Şükufə Ağamirzəyeva: “Leyli və Məcnun” artıq opera tariximizə həmişəyaşar əsər kimi daxil olub

Layihə çərçivəsində müsahibimiz Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadır:

- Ötən il 140 yaşını qeyd etdiyimiz Azərbaycan milli teatrının qabaqcıl dəstəsi olan Dövlət Akademik Opera və Balet Teatrı milli muğam, vokal və balet sənətimizin təbliği ilə məşğul olan aparıcı sənət ocağıdır. Teatr çox zəngin repertuara malikdir. Hazırda repertuarda milli və klassik dünya bəstəkarlarının 50-yə yaxın opera və balet tamaşası var. Yaradıcı kollektiv vaxtaşırı bir-birindən maraqlı və zəngin tamaşalarla sənətsevərlərin görüşünə gəlir. Mövsümün başlanmasından ötən aylar ərzində teatrda Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, Z.Hacıbəyovun “Aşıq Qərib”, M.MaqomayevinŞah İsmayıl”, F.Əmirovun “Sevil”, L.Vaynşteynin “Çəkməli pişik” vəZoluşka” (uşaqlar üçün), C.VerdininAida”, “Trubadur” vəTraviata”, C.PuççinininBoqema”, J.BizeninKarmen”, S.RaxmaninovunAleko” operalarının tamaşaları səhnəyə qoyulub. Baletsevərlər isə Q.QarayevinYeddi gözəl”, “Don Kixot”, “Leyli və Məcnun”, F.Əmirovun “Min bir gecə”, A.Adanın “Jizel”, P.ÇaykovskininQu gölü”, “Romeo və Cülyetta”, “Şelkunçik”, M.RavelinBolero”, İ.Ştrausun “Düyməcik” və s. balet tamaşaları seyr ediblər. Növbəti aylarda təbii ki, repertuarda olan digər tamaşalar da səhnəyə qoyulacaq. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Opera və Balet Teatrının repertuarına daxil olan ən populyar əsər “Leyli və Məcnun” operasıdır. “Leyli və Məcnun”un müxtəlif solistlərin ifasında ən azı ayda bir dəfə səhnəyə qoyulmasına baxmayaraq, tamaşaçıların bu ölməz əsərə marağı heç bir zaman azalmır. Telefon zəngləri, elektron ünvanımıza gələn məktublarda operasevərlər növbəti tamaşanın nə vaxt və hansı ifalarda baş tutacağı barədə suallar verirlər. Bu bir daha göstərir ki, milli opera sənətimizin ilk nümunəsi olan 106 yaşlı “Leyli və Məcnun”umuz artıq opera tariximizə həmişəyaşar bir əsər kimi daxil olub.

- Teatrda davamlı olaraq premyeralar da keçirilir. Bu tamaşalar sırasında mövsüm ərzində hansı əsərlərə müraciət olunub?

- Ötən aylar ərzində cari repertuara daxil olan əsərlərin nümayişi ilə yanaşı, yaradıcı kollektiv yeni əsərlərə də müraciət edib və teatrda bir necə opera və balet tamaşasının premyerası keçirilib. Mövsümün ilk premyerası italyan bəstəkarı Q.DonisettininSevgi şərbətioperası oldu. Ötən il sentyabrın 21-də baş tutan premyera Ü.Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində tamaşaçılara təqdim edilmişdi. Operanın quruluşunu Ukraynadan dəvət edilmiş istedadlı opera rejissoru Nikola Tretyak həyata keçirmişdi. Yeni ilin ilk ayında - yanvarın 26-da isə C.Puççinininİl-Tabarro” (“Plaş”) operasının möhtəşəm premyerası oldu. Bu tamaşa Azərbaycan Opera və Balet Teatrının almaniyalı teatr mütəxəssisləri - quruluşçu-rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofkla birgə layihəsi idi. Bundan başqa yanvarın 29-da Azərbaycanın Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın 90 illik yubileyi münasibətilə teatrın muğam bölməsi onun xeyli müddətdən bəri göstərilməyənGəlin qayasıoperasını bərpa edərək, bu tamaşa ilə xanım bəstəkarın xatirəsini yad etdilər. Teatrın balet truppası üçün də cari mövsümün ötən ayları çox məhsuldar olub. Keçən ilin mayında britaniyalı xoreoqraf Maksin Brahan xüsusi layihə çərçivəsində Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc QarayevinQobustan kölgələribaletinin quruluşunu həyata keçirmişdi və balet truppamızın ifasında bu tamaşa Qobustanda açıq havada nümayiş olunmuşdu. Həmin tamaşanın teatrda premyerası isə oktyabrın 6-da baş tutdu. Qeyd edim ki, “Qobustan kölgələri”nin ötən il dekabrın 19-da keçirilən tamaşası isə Fərəc Qarayevin 70 illik yubileyinə həsr edilmişdi. Bugünlərdə isə balet ustalarımız ölməz Azərbaycan dirijoru və bəstəkarı NiyazininRastsimfonik muğamı əsasında hazırlanmış muğam baletini tamaşaçılara təqdim etdilər.

