Niderland Soçi Qış Olimpiya Oyunlarında daha iki medal qazanıb

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər arasında konkidə 1000 metr məsafəyə sürətli yürüş yarışlarında qaliblər müəyyənləşib. İdmanın bu növündə ABŞ təmsilçisi Şani Devis və qazaxıstanlı Denis Kuzin favorit hesab edilsələr də, nəticə fərqli olub. Olimpiya Oyunlarının qızıl medalını niderlandlı Stefan Qrotxeys qazanıb. Kanadalı idmançı Denni Morisson gümüş, Niderland yığmasının digər üzvü Mixel Myulder isə bürünc medal qazanıblar. Kişilər arasında dağ xizəyi üzrə cütlüklər arasında yarış yekunlaşıb.

Almaniya xizəkçisi Erik Frençel bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı yaponiyalı Akito Vatabe, bürünc medalı isə norveçli Maqnus Kroq qazanıblar. Qadınlar arasında xokkey üzrə yarışların ilk yarımfinalçıları daəyyənləşib. Qrup mərhələsi çərçivəsində Kanada yığması ABŞ millisi ilə qarşılaşıb. Oyun kanadalı xokkeyçilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrup mərhələsi çərçivəsində digər oyun isə Finlandiya yığması ilə İsveçrə komandası arasında keçirilib. Oyunda Finlandiya millisi 4:3 hesabı ilə qələbə qazanıb.

Qrupda ilk iki pillədə qərarlaşmış Kanada və ABŞ yığmaları yarımfinala, qrupda üçüncü yerdə qərarlaşmış Finlandiya kollektivi isə dörddəbir finala yüksəliblər. Kişilər arasında sloubstayl üzrə yarışların təsnifat mərhələsinə yekun vurulub. “Roza XutorEkstrim Parkında təşkil olunmuş yarışda ABŞ idmançısı Cos Kristensen ən yüksək nəticə - 93,2 xalla finala yüksəlib. Yarışın final mərhələsində 12 idmançı Olimpiya çempionluğu uğrunda mübarizə aparacaq. İdmanın bu növündə medal qazanmağa əsas namizədlər - ötən il dünya kuboku yarışlarının qalibi olmuş Ceymis Vudse (Böyük Britaniya) və Yeni Zelandiyadan olan atlet Cozian Uels də həlledici mərhələdə yarışacaqlar. Sloupstayl tramplin, xüsusi piramida tikililəri və s. buna oxşar müxtəlif formalı obyektlərin üzərindən akrobatik hərəkətlərlə tullanaraq yerinə yetirilən idman növüdür. Soçi Olimpiadasında gərgin keçən sərbəst üsulla sprint xizək yarışları günün ən yaddaqalan turniri olub. Kişilər arasında sprint xizək yarışları rusiyalılar üçün uğursuzluqla nəticələnib. Anton Qafarov yarımfinalda yarı yolda yıxılaraq xizək alətlərini sındırıb və tamaşaçıların bağırtısı altında bir neçə dəqiqə finişə gedən yolda köməksiz vəziyyətdə axsayaraq irəliləyib. Medallar uğrunda yarışda isə Sergey Ustyuqov qar topasına ilişib və fəxri kürsüyə çıxa bilməyib. Nəzərə almaq lazımdır ki, hər iki uğursuzluq eyni döngədə baş verib. Anton Qafarov “Hər gün idman” nəşrinə müsahibəsində bildirib: “Mən norveçlilərin arxasınca sürətlə gedirdim. Xizəyim qar yığınına toxundu. Yıxıldım. Ümumiyyətlə, bu yol Olimpiada üçün münasib deyil. Hər şeyi qabaqcadan ölçüb-biçmək olardı. Məsələn, həmin döngədə dayanmaq və qar yığınlarını təmizləmək olardı. Amma orada heç kim yox idi! Birinci start döngəsində qarışıqlıq vardı, oranı təmizlədilər. Lakin ən sürətli və təhlükəli enişdə qar topalarını heç kim yoldan yığışdırmamışdı”. İdmançının sözlərinə görə, o, Rusiya yığma komandası üçün doğma olan xizək trasından yüz dəfələrlə keçib, amma heç vaxt həmin enişdə ehtiyat etməyib. Lakin bir günün içində hava dəyişib və tras tamamilə tanınmaz olub. Qeyd edək ki, zədələnmiş idmançı hətta bu vəziyyətdə finişə çatmağa cəhd göstərib, lakin ikinci dəfə yıxılması ilə onun xizəyi tamamilə yararsız hala düşüb. Kanada yığma komandasının məşqçisi Castin Uodsvort Anton Qafarovun imdadına çatıb. Castin Uodsvort idmançının xizəyini dəyişib və rusiyalı idmançı tamaşaçıların alqışları altında finala sonuncu çatıb. Anton Qafarov hər şey bu cür alındığına görə azarkeşlərdən üzr istəyib.

 

 

Palitra.-2014.-14 fevral.-S.14.