“Mən Azərbaycanlıyam” müsabiqəsinin qaliblərinə təqaüd verildi

 

Fevralın 20-də qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə və “Mən Azərbaycanlıyam” müsabiqəsinin qalibi olmuş şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirləri sadalayıb.

Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 nəfər ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə təsis edilib. O vaxtdan indiyədək ali təhsil müəssisələrində qış və yay imtahan sessiyalarıının nəticələrinə görə uğur əldə etmiş 1600 nəfərdən artıq tələbə bu təqaüddən yararlanıb.

Eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ATİAHİ Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə paytaxt məktəbliləri arasında “Mən Azərbaycanlıyam” müsabiqəsi keçirilib. Müsabiqənin qalibi olmuş 5 nəfər şagird ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülüb.

 

Təhminə

Palitra.-2014.-21 fevral.-S.6.