“Mən Azərbaycanı çox zəngin bir ölkə kimi görürəm”

Hamit Karadeniz: “Azərbaycan mətbuatında çalışan qardaşlarımızın Türkiyədə baş verən hadisələri davamlı olaraq izləmələri və həssaslıqlarını görüb, qürur duyuruq

Müsahibimiz Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin Mətbuat katibi Hamit Karadenizdir. Hamit bəy “Palitraya xüsusi müsahibəsində Türkiyə Səfirliyinin bugünkü gündə Azərbaycan mətbuatı ilə sıx əlaqəsindən və Azərbaycan mediası haqqında fikirlərindən söhbət açdı. Müsahibəni siz oxucularımıza təqdim

edirik:

“Türkiyə kürəyini Azərbaycana çevirdiyi zaman çox rahatdır. Bilir ki, heç vaxt Azərbaycandan ona zərər gəlməz. Biz bunu bilir və buna inanırıq”

- Hamitəllim, bu gün Türkiyə Cümhuriyyətinin səfirliyi ilə Azərbaycan mediası arasında olan əlaqələr hansı mərhələlərdən keçib? Bu mövzu haqqında fikirlərinizi bilmək istəyirik.

- Azərbaycan və Türkiyə arasında tarixi dərinliyi olan bir keçmiş var. Azərbaycan və Türkiyə tarixinə nəzər salsaq, görərik ki, mədəniyyətdə, inancda, adət-ənənədə, etnik məədə birlikdəliyi olan iki dövlət, bir millətik. Bu sözün qüvvəti iki dövlət arasında dialoqu bu günə qədər güclü edib. 10 iyul 2013-cü il tarixində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat katibi vəzifəsində çalışmağa başladım. İnşallah, təyin olunduğum bu vəzifədə uzun bir zaman çalışaram. Biz də bu günə qədər iki dövlət arasında yaşadılan isti və mehriban əlaqələri bundan sonra fəaliyyətimizlə, keçirilən tədbirlərimizlə daha da gücləndirəcəyik. Gəldiyim andan etibarən, Azərbaycan mediasını ziyarət etdim, televiziya və qəzet əməkdaşları ilə tanış oldum və jurnalist yoldaşlarımızla sıx əlaqə yaratdıq. Hazırda Azərbaycanın qabaqcıl qurumları olan, başda Mətbuat Şurası olmaqla, KİV ilə səmimi əməkdaşlıq edirik. Yaranan səmimiliyi və dostluğu böyük inamla gələcəyə aparmaq və əlaqələri dərinləşdirmək istəyirik. İnşallah, daha yüksək əlaqələrin yaranmasına səbəb olmaq istəyirik. Əlbəttə ki, məqamlar, vəzifələr insan üçün keçicidir. Ancaq vacib olan, Şeyxin ifadəsi ilə desək: “Əsas,minarədə xoş səda yaymaqdır”. Bizim də, bu vəzifədə olduğumuz zaman çərçivəsində niyyətimiz dövlətlər arasında mövcud zənginliyi daha da gözəl etməkdir. Bugünkü günə baxsaq vəziyyət çox ürəkaçandır.

-2014-cü ildə Türkiyə səfirliyi tədbirlər çərçivəsində hansı proyektlər həyata keçirəcək?

- Cənab səfirimizin səlahiyyəti dövründə də mətbuatla sıx əməkdaşlıq edirik. Səfirlikdə hər bir müşavirliyin fəaliyyəti əsasında xidmət sahəsi vardır. Ancaq biz mətbuat xidməti olaraq ilk əvvəl Azərbaycan mətbuatının və mətbuatda çalışan jurnalistlərin yüksək təcrübəsi haqqında bir çox fəaliyyət görürük.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan mediasının Türkiyədən, Türkiyə mediasının Azərbaycanda mövcud professional təcrübədən yararlanması faydalıdır. Bu əlaqəni daha da gücləndirmək məqsədilə konfranslar, panellər hazırlayırıq. İstər qəzetdə çalışan əməkdaşlarımız, istərsə də televiziyada çalışan əməkdaşlarımızı Türkiyəyə səfərə göndəririk. Burada məqsəd səfər zamanı əməkdaşlarımızın Türkiyə mediasının təcrübəsi ilə yaxından tanış olub, oradan öyrəndikləri təcrübəni burada inkişaf etdirməsidir. Şübhəsiz ki, Türkiyənin mətbuat sahəsindəəyyən bir səviyyəyə çıxdığı hər kəsə məlumdur. Bununla da Azərbaycan-Türkiyə mətbuat əlaqələri daha da birlik halında olacaq.

