“Naxçıvani adına Təbriz Milli Kitabxanası qiymətli əlyazma və nəfis nüsxələr xəzinəsidir"

Layihə çərçivəsində müsahibimiz AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Şəmsi Pənahoğludur. Onunla budəfəki söhbətimiz Təbriz Milli Kitabxanası haqqında oldu:

-Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanası dünyanın ən müasir və zəngin kitabxanalarından biridir. Əslində bu kitabxana elə də qədim tarixə malik deyil. Bu il onun yaradılmasının 57-ci ildönümüdür. Kitabxananın yaranmasının maraqlı bir tarixçəsi var. O, zəmanəsinin vətənpərvər alimi və maarifpərvər ziyalısı Məhəmməd Naxçıvaninin təşəbbüsü, ianə və bağışı ilə 1957-ci ildə yaradılıb. Məhəmməd Naxçıvani həm də xeyriyyəçi kimi kitabxananın tikintisinə 100 min riyal pul bağışlayıb. Təbii ki, o zaman bu, çox böyük bir məbləğ idi. Zəngin ədəbi, elmi və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş Hacı Məhəmməd Naxçıvani daha çox öz xeyriyyəçiliyi ilə tarixə düşüb. Bunun əsas səbəbi onun zəngin ədəbi və elmi yaradıcılığının bugünə qədər kifayət qədər öyrənilməməsidir. Yuxarıda qeyd etdiyim kimi, onun xeyriyyə işlərindən biri də təqribən 4200 nüsxədən ibarət nəfis əlyazma və kitablardan ibarət öz zəngin kitabxanasını zaman-zaman dövlətə bağışlaması, bununla da vətənsevər insanların köməyi və xalqın dəstəyi ilə Təbriz Milli Kitabxanasının yaradılması olub. Sonradan bu kitabxanaya yaradıcısının xatirəsinə hörmət əlaməti olaraq onun adı verilib. M.Naxçıvani adına Təbriz Milli Kitabxanası Təbrizin rəmzlərindən biri olan Ərk qalasının yaxınlığında tikilən binada fəaliyyətə başlayıb. 1988-ci ildə isə o,Təbrizin məşhur Gülüstan bağının yaxınlığındakı binaya köçürülüb. Yeri gəlmişkən, deyək ki, Gülüstan bağı böyük vətənpərvər alim, naşir, kitabşünas, ictimai-siyasi xadim və dünyada mövcud əlyazmalar haqqında qeyri-adi məlumata sahib olduğu üçün hələ sağlığında “Fohresti əlkitəbi nateq” (“Danışan kitablar külliyyatı”) adını qazanmış Məhəmmədəli Tərbiyətin yadigarıdır. M. Tərbiyəint 1929-1931-ci illərdə Təbriz şəhər bələdiyyəsinin sədri olanda gördüyü böyük işlərdən biri də bu bağı saldırması olub.

- Dünyanın ən zəngin kitabxanalarından biri olan M.Naxçıvani adına Təbriz Milli Kitabxanasının qorunub gələcək nəslə çatdırılması istiqamətində hansı tədbirlər görülüb?

- M.Naxçıvani adına Təbriz Milli Kitabxanası fəaliyyət göstərdiyi illər ərzində hər zaman mütərəqqi insanların və dövlətin qayğısı ilə əhatə edilib. Bunu üç səbəblə izah etmək olar: birincisi, onu yaradan Məhəmməd Naxçıvaninin şəxsiyyətinə və xatirəsinə ehtiram; ikincisi, buradakı kitab xəzinəsinin maddi və mənəvi dəyəri; üçüncüsü və bəlkə də aparıcı olan Azərbaycan xalqının, xüsusən Təbriz əhalisinin elmə, maarifə və mənəvi dəyərlərə verdiyi yüksək qiymət. Elə bunun nəticəsində də bu müqəddəs ocaq üçün 1991-ci ildə Təbrizin Lalə rayonunda xüsusi layihə əsasında beynəlxalq standartlara uyğun yeni kitabxana binası tikilməyə başlayıb və o, 2002-ci ildə istifadəyə verilib. Həmin ildən M.Naxçıvani adına Təbriz Milli Kitabxanası bu böyük, əzəmətli və özəl təyinatlı binada fəaliyyət göstərir. 11000 m2 sahəni tutan yaraşıqlı bina 5 hektarlıq yaşıl bağçanın içərisində yerləşir və görənləri ovsunlayaraq heyran edir; füsunkar bağ və onunla üzvi bir şəkildə harmoniya təşkil edən yaraşıqlı bina sanki dəyərli bir üzüyü və onun üzərində qiymət biçilməsi mümkünsüz olan qaşı xatırladır.

