Naxçıvan
Muxtar Respublikası: bir əsrə sığmayan inkişaf
Muxtar respublikanın 90 illiyi tamam olur
Naxçıvan Muxtar Respublikası ölkəmizin uzun illər boyu qəhrəmanlıq, şücaətlik, mərdlik rəmzinə çevrilməklə hər bir azərbaycanlının milli
qüruru, iftixarı olub.
Hər qarış torpağında böyük, qüdrətli Azərbaycan dövlətinin dünənini, bu gününü və gələcəyini yaşadan bu müqəddəs diyar milli vətənpərvərlik ruhumuzun daim yüksək olmasına xidmət etməkdədir.
Naxçıvan Muxtar Respublikası bu günə qədər-yəni 1924-2014-cü illəri əhatə edən 90 illik dövrdə ümumilikdə ölkəmizin tarixi, iqtisadi-siyasi həyatında müstəsna rol oynayıb. Statistik rəqəmlərə diqqət edərkən görürük ki, muxtar
respublika təşkil edildiyi ildə burada şəhər əhalisinin sayı 11 min, kənd əhalisinin sayı 79 min nəfər olmaqla, ümumi əhalinin sayı 90 min nəfər (ilin sonuna) olub.
İqtisadiyyatın inkişaf istiqamətlərinin hələ ilk müəyyənləşdirildiyi ildə sənaye məhsulunun həcmi (faktiki qiymətlərlə) 0,1
milyon manat, xam ipək 2 ton, duz 18,5 min ton təşkil edib. Naxçıvan
Muxtar Respublikasının əhalisinin
əsasən kənd yerlərində
yaşamasını, yəni
fəaliyyətlərinin kənd
təsərrüfatına aid
olduğunu nəzərə alaraq burada göstərilən ildə müvafiq sahə bitkilərinin əkin sahəsi (bütün təsərrüfat kateqoriyaları üzrə) 45 min hektar olub.
Həmin il
üzrə statistik rəqəmlər ət istehsalının (kəsilmiş çəkidə) 0,9 min
ton, süd istehsalının isə 5,2 min ton həcmində olduğunu təqdim etməkdədir.
Hər bir dövlətin iqtisadi siyasətinin əsasında sosial tarazlığın qorunması
dayanır. Bu
baxımdan da muxtar respublikamız təşkil olunduğu ildə bu sahəyə də diqqət ayırıb və yaranmasının ilk ili olmasına
baxmayaraq insan amilinin inkişafına yönəlmiş tədbirlərə 6,2 min nəfərlik şagird potensialı ilə start verib. Bu
ildə muxtar
respublikada bütün ixtisaslardan olan həkimlərin sayı 19 idi.
İllər geridə qaldıqca Naxçıvan Muxtar Respublikasının
ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişafyönümlü
hadisələr irəliyə doğru gedərək burada yeni mərhələnin də başlanmasına əsaslar yaratmaqda idi. Xüsusən
də,
bütünlükdə
ölkə
miqyasında (hətta
keçmiş SSRİ məkanında
inkişaf tempinə
görə) ən məhsuldar dövr kimi
tarixə həkk olunan və milli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin birinci
dövrü ilə
bağlı olan 1970-1980-ci illərin
böyük tərəqqi və yüksəlişini
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf sahələrində
görmək
mümkündür. Elə statistik göstəricilərə diqqət edərkən artıq 1924-cü il
üzrə yuxarıda təqdim edilmiş göstəricilər 1970-1980-ci illərdə müvafiq olaraq belə olub: Əhalinin sayı 205,7
min nəfər-248,5 min nəfər, ondan şəhər əhalisi 51,0 min nəfər-66,0 min nəfər, kənd əhalisi 154,7 min nəfər-182,5 min nəfər təşkil edib. Regionun sənaye əhəmiyyətinin yüksəlməsinə diqqət artırılmaqla sənaye məhsulunun həcmi (faktiki qiymətlərlə) artaraq 5,3
milyon manat-14,8 milyon manat olub. 1970-1980-ci illərdə muxtar respublikada xam ipək 49 ton-104 ton olub, duz isə 62,1 min tona-81,8 min tona
qalxıb.