Mən, Azərbaycanı çox zəngin bir ölkə kimi görürəm. Azərbaycanın istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə hərtərəfli inkişafı göz önündədir. Biz mətbuat xidməti olaraq bir çox tədbirlər həyata keçiririk. Gələcəkdə yüksək səviyyəli və təcrübəli mətbuatın inkişafı üçün ali məktəblərdə tez-tez tədbirlər həyata keçirəcəyik. Müxtəlif universitetlərdə, fərqli ixtisaslarda təhsil alan tələbələr arasında mətbuata maraq göstərən gənclər üçün bir çox müsabiqələr keçiririk. Tədbirlərin məqsədi istedadlı gənclərimizi tanımaq və üzə çıxartmaqdır. Əsas məqsəd isə yeni nəslin bu sahəyə olan maraqlarını artırmaqdır. İnşallah bu tədbirlər sayəsində güclü qələm sahibləri yetişəcək və savadlı jurnalistlər inkişaf edəcək. Bu sahədə hər bir dəstəyi göstərəcəyik. Əsasən də Azərbaycan mətbuatı ilə sıx əlaqələr yaradacağıq. Təbii ki, bizim işimizin əsas yönü media sahəsidir.

- Azərbaycanla Türkiyə mediası arasındakı əlaqələr hansı səviyyədədir?

- Ümumiyyətlə, Azərbaycanın bu mövzuda məmnunluq verən rəftarını görürəm. Azərbaycan mediasının, Azərbaycan cəmiyyətinin istiqaməti Türkiyəyə yönəlib. Çünki Azərbaycan Türkiyəni sevir və hər tərəfdən Türkiyə ilə əlaqədə olur. Azərbaycan mediası Türkiyənin milli və beynəlxalq məsələlərinə hər bir mövzu ətrafında maraq və diqqət göstərir. Azərbaycan mətbuatında çalışan qardaşlarımızın Türkiyədə baş verən hadisələri davamlı olaraq izləmələri və həssaslıqlarını köşə yazılarında görüb qürur duyuruq. Türkiyə mətbuatı da öz növbəsində heç vaxt Azərbaycanla bağlı hər hansı bir mövzuda laqeydlik etməz.

Əlbəttə ki, Azərbaycanın beynəlxalq arenada diqqət etdiyi mövzular var. Bu mövzulara Türkiyə hər zaman həssaslıqla yanaşıb və bu həssaslığı davam etdirir. Azərbaycan - Türkiyə anlayışı davam etdiyi müddətdə bu həssaslıq da davam edəcək. Necə ki, Türkiyənin milli dəyərlərinə Azərbaycan diqqət edir və öz milli məsələləri olaraq əhəmiyyət edir, Türkiyə də hər zaman Azərbaycanın tərəfində və yanında olub. Bundan sonra da əbədi olaraq yanındadır. Çünki bu mövzuda istər ölkə başçılarının, istərsə də nazirlərimizin danışdıqları mövzular vardır. Onları təkrar deməyə ehtiyac yoxdur. Bu, Azərbaycanla Türkiyənin milli məsələsidir.

Azərbaycan mətbuatının Türkiyədən fərqli gözləntiləri var. Əlbəttə ki, Qafqazda olan ölkələr və türk dövlətlərinin varlığı Türkiyə Cümhuriyyəti üçün önəmlidir. Türkiyənin bir tərəfi Qərblə, bir tərəfi Şərqlə əhatəli olunduğu üçün başqa sözlə desək, bir çox ölkələrlə qonşu olduğu üçün xalqlar arasında Cümhuriyyətimiz səmimi və isti münasibətlər yaradır. Bölgələrdə sabitlik bərqərar olunsun deyə, gələcəkdə də bu münasibətləri genişləndirmək niyyətindədir. Bu səbəbdən Türkiyə - Azərbaycan münasibətləri heç zaman pozula bilməz.

Azərbaycan dövləti Türkiyə üçün vacib bir ölkədir. Türkiyə kürəyini Azərbaycana çevirdiyi zaman çox rahatdır. Bilir ki, heç vaxt Azərbaycandan ona zərər gəlməz. Biz bunu bilirik və buna inanırıq. Eləcə də, Azərbaycan da kürəyini Türkiyəyə söykədiyi zaman bilir ki, arxasında dost və qardaş Türkiyə var. Bu etimadı da zaman-zaman günümüzdə yaşayıb görürük. Bütün bunlara baxmayaraq, iki ölkə arasındakı dostluq və qardaşlıq qüsursuz davam etməkdədir.

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-18 fevral.-s.7.