“Yeni sənaye müəssisələri
ixrac imkanlarımızı artıracaq”
İlkin
Quluzadə: “Təhsil aldığım Türkiyənin Mehmet
Akif Ersoy Universitetində “Xocalıya ədalət!”
yürüşü keçirəcəyik”
“Palitra”nın xaricdə təhsil alan azərbaycanlı tələbələrin təbliği ilə bağlı növbəti qonağı Türkiyənin Mehmet Akif Ersoy Universitetinin Beynəlxalq ticarət fakültəsinin II kurs tələbəsi İlkin Quluzadədir:
- Mən 1993-cü ildə Bakı şəhərində
dünyaya göz açmışam. Bakıda 113 saylı orta məktəbi
bitirmişəm. Ailəmiz 4 nəfərdən ibarətdir və ailə
üzvlərimiz ali təhsilli olduğu
üçün hər zaman mənə dəstəkləri
olub. Mən də daim təhsilə önəm
vermişəm. Hətta xaricdə təhsilə
üstünlük vermək qərarına gəldim. Nəhayət, Türkiyə universitetlərinə qəbul
imtahanlarında iştirak etdim və YÖS imtahanı ilə
Mehmet Akif Ersoy Universitetinin Beynəlxalq ticarət fakültəsinə
daxil oldum.
Xarici ölkələr arasında Türkiyəni
seçməkdə səbəb odur ki, bu ölkə digərlərinə
nisbətən bizə daha yaxındır. Hazırda, II
kursda oxuyuram. Hər bir tələbə
ilk dönəmlərdə çətinlik çəkir, amma
zamanla bu çətinlikləri aradan qaldırır.
Təhsil sisteminə baxdıqda bəzi dərslər
müəllimlər tərəfindən daha da gözəl
şəkildə başa salındığı
üçün çətin heç nə qalmır. Seçdiyim
bu ixtisas digər ixtisaslara baxdıqda daha gözəl və dəyərləndirmə
baxımından seçimli ixtisasdır. Onu
seçməyimin məqsədi odur ki, digər ölkələrlə
ticari əlaqələri daha da genişləndirmək və
ölkəmin bu ticari əlaqələrlə daha da
tanınmasına nail olmaqdır.
- Bu il ölkəmizdə “Sənaye ili” elan olunub. Bunun ölkəmizin iqtisadi inkişafında rolunu necə
qiymətləndirirsən?
- Mənim
fikrimcə, nə qədər sənaye yeri olarsa bizim bir
çox ölkələrlə ticari əlaqələrimiz
genişlənər. Məsələn, biz bəzi
məhsulları başqa ölkələrdən idxal edirik.
Amma ölkəmizdə gözəl sənaye
yerləri olarsa, ölkəmiz idxal etmək zorunda qalmaz, yeni və
geniş fəaliyyət göstərən sənayelər
ölkənin tələbatını ödəyə bilər.
Həmçinin digər ölkələr də
bu sənayelərə sərmayə yatıra bilərlər.
Yeni sənaye müəssisələri ixrac
imkanlarımızı artıracaq.
- Bizim təhsil
sistemi ilə orada hansı fərqləri görürsən?
- Bizim təhsil
sistemi ilə fərqi onda görürəm ki, burada dərs
anlatımı daha gözəldir və hər bir tələbə
dərsi həvəslə dinləyir, müəllimlər tələbələrlə
hər zaman maraqlanırlar. Burada bir şeyin də
şahidi oldum ki, universitet rektoru ilə nə vaxt istəsən
səmimi söhbət etmək olur. Eləcə
də tələbələrə hər cür şərait yaradılıb
və bir çox gəzintilər təşkil olunur ki, tələbələrin
dünyagörüşü daha da artsın.
<b>“Gənclərə sözüm odur ki, təhsil
almaq heç vaxt gec deyil, insan istədiyi vaxt təhsil ala bilər. Çünki indiki zamanda təhsilli
insanın daha da irəliyə getmək, inkişaf etmək
imkanı yaranır”
Oxuduğum universitetdə bəzi dərslərin davamiyyətinə
baxılır və davamiyyətdən qaldığın təqdirdə
imtahanlara girmək olmur. Burada davamiyyət kimi dərslərdə
tələbənin daha fəal olmasına da baxılır.
