Elm və elmtutumlu texnologiya sahəsində kadrların hazırlanması vacibdir

Sərvər Qurbanov: “Xaricdə oxumağa göndərilən gənclərimiz müasir elmin, texnologiyanın və innovasiyanın daşıyıcıları ola

bilərlər”

Azərbaycan elmi getdikcə inkişaf edir və biliklər iqtisadiyyatımızı uğurlu bir şəkildə formalaşmaqdadır. Bu sahədə həyata keçirilən dövlət tədbirləri Azərbaycan elminin modern dünyanın tələblərinə və rəqabətə uyğun inkişafına və gənc elm adamlarının öz elmi potensiallarını və biliklərini tam reallaşdırmasına hesablanıb. Layihə çərçivəsində bizə fikirlərini bildirən Qafqaz Universitetinin Sosial-İqtisadi Tədqiqatlar Mərkəzindən Dr. Sərvər Qurbanovdur. O, bizimlə söhbətində Azərbaycan dövlətinin gənc elm və təhsil adamlarının formalaşdırılmasında həyata keçirdiyi tədbirlərdən danışdı və elmimizin inkişafı ilə bağlı fikirlərini çatdırdı.

Onun fikrincə, 2020-ci illə bağlı İnkişaf Konsepsiyası, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiya tərkibi olan məhsulların artırılması və innovasiya fəaliyyətlərinin genişləndirilməsi barəsində əsas məqsədləri də əhatə edən geniş bir sənəddir: “İxrac yönümlü İKT potensialının gücləndirilməsi və İKT inkişafı üzrə Dövlət Fondunun yaradılması barəsində xüsusi qeydlər də diqqət cəlb etməkdədir. Bu fond, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılmışdır. 2011 - 2021-ci illərdə Azərbaycan Təhsilinin inkişafı üzrə Milli Strategiya isə mövzunun təhsil hissəsini tənzimləməkdədir. Sözü gedən strategiya, informasiya cəmiyyəti və bilik iqtisadiyyatının formalaşdırılması istiqamətlərini prioritet sahələr kimi əhatə etməkdədir. Nəhayət, 2014-cü ilin əvvəlində sənaye strategiyası barəsində atılan addımlar, dövlətin eyni istiqamətdə bir-birini tamamlayan sənədləri qəbul edib həyata keçirilməklə, uzunmüddətli və dayanıqlı inkişafın sağlam bünövrəsini qoyduğunu nümayiş etdirməkdədir. Sənaye sektoru üzrə 2015 - 2020 illərinə əhatə edəcək tədbirlər planı, elmtutumlu texnologiya ilə innovasiya, elm və texnologiya sahəsində kadrların hazırlanması məsələsinin vacib olduğunu göstərir. Bu barədə, 2005 - 2012 illərini əhatə edən universitet məzunlarının sayına nəzər yetirək. Müşahidə edilməkdədir ki, bu illər ərzində, Azərbaycan universitetlərindən məzun olan kadrların sayında yeni bölgünün və planlaşdırılmanın aparılması zəruridir. Elm və texnologiya təsnifatına daxil ediləcək istiqamətlərin sayının və faiz nisbətinin artırılması, sənaye sektorunun insan kapitalı baxımından təmin edilməsinə xidmət göstərəcək. Azərbaycan Təhsilinin inkişafı üzrə Milli Strategiyanın tətbiqi ilə bağlı Dövlət Komissiyasının növbəti iclasında bu məsələnin müzakirə edilməsi də məqsədəuyğundur. İxtisaslarda mühəndislik istiqamətlərinin artırılması barəsində qərar alına bilər”. Ekspertin fikrincə, eyni zamanda orta məktəblər və qeyri-hökümət təşkilatları da elm və elmtutumlu texnologiya sahəsindəəyyən işlər görə bilərlər: “Əvvəla, orta məktəblərdə təhsil alan 8-ci və 9-cu sinif şagirdlərinə əmək bazarında mühəndisə daha çox tələb olacağını izah edərək, bu mövzuda ictimai şüurun formalaşdırılmasına cəhd göstərilə bilər. Bundan əlavə, mühəndislik ixtisaslarında tədrisin keyfiyyətinin artırılması üçün yeni laboratoriyaların istifadəyə verilməsi isə nəzəri biliklərin tətbiqinə şərait yaradacaq. Qafqaz Universitetinin təcrübəsini, mühəndislik ixtisasları üçün nümunə kimi götürmək olar. Qafqaz Universitetində kimya mühəndisliyi üçün 4, mexanika mühəndisliyi üçün 11 müasir laboratoriya, tələbələrin istifadəsinə hazırdır. Həmçinin gələcəyin kompyuter mühəndisləri də fənnlərin əksəriyyətinə tətbiq edərək yiyələnirlər.

