“UNESCO Azərbaycanı dünyada xalçaçılığın mərkəzlərindən biri kimi tanıyıb”

Rəsminə Qürbətova: “Bu dəyərin digər sənət əsərində əks etdirilməsi və zinət əşyaları vasitəsilə milli irsimizin daha da əbədiləşməsi geniş təbliğat imkanı yaradar”

Ölkəmizdə tarixən mövcud olmuş qədim sənət növlərindən biri də zərgərlikdir. Metalişləmə sənətinin başlıca sahəsi olan, zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşib. Ölkəmiz bu sənət növü ilə məşğul olan sənətkarları, öz zərgərləri ilə məşhur olub. Bunu indiyədək qoruyub saxlanılan və müasir dünya zərgərlərinin heyrətinə səbəb olan son dərəcə gözəl zinət əşyaları da sübut edir. XIX əsrdə Azərbaycanda zərgərlik sənətinin mərkəzi Bakı, Gəncə, Şamaxı, Şuşa, Şəki və Naxçıvan hesab olunurdu. Azərbaycan XX əsrdə - sovet dövründə isə zərgərlik məhsullarının əsas istehsalçısı sayılırdı. Hətta ölkəmiz bu sənəti davam etdirən zərgər nəsli ilə də şöhrət qazanmışdı. Hazırda da bu sənəti davam etdirən sənətkarlar var. Hətta bəzi gənclərimiz də bu sənətə maraq göstərir.

Bu gün söhbət açacağımız Rəsminə Qürbətova bu sənət növünü yaşatmaq, hətta onu daha da inkişaf etdirmək niyyətindədir. Belə ki, o, Azərbaycanın ənənəvi ornamentləri, xüsusilə də milli xalçaların ornamentləri əsasında zərgərlik məmulatlarını hazırlayır. Hətta R.Qürbətova bu sənət nümunələrini nümayiş etdirmək üçün şəhərin mərkəzində bir dükan da fəaliyyətə başladığını deyir.

Onun təqdim etdiyi “Azərbaycan xalçaları” kolleksiyası orijinal dizaynı ilə dünyada tanınan xalça ornamentlərimizi əks etdirir. Müəllif zinət əşyalarının hazırlanmasında “Qoç buynuzu”, “Əfşan”, “Ərciman”, “Çanta”, “Əjdaha”, “Fındığan”, “Heris”, “Kaşı”, “Kilim gülü”, “Kufi”, “Malıbəyli”, “Simurq” və s. kimi xalça növlərinin naxışlarından istifadə edib. Kolleksiyada 150-dən artıq bəzək əşyası var. Onların əksəriyyəti qadınlar üçün nəzərdə tutulub. Həmçinin kişilər üçün qol düymələri də var.

Məqsəd müxtəlif sənət formalarının vəhdətinə nail olmaqdır

R.Qürbətovanın sözlərinə görə, ölkəmizdə xalçaçılığın inkişafı üçün hər cür təbii şərait var. Buraya xalça ustalarının yaradıcı təxəyyülünü və yorulmaz əllərinin zəhmətini də əlavə edəndə ortaya əsrarəngiz sənət əsərləri çıxır. Təsadüfi deyil ki, UNESCO Azərbaycanı dünyada xalçaçılığın mərkəzlərindən biri kimi tanıyıb, milli xalçaçılıq sənətimiz bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınıb: “Xalçalar onları yaradanların həyat təcrübəsini, estetik zövqlərini, duyğularını əks etdirir. Elə buna görə də Azərbaycan xalçaları bu qədər canlı, mənaca dolğun, bədii cəhətdən zəngindir. Bu xüsusiyyətlər xalçalarımızın digər sənət ənənələri ilə əlaqəsini göstərir. Bu kolleksiyanın mahiyyəti də bundadır: müxtəlif sənət formalarının vəhdətinə nail olmaq və xalça naxışlarının yeni ornamental təzahürünü yaratmaq. Hər bir naxışın öz mənası var. Məsələn, xalçalarda çox istifadə edilən qərənfil gülünün simvolik mənası xoşbəxtlik rəmzidir. Xalçalarımızda Simurq quşu təsvirləri çox yayılıb. Mən də bu təsvirlərdən istifadə edirəm. Zinət əşyalarını hazırlayarkən çalışmışam ki, xalçalarımız bütün gözəlliyi ilə burada öz əksini tapsın».

