan gəncləri toplayıb. Nəzərə çatdıraq ki, “Uğurlu Gənclik” İctimai Birliyi 2013-cü ildə təsis olunub. Birliyin əsas fəaliyyət istiqamətləri gənclərin təhsili, sağlamlığı, məşğulluğu ilə bağlı problemlərin aradan qaldırılması, hüquqlarının təmin olunması işini təşkil etmək, yaradıcılıq qabiliyyəti olan, elmi və intellektual baxımdan fərqlənən gənclərin inkişafına şərait yaratmaqdır. “Uğurlu Gənclik” İB-nin sədri Ayaz Əhmədzadə qəzetimizə müsahibəsində gənclərlə maraqlı məqamlara toxundu.
-Müstəqil
dövlətin gənc nəslinin
nümayəndəsi
olmağınız sizdə hansı qürur hissi yaradır?
-Müstəqillik nəinki bir gənc üçün, dünyanın bütün xalqları, millətləri üçün ən müqəddəs və vacib nemətdir. Azad, demokratik ənənələri, milli-mənəvi dəyərləri olan bir ölkənin vətəndaşı olmaq hər bir gəncə qürur verən hisslərdir. Mən, həm orta məktəbdə, həm də institutda rus və ingilis dillərində təhsil alsam da, xalqımın tarixi keçmişini, ana dilimizin səlistliyini, mədəni irsini, ailə dəyərlərini yüksək qiymətləndirirəm. Biz azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmış, bu yolda minlərlə şəhid vermiş bir xalqın gəncləriyik. Müstəqilliyin qorunub saxlanmasında ölkə gəncliyinin göstərdiyi xidmətlər danılmazdır. Bizim gənclərə nümunə ola biləcək Mübariz İbrahimov kimi qəhrəmanlarımız var və belə mübariz gəncləri olan ölkənin müstəqilliyi əbədidir.
-2 fevralın Gənclər
Günü kimi qeyd edilməsi gənclərin
fərdi
və
ictimai fəaliyyətinə
nə
kimi stimul verib?
-1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi və həmin gün Azərbaycanın tarixinə Gənclər Günü kimi yazıldı. Bütün dünyada Gənclər Günü olan və yaxud sırf gənclər işi ilə bağlı ayrıca dövlət strukturunun olduğu ölkələr elə də çox deyil. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaranması həm milli donoru formalaşdıran, həm də gənclərin ictimai fəallığını artıran və stimul verən amillərdən biri oldu. 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi gənclərə təşkilatçılıq təcrübəsi, başlatdıqları işlərin reallaşdığını görmək, dövlət qurumları ilə əməkdaşlıq mühitini formalaşdırmaq imkanı, eyni zamanda özünə güvən hissi verdi. Təsadüfi deyil ki, məhz həmin dövrdə xaricdə təhsillə bağlı Dövlət Proqramı meydana gəldi və insan kapitalına olan ardıcıl yatırımlar ölkəmizdə yeni bir mərhələyə keçdi. Dünyanın ən inkişaf etmiş ölkələrinə Azərbaycan gənclərinin göndərilməsi, ölkənin daha çox ehtiyacı olan yeni, müasir ixtisaslar üzrə kadrların hazırlanması prosesi gücləndi. İstər xaricdə təhsil alma proqramları, istər ölkədə həyata keçirilən müxtəlif müsabiqələr, mübadilə proqramları, stimullaşdırma amilləri, gənclərə verilən ipoteka kreditləri, gənc mütəxəssislər üçün yaradılmış şərait dövlətimizin gənclərə diqqət ayırdığını göstərir. Amma biz gənclər ipotekaların hər bir gənc üçün əlçatan olmasını, sosial həyatda baş verən bir sıra bürokratik əngəllərin aradan qaldırılmasını istərdik.
-Sizcə,
bu gün gənclərdə
özünəinam hissi
hansı səviyyədədir?