İmtahanlar test üsulu və klassik olur, bu suallar ixtisas
müəllimləri tərəfindən hazırlanır. İmtahanlar qruplara bölünərək təşkil
olunur. İmtahanlardan qabaq universitet
saytında göstərilir ki, hansı sinifdə, saat neçədə
imtahan keçiriləcək. Klassik imtahan
isə yazılı imtahan olur. Yəni, yazılı
imtahan odur ki, sual verilir və o sualın cavabını
özümüz yazmalıyıq.
-Müəllimlərlə
tələbələrin münasibətləri necə qurulub?
- Müəllimlərlə
tələbələrin münasibəti çox
yaxşıdır. Hər zaman nə çətinliyin
oldu, müəllim səni dinləyir və əlindən gələn
köməkliyi göstərir. Məsələn,
dərs keçilir başa salınır, bəzən olur ki,
mən heç özümdə nəyisə başa
düşmürəm. Öz müəllimimlə
danışıram ki, bu dərsi başa düşmədim.
O mənə yenə bu dərsi başa salır, yəni təhsilimizin
qayğısına çox gözəl qalırlar.
-Boş
vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Əsasən idmanla məşğul oluram. Özüm də
idmançıyam, 2 il yarım cüdo ilə
məşğul olmuşam. Universitetlə əlaqədar
idmanı buraxmalı oldum. Amma oxuduğum
indiki universitetdə fitnesslə məşğul oluram və
fitness müəllimi kimi çalışıram. Boş vaxtlarımın bir çox hissəsini də
kitab oxumaq və əyləncə ilə keçirirəm.
-Bu
universitetdə fitnesslə məşğul olan başqa azərbaycanlı
tələbələr də vardı…
- Bəli,
bir çox tələbələr olduğu kimi, azərbaycanlı
tələbələr də fitnesslə məşğuldur. Universitetin bizə verdiyi belə gözəl şəraitlərdən
yararlanırıq. Bu idman növünü
davam etdirmək fikrindəyəm, çünki idman hər
zaman sağlamlığı qorumağa köməkdir və əlimdən
gəldiyi qədər hər kəsi idmana dəvət edirəm.
Oxuduğum universitetdə bir çox tələbələri
idmana dəvət edərək maraq yaratdım və onları
siqaretin zərərlərindən uzaq etdim.
- Bununla
bağlı gənclərə nə tövsiyə edərdin?
- “Təhsil
millətin gələcəyidir ”,- deyən
ulu öndər Heydər Əliyev heç vaxt öz dəstəyini,
diqqətini gənclərdən əsirgəməyib. Bu ənənəni bu gün də möhtərəm
Prezidentimiz İlham Əliyev davam etdirir. Gənclərə
sözüm odur ki, təhsil almaq heç vaxt gec deyil, insan istədiyi
vaxt təhsil ala bilər. Çünki
indiki zamanda təhsilli insanın daha da irəliyə getmək,
inkişaf etmək imkanı yaranır. İdmanla
bağlı da onu deyərəm ki, sağlam insan sağlam
ölkə deməkdir. Yəni, hər kəsi
idmanla məşğul olmağa səsləyirəm və
ölkəmiz günü-gündən daha gözəl
inkişaf edir. İnkişafı təhsildə
və idmanda gördükdə daha da sevinirəm.
-Tələbə
yoldaşlarının Azərbaycana münasibəti necədir?
-
Oxuduğum universitetdə Azərbaycana münasibət
yaxşıdır və mən ölkəmi xarici tələbələrə
tanıdıram. Onlara mədəniyyətimizi
öyrədirəm və ən əsasda dilimizi öyrədirəm.
Beləcə tələbə yoldaşlarım
Azərbaycanı çox xoşlayırlar. Tələbə yoldaşlarımın ən
xoşladığı Azərbaycan xalqının qonaqpərvər
olmasıdır. Bəli, az da olsa əlimdən
gəldiyi qədər öyrədirəm. Onlar
bizim dilin çox şirin və sevilən olduğunu deyirlər.
-Bəs
onları ölkəmizə dəvət etmisənmi?
- Bəli,
dəvət etmişəm. Bu yay tətilində
inşallah Bakıda qonaq olmaq istədiklərini deyiblər.
Onların arasında türk, ərəb,
çin, burkina fasolu da var.
-Orada Azərbaycanla bağlı tədbirlərdə
iştirak edirsinizmi?