Qeyd edək ki, xalçalarda istifadə olunan zəngin rəng palitrasını canlandıran bu əl işləri xalça naxış və kompozisiyalarının mənasını açaraq onların gözəlliyini zərgərliyə xas olan üslubda ifadə edir. Hər bir nümunə onu tərənnüm edən ornamentin mənasını açan və tarixini izah edən yazı ilə birlikdə təqdim olunur. Məsələn, üzərində Simurq və əjdaha təsviri olan bəzək əşyasının yanında belə bir məlumat yazılıb: «Bu əşya öz adını hazırda Berlində nümayiş olunan «Simurqla əjdahanın döyüşü» adlı məşhur XV əsr Qazax xalçasından alır. Türk xalqlarının sənət ənənəsində Simurq əzəmət, cah-cəlal, əjdaha isə inam və güc rəmzidir. Bəzi yozumlara görə, əjdaha və Simurq müvafiq olaraq od və yel ünsürlərini təmsil edirlər».

“İstəyirəm, bəzək əşyasına baxanlar onun üzərindəki naxışı duya bilsinlər”

“Bəs nə üçün məhz zinət əşyalarını seçdiniz?” sualına cavab olaraq həmsöhbətimiz deyir ki, Azərbaycan xalçaları çox dəyərlidir: “Bu dəyərin digər sənət əsərində əks etdirilməsi və zinət əşyaları vasitəsilə milli irsimizin daha da əbədiləşməsi geniş təbliğat imkanı yaradar. Xalçalarımızdakı ornamentləri çox sevirəm. Əvvəllər geyimlərimin üzərinə xalçalardan kiçik bir naxış əlavə edirdim. Sonra bunu zərgərlik məmulatlarına tətbiq etdim. Bu daha gözəl alınırdı. Çox maraqlı bir paralel var - insanlar həyatlarının ən önəmli anlarını ilmələr vasitəsilə xalçaya köçürürlər. Hətta keçmişdə ailə qurmazdan əvvəl qız gərək özü üçün bir xalça toxuyardı və məncə, toxuyarkən qəlbində olan hisslərini, ümidlərini məhz xalça üzərində əks etdirirdi. Zinət əşyaları da əlamətdar anların rəmzidir. İnsanlar onları bir-birinə sevgi, dostluq hisslərini bildirmək üçün hədiyyə edirlər. Bu kolleksiyanın da mahiyyəti həmin hisslərin sinerjisini yaratmaqdır”. R.Qürbətova naxışları dəqiqliyi ilə əks etdirmək üçün xalçaçılarla əlaqə saxlayır, mütəxəssislər tərəfindən yazılmış kitablardan istifadə etdiyini deyir: «İstəyirəm, bəzək əşyasına baxanlar onun üzərindəki naxışı duya bilsinlər». Mədəniyyətimizin önəmli hissəsini təşkil edən xalçalarımızın üzərindəki naxışların zinət əşyalarına köçürülməsi və onların paytaxtımıza gələn xarici qonaqlara da nümayiş etdirilməsi eyni zamanda mədəni turizmə xidmət edir. Onların birinin təbliği digərinin də tanıdılması deməkdir. R.Qürbətova gələcəkdə bu zinət əşyalarını xarici ölkələrdə də təqdim etmək istəyir: “Mağazaya gələnlər arasında xarici ölkə vətəndaşları da çoxdur. Onlar demək olar ki, bütün naxışların mənasını soruşurlar. Düşünürəm ki, bu yolla eyni zamanda xalçalarımızı, bu zəngin sənətimizi bir daha təbliğ etmiş olarıq”.

Beləliklə, bu gün R.Qürbətovanın təqdim etdiyi əsərlər xalq tətbiqi sənətinin zərgərliklə vəhdətidir. Onun bu məhsulları sərgilədiyi “Resm” zərgərlik brendi 2011-ci ildən mövcuddur. Burada zərif, eksklüziv zərgərlik məmulatları vasitəsilə Azərbaycan xalqının mədəniyyət və tarixi təbliğ edilir. Hər biri nəfis olan məmulatlarla yanaşı, bəzi məmulatlar yeganə nüsxədə hazırlanır. Hədiyyə və bəzək kimi unikallıq və mədəniyyəti qiymətləndirən insanlar üçün bu məhsullar önəmlidir və həmçinin tariximizin bir hissəsini daşımağa imkan verəcək. R.Qürbətovanın əsərlərində tarixlə yanaşı, sevgi, dostluq və digər qiymətli insani hissləri təcəssüm etdirən ornamentlər yer alır. Onu da qeyd edək ki, bu brendin zərgərlik məmulatları öz yüksək keyfiyyəti ilə fərqlənirlər. Qiymət diapazonu məmulatdan və hazırlandığı material - qızıl, gümüş yaxud da keyfiyyətli poladdan asılı olaraq, 60 manatdan 8000 manatadək dəyişir.

Nigar Abdullayev

Palitra.-2014.-7 fevral.-S.11.