Aylin Görgün Baran: “Məqsədimiz Azərbaycanın əl sənətlərini bütün türk dünyasına tanıtmaqdır”

Layihə çərçivəsində budəfəki yazımız əl sənətinin təbliği ilə bağlıdır. Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışıb.

Hicran Hüseynova dost və qardaş ölkələrimiz arasında mədəniyyətlə bağlı belə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, xalqlarımızın mədəniyyətində və tarixində çox böyük oxşarlıqlar vardır və bunların üzə çıxarılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu layihə sayəsində, eyni zamanda, Azərbaycanda olan istedadlı insanlar üzə çıxır. Layihənin qadınlarda əl sənətləri sahəsində maraq oyadılması baxımından xüsusi əhəmiyyət daşıyacağını söyləyən komitə sədri onun uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva layihə çərçivəsində görülən işlərdən danışıb. Günay Əfəndiyeva qeyd etmişdir ki, layihə çərçivəsində aparılmış bütün tədqiqatlar yekunda kitab şəklində buraxılacaq və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına təqdim ediləcək. Diqqətə çatdırılıb ki, Türkiyə və Azərbaycan UNESCO-nun tədbirlərində hər zaman bir-birini dəstəkləyir və bu da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması ilə əlaqədardır. Qeyd edilib ki, əsas məqsədi xalqlarımızın mədəni əlaqələrində bir çox oxşarlıqların üzə çıxarılması olan bu layihə hər iki ölkənin mədəniyyətinin təbliğində mühüm rol oynayacaq. UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü, Hacettepe Universitetinin professoru Aylin Görgün Baran Türkiyə ilə Azərbaycan arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini söyləyib, həyata keçirilən layihənin uğur qazanacağına və əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib. Xatırladaq ki, UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində ötən il fevralın 24-dən martın 2-dək Azərbaycandan yeddi nəfərdən ibarət işçi qrupu Türkiyənin beş bölgəsinə səfər etmişdi. Layihə çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri səfər proqramına uyğun olaraq Zaqatala rayonunda olublar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu səfər bölgənin ənənəvi əl sənətləri ilə tanışlıq və əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyır.

