Ayaz Bayramov: “Yaxın 10 ildə xaricə texnoloji
məhsullarımızla çıxacağıq”
Türkiyənin
məşhur
Orta Doğu Texniki Universitetinin (ODTU) Mexanika mühəndisliyi fakültəsini
bitirən
aktiv gəncimizlə
olan müsahibənin ikinci hissəsini oxuculara
təqdim
edirik
- Türkiyədə
necə,
bu sahə inkişaf
edibmi?
- Türkiyədə bu sahə inkişaf edib. Türkiyənin inkişaf etmiş, müasir sənayeyə malik bir ölkə kimi bu sahədə yetərincə yetişmiş kadrları var. Xüsusilə, Türkiyənin hərb sənayesində çox savadlı, dünya səviyyəsində mühəndisləri var. Türkiyə, hazırda bizim sənayeyə müasir texnologiyanın tətbiqi ilə bağlı keçdiyimiz mərhələni 10-15 il bundan öncə keçib və artıq öz kadrlarını yetişdirib. Hazırda Azərbaycanda bir çox önəmli proyektlərdə, istər tikinti sahəsi olsun, istərsə də digər sahələrdə çox savadlı təcrübəli türk mühəndislər çalışırlar. Türkiyənin bir üstün cəhəti onda olub ki, türk vətəndaşlar işləmək üçün ən çox texnologiyanın, xüsusi olaraq da mexanika sahəsinin dünyada liderlərindən sayılan Almaniyaya üz tutublar. Ən əsası da odur ki, onların bir çoxu orada fabriklərdə, zavodlarda işləyiblər və texnologiya ilə iç-içə olublar. Hazırda, Türkiyədə dünya səviyyəsində təhsil verən mühəndislik universitetləri fəaliyyət göstərir və sənayesi də olduqca genişdir. Bu gün Azərbaycanda bir çox proyektlərdə türk mühəndislər işləyirlər və bizim yeni gənc nəsil mühəndislər onlardan da öyrənirlər. Bu, birbaşa biliyin, təcrübənin transferidir. İnanıram ki, bu inkişaf tempi ilə yaxın 10 ildə artıq biz də xaricə təkcə musiqimizlə, idmançılarımızın uğuru ilə deyil, öz texnoloji məhsullarımızla çıxacağıq.
İkinci bir məsələ olaraq mən təhsil sahəsindəki birgə əməkdaşlığımıza toxunmaq istərdim. Dediyim kimi, hazırda sənaye sahələrində Türkiyədən gələn mühəndislərlə yerli mühəndislər birgə fəaliyyət göstərirlər və aralarında informasiya mübadiləsi mövcuddur. Mən bu mübadilənin elmi sahədə də davam etməsini arzulardım. Artıq bununla bağlı da bir sıra universitetlərimiz müəyyən işlər görüblər. Bunlara misal olaraq İqtisad Universitetində Türkiyə sistemi ilə fəaliyyət göstərən və yetərincə özünü təsdiq etmiş bəzi fakültələri göstərmək olar. Mən bu əməkdaşlığın mühəndislik təhsili verən universitetlərdə da davam etməsini arzulardım.
- Prezident bu il ölkədə
“Sənaye
ili” elan edib. Azərbaycan sənayesinin
hazırkı durumunu necə
dəyərləndirərdiniz?
Gələcəyin peşəkar
kadrı kimi bu qərarın
sənayenin
inkişafına hansı
formada təsir edəcəyini deyə bilərsiniz?
- Bir gənc
mühəndis
olaraq düşünürəm ki, Azərbaycan
sənayesi
üçün bu, çox effektiv bir hadisə
olacaq. Bizim kimi yeni-yeni
inkişaf mərhələsinə qədəm qoymuş ölkələr üçün
hər
bir sahədə
olduğu kimi, sənayeyə də
dövlətin
ilkin dəstəyi
qaçılmazdır.
Mənim şəxsi düşüncəmə görə,
bu gün sənayemizdə xırda istehsal sahələrinə ehtiyac var. Bir çox texnoloji avadanlıqların istehsalını
həyata
keçirmək
üçün müəyyən xırda
ehtiyat hissələrinin digər sənaye
sahələrində istehsalı çox vacibdir. Çünki bütün parçaların
eyni zavodda istehsalı iqtisadi cəhətdən də əlverişli
olmur və bu gün ölkəmizdə
bu sahədə
çatışmazlıqlar çoxdur. “Sənaye ili”nin elan
edilməsi
bir çox böyük şirkətlərin Azərbaycana yatırımlarının artması
ilə
yanaşı, xırda
istehsal sahəsi yaratmaq istəyən
yerli iş adamlarına da stimul yaradacaq.
- Artıq əmək fəaliyyəti ilə
məşğulsunuz.
Elmi fəaliyyətinizi gələcəkdə
də
davam etdirəcəksinizmi?