- Təbriz Milli Kitabxanasının adını daşıdığı Məhəmməd Naxçıvani haqqında nə deyə bilərsiniz?

- Hacı Məhəmməd Əliabbas oğlu Naxçıvani (1880-1962) dövrünün həm maddi və həm də mənəvi cəhətdən zəngin insanlarından biri-vətənpərvər və xeyriyyəçi alimi olub. Səhər Vəhdəti yazır ki, kitablara məhəbbəti onu bütün İranda tanıtdı, dünya üləmaları arasında ona yer verdi. Hacı Mirzə Abdulla Müctehidiyə görə isə M.Naxçıvaninin dünyanın 4 bir yanından topladığı əlyazma və kitablar o qədər dəyərli idi ki, hələ sağlığında çox vaxt Tehrandan və Avropadan gələn alimlər onun evində bu kitabların mütaliəsi ilə məşğul olar və qeydlər götürərdilər. İlkin araşdırmaya görəDünya müharibəsinin (1918-1919-cu illər) hərbi tarixi”, “Tərbiyət kitabxanası və oxu zalı əlyazma və kitablarının kataloqu”, “Göz yaşlarının leysan buludu”, “Qətran Təbrizinin divanına müqəddimə”,“Hacı Mirzə Cavad Müctehid”, “Dar ağacından asılmış Seqətülislam” (Aşura günü ruslar tərəfindən dar ağacından asılaraq edam edilib), “Darsinin ləğvi”, “Allahın köməyi və yaxınlığın fəthi”, “Nizamiyyənin tarixi”, “Əmadülzakirinin vəfatı”, “Mirzə Mahmud Qənizadə Salmasinin xatirəsi”, “Mirzə Əli Ləlinin həyatı” və s. kimi əsərlər məhz onun qələminin məhsuludur. Yazılarına çox ciddi yanaşıb, həyatda olduğu kimi, öz yaradıcılığına münasibətdə də çox tələbkar olub. Buna görə də onun məqalələri hər zamanƏrməğan”, “Mahtab”, “Təbriz Ədəbiyyat İnstitutu” və “Yəğma” jurnallarının bəzəyi olub. Araşdırma və tərcümələri M.Naxçıvaninin necə böyük Vətən sevgisinə, erudisiyaya, geniş dünyagörüşə, zəngin biliyə, dərin zəkaya, hərtərəfli savad və ağla malik olduğunu ortaya qoyur. Bu baxımdan onun hazırladığı müxtəlif söz ustaları və filosofların əsərlərinin elmi-tənqidi mətnləri, “Saib Təbrizi”, “Nəssabəlsibyan haqqında”, “Ədil əl-məmlekin bir neçə beytinin redaktəsi”, “Əbu Əli Sinanın məzarı”, “Sədrəddin Rəbii”, “Setan sözünün şərhi”, “Məazi Təbrizi”, “Məhəmməd ibn Əlbəis və Azərbaycan dili”, Motul Təftəzaninin əsərlərinin fars dilinə tərcüməsi və digər əsərləri xüsusilə maraq doğurur.

- Məhəmməd Naxçıvaninin fəaliyyətində hansı digər mühüm məqamlar yer alıb?

- Məhəmməd Naxçıvaninin ən böyük işlərindən biri də çoxsaylı əlyazmalara yazdığı dəyərli qeyd və haşiyələrdir. Məsələn, Mədhuşun “Divan”ının əlyazmasının birinci səhifəsində yazdığı haşiyədə onunəllifinin adının Molla Məhəmməd Sadiq və Mollabaşı Heydərqulu Mirzə olduğunu, əlyazmanın müəllifin özü tərəfindən yazıldığını qeyd edib və haşiyənin yazıldığı tarixi-1327 (1948) qoyub. Yaxud da, Mənsur Həllacın əlyazma divanının bir səhifəsində M.Naxçıvani tərəfindən yazılmış haşiyədə əsərin sonunda Hicri-qəməri 922, 925 və 927 tarixlərinə rast gəlindiyi və onun təqribən Zəhirəddin Babur şahın vaxtında yazıldığı göstərilir. Əslində bu qeyd və haşiyələr bütövlükdə mötəbər bir təzkirədir. Yeri gəlmişkən, bu qeyd və haşiyələrin nümunələrini Əziz Dövlətabadi toplayıb və çap etdirib.