- Teatrda həmçinin xarici əsərlərə də yer verilir. Adətən repertuarda hansı ölkələrin əsərlərinə üstünlük verilir?

- Opera və Balet Teatrında milli bəstəkarların əsərləri ilə yanaşı, klassik dünya bəstəkarlarının ən populyar opera və balet tamaşaları da ifa olunur. Bu sırada əlbəttə ki, operanın vətəni sayılan İtaliya bəstəkarlıq məktəbi nümunələrinə daha geniş yer verilir. Hazırda teatrın repertuarında Cüzeppe Verdinin 4 (“Aida”, “Traviata”, “Trubadur”, “Riqoletto”), Cakomo Puççininin isə 5 (“Toska, “Boqema”, “Madam Batteflyay”, “Canni Skikki”, “İl Tabarro”) əsəri var. Eyni zamanda Q.Donisetti, C.Rossini, R.Leonkovallo kimi italyan bəstəkarların əsərləri də yer alıb. Bundan başqa repertuarımıza rus bəstəkarları P.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç, fransız bəstəkarları J.Bize, A.Adan, M.Ravel, avstriyalı V.A.Motsart və İ.Ştraus, polşalı F.Şopen və b. yaradıcılığına məxsus bir sıra dəyərli əsərlər daxildir.

- Opera və Balet Teatrı ilə bir sıra ölkələrin müvafiq teatrları arasında müqaviləyə əsasən mübadilə nəzərdə tutulur. Mövsüm başlayandan bu istiqamətdə hansı tədbirlər həyata keçirilib?

- Teatrımızın bir sıra ölkələrin qabaqcıl teatrları ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bu sırada Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Mariinski adına teatrı, Ukrayna Milli Operası, Belorus Böyük Akademik Milli Opera və Balet Teatrı, Gürcüstan Opera və Balet Teatrının adını çəkmək olar. Ukrayna və Belorus Teatrları ilə əlaqələr daha intensiv xarakter daşıyır. Mövsümün əvvəlindən bəri teatr rəhbərliyinin dəvəti ilə Ukraynanın məşhur vokal ulduzları Viktoriya Çenskaya, Olqa Naqornaya, Mixail Kirişev, balet ustalarından Tatyana Lyozova və Andrey Qura Bakıda çıxış etmişlər. Qeyd etdiyim kimi, ukraynalı rejissor N.Tretyak isə səhnəmizdəSevgi şərbətioperasının quruluşunu həyata keçirmişdir. Həmçinin Belorus Teatrının solistləri - vokalçılar Vladimir Qromov, Vladimir Petrov, balet ulduzları Olqa Qayko, Lyüdmila Kudryavtseva, İqor Onoşko və İqor Artamonovun çıxışları çox böyük uğurla baş tutmuşdur. Teatrımızın solisti Azərbaycanın Xalq artisti Əli Əsgərov isə ötən ilin dekabrında Belorus teatrında keçirilən Milad festivalına dəvət almış və orada müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycanın Xalq artisti, quruluşçu baletmeyster Mədinə Əliyeva və gənc dirijor Əyyub Quliyev də hazırda F.Əmirovun “Min bir gecəbaletinin quruluşu ilə əlaqədar Minskdədirlər.

