Azərbaycan mətbəxi Rusiya telekanalında

Düşbərə samovarda bişiriləndə daha ləzzətli olur. Bacarıqlı Azərbaycan xanımının bükdüyü düşbərə elə xırda olmalıdır ki, bir xörək qaşığına 15-18 dənəsi yerləşsin.

Azərbaycan mətbəxinin bu sirlərini Rusiyanın “Vesti” telekanalının “Planeta vkusa” layihəsinin aparıcısı Anton Zaytsev Bakı restoranlarından birində aşpaz Teymurdan öyrənib. Layihənin müəllifləri dünya mətbəxləri nümunələrinin hazırlanması üsullarını Rusiya tamaşaçıları ilə bölüşmək məqsədi ilə artıq Almaniyada, Kiprdə, İsraildə olmuşlar. Növbəti dayanacaq isə Azərbaycandır.

Anton Zaytsev buraxılışa Bakının “qastronomik” təqdimatı ilə başlayır: “Qafqazın ən görkəmli şəhərlərindən biri olan Bakı Abşeron yarımadası adlı boşqabda süfrəyə verilir və neftlə qızdırılır. Azərbaycan paytaxtının reseptində qədimliklə müasirlik qonşudur, Burada 190 metr hündürlüyündəAlov qüllələri” kimi futuristik memarlıq abidələri isə bu reseptə ədviyyat kimi əlavə olunur”.

Qədim İçərişəhərdən söhbət açan aparıcı qeyd edir ki, tarixi memarlıq abidəsi olsa da, İçərişəhər, turistlərin buraya axınına baxmayaraq, açıq səma altında muzey deyil, adi yaşayış məkanıdır.

Planeta vkusa” layihəsinin Azərbaycana həsr olunmuş buraxılışı “Sac” adlanır. Sacda toyuq qızartmasının dadına baxmaq üçün isə çəkiliş qrupu Qəbələyə yollanır. Buraxılışda deyilir: ”Qəbələ rayonu Bakıdan təxminən 300 kilometr məsafədə yerləşir. Bu məkana səfər edənləri təmiz hava, saf dağ suyu, ləzzətli təamlar gözləyir”.

Anton Zaytsev Qəbələdə sacda toyuq qızartmasını Zair adlı aşpazla birlikdə bişirir. Azərbaycanda heç bir məclisin çay süfrəsiz keçinmədiyini deyən aparıcı buraxılışın sonunda rusiyalı tamaşaçılara qoz paxlavasının hazırlanmasından söhbət açıb.

Təhminə

Palitra.-2014.-11 fevral.-S.10.