Bundan başqa, M.Naxçıvani Heyran xanım Dünbülünün “Divan”ını çap etdirib, “Xəmsəül-motəəhhedin”i türk dilinə, “Əzaye-Came”ni fars dilinə çevirib. Onun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ən böyük xidmətlərindən biri də Əbu Mənsur Qətran Təbrizi və Saib Təbrizinin “Divan” larının elmi-tənqidi mətnini hazırlaması və çap etdirməsidir. Məhəmməd Rza Nəsiri yazır ki, M.Naxçıvaninin, Həkim Qətranın “Divan”ını redaktə edərək çap etdirməsi həm ədəbiyyatşünaslıq baxımından diqqətəlayiq bir hadisədir, həm də burada Hicri-qəməri III və IV əsrin sultanları, əmirləri, vəzirləri və şairləri haqqında verilən məlumatları başqa heç bir mənbədə tapmaq mümkün deyil. Tapılsa da, çox cüzidir. Bu baxımdan adıgedən əsər çox dəyərli bir tədqiqat əsəridir. Bu baxımdan Seyid Həsən Tağızadə yazır ki, əgər Qətran və onun qəsidə yaradıcılığı olmasaydı, Əbu Nəsr Məmlan tarixdə qalmazdı. Bu, ona bənzəyir ki, Atabəy ibn Səədin adını tarixdə məhz Sədi Şirazi əbədiləşdirib. Yəni Məmlan, Fəzlun və Azərbaycanın, eləcə də Arranın digər bəzi əmirlərinin adlarını da məhz Qətran Təbrizi yaşadıb. Müasirləri M.Naxçıvani haqqında çox yüksək fikirlər söyləyib. Bu nöqteyi-nəzərdən bir vaxtlar Təbriz Milli Kitabxanasının əməkdaşı, sonralar isə onun müdiri olan və M.Naxçıvanini çox yaxından tanıyan və onun kitabxanaya bağışladığı qiymətli kitabları kataloqlaşdıran Seyid Yunisinin yazdığı aşağıdakı misralar çox maraqlıdır:

Farscası

(Sənin gözəlliyin hələ də çəmənlərdə yaşayır,

Sənin ətrin hələ də səmənlərdə yaşayır.

Sənin zikrin ürəklərdə dolaşır,

Sənin söhbətin məclislərdə gəzir.

Sənin xəzinənin bir küncündə mən,

Səni öz sözlərinlə xatırlayıram). ( Təbriz, 2010).

M.Naxçıvaninin qardaşı Hacı Hüseyn Naxçıvani də dövrünün alim ziyalılarından biri olub, “İbrətnamə”, “Qırx məqalə”, “Məmləkətin təzkirələri”və s. əsərlərini yazıb. Ümumiyyətlə, bu iki böyük şəxsiyyətin həyat və fəaliyyətlərinin elmi şəkildə tədqiq edilməsinə ehtiyac var. Əslində M.Naxçıvaninin mənsub olduğu Naxçıvanilər nəsli böyük və sanballı bir tədqiqat əsərinin mövzusudur. Çünki bu nəsildən indiyə qədər öyrənilməmiş bir çox şəxsiyyətlər, o cümlədən Rza Naxçıvani, Abbas Naxçıvani, Əli Naxçıvani, Mirzə Cabbar Vaiz Naxçıvani, Murtuza Rəssam Naxçıvani, Həsən Naxıvani və başqaları çıxıb.

M.Naxçıvaninin ölümündən sonra onun oğlu, ziyalı vətənpərvər Rza Naxçıvani atasının qalan kitablarını və şəxsi arxivini də onun vəsiyyəti əsasında Təbriz Milli Kitabxanasına bağışlayıb. Yeri gəlmişkən, qeyd edək ki, o, bir müddət Təbriz Milli Kitabxanasının müdiri olub. Bu xanədandan olan başqa bir naxçıvanlı (M.Naxçıvaninin bacısı oglu) Hacı Həsən Naxçıvani şahlıq dövründə Şərqi Azərbaycan vilayəti “Pəhləvi” Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyib.