- Mövsümdə hansı qastrol səfərləri təşkil olunub və qarşıda yeni belə səfərlər varmı?

- Teatrın qastrol səfərləri bir qayda olaraq yay aylarında baş tutur. 2013-cü ilin avqustunda simfonik orkestrimiz Almaniyada keçirilən Qut-İmmlinq (Bavariya) opera sənəti festivalına dəvət almış və festivalın Böyük Final konsertində çox böyük uğurla çıxış etmişdi. Bu yaxınlarda həmin festivalın təşkilat komitəsindən daxil olan dəvət məktubunda orkestrimiz 2014-cü ildə keçiriləcək növbəti festivalda iştirak etməyə dəvət olunur. Sentyabr ayında solistlərimizin bir qrupu - Xalq artisti Azər Zeynalov, Əməkdar artist İnarə Babayeva, gənc solistlər Fərid Əliyev, Tural Ağasıyev və b. “Arşın mal alanoperettasının YUNESKO xətti ilə Fransada keçirilən 100 illik yubiley tədbirlərində iştirak etmişdilər. Yəqin ki, bir müddət sonra ənənə üzrə hər il Türkiyədə keçirilən TÜRKSOY opera festivalına dəvət alacaq və iştirak edəcəyik. Teatrımızın solisti Xalq artisti Əvəz Abdullayev hazırda Almaniya, Çexiya, Slovakiya və Avropanın bir sıra digər ölkələrin qabaqcıl teatrlarında uzun müddətli qastrol səfərindədir.

- Ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Opera və Balet Teatrının simfonik orkestrinin musiqiçiləri üçün aparıcı Avropa firmalarının istehsalı olan yeni simli musiqi alətləri alınıb. Ümumiyyətlə, teatr yeni musiqi alətləri ilə təmin oluna bilirmi?

- Hazırda Teatrın simfonik orkestri yeni musiqi alətləri ilə tam şəkildə komplektləşdirilib. 2011-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən orkestrimizin musiqiçiləri üçün xeyli sayda simli (skripka, alt, violonçel) və nəfəs alətləri (qoboy, fleyta, klarnet və s.) alınmışdı. Ötən il isə teatrın müraciəti əsasında Nazirlik orkestri yeni elektropianino ilə təmin etdi.

- Teatrda adətən azərbaycanlı bəstəkarların əsərləri kimi adətən Ü. Hacıbəyov, Q. Qarayev, F.Əmirov və digər böyük sənətkarların əsərlərinə müraciət olunur. Ümumiyyətlə, teatra yeni bəstəkarların əsərləri təqdim olunurmu?

- Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələridir və onların əsərləri hər zaman bizim səhnəmizdə olmalıdır. Opera və Balet Teatrının repertuarında Azərbaycanın digər bəstəkarları Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə və b. əsərlərinə də yer verilib. Ümumiyyətlə isə, opera və balet çox çətin janrlardır və bu janrlarda dəyərli əsərlər hər zaman yaranmır. 2012-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova “Sayalı” baletini teatra təqdim etmişdi. Bədii Şura və balet mütəxəssisləri əsəri dinləyəndən və bəzi düzəlişlərdən sonra baletin quruluşu üzərində başladı və tamaşa albaniyalı xoreoqraf Pulumb Aqalliyayın quruluşunda səhnəyə qoyuldu.

- Hazırda hansı tamaşalar öz tamaşaçılarını gözləyir?

- Bəli, mövsümün başa çatmasına hələ xeyli var və bu müddətdə tamaşaçılara bir neçə yeni tamaşa təqdim ediləcək. Ən yaxın günlərdə - fevralın 16-da teatrda məşhur bəstəkar Fridrik ŞopeninŞopenianabaletinin premyerası keçiriləcək. Opera truppamız isə hazırda D.Perqolezinin “Qulluqçu-Xanım” tamaşası üzərində çalışır.

Nigar Abdullayeva

Palitra.-2014.-11 fevral.-S.11.