“Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda”
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və özbək dillərində “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” adlı albom çap edib.
Albom “Odlar yurdu - Azərbaycan” adlı bölmə ilə açılır. Bu bölmədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında oxuculara qısa məlumat verilir, tarixi şəxsiyyətlərimiz haqqında söhbət açılır, “Kitabi-Dədə Qorqud“, “Oğuznamə”, “Koroğlu” epik abidələri haqqında danışılır.
Nəşrdə Azərbaycanın neft strategiyası, dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimiz, öz dədə-baba yurdlarından qovulmuş məcburi köçkünlər haqqında da məlumat verilir.
Albomun “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” bölməsində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin fəaliyyətindən geniş söhbət açılır.
Nəşrdə yer alan “Azərbaycan mədəniyyəti” bölməsində mədəniyyətimizin bütün sahələri haqqında məlumat verilir.
Albomdakı “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi” bölməsində mərkəzin açılışı, fəaliyyəti, orada olan dərnəklər və rəsm, rəqs, kompyuter, əl işləri kursları, kitabxana haqqında da məlumat almaq olar.
Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi haqqında materiallar da nəşrdə yer alıb.
Nəşr
“İki qardaş
ölkə - Azərbaycan və Özbəkistan” bölməsi ilə başa
çatır.
Palitra.-2014.-4 fevral.-S.13.