Yenilik musiqişünasın təfəkkürünün təcəssümüdür”

 

Professor Həcər Babayeva: “Musiqişünas öz məqalələri yazdığı monoqrafiyalarla zamana cavab verməlidir”

 

Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayevadır.

 

- Həcər xanım, ilk qadın bəstəkarlarımızdan olan Ağabacı Rzayeva haqqında yenicə nəşr olunan monoqrafiyanızla bağlı nə deyə

bilərsiniz?

- Bu kitabı hazırlamaq üçün İradə Yaqubovanın başçılıq etdiyi ELS Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən Ağabacı Rzayevanın 100 illik yubileyi münasibətilə onun haqqında kitab yazılması üçün Bəstəkarlar İttifaqına Müraciət olundu. Çünki Ağabacı Rzayeva haqqında kifayət qədər məlumat yoxdur və Bəstəkarlar İttifaqı bu kitabın hazırlanmasını mənə həvalə etdi. Mən də böyük məmnuniyyətlə razılıq verdim. Azərbaycan bəstəkarlarının bir dövrü var ki, 60 -70-ci illər bəstəkarlarımız haqqında demək olar ki, məlumatımız yoxdur. Məsələn, Ağabacı Rzayeva, Hökümə Nəcəfova, Ədilə Hüseynzadə, Cahangir Cahangirovbir sıra bəstəkarlarımız haqqında monoqrafiyamız yoxdur. Biz “Azərbaycan musiqi ədəbiyyatı” fənni keçirik. Klassiklərimizdən danışırıq. Amma müasir dövrə, 20-ci əsrin sonlarına gəldikdə isə artıq bizdə kifayət qədər material yoxdur. Ayrı-ayrı məqalələr, fikirlər var. Ancaq onlar haqqında toplum şəklində yazılan kitab yoxdur. Məsələn, mən Ağabacı Rzayeva haqqında kitab yazmağa başlayanda internetdən məqalələr əldə etdim. Həmin məqalələrdə fikirlər təkrar olunurdu. Çünki bu məlumatlar Ağabacı Rzayevanın bacısı Ruqiyyə xanımın gündəliklərindən əldə edilib. Dövlət arxivindən gələn materialları da nəzərdən keçirəndə Ruqiyyə xanımın gündəlikləri ilə qarşılaşdım. Bizo gündəliklərə, bəzi arxiv materiallarına, Bəstəkarlar İttifaqının fonduna baxaraq, onun yazdığı əsərlərə əsasən bu kitabı ərsəyə gətirmək mümkün oldu. Həm də onunla çalışan həmkarlarının, onun haqqında fikir söyləyən bəstəkarların yazıları, onun tələbələri Zabitə Məmmədova və ən əsası da Gülcahan Əzizovanın xatirələri də kitaba daxil edildi. Bu xatirələr, yazılar, arxivdən əldə etdiyimiz şəkillər və Ruqiyyə xanımın gündəlikləri bu kitabı yazmağa imkan verdi. Əlbəttə ki, təkcə Ağabacı Rzayeva haqqında deyil, eyni zamanda başqa bəstəkarlar haqqında da belə kitablar dərc olunmalıdır.

 

“İstər müasir musiqi, istərsə də avanqard musiqi olsun onun ünvanı Azərbaycan olmalıdır”

 

Bir sözlə onu deyə bilərəm ki, Azərbaycanın ilk qadın bəstəkarlarından olan Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva haqqında bir monoqrafiya artıq hazırdır.

-Bəstəkarlar İttifaqının üzvü olan gənc musiqişünasların araşdırmaları sizi qane edirmi? Onların yaradıcılıqları haqqında hansı fikirdəsiniz?

- Gənc musiqişünaslar nəsə etməyə can atırlar. Məsələn, muğam tədqiqatlarına nəzər yetirirlər, Azərbaycan xalq musiqisinin əsaslarının ladlarını tədqiq edirlər. Lakin mən bir professor olaraq onu deyə bilərəm ki, musiqişünaslıqda yeni söz demək lazımdır. Başqasının fikirlərini götürüb dəyişdirərək, öz fikrin kimi ifadə etmək yaradıcılıq işi ola bilməz. Əgər musiqişünas bir tədqiqata başlayırsa, o, əsərində yenilik axtarmalıdır.

Məsələn, baxmayaraq ki, şifahi xalq ədəbiyyatımızda bayatı janrı var, mən vaxtilə “Azərbaycan musiqisində bayatı janrı” mövzusu ətrafında tədqiqat aparırdım.

Bu tədqiqatı edərkən mən müqayisələrə əl atdım. Azərbaycan bayatısı ilə İraq Türkmanlarının xoyratlarını müqayisə etdim. Çünki Türkmən xoyratları bayatının bir növüdür. Daha sonra Azərbaycan bayatısı və türk musiqisində manilərin tədqiqatını apardım. Əsas da xoyrat, mani, bayatı - bu üçlüyün bir-birinə münasibətini tədqiq etdim.