***

- Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanası mənbələrinin zənginliyinə görə yarandığı ilk vaxtlardan daxili və xarici oxucuların, mütəxəssis və tədqiqatçıların diqqətini cəlb edib və 1966-cı ildə YUNESKO-nun mədəni dəyərlər siyahısına salınıb. Bununla da onun bütün nəşrlərindən pulsuz yararlanma hüququ qazanıb; bu, o deməkdir ki, YUNESKO xətti ilə buraxılan kitab, jurnal və s. nəşrlərin nüsxələri pulsuz olaraq M.Naxçıvani adına Təbriz Milli Kitabxanasına göndərilir. Bu gün M.Naxçıvani adına Təbriz Milli Kitabxanasının 5 əsas kitab və jurnal-qəzet xəzinəsi mövcuddur; onlarda 400 mindən artıq kitab və əlyazma, 2090 adda 80 mindən çox dövri nəşr nüsxəsi qorunub saxlanılır. Kitabxanada internetə qoşulu ən müasir kompyuterlərlə təchiz edilmiş müasir oxu zalları, konfrans otaqları, çapxana, texniki, xidməti və idari bölmələr fəaliyyət göstərir. Hətta burada fiziki qüsurlu şəxslər (korlar) üçün özəl təlim mərkəzi də var. M.Naxçıvani adına Təbriz Milli Kitabxanasının həm də çox yüksək mədəni mühiti var. Oxu zallarının çox böyük olmalarına rəğmən və hər zaman onlarda kifayət qədər oxucu olmasına baxmayaraq, onlarda qeyri-adi səssizlik hökm sürür. Bütövlükdə kitabxanada çox yüksək mədəni xidmət göstərilir və burada yaradıcı elmi aura mövcuddur. M.Naxçıvani adına Təbriz Milli Kitabxanası sırf ixtisaslı mütəxəssis və işçilərin çalışdığı bir məkandır. Burada hər kəs öz işinin ustası və bilicisidir. Hər kəs M.Naxçıvani adına Təbriz Milli Kitabxanasına üzv yazıla bilər. Kitabxanaya üzvlük iki qaydada aparılır-adi üzvlük və elmi tədqiqatçılar üçün xüsusi üzvlük.

- M.Naxçıvani adına Təbriz Milli Kitabxanasında hansı əlyazma, kitab və digər xəzinələr saxlanılır?

- M.Naxçıvani adına Təbriz Milli Kitabxanasında bir sıra əlyazma, kitab və jurnal-qəzet xəzinələri var. Bunlardan biri “Qiymətli əlyazma və nəfis nüsxələr xəzinəsidir. Bu xəzinədə minlərlə nadir əlyazmalar, köhnə üsulla basılmış kitablar, xüsusən Səfəvilər və Qacarlar dövrlərinə aid xəttatlıq və miniatür nümunələri, tablolar saxlanılır. Onların çoxu qədimlik, möhtəviyyat, kağız növü, nəfis işləmələr, miniatürlər və aid olduqları şəxsiyyətlərin əl işləri baxımından nadir nüsxələrdir. Buradakı əsərlərin əksəriyyəti məhz Hacı Məhəmməd və Hacı Hüseyn Naxçıvani qardaşlarının bağışladıqları nümunələrdir. Bundan başqa burada Məhəmmədəli Zeyni, Rəsul Fəthi Məcid, İsmayıl Rəfiiyan, Cavad Heyət, Həsən Şokuhi, Məhəmmədabadi Bavili, Salamullah Cavid, Əhməd Kuyayi, Bəhruz Gülzari Təbrizi, Ayətulla Nəsrulla Şəbüstəri, Ayətulla Cəfər Əşrafi, Höcətülislam Əli Abdullahi Nəmruri, Ayətulla Möhsün Musəvi Təbrizi, Ayətulla Cavad Qərəvi Əlyari, Cavad Məhiri, Əliəsgər Bəlaği Asəfi, Rəsul Bəşiri Vənd, Mahmud Müntəxəb, Məhəmməd Abid, Mühəndis Cəlal Qəffariyan, Məhəmmədəli ibn Əli Mövləvi, Hüseyn Səttarzadə Tütünçü, Yadulla Bidar Təbii, Qulamrza Sədrüləşrafi Riya, Murtuza Rəssam Naxçıvani və başqaları kimi digər xeyriyyəçilərin bağışladıqları qiymətli əlyazma və kitablar da qorunub saxlanılır. Bu sətirlərin müəllifi həmin xəzinədə 2814 şifrə ilə saxlanılan və Mirzə Müslim Qüdsi İrəvaninin dünyada yeganə nüsxə olan “Divan”ının surətini əldə edərək onun üzərində elmi-tədqiqat işi aparıb, farsca olan əsərlərinin bir hissəsini, o cümlədən mənbə özəlliyi daşıyan “Tousife-İrəvan” (“İrəvanın vəsfi”) məsnəvisini Azərbaycan dilinə tərcümə edib, türkcə olan əsərlərinin isə transliterasiyasını həyata keçirərək çap etdirib. Bundan başqa, kitabxanada saxlanılan 10 min nüsxədən artıq əlyazma və qədim kitabın kataloqlarını (SD və kitablar şəklində) əldə edərək AMEA Şərqşünaslıq İnstitutuna gətirib.