1970-1980-ci
illərdə statistik rəqəmlər ət istehsalının (kəsilmiş çəkidə) 3,7 min
ton-5,7 min ton, süd istehsalının isə 18,9 min ton-27,2 min ton həcmində olduğunu göstərir. 1924-cü ildə Naxçıvan Muxtar
Respublikasında insan amilinə göstərilən diqqət qeyd olunduğu kimi 6,2 min nəfərlik şagird potensialı ifadə olunurdusa, artıq 1970-ci və 1980-ci illərdə bu rəqəm müvafiq olaraq, 53,1 min nəfər-65,4 min nəfər təşkil etməkdə idi. İqtisadiyyatın
bütün sahələrində özünü
göstərən inkişaf meyilləri sosial sferanın
yüksəlişi
ilə yadda qalaraq
öz müsbət
təsirini
bağışlayıb. Bu fakt kadr
hazırlığı istiqamətində daha aydın şəkildə görünməkdədir. Belə ki, artıq
1970-1980-ci illərdə muxtar respublikada
bütün ixtisaslardan olan həkimlərin sayı artaraq
262-591-ə
çatmışdı.
Ümummilli
lider özünün siyasi fəaliyyətinə aid olan bütün dövrlərdə Naxçıvan Muxtar
Respublikasının hərtərəfli yüksəlişinə bitməz, tükənməz diqqət göstərib, ərazinin
çoxşaxəli iqtisadiyyatının formalaşdırılmasını
təmin edib. Əraziyə və əhalinin tələbatına uyğun istehsal sahələrinin yaradılması, bununla
da iqtisadiyyatın yeni mərhələyə qədəm qoyması məhz 1970-ci və 1980-ci illərin ən mühüm töhfələrindəndir. Hansı ki, bunlar
ötən 90 ilin
inkişaf xronikasında çox zəruri
amil hesab olunur. Bəhs
olunan illərdə kənd əhalisinin
fəaliyyətində böyük stimul
yaranıb, onların fəaliyyətlərində
məhsuldarlıq
artıb. Belə ki, həmin illər üzrə muxtar respublikanın sosial-iqtisadi inkişafının
strukturunda müvafiq olaraq 23,3 min ton-62,1 min ton üzüm, 22,5
min ton-27,0 min ton taxıl, 6,1 min ton-7,2 min ton meyvə və giləmeyvə (birlikdə), 37,0 milyon ədəd-98,5 milyon ədəd mineral su, 65 (onlarda
uşaqların sayı 2531 nəfər)-66 (onlarda uşaqların sayı
2629 nəfər) daimi məktəbəqədər uşaq müəssisələri, 210 ümumtəhsil məktəbləri (dərs ilinin əvvəlinə), 53,1 min nəfər-65,4 min nəfər şagird, 3-4 orta ixtisas təhsil müəssisəsi, 1,1 min nəfər-1,8 min nəfər tələbə, 232-244 kitabxana, 166-229 klub
müəssisəsi, 2-4 muzey və s. yer almaqdadır.
Bütün
bunlardan da görünür ki, Naxçıvan Muxtar
Respublikası Azərbaycanın tərkibində, onun milli dövlətçilik siyasətindən qidalanmaqla, 90 il ərzində bir əsrə sığmayan inkişaf
yolu keçib. Yuxarıda inkişaf istiqamətlərini və
tempini ifadə edən göstəricilər həm də ona görə çox əlamətdardır ki, həmin nailiyyətlər elə
həmin dövrlərdə hakim olan keçmiş SSRİ-nin
zaman-zaman ölkəmizə və onun regionlarına qeyri-doğma
münasibətləri və məhdud qayğısı şəraitində əldə
olunub. Ona görə
də belə mühitdə sadalanan yüksək nailiyyətləri qazana bilmişiksə, bunu yalnız ulu
öndər Heydər Əliyevə borcluyuq. Çünki istinad etdiyimiz rəqəmlərlə
ifadə olunan
uğurlar böyük Heydər
Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 1969-1982-ci qızıl illərin
nailiyyətləri əsasında
mümkün olub.
