“Xaricdə yaşamaq,
təhsil almaq insana ikinci bir kimlik
qazandırır”
Ramin Cəfərov: “Xaricdə oxuyan azərbaycanlı tələbələr “Gənc səfir” missiyasını daşıyırlar”
“Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ramin Cəfərovdur. Ramin Türkiyədə təhsilini uğurla başa vurmaqla yanaşı, burada ictimai, diaspor işlərində də kifayət qədər aktiv olub. Adı birincilər sırasında hallanan bu gəncimiz bu gün də aktivliyini saxlayır və Azərbaycan adına bir sıra vacib işlər görür. Ramin Cəfərovla olan müsahibəni oxuculara təqdim edirik.
- Ramin,
ilk öncə özünüz
haqda məlumat verərdiniz.
- Mən, Cəfərov Ramin Şəmkir şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi Şəmkir şəhər Nizami Gəncəvi adına orta məktəbdə, daha sonra isə Mingəçevir Özəl Türk Liseyində davam etdirmişəm. 2005-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən Egey Universitetinin Xalqla əlaqələr və tanıtım ( PR & Promotion) bölümünə qəbul olmuşam. 2010-cu ildə bakalavr təhsilimi bitirdikdən sonra (dövlət xətti ilə) Dokuz Eylül Universitetinin İşlətmə fakültəsinin Marketinq bölməsində magistratura pilləsinə qəbul olmuşam. 2013-cü ildə məzun olmuşam. ASAIF-in İzmir koordinatoruyam.
-Türkiyədəki
fəaliyyətiniz
barədə
ətraflı
danışardınız. Yəni, təhsil
aldığınız illərdə
ictimai işlərdə
aktiv idinizmi? Tələbələrimizin
fəaliyyəti
qənaətbəxş
idimi?
- Türkiyədə yaşadığım müddətdə daim özümə borc bildiyim bir neçə məsələ var idi ki, bunlardan birincisi təhsilimi uğurla tamamlamaq və bununla yanaşı ictimai işlərdə aktiv olmaq. Çünki təhsilim birbaşa ictimai və sosial sahə ilə bağlı olduğundan bir az da bu işlərə xobbi kimi baxmışam. Məsələn, Egey Universitetində təhsil alarkən tələbə dostlarımla birlikdə türk dünyasından bəhs edən “Türk Otağı” adlı jurnalı təsis edib, çapdan çıxartmışıq. Daha sonra həmin jurnal dünyanın 20-dən çox ölkəsinə göndərilmişdi. Eyni zamanda təhsil aldığım fakültənin “Pratik” klubunun Sosial işlər şöbəsinin başkanı olmuşam.
Ümumiyyətlə, İzmirdə təhsil alan azərbaycanlı tələbələrimiz olaraq diaspor fəaliyyətlərində, dövlət bayramlarımızın, matəm günlərimizin ictimaiyyətə çatdırılmasında daim aktiv şəkildə çalışmışıq. 2012-ci ildə İstanbul şəhərində ASAIF-in təşkil etdiyi 350 minlik “Xocalı” mitinqində aktiv şəkildə iştirak etmişəm. Keçən il Xocalı soyqırımının 21-ci anım ildönümündə isə İzmirin ən böyük meydanlarından olan Cümhuriyyət meydanında 350 nəfərlə flaşmob təşkil etdik. İzmirdə ilk dəfə idi ki, bu şəkildə flaşmob təşkil edilirdi. Bu tədbirimiz onlarca mətbuat orqanlarında (internet saytları, qəzetlər, tv və s.) işıq üzü gördü. Ayrıca, ASAIF təşkilatının dəstəyi ilə həyata keçirdiyimiz “JusticeForKhojaly” kampaniyamız da mətbuatda geniş şəkildə işıqlandırıldı.
Bundan əlavə, bizlər vətənimizi digər sahələrdə də ən yüksək səviyyədə təmsil etməyə çalışırıq. Məsələn, 2012-ci ilin mayında 20 ölkənin iştirakı ilə İzmirdə təşkil edilən Beynəlxalq Yemək Festivalında azərbaycanlı tələbələr olaraq, komanda şəklində qatıldıq və birincilik qazandıq.