Digər bir xəzinəDövri nəşrlər xəzinəsi” dir. Burada Qacar dövründən indiyə qədərki zaman kəsiyini əhatə edən minlərlə adda dövri mətbuat nümunəsi mühafizə edilir. Onların hamısı lazımi qaydada sistemləşdirilib, mündəricatı çıxarılıb və məlumatlar informasiya texnologiyaları əsasında işlənilib, oxucu və tədqiqatçıların ixtiyarına təqdim edilir. Burada həmçinin “Xüsusi axtarış bölməsi” var. M.Naxçıvani adına Təbriz Milli Kitabxanasında olan bütün əsərlər sahələr üzrə kataloqlaşdırılıb və rəflərə yerləşdirilib. Kitabxanaya gələnlər rahatlıqla onlardan istifadə edərək istədikləri mənbəni asanlıqla tapa bilirlər. “Çap kitabları xəzinəsi”ndə isə saxlanılan fars və digər dillərdəki kitabları kitabxananın üzv oxucuları istifadə üçün götürə, kitabxanadan çıxara vəəyyən müddətdən sonra qaytara bilərlər. Burada eyni zamanda “Bağışlanan kitablar xəzinəsi” var ki, hədiyyə olunan kitabların qeydiyyatını aparır, onların mühafizəsini həyata keçirir və tədqiqatçıların onlardan istifadəsini təmin edir. Burada həmçinin yeni nəşr olunmuş kitablardan istifadə xidməti də göstərilir. Tədqiqatçılar üçün xüsusi mütaliə zalında isə tədqiqatçılar onlara verilmiş xüsusi vəsiqə əsasında bu zalın xidmətlərindən (istənilən sayda mənbənin təmini, internet və s.) istifadə edirlər.

- Bu gün bir çox kitabxanalarda müasir texnologiyalardan istifadə edilir. M.Naxçıvani adına Təbriz Milli Kitabxanasında yeni texnologiyalar tətbiq edilirmi?