Zaqatalaya səfərləri çərçivəsində türkiyəli qonaqlar uşaq yaradıcılıq mərkəzində və rayon mədəniyyət evində yerli sənətkarların əl işləri nümunələrinin nümayiş etdirildiyi sərgilərə baxıb, sənətkarlarla görüşüb, əl işlərinin hazırlanması, toxuma, yunun daranması və ip alınması proseslərini maraqla izləyiblər. Sərgilərdə nümayiş etdirilən əl işləri - şəbəkə, ağac üzərində yandırma və oyma üsulları ilə hazırlanmış sənət əsərləri, qadınların toxuduqları xalça, kilim, yun corab və əlcəklər, bədii tikmələr, xalq tətbiqi sənəti nümunələri qonaqların böyük marağına səbəb olub. Səfər çərçivəsində qonaqlar Zaqatalanın görməli yerlərini gəzib, tarixi məkanlar və abidələrlə tanış olublar. Xatırladaq ki, Zaqatala rayonu 2013-cü il üçün "Azərbaycanın folklor paytaxtı" elan olunmuşdu. Folklor ili çərçivəsində Zaqatalada bir çox tədbirlər keçirilib. Bunlardan biri də "Xalq sənəti, el təranələri" Ümumrespublika Xalq Yaradıcılığı bayramı olub. Bayram tədbirində yerli kollektivlərlə yanaşı, Balakən, Qax, Masallı və Şamaxı rayonlarından gəlmiş folklor və rəqs kollektivləri də iştirak ediblər. Zaqatala Olimpiya İdman Kompleksində keçirilən tədbirdə qeyd edilib ki, bu cür tədbirlər Zaqatalanın, eləcə də qonşu rayonların folklor nümunələrinin üzə çıxarılmasında, qorunmasında, gələcək nəsillərə ötürülməsində, təbliğ olunmasında mühüm rol oynayır. Qədim tarixi abidələri, fauna və florası, ətirli çayı, qızılgülü ilə məşhur olan Zaqatala etnik baxımdan da zəngin diyardır. Burada 20-dək xalqın nümayəndəsi yaşayır. Əsrlər boyu birgə yaşayış buradakı mədəni irsi daha da zənginləşdirib, xalq sənətinin inkişafına təkan verib. Müxtəlif xalqların folklor və xalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, qorunur, inkişaf etdirilir. İl ərzində rayonun qəsəbə və kəndlərində folklor kollektivlərinə baxış-müsabiqələr, rayonda yaşayan avar, saxur, ingiloy və digər azsaylı xalqların adət-ənənələrinin təşviqi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib, xalq yaradıcılığı bayramları təşkil olunub. Bundan əlavə, rayon Mədəniyyət Evində qədim el havaları- xalq musiqisi və rəqsləri dərnəkləri yaradılıb, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgilər, “Bayatı gecələri”, folklor axşamları, konsertlər təşkil olunub. Maqov kənd Mədəniyyət EvininHudulkixalq kollektivi Belarus Respublikasının Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” beynəlxalq xalq yaradıcılığı festivalında ölkəmizi layiqincə təmsil edib. UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü, Hacettepe Universitetinin professoru Aylin Görgün Baran Zaqatalada jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanda olmalarının səbəbi burada hazırlanan əl sənəti nümunələri ilə yaxından tanışlıq, bu əl işlərinin necə hazırlandığını görmək, qadınların əl sənəti sahələrinə marağını öyrənməkdir: “Məqsədimiz Azərbaycanın əl sənətlərini, mədəni irsini bütün dünyaya, türk dünyasına tanıtmaqdır”. Türkiyəli alim daha sonra deyib: “Bu gün baxdığımız sərgilərdə qadınların qədim dövrlərə aid əl işləri ilə də tanış olduq, yundan necə ip hazırlandığını gördük. Gənc qızlar bu işi çox məharətlə yerinə yetirirdilər. Qadınların toxuma sahəsində də gözəl bacarıqları olduğunu gördük. Bu əl işlərində, naxışlarda qədim türk mədəniyyətinin izləri açıq-aydın hiss olunur. Bu naxışların hər birinin ayrı-ayrılıqda öz mənası var. Yaxşı haldır ki, qadınlar öz bilik və bacarıqlarını uşaqlara, gənc nəslə öyrədirlər. Uşaqlarda kiçik yaşlarından əl sənətlərinə maraq oyadılması çox vacibdir. Beləliklə də, türk mədəniyyətinin ümumilikdə bütün dünyaya çatdırılması təmin olunur”. Layihə çərçivəsində Gəncəyə səfər edən qonaqlar bu qədim şəhərin gözəlliyinə heyranlıqla tamaşa ediblər.

“Qızıl əllər” MMC-də olan türkiyəli qonaqlar burada biçmə-tikmə, rəssamlıq nümunələrinə baxıb, rəqs qrupunun çıxışlarını izləyiblər. Sonra şəhər rəsm qalereyasında olan qonaqlar burada dekorativ sənət nümunələrinə, ustaların əl işlərinə baxıblar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının işçi qrupunun üzvləri uşaq rəssamlıq məktəbində balacaların rəsm üzərində işləmə qabiliyyətlərinə heyranlıqla tamaşa ediblər. Aylin Görgün Baran bildirib ki, Bakıda olarkən Azərbaycanın paytaxtından böyük zövq alıblar: “Lakin bölgələrə gələrkən gördük ki, təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün şəhər və rayonlarında böyük quruculuq və abadlıq işləri aparılır. Xüsusilə Gəncə bizi heyran etdi. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi və onun ətrafında görülən işlərin miqyasını sözlə ifadə etmək mümkün deyil. Əl sənəti nümunələrinə gəldikdə isə, Azərbaycanda bu sahədə böyük potensial var və biz çalışacağıq ki, bu potensialı bütün dünyada təbliğ edək”.

Anar Miriyev

Palitra.-2014.-12 fevral.-S.11.