Düşünürəm ki, bizlər-xaricdə oxuyan azərbaycanlı tələbələr “Gənc səfir” missiyasını daşıyaraq, təhsilimizlə bərabər vətənimizin uğurlarını aktiv şəkildə ictimaiyyətin diqqətinə çatdırmalıyıq.
- İctimai
işlərdə aktiv
olmağınız bəlli oldu.
Bəs
Türkiyədəki təhsilin
səviyyəsi
sizi qane etdimi?
-Türkiyədə təhsil sistemini xarakterizə edərkən deyə bilərəm ki, ümumi götürdükdə burada yüksək səviyyədə təhsil olduğuna görə, eyni zamanda təhsil sistemi daim yeniliklərə açıq olduğu üçün burada rahatlıqla təhsil almaq mümkündür.
Türkiyədə təhsil sistemi tələbələri araşdırmalar aparmağa daha çox yönləndirir. Burada əzbərçilikdən daha çox praktikaya üstünlük verilir. Fərdi tapşırıqlarla yanaşı, komanda tapşırıqlarına da önəm verilir. Demək olar ki, oxumaq üçün çəkilən əziyyətin qarşılığı tam şəkildə alınır. Universitetlərdə hər fakültənin öz klubu var və hər bir tələbə öz sahəsi üzrə bu klublarda təcrübə qazana bilir. Türkiyədəki universitetlər dünya universitetləri ilə yarışırlar. Daim yüksələn şkala ilə inkişaf edirlər. Misal olaraq, mənim məzun olduğum Egey Universiteti Türkiyədə ilk 10, dünyada ən yaxşı 500 universitet sıralamasında göstərilib. Universitetlərdə müəllimlər dərsləri praktik yollarla tələbələrə öyrədirlər. Bununla yanaşı, dərslərin müəyyən hissəsini müəllimlər tələbələri ilə diskussiyaya ayırırlar. Hər bir tələbə öz fikirlərini rahatlıqla müəllimə söyləyir və bu şəkildə tələbələrlə müəllimlər arasında qarşılıqlı fikir mübadiləsi yaranmış olur. Bunlardan əlavə olaraq, bir məqam da mənim xoşuma gəlir- müəllimlər tələbələri ilə “müəllim-tələbə” kimi yox, bir dost kimi münasibət saxlayırlar. Professorlarımızla dərsdən sonra çay süfrəsində oturub fərqli mövzularda söhbətləşməyimiz buna misal ola bilər. Ümid edirəm ki, yaxın gələcəkdə təhsilimizdə davam edən köklü dəyişikliklər nəticəsində yuxarıda sadaladıqlarımı müşahidə edə biləcəyik.
- İzmirin
də
Qars kimi Azərbaycana,
azərbaycanlılara
çox yaxın bir
şəhər
olduğu deyilir. Bir qədər də
İzmir haqda,
ümumiyyətlə burada
yaşayan həmyerlilərimiz
barədə
danışardınız.
- Əhalisinə görə Türkiyənin 3-cü böyük şəhəri olan İzmir böyük tarixə malik qədim Roma şəhəridir. Burada hələ də Roma imperatorluğunun qalıqlarına rast gəlmək mümkündür. Tarixi Efes şəhəri, xristianların həcc yeri olan Məryəm Ana kilsəsi, tarixdə tikilən ilk xəstəxana (Bergama krallığı zamanı) İzmirdə yerləşir. Eyni zamanda İzmir turistik şəhərdir. Egey dənizinin kənarında yerləşən İzmir turistlərin axınına görə ilk yerlərdə gəlir. (Məşhur Çeşmə turistik bölgəsi İzmir şəhərində yerləşir.) 1985-ci ildən Bakı ilə qardaşlaşan İzmirdə Bakı bulvarı, Heydər Əliyev prospekti, Heydər Əliyev bulvarı, Azərbaycan küçəsi, Bakı balıqçı vətəgəsi və s. var. SOCAR-ın xaricdəki ən böyük investisiyası olan Petkim Holdinq də İzmir şəhərində yerləşir. İzmirdə yaşayan azərbaycanlılara gəldikdə isə burada 30 minə yaxın Azərbaycan əsilli ailə yaşayır. Burada yaşayan azərbaycanlılar daim biz tələbələrə kömək olurlar, onlarla birlikdə tədbirlər təşkil edirik.
