Qara Qarayev Azərbaycan xalqının milli fəxridir
“Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev
kimi böyük nümayəndəsi olmuşdur və vardır”
Layihə çərçivəsində budəfəki yazımız dahi bəstəkar Qara Qarayevlə bağlıdır. XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri bəstəkar Qara Qarayevdir. O, musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar idi. İllər boyu onun parlaq musiqisi, çoxşaxəli musiqi fəaliyyəti, alovlu publisistikası Azərbaycan və eləcə də bütün Sovet musiqisinin inkişafına təsir göstərib.
Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin parlaq səhifələrini təşkil edir. Klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb edib. Qara Qarayevin hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, musiqimizdə bir dönüş yaradıb. Belə əsərlərdən “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərini, Üçüncü simfoniyanı və skripka üçün konsertini, “Don Kixot” simfonik lövhələrini, “Leyli və Məcnun” simfonik poemasını, “Çılğın Qaskoniyalı” musiqili komediyasını və başqa əsərlərini göstərmək olar. Bu, əlbəttə bəstəkarın yazdığı əsərlərin yalnız bir hissəsidir, hələ bir sıra əsərləri də tamamlanmamış, arxivində qalıb. Onun yaradıcılığının əsas xüsusiyyəti Azərbaycan musiqi ənənələrinə əsaslanıb dünya musiqisinin son nailiyyətlərini mənimsəməsi və bu sənətlərin üzvi surətdə birləşməsini, sintezini yaradıb. Qarayev yaradıcılığının bu cəhətini onun müəllimi, böyük bəstəkar D.Şostakoviç belə qeyd edirdi: “Qara Qarayev mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Onun musiqisinin müvəffəqiyyətinin sirri isə milli ənənələri, klassik irslə, ən müasir musiqi formalarının parlaq, yalnız onun özünəməxsus tərzdə birləşdirilməsidir”. Qarayevin musiqisi sözün əsl mənasında beynəlmiləl keyfiyyət daşıyan bir sənətdir. Bu musiqi milyonlarla ürəkləri hərarətilə, emosionallığı ilə fəth edib, müasirliyi, fəlsəfəliyi ilə düşündürüb. Bu musiqi əsərləri ABŞ-da, İngiltərədə, Fransada, Almaniyada, Misirdə, Türkiyədə, Rusiyada, Polşada, Çexiyada, Rumıniyada və başqa bir çox ölkələrin səhnələrində uğurla səslənib. Bəstəkarın əsərləri üçün seçdiyi ədəbi mövzular da yalnız milli ədəbiyyatımızla məhdudlaşmırdı. O, yaradıcılığında Nizami, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Şekspir və Servantes, Puşkin və Ömər Xəyyam, Lermontov və Lope de Veqa obrazlarına müraciət edib, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanıb. Qarayevin yaradıcılığının bir önəmli özəlliyini də göstərmək istərdik. Afrikadan Vyetnama qədər müxtəlif xalqların musiqi folkloru Qarayevin yaradıcılıq süzgəcindən keçib, yeni keyfiyyət alıb. Hər bir böyük sənətkar kimi Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir. İlk iri həcmli əsəri “Ürək mahnısı” kantatasında, “Leyli və Məcnun” simfonik poemasında, C.Hacıyevlə yazdığı “Vətən” operasında, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletində onun musiqisinin milliliyi aydın surətdə hiss edilir. Qeyd edək ki, bu gün ölkəmizdə dünya şöhrətli bəstəkarımızın anadan olmasının 96-cı ildönümü qeyd edilir. Bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) filialı olan Niyazinin mənzil-muzeyində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Niyazinin mənzil-muzeyinin foyesində AMMDM-in fonduna yeni daxil olmuş materiallardan ibarət sərgi ilə tanış olublar. Mərasimdə AMMDM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova dünya şöhrətli bəstəkarın irsinin tədqiqi ilə bağlı görülən işlərdən geniş söhbət açıb. Bildirib ki, bu yaxınlarda dahi bəstəkarın irsini Rusiya Federasiyasının Moskva şəhərindəki teatrlarda tədqiq edərkən ona aid bir sıra maraqlı materiallar əldə edib.
