“Türkiyədə tibb sahəsində təhsil alan ən çox azərbaycanlı
İzmirdədir”
Cavid Əliyev: “Xocalı
soyqırımı ilə əlaqədar İzmirin mərkəzindəki Konak Meydanında mitinq, soyqırımı əks etdirən rəsm sərgisi və iki konfrans keçirməyi
planlaşdırırıq”
Diasporumuzun fəaliyyətinin
işıqlandırılması ilə
bağlı qəzetimizin həyata
keçirdiyi layihənin növbəti
qonağı İzmir Azəbaycan Mədəniyyət
Evi və
Yardımlaşma Cəmiyyətinin
sədr
müavini Cavid Əliyevdir:
- Türkiyəyə təhsil məqsədi ilə gəldim. Öncə
Egey Universitetində
Beynəlxalq
Münasibətlər ixtisasını
bitirdim. Sonra
Doquz Eylül Universitetində magistr və doktorantura təhsilinə davam etdim. Təhsilimlə əlaqədar
olaraq Türkiyədə qalmalı oldum.
Bizlər-Türkiyəyə ilk gələn tələbələr Azərbaycanımızın
ən
sıxıntılı zamanlarında gəlmişdik.
Gəldiyimiz
ilk günlərdən
qarşımızda iki mühüm vəzifənin olduğunu
bilirdik. İlk öncə dərslərimizi yaxşı
oxuyacaq, sonra da əlimizdən gəldiyi qədər Azərbaycanın
tanıdılması, haqq səsinin
dünyaya çatdırılması üçün hər şeyi etməliydik. Bunun
üçün də həm tələbələr olaraq, həm də təhsil aldığımız şəhərlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə çox sayda tədbirlər: mitinqlər, müxtəlif yardım kampaniyaları,
panel və konfranslar həyata keçirdik.
- Siz
2003-cü ildən etibarən İzmirdə fəaliyyət göstərən Azəbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyyətinin sədr müavinisiniz. Cəmiyyətin fəaliyyəti və bu istiqamətdə həyata
keçirdiyiniz tədbirlərlə bağlı məlumat verərdiniz.
- Bəli, hazırda sədr müavini olduğum cəmiyyət 2003-cü ildə quruldu. Ancaq
daha əvvəl də qeyd etdiyim kimi
diaspor fəaliyyəti ilə tələbə olaraq gəldiyim ilk gündən məşğulam.
Uzun müddət İzmirdə təhsil alan azərbaycanlı tələbələrin nümayəndəsi kimi bir çox tədbiri tələbələr olaraq, daha sonra qurmuş olduğumuz Vətən Gənclər Cəmiyyəti olaraq, bəzi zamanlarda da digər Azərbaycan Cəmiyyətləri ilə birgə təşkil edirdik. 2003-cü ildən
etibarən də Azəbaycan Mədəniyyət
Evi və
Yardımlaşma Cəmiyyəti ilə birgə tədbirlər
keçiririk. 2003-cü ildə İzmirdə fəaliyyət
göstərən, mərkəzi Ankarada olan iki cəmiyyət bağlandıqdan
sonra İzmir kimi Türkiyənin
üçüncü böyük şəhərində Azərbaycanı
tanıdacaq, haqq səsimizi
geniş kütlələrə çatdıracaq bir cəmiyyətin
qurulmasının vacibliyi ortaya çıxdı. O vaxt həm də Türkiyədə Azərbaycanyönümlü cəmiyyətlərin bir federasiya altında birləşdirilməsi də gündəmdə idi. Bu
xüsuslar diqqətə alınaraq cəmiyyətimiz quruldu. Qurulduğu gündən
də cəmiyyətimizin sədri Turqut Arat bəydir.
Cəmiyyətimiz qurulduğu gündən bu günə qədər heç bir günü
buraxmadan Azərbaycanla əlaqədar bütün önəmli günləri hər il qeyd
edir. Səfirliyimizin,
baş konsulluğumuzun və
təhsil
müşavirliyimizin İzmirlə
əlaqədar fəaliyyətlərinin həyata
keçirilməsində və Azərbaycandan
İzmirə gələn rəsmilərin İzmirdəki görüşlərinin yüksək səviyyədə keçməsinin
təşkilinə kömək edirik. Diasporla İş üzrə
Dövlət Komitəsinin Türkiyədə ilk geniş çaplı tədbirinin təşkilində cəmiyyətimizin
də böyük əməyi olub. Bu tədbirdə tək Türkiyədən deyil, bir çox
ölkədən diaspor nümayəndələri
də iştirak
etmişdi.
