“Gənclərimiz milli mədəniyyətimizi dünyaya nümayiş etdirir

 

Rüfət Cavadzadə: “Elm və təhsil cəmiyyətin

inkişafının təmin olunmasında aparıcı rola malikdir

“Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi 2011-ci ildə təsis edilib. Birliyin əsas məqsədi gənclərin müasir, sağlam düşüncəli inkişafına dəstək verilməsi, sosialictimai proseslərdə aktivliyinin artırılmasına nail olunması, cəmiyyətdə hüquq və azadlıqların müdafiə üsulları ilə əlaqədar maarifçilik işinin aparılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi və onların bu proseslərə təsirinin gücləndirilməsindən ibarətdir. Birlik, gənclər arasında elm və təhsilə marağın artırılması, gənclərin sağlam, müasir və vətənpərvər ruhda inkişaf etmələrinə dəstək verərək, onların zərərli vərdişlərdən uzaqlaşmalarına və müasir texnologiyalardan istifadə etmələrinə köməklik göstərir. Təşkilatın sədri Rüfət Cavadzadə qəzetimizə müsahibəsində dedi ki, fəaliyyətə başladıqları müddətdən bu günə kimi gənclərin inkişafı, onları narahat edən problemlərin həlli istiqamətində ciddi işlər ortalığa qoyub, gənclərin maarifləndirilməsi istiqamətində bir sıra layihələr icra ediblər.

- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

-Alman mütəfəkkiri İohann Volfanq Höte qeyd edirdi: “Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir”. Elm və təhsil cəmiyyətin inkişafının təmin olunmasında aparıcı rola malikdir. Hər bir dövlətin gələcək inkişafı onun təhsil sistemindən mütənasib şəkildə asılı olub, daim diqqət tələb edir. Belə ki, bu gün məktəblərimizdə təhsil alan şagird və tələbələr sabah müxtəlif sahələrin aparıcı mütəxəssislərinə və rəhbərlərinə çevriləcəklər. Bu şagird və tələbələrimizə verilən bilik, bacarıq və davranışların real səviyyəsi, bir neçə onillikdən sonra ölkəmizin ümumi səviyyəsinin göstəricisi olacaqdır.

Azərbaycanın Avropa Şurasına daxil olması ölkəmizdə gedən təhsil islahatlarının məhz Avropa standartları çərçivəsində aparılmasını tələb edir.

Düşünürəm ki, hazırkı dövrdə elm və təhsil sisteminin inkişafı üçün hərtərəfli şərait yaradılıb. İnformasiya texnologiyalarının sürətli inkişafı gənclərimizin elm, təhsil və digər sahələrə çıxışının təmin edilməsinə imkan verir.

-Gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?

-Qeyd etmək istərdim ki, əsas hədəflərimizdən biri də yüksək dünyagörüşünə malik vətənpərvər gənclərimizin yetişdirilməsində öz töhfələrimizi verməkdir. Bu məqsədlə fəaliyyətimiz əsnasında mütəmadi olaraq gənclərlə dövlətə bağlılığın əhəmiyyəti, mədəni irsin qorunması barədə də söhbətlər aparırıq.

Əlbəttə ki, son zamanlar gənclərin aktivliyi istənilən sahədə özünü büruzə verir. Artıq gənclər dünyada Azərbaycanın təbliğatını aparır, milli mədəniyyətimizi dünyaya nümayiş etdirir və beynəlxalq arenalarda ölkəmizi təmsil edir. Bütün bunlar yüksək qiymətləndirilməlidir. Şübhəsiz ki, gənclərin bu gün cəmiyyətimizdə aktivlik göstərməsi bir daha onu sübut edir ki, Azərbaycan gənci öz dövlətini sevir, onun mədəniyyətini, tarixini, siyasətini dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəmir və öz yükünü, bu millətin onlardan olan gözləntilərini dərk edir. Sözsüz ki, bu, sevindirici haldır. Hesab edirəm ki, hər bir gənc ilk növbədə sahib olduğu milli-mənəvi dəyərlərə daim ehtiramla yanaşmalı, vətənpərvərlik duyğusunu bütün hisslərdən üstün tutmalı, ona güvənən xalqının etimadını daim doğrultmalıdır.

-Hansı maarifləndirici layihələr həyata keçiribsiniz?

- Fəaliyyətimiz dövründə çoxsaylı uğurlu layihələr həyata keçirilib. Buna misal olaraq hüquqi məsələlərdə çətinlik çəkən imkansız gənclər, habelə, köməyə ehtiyacı olan ailələr üçün ödənişsiz hüquqi məsləhət xidmətlərini - layihənin davam etdiyi 3 ay ərzində 100-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə zərərli vərdişlərlə mübarizəni təbliğ edən “Sağlam Gələcək Naminə”, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığımız erkən nikahinsan alveri ilə mübarizəni əhatə edən “Uğurlu gələcək naminə” layihələrini göstərmək olar. Layihələr çərçivəsində ölkə ərazisində silsilə təlimlər, seminarlar keçirilib. Təlim zamanı iştirakçılara zərərli vərdişlərlə mübarizə üsulları, maarifləndirmə işi təşkil edilib, həmçinin təhsil müəssisələrində təlim - təbliğat xarakterli müzakirələr aparılıb.

Bununla yanaşı, təşkilatın təşəbbüsü ilə gənclərə hüququn əsasları barədə məlumat vermək və gənclərin hüquqi biliklərini inkişaf etdirmək məqsədilə “Hüquqi Maarifçilik Məktəbi” layihəsi, ailə zorakılığı və onun nəzəri-praktiki aspektləri və ailə institutu mövzusunda sosial-psixoloji seminarlar keçirilmişdir. Biznes həyatına qədəm qoymaq istəyən və ya qurduğu biznesi inkişaf etdirmək istəyən gənclər üçün maarifləndirici seminarlar təşkil olunub. Eyni zamanda gənclərin istehsalat prosesi ilə tanışlığını təmin etmək məqsədi ilə iri istehsal müəssisələrinə, asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar olaraq respublikamızın müxtəlif bölgələrinə gəzintilər təşkil olunub.