- Burada
bir çox tədbirlər təşkil etmişik. İki ildir ki, “Xocalıya ədalət” adlı
aksiya keçiririk. Bu aksiyada bütün
türk tələbələri ilə yanaşı, digər
millətin tələbələri də bizə dəstək
olurlar və bir çox ölkələrdə tələbə
yoldaşlarımın sayəsində Xocalı
soyqırımının tanınmasına
çalışırıq, istəyirik ki, digər ölkələrdə
təşkil olunan tədbirlərdə də təmsil olunaq.
Belə ki, 2012-ci ildə "Justice for
Khojaly" adlı Kiprdə keçirilən beynəlxalq
aksiyada iştirak etmişik. Bundan başqa
Kiprdə keçirilən bir çox tədbirlərdə və
İstanbulda turizm sərgilərində Azərbaycanı təmsil
etmişəm.
-26 fevral
Xocalı soyqırımı günüdür. Bununla
bağlı Türkiyədə gənclər tərəfindən
yenə tədbir təşkil olunacaqmı?
- Hər il olduğu kimi bu il də universitetimizdə
“Xocalıya ədalət!” yürüşü keçirəcəyik.
Bir çox xarici tələbələr də
bizə bu yürüşdə dəstək olacaqlar. Bizim qardaş Türkiyənin bir çox yerlərində,
demək olar ki, hər yerində “Xocalıya ədalət!”
yürüşü keçiriləcək. Mənim fikrimcə, bu cür tədbirlər ölkənin
daha da tanınmasında və inkişafının nəzərə
alınmasında böyük rol oynayır. Xocalı ilə bağlı tədbirlərin təsiri
nəticəsində bir çox Avropa ölkəsi Xocalı
soyqırımını tanıdı. Yəni,
bu bir faktdır ki, nə qədər çox təbirlər təşkil
olunarsa bir o qədər yaxşıdır.
-Azərbaycanlı
uşaqların xaricdə təhsil almasını necə qiymətləndirirsiniz?
- Mən
yaxşı qiymətləndirirəm. Çünki xaricdə
təhsil alan tələbə gözəl
bilik almaqla yanaşı, dünyagörüşü və
düşüncə tərzi daha da artır və bir
çox xarici tələbələrlə ünsiyyətdə
olur. Bu, tələbəyə bilik qabiliyyətini
artırmasına və xarici dilinin təkmilləşməsinə
daha da kömək edir. Tələbə təhsil
aldığı ölkədə mədəniyyət, eləcə
də bir çox şeyləri öyrənmək imkanı əldə
edir. Buna görə də xaricdə təhsil
almağı yaxşı qiymətləndirirəm. Xaricdə təhsil çox gözəldir,
buradakı universitetlərdə gözəl müəllim heyəti
sayəsində tələbə istədiyini ala bilir.
Burada təhsil alan hər bir gənc parlaq
bir gələcəyinin olduğunu düşünə bilər.
Azərbaycanlı gənclərin xaricdə təhsilə
önəm vermələrini istərdim.
-Təhsilinizi
bitirdikdən sonra harada çalışmaq istəyirsiniz?
-Mən təhsilimi
bitirdikdən sonra öz ölkəmdə işləmək
istərdim. Düzdür, bir çox ölkələrdə
indiki oxuduğum ixtisas üzrə gözəl iş imkanı
var, onu dəyərləndirmək istəyərəm. Amma bu ixtisasımın ölkəmə daha
faydalı olduğunu bilərək ölkəmdə işləməyi
daha üstün tutaram.
-Təhsil
aldığın sahə üzrə hansı yenilikləri etmək
istərdin?
- Təhsil
aldığım sahə üzrə isə öz ölkəmdə
işləsəm bir çox ticari əlaqələrin
genişlənməsinə və ölkəmizin ticari
baxımdan daha da tanınmasına nail olmaq istərdim. Çünki ölkəmiz indiki dönəmdə
daha çox neft və qaz ölkəsi kimi tanınır.
Mən ölkəmizdə bir çox sənaye
yerlərinin açılmasını istəyirəm. Bununla da bir çox dünya ölkələrinə
sübut edə bilərik ki, Azərbaycan yalnız neft-qaz
ölkəsi deyil.
Nigar Abdullayeva
Palitra.-2014.- 22 fevral.-S.7.