İzmirin rəsmiləri, orada fəaliyyət göstərən digər qeyri-hökümət təşkilatları, həmkarlar ittifaqları ilə yaxın əlaqələr qurularaq onlara Azərbaycan gerçəkləri anlatılır və təşkil etdiyimiz tədbirlərə dəvət edilir. Buna görə də cəmiyyət olaraq təşkil etdiyimiz tədbirlərdə hər
zaman sıxlıq olur.
Azərbaycandan gələn və burada yaşayan Azərbaycan əsilli vətəndaşların problemlərinin həllinə kömək edirik. İzmirdə fəaliyyət göstərən mətbuat və televiziya kanalları ilə yaxın əlaqələr qurulur və nəticədə Azərbaycanın önəmli günlərinin
işıqlandırılmasına nail oluruq. Bizim
cəmiyyəti tək Türkiyədə deyil, mən
deyərdim ki,
dünyada fəaliyyət göstərən digər
cəmiyyətlərdən
fərqləndirən bir xüsusiyyəti də, cəmiyyətimiz qurulduğu ilk
gündən təhsil
üçün Azərbaycandan
gələn tələbələrlə yaxın münasibətidir. Yeni gələn tələbələrlə cəmiyyətimizdə tanışlıq
günləri təşkil olunur, əgər varsa, problemlərinin həllinə köməklik göstərilir və Azəbaycanla əlaqədar bütün tədbirlər tələbələr və cəmiyyətlə birlikdə təşkil edilir. Bunun
nəticəsində tələbələrimiz cəmiyyət sayəsində buradakı Azərbaycan əsilli insanlarla
tanışma imkanı əldə edir. Cəmiyyətimizdə həftə
sonu konfrans-diskussiyalar təşkil
edirik. Bu konfrans-diskussiyalarda Azərbaycanla əlaqədar mövzular
olduğu qədər, türk
dünyası və
türk dünyasına əmək vermiş
insanların yad edilməsi
də yer alır.
Misal üçün deyə bilərik ki, ən son Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Turan Yazqanı
ölüm il dönümü ilə bağlı yad etdik.
- Siz eyni zamanda İzmirdə təhsil alan
azərbaycanlı tələbələrin rəsmi nümayəndəsisiniz. Tələbələrin bir araya gəlməsi, ümumiyyətlə bu sahədə görülən işlərlə bağlı nə deyərdiniz?
- Bəli, uzun müddətdir ki, Azərbaycandan gəlib İzmirdə təhsil görən tələbələrin nümayəndəsiyəm. İstanbul və Ankaradan sonra azərbaycanlı tələbələrin ən çox təhsil
aldığı yer İzmirdir. İzmirdə 4-ü dövlət olmaqla 9 universitet var.
İzmirin bir özəlliyi də odur ki, tibb sahəsində rezidentura təhsili alan ən çox azərbaycanlı həkim İzmirdə yetişməkdədir. Tələbələrimiz İzmirə gəldikdən
etibarən onlarla
maraqlanırıq. Yataqxana, təqaüd, universitet və polis idarəsində qeydiyyat işlərinə kömək edirik. Tələbələrin
bir-birini yaxından tanımaları üçün müxtəlif tədbirlər təşkil edirik. Eyni zamanda daha əvvəl də
vurğuladığım kimi, cəmiyyətlə birlikdə
Azərbaycanla əlaqədar tədbirləri təşkil edirik. Başqa təşkilatların
xaricdən gələn tələbələrlə əlaqədar
təşkil etdikləri tədbirlərdə, gəzintilərdə azərbaycanlı
tələbələrin
iştirakını təmin
edirik.
- Cəmiyyətiniz Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının
üzvü kimi orada ölkəmizin təbliği, reallıqların
çatdırılmasında hansı tədbirlər həyata keçirir?
- Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurulması fikri 2004-cü ildə Adana Vilayətinin Ceyhan rayonunda ortaya
çıxdı və ilk quruluş imzaları o zaman atıldı. Belə bir federasiyanın
qurulmasını çox istəyənlərdən
və bu yöndə
çalışanlardan biri olmuşam. Çünki
güç birlikdən
doğar. Düşünürdük ki,
federasiya olarsa, həm
dağınıq halda olan Azərbaycan
cəmiyyətləri birləşər, həm də federasiya sayəsində cəmiyyətlərimizin
olmadığı yerlərdə də yeni cəmiyyətlər qurular. Təəssüf ki,
2006-cı ilə qədər müxtəlif
səbəblərdən
federasiya qurula bilmədi.