-Özünəinam hissi ictimai-sosial həyatda özünü təsdiq eləmək baxımından çox vacib və müsbət cəhətdir. Məncə, bütün uğurların təməlində, kökündə özünə inam hissi durur. Artıq, cəmiyyət köhnə stereotiplərdən azad olur, neqativ hallar istisna olmaqla, insanlara bilik və bacarıqlarına görə dəyər verilir və müvafiq vəzifələrə qəbul olunurlar. Təbii ki, hər bir insanın həyatda öz məqsədi və hədəfləri olmalıdır. Özünəinam, güvən hissi olmadan hər-hansı bir uğura imza atmaq mümkün deyil. Bu gün istər dövlət müəssisəsinin, istər özəl şirkətin rəhbərliyini savadlı, intellektual səviyyəsi olan, kreativ düşüncə tərzinə malik kadrlar maraqlandırır və rəqabət güclüdür. İnsan kapitalının formalaşdırılmasına böyük həcmdə investisiya yatırılan bir ölkədə bu rəqabətdə qalib gəlmək üçün artıq kiminsə tapşırığına və ya köhnəlmiş üsullara ehtiyac qalmayıb. Hətta Azərbaycanın ucqar regionlarında yaşayan, maddi cəhətdən deyil, mənəvi cəhətdən zəngin olan gənclərimiz də ən yüksək ballarla yerli və xarici ölkələrdə ali məktəblərdə təhsil alıb, sabahın yüksək ixtisaslı mütəxəssisləri kimi yetişməkdədirlər. Onların uğurlarının kökündə böyük həvəslə qazandıqları bilik və özünəinam hissi dayanır. Əlbəttə, cəmiyyətdə özünəinamı olmayan, bədbinliyə qapılan, hətta intihar edən gənclər də var. Bu özü də təbiidir və dünyanın hər yerində demək olar ki, belədir. Həyatda hamı eyni düşüncə tərzinə, yanaşma qaydasına, xarakterə və iradəyə malik ola bilməz. Həyat güclüləri sevir.
-QHT sektorunda gənclərin
aktivliyi özünü
necə
biruzə
verir?
-Azərbaycanda aparılan gənclər siyasəti çox uğurlu bir modeldir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada fəaliyyət göstərən gənclər təşkilatları ölkəmizin ictimai-siyasi, mədəni həyatında aktiv olmasın. QHT sektorunda olan gənclər cəmiyyətin ictimai həyatında fəallıq göstərməklə yanaşı, yüksək dünyagörüşlü, intellektual səviyyəli vətəndaşlar olmaqla, dövlətimizin möhkəmlənməsi və güclənməsinə töhfələr verirlər.
Hər bir gəncin öz ixtisasına, potensialına və bilik sahəsinə uyğun fəaliyyət göstərməsini məqbul hesab edirəm. Mən, turizm sahəsində bir sıra tədbirlərdə və təcrübə yönlü fəaliyyətlərdə iştirak etmişəm. 2013-cü ildə Azərbaycan Turizm İnstitutunun Turizm və otelçilik fakültəsini bitirmişəm. Eyni zamanda, Avstriyanın Krems IMC Tətbiqi Elmlər Universitetində də dual təhsil sistemi əsasında oxumuşam. Ali təhsil almaqla yanaşı, praktik bacarıqlara da yiyələnərək “Hyatt Regency”, “Qafqaz Point”, “Fairmont Baku” otellərində çalışmışam. Xarici ölkələrdədə nəzəri və praktik iş təcrübəm vardır, Yunanıstanın Rodos adasında, İsrailin Eylat şəhərində istehsalat təcrübəsi keçmişəm. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilati işlərində fəal iştirak etdiyimdən, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olundum. Mən hələ orta məktəb illərindən ictimai fəaliyyətlə məşğulam, “İrəli” İctimai Birliyinin üzvüyəm və onların tədbirlərində, layihələrində mütəmadi olaraq iştirak edirəm. 2013-cü ilin 3-8 fevral tarixində keçirilən Gənc liderlər üçün “Qış universiteti ”ndə iştirak etmişəm.
