Aysel Mehdiyevanın rəsm əsərləri Çexiya və Yaponiyada nümayiş olunacaq

“Sərgilərdə ən çox tamaşaçıları portretlər cəlb edir. Çəkdiyim əsərlər içərisində çətin başa gələn də var, asanları da. Amma cizgilər olduğu üçün portret çəkmək çətindir”

Azərbaycan xalqının mədəniyyət və incəsənəti çoxəsrlik tarixə malikdir. Onu qoruyub saxlamaq, inkişaf etdirmək hər bir ölkə vətəndaşının mənəvi borcudur.

İncəsənət bizim milli sərvətimizdir və əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olub. Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya Azərbaycanın qədim dövlət olduğunu göstəririk. Qədim dövrlərdə belə bizim incəsənət, ədəbiyyat və mədəniyyətiniz inkişaf edib. Azərbaycanda rəssamlıq sənəti də qədim dövrə söykənir. Real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq, hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərin canlandırıldığı rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Ötən müddət ərzində Azərbaycan rəssamlıq sənəti tarixində öz imzasını qoyan sənətkarlamız olub. Bu gün yetişən gənc rəssamlar da məşhur rəssamlarımızın yolunu davam etdirməli, rəssamlıq məktəbini yaşatmalıdırlar. Bu gün ölkəmizdə də kifayət qədər gənc rəssamlarımız var ki, bu gün əsərləri nəinki ölkədə, xaricdə belə müxtəlif sərgilərdə nümayiş olunur. Onlardan biri də hazırda öz əsərləri ilə rənglər dünyasında addımlayan gənc rəssam Aysel Mehdiyevadır. Suraxanı rayon Qaraçuxur qəsəbəsində C.Rəhimov adına 146 saylı tam orta məktəbdə təhsil alan Aysel fırçası ilə müxtəlif janrlarda əsərlər yaradır. Təhsil aldığı orta məktəbdə sinif rəhbəri Alı Kərimov da Ayselin bir şagird kimi dərslərə ciddi yanaşmasından razıdır. Ayselin anası Səbinə xanım deyir ki, o hələ kiçik- 4 yaşından rəsm çəkməyə maraq göstərib. Bu istedadının təsadüfi olmadığını deyən Səbinə xanım bildirdi ki, Aysel musiqişünas ailəsində dünyaya göz açıb: “Atası Əsəd müəllim və mən də qarmonəllimiyik, ondan başqa bizim kökümüzdə bir neçə rəssam olub, yəni incəsənətə meyillilik olub. Aysel hələ kiçik yaşlarından gəlinciklərə paltarlar tikirdi, dizayn edirdi. Eyni zamanda rəsmlər də çəkirdi. Mən onu Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə apardım və orada Hacı müəllim onun ilk işlərinə baxdıqdan sonra rəsm çəkməyə davam etməsini bildirdi. İki ay idi ki, rəsm məktəbinə getmişdi, qalereyada təşkil olunan sərgidə Ayselin də rəsmləri nümayiş olundu. Sonra Aysel davamlı olaraq rəssamlıqla məşğul oldu. Bir müddət sonra isə fərdi sərgisi keçirildi. Hətta ANS telekanalında “Salam Azərbaycan” verilişində Ayselin əsərləri ilə bağlı süjet təqdim olundu. Bu sərgi çox uğurlu keçdi”. Ümumiyyətlə, sonra Ayselin uğurlarının çox olduğunu deyən Səbinə xanım deyir ki, onun rəsm əsərləri müxtəlif yerlərə, bölgələrə göndərilib. İkinci sərgisi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı məktəbdə təşkil olunan sərgi oldu: “Aysel indi də rəsm çəkməklə məşğul olur, ən çox portret çəkir. Ümumiyyətlə, düşündürücü rəsmlər çəkməyə üstünlük verir. Bir mövzu olduqda məsələn, Xocalı ilə bağlı rəsm çəkmək tapşırılanda uşaqlar eyni şəkillərə müraciət etsə də, Aysel tam fərqli bir rəsm çəkir. Təhsilində də çox yaxşıdır. 1-ci sinifdən hazırda təhsil aldığı 9- cu sinifə kimi bir “4” qiymət almayıb, hamısı “5”dir”. O da vurğulandı ki, bu il Ayselin bəzi əsərlərini bir neçə xarici ölkəyə göndəriblər. Belə ki, sərgidə nümayiş olunacaq bu rəsm əsərləri Çexiya və Yaponiyaya göndərilib: “Orada uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq ki, Ayselin də çəkdiyi rəsmlər orada yer alacaq. Bundan başqa istəyirik ki, may ayına kimi Ayselin əsərlərindən ibarət fərdi sərgi keçirək. Onu da qeyd edim ki, “Bayraq Günü” ilə bağlı keçirilən sərgidə Aysel I yerə layiq görüldü. Maraqlı odur ki, Aysel tez-tez kompozisiya qurur. Gələcəkdə onun Rəssamlıq Akademiyasına qəbul olunmasını istərdik. Düzdür, məktəbdə müxtəlif fənləri yaxşı bilir. Amma görürəm ki, rəssamlıq onu daha çox cəlb edir”. Qeyd edək ki, Ayselin əsərləri sırasında neft, bayraq, portretlər, çiçək, hətta akademik Zərifə Əliyevanın rəsmi yer alıb. Adətən, rəsm əsərlərinə üstünlük verən tamaşaçılar da sərgilər zamanı bəyəndikləri əsərləri alırlar. Səbinə xanım deyir ki, Ayselin birinci sərgidə nümayiş olunan əsərləri içərisində onlardan birini 400 manata almaq istəsələr də onlar razı olmayıblar: “Hələ ki, əsərlərini satmaq istəmirik, böyüdükdən sonra inşallah baxarıq. Eləcə də kiçik olduğu üçün kiminsə portretini çəkməyə icazə vermirəm”.