Nəhayət, 2006-cı ildə İzmit şəhərində federasiya quruldu. Mərkəzi Ankara şəhərində
idi. Həm
quruluş mərhələsi, həm
də qurulduqdan
sonrakı illərdə bir çox probemlərlə qarşılaşdıq. Daha sonra federasiyanın mərkəzi İzmitə
köçürüldü və
hazırda orda yerləşməkdədir. Federasiya
qurulduqdan sonra arzumuz federasiyanın bütün Türkiyəni əhatə etməsi, Azərbaycanyönümlü
cəmiyyətlərin olmadığı hər yerdə cəmiyyətlərin qurulması,
mövcud azərbaycanlı
cəmiyyətlərin hamısını özündə birləşdirməsi, fəaliyyətləri ilə
Türkiyədə səs gətirəcək gücə
sahib olan və
qurumsallaşan bir federasiya olması idi. Bu
saydıqlarım baxımından bəzi
fəaliyyətlərimiz oldu. Ancaq təəssüf ki,
hazırda bu arzuladıqlarımızın bir çoxu
müxtəlif səbəblərdən həyata keçmədi. Onu da qeyd edim ki, bu gün Türkiyədə
3 Azərbaycan Cəmiyyəti Federasiyası fəaliyyət göstərir. Bu federasiyaların bir-birləri
ilə əlaqəsi yoxdur. Bu şəkildə gücümüz
bölünmüş olur. Bizim diasporumuzun
ən güclü
olması gərəkən ölkələrdən birisi də
məhz Türkiyə olmalıdır.
- Siz Dünya Azərbaycanlıları
qurultaylarının iştirakçısı olmusunuz. Ötən
qurultayların diasporumuzun fəaliyyətinin genişlənməsindəki
rolunu necə qiymətləndirirsiniz?
- Bəli, son iki qurultayın
nümayəndəsi olmuşam. İlk qurultay bildiyiniz kimi
ümummilli liderimiz Heydər
Əliyevin zamanında təşkil
olunmuşdu. Heydər
Əliyev birinci qurultayda diaspor sahəsində
fəaliyyət göstərən təşkilatlara
yol xəritəsini göstərib, tövsiyələrini vermişdi. İşlərin
daha da sistematik irəliləməsi üçün Diasporla
İş Üzrə
Dövlət Komitəsi yaradılıb və komitəyə geniş imkanlar yaradılıb.
Qurultaylar, diaspor təşkilatları üçün dönüb geriyə baxmaq üçün bir
fürsətdir. Hər bir
diaspor təşkilatı,
“keçən
müddətdə nə iş gördük” deyə özünə baxmalı,
hesabatını verə
bilməlidir. Qurultaylar həm
də
dünyanın müxtəlif
ölkələrində fəaliyyət
göstərən təşkilatlar
üçün bir-birləri
ilə
tanışmaq üçün vasitədir.
Bu çox önəmlidir.
Çünkü eyni məqsəd üçün fəaliyyət göstərən təşkilatlar
bir-birlərini
yaxından tanımalı, birlikdə
hərəkət etməlidirlər. Bu baxımdan qurultayların və
ya daha kiçik formatlı tədbirlərin tez-tez təşkil
olunmasında fayda var. Qurultaylar həm
də həvəsləndirmə mahiyyətində olmalı, bu yolla Azərbaycan üçün
çalışan insanları dəvət edərək bu şəkildə təşəkkür
etmə imkanı
yaradılmış olar. Burada vurğulamaq
istədiyim bir
neçə
xüsus var. Müxtəlif
ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar müstəqil təşkilatlar
olmalıdır. Hər
hansı bir ölkə
onun tərkibində, onun qanunlarına
görə
qurulmuş olan, fəaliyyət göstərən, ancaq başqa bir dövlətə bağlı çalışan
bir təşkilata
qarşı yaxşı münasibət
bəsləməz. Çox
rastlaşmasaq da, bəzi
təşkilat
nümayəndələrimiz bəzən təcrübəsizlikdən “bu təşkilat bizə əmanətdir
və ya bu şəkildə olmasını istəyirlər” kimi ifadələr işlədirlər. Bu, məncə, yolverilməz bir haldır.