Müasir
müstəqilliyin 23-cü ilində Naxçıvan Muxtar Respublikası
özünü bütün dünyaya daha möhkəm əsaslarla inkişaf edən, tərəqqinin zirvəsinə yüksələn, iqtisadiyyatın
çoxşaxəli, dayanıqlı, müqavimətli inkişafının təmin edilərək milli iqtisadi potensiala birbaşa
xidmət edən, uğurlu sosial siyasətin təşəkkül tapması ilə daha da möhkəm dayaqlara söykənən, həm də öz ayaqları üzərində dayanmaqla ölkə iqtisadiyyatına dayaq
olmağı bacaran XXI əsrin Naxçıvanı və Muxtar Dövləti kimi təqdim etməkdədir. 1995-ci ildən keçdiyimiz on doqquz ilə yaxın dövrdən üzü bəri, müdrik siyasətdən məharətlə bəhrələnərək qətiyyətli, möhkəm iradəli, sağlam, hər bir sakininin tələbat, maraq və mənafelərini ifadə etməyi bacaran bir iqtisadiyyat quran,
formalaşdıran Naxçıvan Muxtar Respublikası iqtisadi
tarazlığın təşəkkül tapdığı və bununla da hər birimizin sonsuz qürur və iftixarımızla zəngin bir diyara çevrilib. Müasir iqtisadi münasibətlərin, şərait və qanunların
özünə
kök saldığı muxtar respublikada yeni fəaliyyət mexanizmlərinin inkişafı
üçün faydalı mühit yaradılıb. Nəticə isə makroiqtisadi səviyyədə uğur və
nailiyyətlər özünün ən geniş əhatə dairəsini
formalaşdıra bilib.
Artıq
geridə qoyduğumuz 2013-cü ilin makroiqtisadi göstəricilərinə diqqət edərkən görürük ki, həmin ildə muxtar respublikada istehsal
olunmuş ümumi daxili məhsulun həcmi 2 milyard 338 milyon 928 min
manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 5423 manat (6911,8 ABŞ dolları)
olub.
Muxtar Respublikada stimullaşdırıcı iqtisadi siyasətin müəyyən edilməsi imkan verib ki, burada
ayrı-ayrı sahələrin istehsal əhəmiyyəti daha da artırılsın və milli iqtisadi inkişafda
etibarlı dəstəyə çevrilsin. Fikrimizi son illərdə ərazidə
ümumi daxili məhsulun
strukturunda sənayenin
və bu sahədəki məhsulların
istehsal həcminin
öndə
olması da sübut edir. Belə ki, ötən ilin statistik
göstəricilərində sənaye sahəsi
862 milyon 870 min manatla ikinci yerdə
təşəkkül tapıb.
Bu inkişaf digər
sahələrin geriləməsi ilə
deyil, sadəcə olaraq muxtar
respublikada sənayenin
struktur bölmələrinin yüksəlməsinə
möhkəm diqqətin bariz nəticəsidir. Bu bir daha
sübut edir ki, iqtisadiyyat təkcə burada əhalisinə görə çoxluq təşkil edən kənd təsərrüfatına aid olan ərazi məhsullarından ibarət olmayıb, eyni zamanda digər sahələrin də balanslı, əlaqəli, vəhdət halında insanların
iqtisadi maraqlarına xidmət edə biləcək səviyyədə inkişaf etdirilməkdədir. Bu isə
təbii ki, son nəticədə ölkəmizin
milli-iqtisadi potensialının daha da artırılmasına
münbit imkanlar açıb.