Dövlətimiz, 2020 İnkişaf Konsepsiyasında qeyd edildiyi kimi, 2015 - 2020 illərini əhatə edən yeni bir xaricdə təhsil üzrə proqram həyata keçirəcək. Güman edirəm ki, 2014-cü il ərzində mövzu ilə bağlı fikirlərin daha çox səsləndirilməsi, adıçəkilən proqramın ictimai və elmi rəyi də nəzərə alaraq formalaşmasına müsbət təsir edəcək. Bunun üçün əvvəla təklif etmək istədiyim bir elm və təhsil modelini sizinlə bölüşmək istəyirəm. Təklifim ondan ibarətdir ki, 2015-2030-cu illər ərzində 30 min tələbəni elm və texnologiya, mühəndislik sahələrində təhsil almaları üçün dünyanın mötəbər təhsil qurumlarına göndərə bilərik. Addım-addım apardığım təhlili sizlərlə bölüşəcəm. Amerikada ən yaxşı təhsil verən 10 universitetin illik ortalama təhsil haqqı 43 min dollardır. Bir tələbəyə aylıq 1200 dollar təqaüd, 500 dollar kitab və əlavə xərclər üçün ödəniş edilsə, ildə bir dəfə gediş - dönüş təyyarə biletinin qiymətini 2 min dollar olaraq fərz etsək, onda bir tələbə başına orta hesabla hər ay 1900 dollar xərcə ehtiyac olacaq. Yəni, bir tələbənin Amerikada ən yaxşı universitetlərdən birində oxumağının Azərbaycan dövlətinə bir illik maliyyəti 62 min dollara bərabər olacaq. Əgər elm və texnologiyada mötəbər mövqeyi olan bir alman yaxud da yapon universitetinə tələbə göndərsək, onda bu rəqəm daha az və ya çox ola bilər. Ancaq burada ümumi fikir verilməsi baxımından ortalama olaraq qeyd etdiyimiz rəqəmləri qəbul edək. 2015 - 2030-cu illər ərzində elm və texnologiya sahələrində 30 min tələbənin xaricdə təhsilə göndərilməsinin cəmi maliyyəsi 12 milyard dollara bərabər olur. İllik orta hesabla 770 milyon dollar. Bu rəqəmin xalis cari dəyəri isə 9,5 milyard dollara bərabər olmaqdadır. Hər 100 tələbədən 4-ü elm adamı olmaq fikrini reallaşdırsa, bu 1200 nəfərlik bir alim kollektivi deməkdir ki, bununla yeni bir elm və texnologiya universiteti qurula bilər. Azərbaycanda humanitar sahələrdə təhsil verən çox sayda kifayət qədər güclü ali təhsil müəssisələri mövcuddur. Xaricdə oxumağa göndərilən azərbaycanlı tələbələr isə müasir elmin, texnologiyanın və innovasiyanın daşıyıcısı ola bilərlər. Bakutel - 2013 İKT konferansında ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın fərqli yerlərindəki Azərbaycan diasporunun nümayəndələri ilə real vaxt rejimində görüşünə şahid olduq. Eyni görüşlər, dünyada təhsil alan azərbaycanlı gənclərlə də vaxtaşırı təşkil edilə bilər. Hər dəfə fərqli qonaqlarla Azərbaycanın gələcək nəsli daha da ruhlandırılaraq, xaricdə təhsilin Azərbaycanın gələcəyi, elmi, biliklər iqtisadiyyatı üçün əhəmiyyəti tələbələrə daim xatırladıla bilər. Başqa bir sıra tədbirlərlə, xaricdə təhsil alan tələbələrə mütəmadi olaraq, xalqımıza borclu olduqlarını xatırlatmaq mümkündür.

28 yanvarda TQDK sədri Məleykə Abbaszadənin qəbul imtahanları ilə bağlı mətbuat konfransında qeyd etdiyi statistika ilə birlikdə son 10 illik təhsil statistikası tamamlanmış oldu. Son 10 il ərzində (2004 - 2013), 500 - 700 bal toplayan tələbələrin sayı 48922-yə, 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı isə 12275-ə çatmışdır. 500 - 700 bal intervalını yüksək ballı tələbələr kimi nəzərə alsaq, o nəticəyə gələrik ki, Azərbaycanda 15 il ərzində xarici ölkələrdə, elm və texnologiya sahələrində təhsil almaq, formalaşmaq istəyəcək 30 min tələbə-gənc mövcuddur. 30 min gəncin xaricdə təhsil almasının maliyyələşdirilməsi üçün lazım olan 12 milyard dollar barəsində isə, müqayisə etmək üçün əlavə olaraq bu məqamlar qeyd edilə bilər; 1 yanvar 2014-cü il tarixi etibarilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 35,9 milyard dollara bərabər olub. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin verdiyi məlumata görə, 2003 - 2013 - illər ərzində Azərbaycan iqtisadiyyatın inkişaf etdirilməsinə və infrastruktur layihələrinə daxili mənbələr hesabına 66 milyard dollar investisiya yönəldilib. 2024-cü ilə qədər, neftin bir barel qiyməti orta hesabla 80 dollar olduğu təqdirdə, Azərbaycanın əldə edəcəyi neft gəlirləri minimum 110, maksimum 145 milyard dollara çatacaq. Azərbaycan iqtisadiyyatında əsas kapitala yönləndirilən vəsaitlərlə birlikdə, insan kapitalına elm və texnologiya istiqamətində qoyulacaq investisiyalar öz bəhrəsini uzun müddət göstərəcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin insan kapitalına verdiyi əhəmiyyət nəticəsində, 1980-ci ildə respublikadan kənara göndərilən gənclərin sayı 1400 nəfərə qədər artırılmışdır (Azərbaycan qəzeti, 02.08.2013, s.6). O tarixlərdə, tələbə kimi respublikadan kənara göndərilənlər, bu gün xalqımıza mötəbər müəssisələrdə xidmət etməkdədirlər. 1980-ci ildə insan kapitalına qoyulan investisiyanın bəhrəsini 33 il sonra müstəqil Azərbaycanda müşahidə etmək imkanımız var. Bu gün insan resursları sahəsində atılan hər addım daha da güclü Azərbaycan deməkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin “The Business Year” jurnalına verdiyi müsahibədə dediyi kimi: "Qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu, reallıqdır".

İlkin AĞAYEV

Palitra.-2014.-15 fevral.-S.11.