Aysel özü deyir ki, hələ kiçik yaşlarında rəsm çəkməyə həvəsi olub: “Əsasən portret, heyvan rəsmləri çəkməyə üstünlük verirəm. Vətənpərvərlik mövzusunda, o cümlədən Xocalıya aid rəsmlər çəkmişəm. Sərgilərdə ən çox tamaşaçıları da portretlər cəlb edir. Çəkdiyim əsərlər içərisində çətin başa gələn də var, asanları da. Amma portret çəkərkən cizgilər olduğu üçün çətindir. Ən çox qadın portretləri çəkməyə üstünlük verirəm. Ölkəmizdə böyük rəssamlar var və onların yolunu davam etdirmək istərdim. Ancaq hazırda mənim ən çox dizayna meyilim var. Yəqin ki, gələcəkdə rəssamlıqla hobbi kimi məşğul olacam”. Anası Səbinə xanım isə deyir ki, hazırda Aysel rəssamlıqla məşğul olur, ancaq hələ kiçik yaşda olduğu üçün gələcək peşəsi ilə bağlı qəti qərar verməyib: “Əvvəllər modelyer olmaq istəyirdi. Məktəbdə də onun rəssamlıqla məşğul olmasını çox yaxşı qarşılayırlar”. Dərsdən sonra həyətdə uşaqlarla oynamağa o qədər də üstünlük vermədiyini deyən Aysel deyir ki, adətən evdə cizgi filmləri izlədikdən sonra onda rəsm çəkməyə həvəs yaranır. Onu da qeyd edək ki, Ayselin əsərləri məşhur sosial şəbəkələrdən olan “youtube.com”da da nümayiş olunur. Ümumiyyətlə, 2013-cü il Aysel üçün çox uğurlu keçib və hazırda onun rəsm üzrəəllimi Nərmin Abdullayevadır. Aysel deyir ki, sərgilərdə əsasən digər uşaqlar peyjaz janrına üstünlük verirlər: “Amma mən daha çox qrafikaya üstünlük verirəm. Sulu boyayla da işləyirəm, amma çox deyil. Qrafika çətindir. Eyni zamanda sulu boyayla işləyəndə onu pozmaq olur, qrafikanı pozmaq çətindir. Xaricə göndərdiyim əsərlərim isə əsasən naturadır. Əsasən axşamlar çəkməyi sevirəm”. Anası deyir ki, Aysel çətin əsərləri çəkməyi sevir: “Bundan başqa istəyirik ki, Ayselin əsərlərini kataloqa daxil edək. Fərdi kataloq gələcəkdə ola bilər”.

Nigar Abdullayeva

Palitra.-2014.-19 fevral.-S.11.