Strasburqda Nizami Gəncəviyə həsr edilən beynəlxalq konfrans
Heydər
Əliyev Fondu Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması istiqamətində
fəaliyyətini
davam etdirir
Layihə
çərçivəsində
yazımız Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması istiqamətindəki
fəaliyyəti
ilə
bağlıdır. Konkret olaraq
Nizami Gəncəvinin
870 illik yubileyinin qeyd edilməsinə
toxunacağıq.
Dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubiley layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi bu gün beynəlxalq konfransla davam edəcək. Konfrans Strasburq şəhərinin Rin sarayında 3 ay ərzində (19 noyabr 2013-19 fevral 2014) təşkil edilmiş “XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı” sərgisinin yekun mərhələsində keçiriləcək. Qeyd edək ki, həmin sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və "Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş etdirilib. Strasburqun belə bir sərgiyə ev sahibliyi etməkdən məmnunluğunu bildirən Fransanın mədəniyyət nazirliyinin Elzas regionunda mədəniyyət məsələləri üzrə regional direktoratının baş direktoru Alan Hauss Strasburq və Gəncə universitetləri arasında 1999-cu ildə əməkdaşlıq müqaviləsinin imzalandığını, Strasburq kitabxanasında Nizami Gəncəviyə aid əlyazmaların saxlandığını deyib və bu sərginin mövcud münasibətlərin yüksək səviyyədə davamı olduğunu qeyd edib. Sərgi zamanı XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma və Pekində ucaldılmış abidələrinin fotoları da böyük maraqla izlənilib. Fransanın Alzas regionunun mədəniyyət məsələləri üzrə direktoratının baş direktoru Alain Hauss, Strasburq Milli və Universitet Kitabxanasının inzibatçısı Albert Poirot kimi qonaqların qatılacaqları bugünkü konfransda Strasburq Milli və Universitet Kitabxanasının əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik Blin “Nizami Strasburqda”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun rəsmisi Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Prinseton Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Michael Barry “Nizami Gəncəvi-könül şairi” mövzularında çıxış edəcəklər. Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orijinallığı”, “Hötenin və Nizaminin şərqşünaslığı”, “Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin “Yeddi gözəli”, “Nizami Gəncəvi-bütün zamanların və bütün məkanların şairi” mövzularında məruzələri dinləniləcək. Qeyd edək ki, layihə çərçivəsində ötən ilin noyabrın 12-də Parisin Əlyazmalar və Məktublar Muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti evində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub. Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye tədbirdə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi müəssisədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bəyan edib. Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dünyəvi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini bildirib, şairin 20 mindən artıq şerinin toplandığı “Divan”nının Şərq ölkələrində yaxşı tanındığını xatırladıb, əsərlərində sosial problemlərdən söhbət açıldığını, məhəbbət və gözəlliyi tərənnüm edildiyini vurğulayıb. Şairin beş poemasının toplandığı “Xəmsə” əsərinin dünya ədəbiyyatında “Beş xəzinə” adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək, əfqan və digər türk dilli xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdıran P. Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, San-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını bildirib. P.Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminliyini qeyd edib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Şərq intibahının, bəşəriyyətin parlaq simalarından biri olan Azərbaycanın dahi filosofu və böyük şairi Nizami Gəncəvinin ədəbi sahədə misilsiz irs qoyduğunu, səkkiz əsr bundan əvvəl yaşamasına baxmayaraq onun ideyalarının bu gün belə öz aktuallığını itirmədiyini diqqətə çatdırıb. Şairin vaxtilə əsərlərində əks etdirdiyi azadlıq, bərabərlik və qardaşlıq, habelə dünyəvilik, qadınlar və kişilər arasında bərabərlik ideyalarının hətta uzun əsrlər keçməsinə baxmayaraq müasir dövrün mühüm hadisələrinin əsasını təşkil etdiyini vurğulayan səfir, Nizami Gəncəvinin xatirəsinin və irsinin bu gün ölkəmizdə yüksək qiymətləndirildiyini, doğulduğu doğma şəhəri Gəncədə mavzoleyinin yaradıldığını, Bakıda şairin adını daşıyan muzeyin fəaliyyət göstərdiyini, şairin həyatından və yaradıcılığından bəhs edən “Nizami” filminin çəkildiyini, N. Gəncəvinin anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı 2011-ci ildə Prezident tərəfindən sərəncam imzaladığını, əsərlərinin müxtəlif dillərdə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu diqqətə çatdırıb. E. Əmirbəyov şairin anadan olmasının 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin N. Gəncəvi ili elan olunduğunu, 2012-ci ildə Romada şairin büstünün qoyulduğunu bildirib və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqda məlumat verib. Sonda səfir şairin vətəni Gəncənin qədim və müasir həyatından bəhs edən fotolarla bərabər sərgidə nümayiş etdirilən xalçaların, bəzək əşyalarının, geyimlərin Nizami Gəncəvi vaxtında hakimiyyətdə olan Atabəylər və Şirvanşahlar dövrünü əks etdirdiyini bildirib. Mərasimdə senator Pyer Bordie Azərbaycana iki dəfə səfər etdiyini, birinci səfəri zamanı yalnız Bakıda olduğunu, ikinci dəfə isə Bakı ilə yanaşı, ölkənin ikinci böyük şəhəri Gəncədə də olduğunu xatırladıb, Gəncənin tarixiliyinin və qədimliyinin onda böyük təəssürat yaratdığını, Nizami Gəncəvinin mavzoleyinə baş çəkdiyini bildirib. Senator Azərbaycanda olduğu müddətdə hamının Nizami Gəncəvidən danışdığını, ölkəsində şair və filosof, həm də milli qəhrəman tək xatırlandığını qeyd edib, hətta Gəncədə keçirilən şərab festivalında belə böyük ideallar tərənnümçüsünün həyat və yaradıcılığından söhbət getdiyinin şahidi olduğunu vurğulayıb. Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixini zənginləşdirən yaradıcılığının əsas məziyyətlərindən bəhs edərkən şairin poemalarında şəxsiyyətə hörmətin, xeyrin şər üzərində qələbəsinin, saf hisslərin və təmiz məhəbbətin əks olunduğunu, əsərlərinin əsas mövzusunun Şərq aləmindəki rəvayət və hadisələrdən alındığını bildirib. Sərgidə şairin anadan olduğu Gəncə şəhərinin qədim və müasir görünüşlərinin, müxtəlif yerlərdə qoyulan büst və heykəllərinin, mavzoleyinin, adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, əsərlərindən ibarət illüstrasiyaların təsvir edildiyi xalçalar, şairin yaşadığı dövrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilib. Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlar paylanıb. Daha sonra mədəni-kütləvi tədbirlər Strasburqda davam etdirilib.
Anar Miriyev
Palitra.-2014.-14 fevral.-S.11.