- Hazırda professional karyerama
davam edirəm. Ola bilsin ki, nə zamansa magistratura təhsili
üçün xaricə bir də
gedim. Amma bu gün işlə
yanaşı elmi fəaliyyətlə də məşğul
oluram. Yeni yaranmış mühəndislik təşkilatlarına
kömək
edirəm,
yeri gələndə Azərbaycanda
təhsil
alan tələbələr üçün seminarlar verirəm.
Bu işi etməkdən zövq
alıram. Artıq Azərbaycanda da mühəndisliyə
baxış əvvəlki dövrlərdə olduğu
kimi deyil. Sizə qısa bir hadisə
danışım. Həmişə təyyarə ilə,
ya da avtobusla
Türkiyəyə gedib-gələndə gömrük
məmurlarımız
məndən soruşardılar ki, “orada nə
oxuyursan?” Mən də
deyirdim ki, mühəndislik
və
görürdüm ki,
həmişə simalarında qəribə bir ifadə
yaranırdı. “Burdan getmisən Türkiyəyə nədi-nədi mühəndislik
oxuyacaqsan?” deyə cümlələr eşidərdim.
Ona görə mən
də
bu münasibətdən necə deyərlər, bir az incimişdim və hər keçəndə artıq deyirdim ki, beynəlxalq
əlaqələrdə, ya da hüquqda oxuyuram, o zaman münasibətləri fərqli olurdu.
- Qardaş
Türkiyəyə təhsil
üçün üz
tutmaq istəyən
gənclərə hansı
məsləhətləriniz
olardı?
- Yenicə məktəb bitirmiş dostlarımız nə olmaq istədiklərinə çox ciddi qərar versinlər. Bizimlə bərabər orada oxuyan azərbaycanlı dostlarımızdan bəziləri ya universitet təhsilini dayandırmaq, ya da neçə illər eyni kursu yenidən davam etmək məcburiyyətində qalırdılar. Bir çox yeni məzun təhsil almaq istədiyi sahəni ya valideynlərinin, qohum-qardaşın təkidi ilə, ya da sadəcə fakültənin adı ona maraqlı, perspektivli gəldiyi üçün seçirlər. Bu olduqca yanlış düşüncədir, çünki əks halda oxuduqları sahəyə maraqları olmur və orada oxuyan uşaqlardan geri qalmaya başlayırlar. Bir-iki imtahandan pis nəticələr gəldikcə özünə güvən duyğusu azalmağa başlayır və son halda universiteti tərk etmək məcburiyyətində qalırlar. Buna qərar verdikdən sonra isə baxsınlar ki, o sahədə Türkiyədə hansı universitetlər daha yaxşı təhsil verir və daha perspektivlidir.
- Məsələn,
hansı universitetləri tövsiyə
edərdiniz?
- Türkiyədə mühəndislik sahəsində ODTU, Bilkənt Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Universiteti, sosial sahələrdə Boğaziçi Universiteti, Ankara Universiteti, tibb sahəsində Hacettepe Universiteti, İstanbul Universiteti özlərini təsdiqləmiş universitetlərdəndir. Təbii ki, universitetlərini seçərkən, universitetin yerləşdiyi şəhərə də diqqət etsinlər. Həm maddi cəhətdən, həm də sosial həyat baxımından yaşadığı şəhər çox önəmlidir. Bir şeyi vurğulamağı xüsusi ilə önəmli hesab edirəm. Çalışsınlar ki, oxuduqları universitetlərdə sadəcə imtahanları verib qiymət almaqla kifayətlənməsinlər. Universitetdaxili ya da xarici tədbirlərdə iştirak etsinlər, proyektlərdə yer almağa çalışsınlar. Çünki əksər hallarda bu kimi işlər insana öz sahəsini sevdirir və əlavə bir stimul yaratmış olur. Mən özümdən sizə misal verə bilərəm ki, hələ 2-ci kursda oxuyarkən professorlarımızdan biri özünün bir robot proyektinə magistr təhsili alan tələbə axtarırdı. Bu proyekt hərbi sənaye ilə bağlı bir proyekt idi və iki universitetin birgə fəaliyyəti ilə ərsəyə gəlmişdi. Mən həmin professora yaxınlaşaraq o proyektdə iştirak etmək istədiyimi və nə iş olsa, edə biləcəyimi bildirmişdim. Düzünü deyim, elə düşünürdüm ki, professorumuz mənə güləcək və daha işin əvvəlində olduğumu bildirəcək. Ancaq belə olmadı, olduqca ciddi yanaşdı məsələyə və sabah ofisinə gəlməyimi xahiş etdi. Mən də getdim və o gündən aralarında universitet professorları, magistratura, doktorantura tələbələri olan bir qrupun üzvü oldum. Bu proses həm mənə dərslərimdə kömək etdi, həm də əlavə bir həvəs yaratdı və mən o zaman anladım ki, həqiqətən də mexanika mühəndisi olmaq istəyirəm.
Tural Tağıyev
Palitra.-2014.-15 fevral.-S.5.