Diaspor təşkilatları
yerləşdiyi
ölkə idarəçiliyi nəzərində
tamamən müstəqil təşkilatlar
olmalıdır.
Bu qurultaylara həmişə eyni insanlar deyil, Azərbaycan əsilli olub, Azərbaycana getmə imkanı olmayan və ya Azərbaycana faydası olan insanların da dəvət olunması yaxşı
olardı.
- Ötən il
Xocalı faciəsi ilə bağlı Türkiyədə bir sıra tədbir keçirildi. Bu il bu istiqamətdə tədbirlərin təşkili nəzərdə tutulurmu?
- Cəmiyyət olaraq ən çox diqqət etdiyimiz fəaliyyət sahələrindən biri Xocalı
soyqırımını geniş kütlələrə çatdırmaqdır. Bunun üçün mitinqlər,
press-konfranslar, panellər,
konfranslar təşkil
edirik. Mərkəzi yerlərdə Türkiyəyə xas olan “lokma
dökdürürük” (bizdəki
ehsan paylama kimi) və
bu zaman insanlara Xocalı soyqrımını anlatan
broşürlər
paylayırıq. Panel və konfransları iki şəkildə, həm xalqa açıq,
həm də universitetlərdə təşkil
edirik. Keçən
ilki panelimizi yenə
cəmiyyət, tələbələr və Dünya
Azerbaycanlıları Konqresi ilə
birlikdə təşkil etdik və panelimizdə millət vəkili Qənirə Paşayeva da
iştirak etdi. Bu tədbirlərdə çalışırıq ki, xaricdən gəlib İzmirdə təhsil alan əcnəbi tələbələr də iştirak etsinlər və onlar da bu soyqırımdan xəbərdar olsunlar. Bu il də Xocalı
soyqırımı ilə əlaqədar olaraq bir neçə tədbir- İzmirin mərkəzində Konak Meydanında mitinq və mətbuat açıqlaması,
lokma dökümü, soyqırımı əks etdirən rəsm sərgisi və broşür paylanması və iki konfrans
planlaşdırırıq.
- Ümumiyyətlə, qarşıdakı
planlarınız nədir?
- Gələcək planlarımızda qeyd
etdiyim kimi, Azərbaycanın qeyd edilməsi lazım olan günlərinin hamısını
ardıcıllıqla qeyd edilməsi yer alır. Azərbaycandan gəlib İzmirdə yaşayan azərbaycanlı və Azərbaycan əsilli qadınlardan
ibarət Azərbaycanlı Aydın
Qadınlar Qrupu qurulmuşdu. Sədri Cahitə Ocak, qurucularından biri də Nigar Börek
xanımdır. Onların bir layihələri var. Azərbaycanlı
yazıcı və
şairlərin əsərlərini
türkçəyə tərcümə
etmək və əsər
sahiblərinin
Türkiyədə imza günlərini təşkil etmək. O layihəyə cəmiyyət olaraq dəstək verəcəyik. Həyata keçirməyi çox istədiyimiz layihələrdən biri də ilk gündən İzmirdə Azərbaycan adına
fəaliyyət göstərən insanlar var. Onlar Azərbaycanı çox görmək istəyirlər. Bəzilərinin öz vəsaitləri hesabına getmə imkanları yoxdur, bəziləri də qrup olaraq getmək istəyirlər. Bu layihəyə dəstək
tapa bilsək həyata keçirmək istəyirik.
- Sonda demək istədiyiniz hansısa fikirləriniz varmı?
- Öncəliklə mənə bu imkanı
sağladığınız üçün sizlərə, qəzetinizə çox təşəkkür edirəm. Diaspor təşkilatları
olaraq daha çox fəaliyyət göstərməmiz, birlik-bərabərlik içində olmamız
lazımdır. Sayımız çox olsun deyə deyil, həqiqi mənada iş görən, geniş kütlələrə xitab edə bilən, heç bir
qarşılıq gözləmədən, təmənnasız Azərbaycanımız
üçün fəaliyyət göstərən diaspor təşkilatlarımızın sayının artması
lazımdır. Yoxsa diaspordan lobbi mərhələsinə keçməmiz bir az
çətin olacaq.
Nigar Abdullayeva
Palitra.-2014.-6 fevral.-S.5.