Ulu Tanrı bəşəriyyəti yaradarkən həm təbiətə, həm də cəmiyyətə xüsusi gözəllik bəxş edib. Buna görə
də təbiəti, cəmiyyətin qida mənbəyi olsun deyə
yaratdı. Cəmiyyətə isə təbiətdən səmərəli yararlanaraq onu daha da gözəlləşdirsin deyə zəka verdi. Muxtar respublikanın son iyirmi ilə yaxın inkişaf tarixinə diqqət edərkən bunu açıq-aydın şəkildə görə bilirik. Hər
addımda yaşıllıqların salınması, hər qarış ərazidə yeni könül
oxşar müasirtipli obyektlərin
tikilməsi, su və nəqliyyat kəmərlərinin istifadəyə verilməsi, bir sözlə, təbiətlə
cəmiyyətin vəhdətini təsdiq
edən amillərin özünə yer tapması elə qeyd etdiklərimizi birə-bir təsdiq etməkdədir. Ölkəmizin sosial siyasətinin
etibarlılığının göstəricisi olan bu tədbirlər
muxtar respublikanın böyük tikinti meydançasına
çevrilməsi ilə daha da geniş
vüsət
almışdır. Təsadüfi deyildir ki, ötən ilin sosial-iqtisadi inkişaf
xronikasına diqqət edərkən təkcə 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 1 milyard 37 milyon 748 min manat həcmində investisiya qoyulduğu məlum olur. Bütün
bunların da yaratdığı əlverişli
imkanlar nəticəsində muxtar respublikada
2013-cü ildə
592 müxtəlif təyinatlı obyektlər ya tikilib, ya yenidən qurulub, yaxud da əsaslı təmir edilib. Təbii
ki, əldə olunan uğurlar
bunlarla bitmir. Muxtar Respublikanın mövcud
gözəlliyinə əlavə
gözəllik
qatacaq tədbirlər gələcəkdə də davam edəcək. Çünki hazırda da 157 müxtəlif təyinatlı obyektin
inşası və
ya əsaslı təmiri davam etməkdədir. Heç
şübhəsiz
bunların hamısı muxtar respublikada insan amilinin
üstün tutulmasını təsdiq
edir. İnsanların içməli suya olan tələbatının
qarşılanmasına, nəqliyyat
infrastrukturundan faydalı yararlanmasına, təhsil səviyyəsinin yüksəldilməsinə və məşğulluq
potensialının artırılmasına və digər
amillərin
inkişafına yönələn xidmət bu qəbildəndir.
Yaradılmış sağlam və əlverişli iqtisadi mühit nəticəsində təkcə keçən il 349,7
kilometr uzunluğunda içməli su xətti çəkilib, 163,9 kilometr
uzunluğunda avtomobil yolları salınıb, 30-a yaxın məktəb binasının yenidənqurma və ya əsaslı təmir işləri həyata keçirilib, 1 oktyabr
2003-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək olan müddətdə burada 59369 yeni iş yeri
açılıb ki, bunun da 42890-nı daimidir. Qeyd edək ki, təkcə 2013-cü ildə açılan yeni iş
yerlərinin
sayı 2260 olmaqla, daimi iş yerləri 2092 təşkil edib. Həyata keçirilən məqsədyönlü,
düşünülmüş, uzaq gələcək üçün
hesablanmış tədbirlər muxtar
respublikamızın böyük inkişaf mənzərəsini yaradıb.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının ölkəmizin hərtərəfli inkişafındakı
rolunu qiymətləndirmək, təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi, eyni zamanda da siyasi əhəmiyyətini dəyərləndirmək sözün həqiqi mənasında çox
mühüm tarixi addımdır. Bu baxımdan da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixdə Naxçıvan Muxtar
Respublikasının 90 illik yubileyinin keçirilməsini özündə əks etdirən sərəncam imzalaması bu kiçik
əraziyə böyük diqqətin göstərilməsini bir daha təsdiq etdi. Bu bir
daha göstərdi
ki, artıq Azərbaycanda
mükəmməl idarəetmə strategiyasına
söykənən mütərəqqi, müdrik bir siyasət yeridilir və bu siyasət hər qarış
torpağına sahib çıxır, bunu bacarır və mərdliklə
qorunmasına xidmət
etməkdədir.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsi, Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat
şöbəsinin müdiri,
İqtisad üzrə
fəlsəfə
doktoru
Palitra.-2014.-8 fevral.-S.10.