Keçən il ən yadda qalan uğurlarımdan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi müsabiqədə “Asudə vaxtımda turistəm” adlı layihə təklifimin qalib gəlməsi oldu. Layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək olmaqla yanaşı, belə vaxtlarda turizmin müxtəlif sahələri ilə məşğul olmağın faydaları, mexanizmləri və istiqamətləri haqqında məlumat vermək, turizm sahəsində öz hüquq və vəzifələrini bilən gənclərin yetişməsinə dəstək olmaqdan ibarətdir. Gənclərin asudə vaxtlarının daha faydalı keçməsi üçün turizm resurslarından istifadə edilməsi, dünyagörüşünün genişlənməsi, intellektin yüksəlməsi, sağlamlığın möhkəmlənməsi deməkdir. Amma təəssüf doğuran məqamlar ondan ibarətdir ki, bəzi gənclər turizm səyahətinin növləri, səyahət pasportunun nə olduğunu, turistin hüquq və vəzifələrini, kimlərin turist adlandırıldığını bilmirlər. Gənclərə turizmlə bağlı çətin situasiyalarda, ekstremal şəraitdə dəqiq və düzgün qərarlar qəbul edib çıxış yolları tapmaqda kömək məqsədi ilə bir neçə ali təhsil müəssisəsində təlimlər keçirməyi planlaşdırırıq. Hazırda, layihənin həyata keçməsi ilə bağlı texniki məsələlərin həlli ilə məşğuluq.
-Gənclərdə
fərdi
düşüncə tərzinin
yaranması üçün hansı
işlər görülməlidir? Yəni
bu baxımdan gənclər
özləri əsas nə
etməlidirlər?
-Cəmiyyətdə tutduğu mövqedən, vəzifədən, statusdan asılı olmayaraq hər bir insanın fərdi düşüncə tərzi olmalıdır. Nə qədər insan varsa, bir o qədər də düşüncə tərzi var. Bizim hər birimiz individual varlığıq, heç kimin təkrarı deyilik, mütləq şəkildə öz sələflərimiz, və ya müəllimlərimiz kimi düşünməyə məhkum olmuş gənclər deyilik. Cəmiyyət inkişaf edir və biz, nəsillərin sınağından çıxmış gözəl ənənələrimizi inkişaf etdirib yaşatmaqla yanaşı, köhnə stereotiplərdən imtina etməyi də bacarmalıdır. Hər an bizim ətrafımızda, sosial və ya fiziki mühitdə özümüzdən asılı olaraq və ya qeyri-iradi müəyyən proseslər baş verir. Bizim bu olaylara münasibətimiz şəxsi düşüncələrimizin məhsuludur. Fərdi düşünmə ictimai mühitin təkanverici qüvvəsidir. Bəşər tarixində baş vermiş bütün qlobal proseslər, hadisələr, dəyişikliklər, kəşflər və ixtiralar, ictimai inkişaf mərhələləri məhz insanın fərdi düşüncəsinin təsiri nəticəsində baş vermişdir. Yaşadığımız müasir cəmiyyət də artıq bizə məhz fərdi düşüncələrimizə və onların səmərəliliyinə görə dəyər verir. Biz, fərdi düşüncələrimizin həm şahına, həm də quluna çevrilə bilərik, seçim öz əlimizdədir. Mətin, cəsarətli iradə və xarakter sahibləri tarix boyu öz fərdi düşüncələri əsasında liderlik xüsusiyyətlərini inkişaf etdirməklə, nəinki öz həyatlarını, hətta bütöv bir xalqın müqəddəratını xilas ediblər.
Bu baxımdan gənclər özləri həyatdakı hədəflərini dəqiq müəyyən etməli, məqsədlərinə çatmaq üçün planlar tərtib etməli, bu planların və məqsədlərin həyata keçmə mexanizmlərini tapmalıdırlar. Unutmayaq ki, əgər həyatda uğur varsa, məğlubiyyət də var. Bundan küsmək, ruhdan düşmək, geri çəkilmək, bədbinləşmək lazım deyil. Əksinə, daha böyük həvəs və istəklə qüvvə toplayıb, səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Biz, güclü olanda qalib gəlirik.
Sonda Gənclər Günü münasibəti ilə bütün gənclərimizi təbrik edirəm, hər birinə daha uğurlu gənclik arzulayıram.
Fuad Hüseynzadə
Palitra.-2014.-4
fevral.-S.7.