Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı olub

«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və Əlavə Tədbirlər Planına uyğun olaraq ötən il Bibiheybət qəsəbəsində yerləşən 50 saylı orta məktəb və 70 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub, qəsəbədə yeni post məntəqəsi yaradılıb. Dövlət Proqramının icrası ilə bağlı qəsəbədə aparılan bu işlərlə yanaşı, keçən il 1 əsrə yaxın yaşı olan tikilidə yerləşən Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının da təmirinə başlanılıb. Ümumi sahəsi 358,87 kv. m olan tikilinin çox köhnə və divarlarının xarici təsirlərdən aşınaraq ovulması ilə bağlı burada ilk növbədə bərkitmə-möhkəmləndirmə işləri aparılıb, mədəniyyət evi üçün əlavə otaq tikilib, binanın daxili hissəsi və dam örtüyü əsaslı təmir olunub. Binadaxili işıq, su və digər xətlər yenilənmiş, zalda yeni otaracaqlar quraşdırılıb, səhnə qurulub, dərnəklərdə məşğul olanlar və işçilər üçün otaqlarda lazımi şərait yaradılıb. Mədəniyət evi lazımi texniki avadanlıq və ləvazimatlarla təmin olunub. Hazırda mədəniyyət evində 5 nəfər təcrübəli mədəniyyət işçisi çalışır. Mədəniyyət evində keçirilən müxtəlif tədbirlərə qəsəbə sakinləri eləcə də Səbail rayonunun 20-ci yaşayış sahəsi ərazisində yaşayan sakinlər dəvət olunur, mədəniyyət evinin kollektivi tərəfindən bu ərazidə yerləşən orta məktəblər və digər yerlərdə də səyyari mədən-kütləvi tədbirlər təşkil edirlər.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabxanası) 1937-ci ildən fəaliyyət göstərir. Hazırda kitabxana 27 387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15 790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir. Əsaslı təmirdən sonra burada oxucular üçün lazımi şərait yaradılıb, yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlar alınıb. Mədəniyyət evi və kitabxana üçün əvvəllər olmayan yeni isitilik sistemi quraşdırılıb, 1 ədəd su anbarı tikilmiş, yola asfalt salınmış, ətraf ərazilər abadlaşdırılıb. Səbail rayonu və Bibiheybət qəsəbəsinin ictimaiyyəti, qəsəbədəki orta məktəbin kollektivi, bələdiyyə üzvləri, ağsaqqalların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib, qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı nəticəsində Bibiheybət qəsəbəsində son illərdə bir sıra sosial yönümlü işlər həyata keçirilib. Natiq qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.

Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramlarının icrası nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir olunmuş mədəniyyət ocaqları barədə məlumat verib, bu işlərin davam etdiriləcəyini bildirib. Sonra Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri üzvlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Nigar

Palitra.-2014.-14 fevral.-S.15.