İsfar Sarabski Kannda keçirilən MİDEM festivalında iştirak edib

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, Əməkdar Artist İsfar Sarabski Kannda keçirilən MİDEM Beynəlxalq festivalında iştirak edib.

Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Bariereotelinin “Diane” salonunda təşkil olunub.

İsfar Sarabski konsertdə P.Çaykovskinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa edib. Onun hər çıxışı caz həvəskarları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Konsertdə Kann bələdiyyəsinin rəsmləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tamaşaçı Jilber Konstan konsertdən sonra təəssüratını bölüşərək deyib ki, Kann sakinləri Azərbaycan sözünə rast gələndə onu xəritədə axtarmağa ehtiyac duymurlar. Ötən il iyulun əvvəlində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda bir həftə davam etmişAzərbaycan Günləriçərçivəsində təşkil olunan sərgilər və zəngin musiqinizi tərənnüm edən konsertlər sayəsində şəhərin sakinləri ölkənizlə yaxından tanış olublar. Möhtəşəm tədbirlər, xüsusilə iyulun 4-də ölkənizin şərəfinə təşkil edilən atəşfəşanlıq onların yaddaşında əbədi iz buraxıb. Həmin gün tədbirin sonunda səsləndirilənAzərbaycanmahnısı hamını heyrətə salıb. Məhz bu səbəbdən kanlılar Azərbaycanı artıq yaxşı tanıyırlar.

Jilber Konstan deyib: “Azərbaycan musiqisinə vurğunluq məni yenidən istedadlı gənc cazmen İsfar Sarabskinin konsertinə gətirib çıxarıb. Onun klassik musiqinizi müasir cazla imrpovizə edib özünəməxsus tərzdə məharətlə ifası tamaşaçıları sözün əsl mənasında valeh edib. Onların İsfar Sarabskini dəfələrlə səhnəyə çıxmağa məcbur etmələri fikrimi bir daha təsdiqləyir.

Gənc cazmenin konserti ölkənizdə musiqi və digər sahələrdə çoxlu sayda istedadlı gənclərin yetişməsindən və musiqi zənginliyinizdən xəbər verir. Bir daha əmin oldum ki, Azərbaycan təkcə yeraltı və yerüstü sərvətlərə deyil, həm də zəngin mədəniyyətə malik bir ölkədir. Belə bir ölkədə yaşamağın özü elə xoşbəxtlikdir”.

Konsert zamanı tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap olunmuş klassik, muğam, caz və pop musiqi janrlarından bəhs edən kitablar və broşürlər, habelə gənc cazmenin diskləri təqdim olunub.

İsfar Sarabski çıxışından sonra yerli və xarici jurnalistlərə müsahibə verib.

Festivalın proqramında möhtəşəm tədbirdə iştirak edən tanınmış musiqiçilərlə yanaşı, azərbaycanlı cazmen barədə də ətraflı məlumat və onun fotosu yer alıb.

Fransanın www.rivierajazzmag.com internet resursunda MİDEM Beynəlxalq musiqi festivalı haqqında yerləşdirilmiş yazıda Braziliyanın, Koreya Respublikasının, Azərbaycanın, Malayziyanın, Avstraliyanın və digər ölkələrin tanınmış cazmenlərinin konsert proqramı ilə çıxışı barədə məlumat əksini tapıb.

Palitra.-2014.-4 fevral.-S.13.