Beynəlxalq mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi edən mərkəz
“Mən indiyədək heç yerdə Bakıdakı Heydər Əliyev Mərkəzinə bənzər memarlıq nümunəsi görməmişəm”
Layihə çərçivəsindəki yazımız Heydər Əliyev Mərkəzində keçirilən mədəniyyət tədbirləri ilə bağlıdır. Bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti keçirilib. Orkestrin bədii rəhbəri İşın Mətinin dirijorluğu ilə keçən konsert proqramında tanınmış skripkaçı, Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyev solist olaraq çıxış edib. Tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Camal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçən iki hissəli möhtəşəm klassik gecədə Ülvi Camal Erkinin məşhur “Keçekçe” əsəri, eləcə də Feliks Mendelsonun skripka və orkestri üçün konserti, Sergey Raxmaninovun “İkinci simfoniyası” səslənib. Qeyd edək ki, Bilkənt Simfonik Orkestri 1993-cü ildə Bilkənt Universitetinin tərkibində yaradılıb. Türkiyə və daha 12 ölkənin tanınmış musiqiçilərinin çalışdığı orkestr 2009-cu ildə “YUNİSEF Türkiyə”nin xoşməramlı səfiri elan olunub. Kollektiv indiyə qədər İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib. Bilkənt Simfonik Orkestrinin bədii rəhbəri İşın Mətin Heydər Əliyev Mərkəzində olmalarından və burada gur alqışlarla qarşılanan konsert proqramı ilə çıxış etmələrindən qürur duyduqlarını bildirib. Konsertdə skripkaçı, Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyev solist kimi çıxış edib. Həmvətənimiz Toğrul Qəniyev konsert barədə öz təəssüratlarını bölüşərək deyib: “Hazırda Türkiyədə çalışsam da, hər dəfə Azərbaycanda - doğma Vətənimdə çıxış edəndə ikiqat həyəcan keçirirəm. Çünki burada dostlarım, sənətimi sevənlər çoxdur. Bu isə böyük məsuliyyətdir. Kiçik bir səhv nəticəsində insan illərlə qazandıqlarını itirə bilər. Belə hal olmasın deyə biz öz üzərimizdə daim işləyir, gün ərzində ən azı 4-5 saat məşq edirik”. Toğrul Qəniyev vurğulayıb ki, konsertə gözlənildiyindən də çox tamaşaçı, o cümlədən sənətsevərlər, görkəmli mədəniyyət-incəsənət xadimləri gəlib. Əməkdar artist Toğrul Qəniyev konsertin təşkilinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Mərkəzinə dərin təşəkkürünü bildirib. Türkiyədə artıq 24 ildir işlədiyini deyən Toğrul Qəniyev Bilkənt Simfonik Orkestrinin yaranma tarixi haqqında da məlumat verib. Diqqətə çatdırıb ki, bu orkestrin yaradılması ideyası dünya şöhrətli türk alimi İhsan Doğramacıya məxsusdur. Böyük alimin təklifi əsasında atam Sərvər Qəniyev orkestrin təşkilində yaxından iştirak edib. Beynəlxalq səviyyəli bu orkestrdə bir çox ölkələrdən musiqiçilər iştirak edirlər. Dünyanın hər yerindən solistlər, dirijorlar bu orkestrin tərkibində çıxış edirlər.
Heydər Əliyev Mərkəzinin çox gözəl memarlıq nümunəsi olduğunu deyən Toğrul Qəniyev belə bir Mərkəzin təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, ulu öndərin adını daşıyan bu Mərkəz ona layiq bir məkandır: “Mərkəzin binası, onun hər bir detalı insana çox böyük estetik zövq verir. Mən indiyədək heç yerdə Bakıdakı Heydər Əliyev Mərkəzinə bənzər memarlıq nümunəsi görməmişəm”. Həmvətənimiz diqqətə çatdırıb ki, Mərkəzin Auditorim zalı ikiqat akustikaya malikdir. Bəlkə də dünyanın heç yerində belə bir zala rast gəlmək mümkün deyil. Burada səsin auditoriyaya təbii çatdırılması üçün akustika imkanı çox yüksək səviyyədədir. Tamaşaçı zalın istənilən yerindən çıxışı rahatlıqla dinləyə və seyr edə bilər.
O, qeyd edib ki, Heydər Əliyev Mərkəzində konsertin keçirilməsi Bilkənt Simfonik Orkestri üzvlərinin Azərbaycan ilə daha yaxından tanış olmalarına əla fürsət verib. Onlar Dənizkənarı Milli Park, paytaxt Bakının klassik və müasir memarlıq nümunələrinə heyran olub, Heydər Əliyev Mərkəzini sonsuz maraqla seyr ediblər. Bu məkana bir dəfə daxil olan hər kəs yenidən qayıtmaq istəyir. Başlıcası isə odur ki, Heydər Əliyev Mərkəzi xalqın üzünə açıqdır.
Azərbaycanın gündən-günə inkişaf etdiyini, möhtəşəm beynəlxalq mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etdiyini deyən Toğrul Qəniyev nəinki paytaxt Bakıda, eləcə də respublikanın bölgələrində, o cümlədən gözəl Qəbələdə keçirilən beynəlxalq musiqi festivallarını xüsusi qeyd edib, bu tədbirlərə dünyanın nüfuzlu musiqiçilərinin toplaşdıqlarını diqqətə çatdırıb.
Gələcək planlarından danışan Əməkdar artist Toğrul Qəniyev Türkiyədə çalışdığı müddətdə qardaş xalqa xidmət etməkdən məmnunluq duyduğunu bildirib. Eyni zamanda qeyd edib ki, ömrünün bu çağında - 48 yaşında yenidən Azərbaycana qayıdıb Vətənə öz borcunu vermək istəyir: “Mən konsertin təşkilində əməyi olanlara, bütün sənətsevərlərə təşəkkürümü bildirirəm, hər kəsi qucaqlayıb bağrıma basıram”.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın da konserti keçiriləcək. Dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək. Heydər Əliyev Mərkəzində fevralın 21-də təşkil olunacaq musiqi gecəsində müğəninin “Luna”, “Besame Mucho” və s. məşhur mahnıları səslənəcək. Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də İtaliyanın Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb. 1989-cu ildə o, ilk dəfə Mantova şəhərində “Concorso Lirico Internazionale” müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub. Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı “Teatro Bibiena”da, Londondakı “Barbican Hall”da və digərlərində çıxış edib. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb. Alessandro Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə “opera roku” adlandırılan yeni üslub yaradıb. O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən “Insieme a Te” albomunu buraxdırıb. “Luna” sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth edib. Alessandro Safina müğənniliklə yanaşı, filmlərə də çəkilib. Fevralın 12-də isə məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatı laureatı Di Di Bricuoter Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edəcək. Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub. Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində keçib və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib. Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak edib, özünün orkestrini yaradıb. Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatı alıb.
Anar Miriyev
Palitra.-2014.-6 fevral.-S.11.