- KitabxanadaKitabların axtarışı və dövriyyəsi bölməsi”ndə internet vasitəsi ilə axtarılan kitab tapılır, gətirilir və mövcud qaydalar əsasında onun əyyən müddətə əmanətə verilməsi təmin olunur. Digər bölmə olanMəlumat və KİV” bölməsidir ki, burada rəqəmsal mənbələrə çıxış, səs və video CD-lər, mikrofilmlərlə təminat həyata keçirilir. Tədqiqatçı burada əyyən proqramlardan istifadə edərək özünün ölkənin elmi və tədris jurnallarında çap olunmuş məqaləsini əldə edə bilər. Texniki xidmətlər bölməsi”ndə kitabxanaya daxil olan bütün kitab və mənbələr bu bölmədə texniki qeydiyyatdan keçirilir, onların mündəricatı çıxarılır, inventarlaşdırılması aparılır və aidiyyəti bölməyə göndərilir.Dövri mətbuat zalı”nda istifadəçilər bu zalda ölkə daxilində və xaricdə çap olunan qəzet və jurnallarla tanış ola, onları mütaliə edə bilərlər. Burada həmçinin Hacı Məhəmməd Naxçıvani adına konfrans zalı var ki, bu zal hər cür müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş bir konfrans zalıdır. Burada ən yüksək səviyyədə hər cür elmi və mədəni tədbirlərin keçirilməsi üçün maksimum şərait yaradılıb. Bundan başqaXəritə və atlaslar bölməsivar və adından da göründüyü kimi bu bölmədə müxtəlif elm sahələrinə aid çoxlu xəritə və atlaslar saxlanılır. Onlardan elələri var ki, təqribən 140 il bundan qabaq nəşr olunub. Eləcə dəQeyri-kitab bölməsi”ndə toplanılan qeyri-kitab nümunələri-fotolar, markalar, kataloqlar, broşürlar, çıxışlar, səs və təsvir kasetləri, CD-lər, floppilər, slaydlar müxtəlif görüntüləri, adət və ənənələri, tarixi hadisə və məqamları özündə ehtiva edir. Kompyuter mərkəzi və şəbəkənin idarə olunması bölməsində kompyuter şəbəkəsi, İSP, giriş, elektronik məlumatlar, eləcə də avtomatik sistemlərin idarə olunması, qorunması və ona nəzarət həyata keçirilir.

- Kitabxanada kitabların bərpası, qorunması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Kitabxananın “Səhifələnmə bölməsi”ndə korlanmış kitabların, dövri nəşrlərin, dissertasiyaların, hesabatların cildlənməsi və tikilməsi və onların aidiyyəti üzrə bölmələrə göndərilməsi işi ilə məşğul olurlar. Laboratoriya isə əlyazma və digər kitab və çap nümunələrində əmələ gələn qüsurlar, fiziki və kimyəvi aşınmalar, göbələk xəstəlikləri və s. araşdırılması, müvafiq tədbirlərin görülməsi işinə baxır. Bunun üçün laboratoriyada hər cür müasir texniki təchizat və təminat yaradılıb. Hətta kitabxanada “Görmə qüsuru olan istifadəçilər üçün bölməvar ki, burada görmə qüsuru olan insanlar üçün hər cür şərait təmin edilib. Onlaraəyyən kursların keçilməsi, uyğun informasiya-kommunikasiya sistemləri və aid proqramlarla təminat, bril çapxanası və nəşriyyatı gözdən qüsuru olan insanlara xidmət üçün nəzərdə tutulub. Skayner və surətçıxarma bölməsində əlyazmanın və ya qədim dövri mətbuat nümunəsinin əsas nüsxəsini qorumaqla onun skan edilməsi, surətlərinin çıxarılması və müasir texnologiyaların köməyi ilə onların elektron versiyalarının hazırlanması və müvafiq xidmətlərin göstərilməsi həyata keçirilir. Kitabların bərpası və təmiri bölməsində əlyazma və kitabın sıradan çıxmış hissələri bərpa və təmir edilir. Onu da qeyd edim ki, kitabxanadaKitab evivar ki, hər həftə ölkənin müxtəlif nəşriyyatlarından təqribən 500-600 kitab M.Naxçıvani adına Təbriz Milli Kitabxanasına daxil olur. Həmin kitablar məhz bu bölmədə saxlanılır və buradan istifadəçilərin xidmətinə təqdim olunur. Elektronik kitabxanada təkcə M.Naxıvani adına Təbriz Milli Kitabxanası deyil, ümumiyyətlə, Şərqi Azərbaycan vilayətinin bütün kitabxanalarındakı əlyazma, kitab və digər yazılı mənbələrin elektron versiyasının işlənilməsi və xidmətlərin elektron şəkildə həyata keçirilməsi layihəsi həyata keçirilir. Artıq layihənin birinci fazası icra olunub və bu sahədə işlər davam etdirilməkdədir. Son olaraq onu qeyd etmək yerinə düşər ki, M.Naxçıvani adına Təbriz Milli Kitabxanası azərbaycanşünaslığa dair ən zəngin materialların qorunub saxlandığı müqəddəs bir məkandır. Müstəqillik işığında bu məkanın ziyarəti və orada samballı araşdırmaların aparılması günün tələbi və tədqiqatçılarımızın qarşısında duran mühüm vəzifələrdən biridir.

Nigar Abdullayeva

Palitra.-2014.-5 fevral.S.11.