- Təhsil
aldığınız sahə üzrə
Azərbaycanda
vəziyyət
nə
yerdədir?
Öz sahəniz üzrə
Vətəndə
işlərinizi davam
etdirmək
fikriniz varmı?
- Mən iki sahə üzrə təhsil almışam. Amma bu iki sahə də bir-biri ilə sıx əlaqəlidir (PR və Marketinq). Marketinq sahəsi digər ölkələrə nisbətən Azərbaycanda hələ də tam şəkildə inkişaf etməyib. Ümid edirəm ki, zamanla bu sahə Azərbaycanda da ən yüksək səviyyəyə yüksələcək. Planım isə təhsil aldığım sahə üzrə lazım olan təcrübəni toplayıb Vətənə dönməkdir. Ayrıca, harada olmağımdan asılı olmayaraq, daim Vətənim üçün çalışmaq, faydalı işlər görmək istəyirəm.
- İlbəil
xaricdə
təhsil
alan gənclərimizin
sayı artır. Dövlətin gənclərə
bu sahədə verdiyi dəstəyi
necə
qiymətləndirərdiniz?
-Xaricdə təhsil alan tələbələrimizin sayının artması gənclərimizin elmə olan marağından irəli gəlir. Ümumiyyətlə, dövlət tərəfindən tələbələrimizin xaricdəki universitetlərə təhsil almağa getməsi daim dəstəklənir. Misal olaraq, ölkələr arasında tətbiq edilən “dövlət xətti”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə” Dövlət Proqramı dövlətimizin gənclərə verdiyi böyük dəstəyin nümunəsidir. Bundan əlavə gənclərimizin yaradıcı fikirlərini həyata keçirmək məqsədi ilə dövlət tərəfindən təsis edilmiş Gənclər Fondu gənclərimizə olan dəstəklərdən biridir. Dövlət dəstəyinin qarşılığı olaraq xaricdə təhsil alan tələbələrimiz də öyrəndikləri bilikləri, təcrübələri Vətənə geri dönərək, cəmiyyətimizin inkişafında istifadə etməlidirlər.
- Xaricdə
təhsilini
başa vurmuş gənc
kimi başqa ölkələrdə
təhsil
almaq istəyən gənclərimizə
hansı məsləhət və
tövsiyələr verərdiniz?
-Xaricdə təhsil almaq əvvəllər çox çətin olsa da, indi bu daha asan olub. Ümumiyyətlə, xaricdə yaşamaq, təhsil almaq insana ikinci bir kimlik qazandırır. Təhsil aldığın ölkənin mədəniyyətindən tarixinə qədər hər şeyi öyrənmiş olursan. Hər bir məsələyə obyektiv baxmaq imkanına malik olursan. Fərqli dilləri mənimsəyirsən. Kimin xaricdə təhsil almaq arzusu varsa, məncə o arzusunun arxasınca getsin. Belə şəxs heç bir şey itirməz.
- Müsahibəyə
və
maraqlı fikirlərinizə
görə təşəkkür
edirik.
- Mən də, başda siz olmaqla bütün kollektivinizə işlərinizdə uğurlar arzulayıram. Çox doğru və təqdirəlayiq bir addım atırsınız və gənclərimizi mətbuata daşıyıb, onların pərdə arxasında qalan müsbət fəaliyyətlərini cəmiyyətə çatdırırsınız.
Tural Tağıyev
Palitra.-2014.-8 fevral.-S.6.