Bu gün qan xəstəliklərindən əziyyət çəkən minlərlə uşaq var. Biz də gənclər təşkilatı olaraq bu məsələyə biganə yanaşa bilməzdik. “Uşaqlar Bizim Gələcəyimizdir” şüarı altında qanvermə aksiyası keçirdərək cəmiyyətin diqqətini bu istiqamətə cəlb etməyə çalışdıq.

Unutmamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir. Onların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasına dəstək vermək hər birimizin vətəndaşlıq borcudur.

Həmçinin insan şəxsiyyətinin formalaşdırılması, asudə vaxtın səmərəli keçirilməsində kitabların böyük rol oynadığını nəzərə alaraq təşkilatımız tərəfindən “Kitab aksiyası ” təşkil olunub.

Qeyd olunanlardan əlavə, gənclərin maariflənməsinə yönəlmiş bir sıra layihələrimiz olub.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

- Məlum olduğu kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur.

Qeyd edim ki, aktiv qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin baza rolunu oynayır.

Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda ölkəmizdə mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə hərtərəfli dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Vətəndaş cəmiyyəti institutu olaraq biz də mütəmadi olaraq günümüzdə maarifləndirməyə ehtiyac olan sahələri müəyyən edir, fəaliyyətimizi də tələb meyarına uyğun qururuqöz növbəmizdə gənclərə dəstək olmağa, bu sahədə uğurlu gənclər siyasətinə töhfə verməyə çalışırıq.

Onu da qeyd edim ki, hazırda təşkilatımız yeni layihələr üzərində çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin elan etmiş olduğu müsabiqələrə günümüz üçün aktual olan sahələrə uyğun yeni layihələr təqdim edilib. Məqsədimiz 2014-cü ildə də fəaliyyətimizi daha da genişləndirmək və layihələrimizdən daha çox gəncin yararlanması üçün ciddi addımlar atmaqdır.

-Gənc nəslin elm və təhsilini artırmağa marağı necədir?

- Müasir Azərbaycan gənci daim axtarışlar içərisindədir. Hazırda dünyamızda, eləcə də ölkəmizdə insan kapitalına verilən dəyəri daha dərindən dərk etməkdədirlər. Məhz bunun nəticəsi olaraq gənclər elmə və təhsilə daha dərində yiyələnməyə çalışırlar. Müxtəlif sahələrdə peşəkarlaşmaq üçün xarici universitetlərə üz tuturlar. Bütün bunlar elmə və təhsilə olan marağın göstəricisidir.

- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

- Bu bir həqiqətdir ki, gənclik millətin varlığı, inkişafı üçün təməl daşıdır və hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənclərlə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca hədəfdir. Dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri olmaqla, ölkədə cərəyan edən əksər əhəmiyyətli proseslərin mərkəzində dayanırlar. Bu gün də ölkə gənclərinin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradılması, dövlət idarəçilik sistemində gənclərin önə çəkilməsi təsadüfi hal deyil. Bütün bunlar isə Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz rol oynayır.

Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək İctimai Birliyi olaraq Azərbaycan gəncliyinin inkişafı strategiyasını özündə əks etdirən “Azərbaycan gəncliyi 2011 -2015-ci illərdə” Dövlət Proqramını rəhbər tutaraq fəaliyyətimizi qururuq. Hesab edirik ki, günümüzdə gənclərin asudə vaxtını daha səmərəli təşkil etməklə onların ictimai fəallığının artırılmasına, onların cəmiyyətə rahatlıqla inteqrasiya olmalarına nail ola bilərik.

Günümüzdə vətəndaş cəmiyyətinin bir hissəsi olan ictimai birliklər tərəfindən gənclərin maarifləndirilməsi istiqamətində bir sıra uğurlu layihələr icra edilməkdədir. Lakin bir az problemli cəhət maarifləndirici layihələrin layihə icraçıları tərəfindən davamlılığının təmin edilməməyi və layihələrin qısamüddətli olmasıdır.

-Perspektivdə hansı layihələr gözlənilir?

- Gənclər təşkilatı olaraq biz də gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsinə dəstək verməyə çalışırıq.

Yeni ilin başlanğıcı olduğunu nəzərə alsaq qarşıda bir çox yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin icra etdiyimiz layihələrin davamlılığını təmin etmək məqsədilə müxtəlif qrant təşkilatlarına müraciət etmişik.

Qarşıda Xocalı soyqırımı ilə bağlı “Xocalıya Ədalət” şüarı adı altında layihəmiz olacaq, bu məqsədlə praktiki konfrans, yürüş təşkil olunacaq, həmçinin beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin elektron poçt ünvanlarına Xocalı həqiqətləri ilə bağlı bəyanatlar göndəriləcək. Günümüzdə yayılmaqda olan zərərli vərdişlərlə bağlı geniş fəaliyyətə başlamaq niyyətindəyik, ilin ikinci yarısından hüquq məktəbi layihəsinə start veriləcək. Qeyd olunanlardan əlavə olaraq mart ayından etibarən tərəfdaş qismində üç müştərək layihələrin icrasına başlayacağıq.

Əlavə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin elan etmiş olduğu müsabiqələrə yeni layihə təklifləri təqdim edilib. Dəstək olunacağı təqdirdə qeyd olunan layihələrin də icrasına başlayacağıq.

Fuad Hüseynzadə

Palitra.-2014.-25 fevral.-S.11.