Türkmən tədqiqatçısı Ata Tərzibaşı vaxtilə İraq xoyratları, Azərbaycan bayatıları və türk manilərinin ədəbiyyatda müqayisəsini vermişdi. 1985 -1988-ci illərdə yoldaşım Elxan Babayev işi ilə əlaqədar İraqa ezam olunduğu zaman, mən də İraq xoyratları, Azərbaycan bayatıları və türk manilərinin musiqidə müqayisəsini etməyə çalışdım. Bir çox İraq xoyratlarını nota saldım. Əsasən də bu çalışmalar musiqi tədqiqatları üçün yeni fikirlər ortaya qoydu.

Kiçik qızım musiqişünas Aytac Elxanqızı ilk dəfə olaraq Azərbaycan musiqisində meyxana janrı mövzusunda tədqiqata başladı. 2003-cü ildə bu mövzunu bitirdi və müdafiə etdi. Böyük qızım Aynur Elxanqızı XX əsrdə Solfecio sistemlərini - fransız və Azərbaycan solfeciosunu müqayisə etdi.

Bunların hamısı gənc musiqişünasların musiqimizə bəxş etdiyi yeni töhfələridir. Gənc musiqişünasların yenilikləri var. Ancaq bu yeniliklər musiqişünaslıqda azdır.

Nəyə görə? Çünki hələ də yaradıcılığı tədqiq olunmamış bəstəkarlarımız var. Tədqiq olunmamış janrlarımız var ki, musiqi dünyamıza təqdim etmək olar.

Bəzi gənc musiqişünaslarımız da var ki, yenilik gətirmək üçün çətin yolu seçirlər. Bəziləri də var ki, asan yolu seçib musiqişünaslığa qədəm qoyurlar. Bu da heç ürəkaçan bir xüsusiyyət deyil. Əgər musiqişünaslıqda bir söz deyilirsə, bu yenilik olmalıdır. Çünki bu yenilik musiqişünasın təfəkkürünün təcəssümüdür.

-Klassik musiqimizlə müasir musiqimizin vəhdətini nə təşkil edir? Gənc musiqişünaslar avanqard üsluba hansı fikirlə yanaşırlar?

- Zaman yeni fikir tələb edir. Yeni fikir yeni yazı üslubları ifadə vasitələri ilə ortaya çıxır. Əlbəttə ki, hər bir bəstəkar bunu professional şəkildə ortaya qoya bilmir. Yəni, avanqard üslubda yazdıqda hansı xalqa mənsub olduğunu da sübut etməlidir. Musiqi elə yazılmalıdır ki, dinləyici bu musiqinin Azərbaycan xalqına aid olduğunu anlasın. Firəngiz Əlizadə bunu ən bariz şəkildə sübut edir. Firəngiz Əlizadənin yazdığı bütün əsərlərə Azərbaycan adları verilir. Əsər xarici ölkədə ifa olunsa da, başlıq Azərbaycan dilindədir.Muğamsayağı”, “Habilsayağı”, “Abşeron”, “Yanardağəsərlərinin adları Azərbaycan adlarıdır. Ancaq qədər müasir yazı üslubu ilə yazılsa da, kökündə muğamımızın intonasiyaları, xalq musiqisi var. Bu zaman deyilir ki, bu, Azərbaycan bəstəkarının qələmidir. Mən hesab edirəm ki, avanqard üslubda yazan bəstəkarlarımız da Firəngiz Əlizadə yolunu getməlidirlər. Əgər biz müasirliyə can atırıqsa, müasir üslubda yazmaq istəyiriksə, Firəngiz Əlizadə yolu ilə getməliyik. Bu dahi bəstəkar Qara Qarayev yaradıcılığından irəli gəlir. O, müasir texnologiya ilə “III simfoniya”sını Skripka konsertini yazdı. Qara Qarayev hər iki əsərində göstərmək istəyirdi ki, Azərbaycan musiqisini dedekafoniya ilə yazmaq olar. Həmin əsərlərdə aşıq musiqisinin muğamın intonasiyaları var idi. Bizim müasir bəstəkarlarımızın bəziləri bunu yazıb ortaya qoya bilirlər. Amma bəziləri isə ifrat dərəcəyə gəlirlər. İstər müasir musiqi, istərsə avanqard musiqi olsun, onun ünvanı Azərbaycan olmalıdır.

-Gələcəkdə Azərbaycan musiqi mədəniyyətində hansı yaradıcılıq işləri görmək planınız var?

- Mən 40 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğulam. Əsas xoşbəxtliyimi isə tələbələrimdə görürəm. Əgər tələbələrimə bir şey aşılaya bildimsə, bu mənim ən böyük nailiyyətimdir. Bəzən 30 il bundan öncə dərs dediyim tələbəm qarşıma çıxır. Mənə deyir ki, mən hər şeydə sizə oxşamaq istəyirəm. Siz məni bu işə ruhlandırdınız. Sizin dərslərinizdən indiyə kimi bəhrələnirəm. Mən belə hesab edirəm ki, bir müəllim üçün bundan böyük mükafat ola bilməz.

Yaradıcılığa gəldikdə isə düşünürəm ki, musiqişünas bir yerdə dayanmamalıdır. Musiqişünas da öz məqalələri yazdığı monoqrafiyalarla zamana cavab verməlidir.

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-21 fevral.-S.13.