“ASAN xidmət”lə bağlı son dəyişikliklər təqdir edilməlidir”
Vüqar Bayramov: “Bu mərkəzlərdə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısı genişləndirilir”
“Prezidentin “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi barədə imzaladığı sənəd “ASAN xidmət”ə kifayət qədər mütərəqqi səlahiyyətlər verir.
İkincisi, son dəyişiklik korrupsiyaya qarşı mübarizə və eləcə də xidmətlərin elektronlaşdırılması baxımdan olduqca əhəmiyyətlidir. Bu baxımdan, son dəyişikliklər təqdir edilməlidir”. Bu barədə qəzetimizə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramov dedi.
V.Bayramov bildirdi ki, sənədlə “ASAN ödəniş” sistemi formalaşdırılacaq: “Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edəcək. Bu islahatın mahiyyəti birbaşa korrupsiyaya qarşı mübarizə tədbiridir. Belə ki, əgər siz avtomobilinizdə qaydanı pozursunuzsa, o zaman sizin qayda pozuntunuzu əks etdirən şəkil və o cümlədən tərtib edilən akt mobil telefonunuza göndəriləcək. Siz isə heç yerə getmədən mobil telefon vasitəsi ilə ödəniş edəcəksiniz. Əgər ödəniş etməyi unutmusunuzsa, o zaman sistem sizi sonradan yenə də mobil telefon vasitəsi ilə məlumatlandıracaq. Eyni zamanda, cərimələrin ödənilməsi üçün şəhərin müxtəlif yerlərində ödəmə terminallarının quraşdırılması da nəzərdə tutulur. Oxşar praktika məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsinə də tətbiq ediləcək ”.
V. Bayramov əlavə etdi ki, ən ciddi yeniliklərdən biri isə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısının genişləndirilməsidir: “Belə ki, artıq bu xidmət indiyədək mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarış və texniki pasportları verirdisə, son dəyişikliklərdən sonra artıq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatını da həyata keçirəcək. Eyni zamanda, əgər əvvəllər “ASAN xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa, artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini də həyata keçirəcək. Bununla yanaşı, yeni dəyişikliklərdən sonra sözügedən xidmət yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılması və xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu həyata keçirəcək”.
Fuad Hüseynzadə
Palitra.-2014.-13
fevral.-S.12.