Muzeyin direktoru Alla Bayramova Moskva şəhərindəki teatrlarda əldə etdiyi materialları, o cümlədən M.N.Yermolova adına Moskva Dram, Mossovet adına Dövlət Akademik, Y.Vaxtanqov adına Dövlət Akademik Dram, Dövlət Akademik Malı teatrlarında səhnəyə qoyulmuş tamaşalara Qara Qarayevin yazdığı musiqinin not yazılarının surətlərini, proqramlarını, həmçinin fotoşəkillərinin surətlərini təqdim edib. Onun çıxışı slayd-şou ilə müşayiət olunub. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim edilib. Bəstəkarlar İttifaqında da dünya şöhrətli musiqiçinin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib.Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Qara Qarayevin yeni bəstəkarlıq məktəbi yaradan müəllim olduğunu söyləyib. Natiq onun qeyri-adi üslubda yazan bəstəkar olduğunu qeyd edərək deyib ki, Qara Qarayevin əsərlərini dinləyəndə onun dahiliyinin bir daha şahidi olursan. Firəngiz Əlizadə, həmçinin Qara Qarayevi insan kimi xarakterizə edərək onun dərin biliklərə sahib, yüksək intellektual səviyyəli insan olduğunu söyləyib, müəllimi ilə bağlı xatirələrini bölüşüb. F.Əlizadə konsertin Qara Qarayevə həsr olunması ilə yanaşı, həm də bununla Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin səsyazma evi ilə birlikdə yeni bir layihənin təməlini qoyduqlarını deyib. Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bir çox mədəniyyət müəssisələri ilə layihələr reallaşdırdıqlarını qeyd edərək bu konsertin Bəstəkarlar İttifaqı ilə birgə layihələri olduğunu söyləyib. Layihədə Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivləri ilə yanaşı, Cahangir Cahangirov adına xor kollektivi də iştirak edir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib. Dahi bəstəkarın yubileyinə ən böyük töhfə Azərbaycan Prezidentinin iştirakı ilə Bakıda görkəmli bəstəkarın abidəsinin açılması olub. Prezident mərasimdə çıxış edərək deyib ki, Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır: “O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və dünyada daha da yaxından tanıdılar. O, Azərbaycan xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan müstəqil deyildi və ancaq Azərbaycan xalqı incəsənət, ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirdi. Əlbəttə, Qara Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar ki, ancaq istedadlı xalqın nümayəndəsi belə gözəl əsərləri yarada bilər.
Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də yaşayır, bundan sonra da yaşayacaqdır, əbədi yaşayacaqdır. Bir sözlə, bu böyük şəxsiyyət bizim milli fəxrimizdir. Azərbaycan klassik musiqisinin inkişafında onun danılmaz və müstəsna xidmətləri vardır. Eyni zamanda, bildiyiniz kimi, o, milli musiqiyə də çox bağlı idi. Xalq mahnıları, bizim milli musiqimiz onun fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərmişdir. Eyni zamanda, Qara Qarayev gözəl müəllim idi. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləyirdi. Onun davamçıları öz növbəsində Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmişlər. Bir sözlə, çox istedadlı adam idi, dostluğa da çox sadiq idi. Bildiyimə görə, onun dostluqla bağlı fikirləri çox maraqlı idi. Ulu öndər Heydər Əliyev ilə onların çox yaxın münasibətləri var idi. Qarşılıqlı hörmət, qarşılıqlı rəğbət əsasında qurulmuş bu münasibətlər nümunəvi xarakter daşıyırdı. Mən də gənclik, yeniyetməlik dövrümdə bir neçə dəfə onların bir yerdə təşkil etdiyi məclislərdə iştirak edirdim. O səmimi münasibətləri görürdüm, duyurdum və belə də olmalı idi. Çünki bir daha demək istəyirəm ki, Qara Qarayev Azərbaycan xalqının görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev kimi böyük nümayəndəsi olmuşdur və vardır”.
Anar Miriyev
Palitra.-2014.-18 fevral.-S.11.