“Almaniyadakı gənclərimiz daha aktiv olmalıdır”
Telman Əliyev: “Azərbaycan xaricdə
nə qədər uğur qazanarsa,
o qədər də çox
qürurla bu haqda görüşlər keçirilə bilər”
Müsahibimiz Telman Əliyev Azərbaycanda - Bakının Pirşağı qəsəbəsində anadan olub. Təhsilinə 188 saylı orta məktəbdə başlayıb. 9-cu sinifdən Bakı Avropa Liseyinə dəyişərək 1999-cu ildə oranı bitirib. Sonradan təhsilini Rusiyanın Sankt-Peterburq şəhərində davam etdirib. Tibb təhsilini 2005-ci ildə bitirdikdən sonra Almaniyaya üz tutub. Hazırda Almaniyada həkim fəaliyyəti göstərir, eyni zamanda Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) fəallarındandır./i>
- Necə oldu ki, məhz Almaniyaya üz tutdunuz?
- Almaniyaya üz
tutmağımın səbəbi mərhum babamın atama məsləhəti ilə
bağlıdır. Babam 40 yaşında əsgərliyə
çağırılıb. 2-ci Dünya
müharibəsi zamanı Almaniyaya kimi gəlib çıxıb. Burada
döyüş zamanı yaralanandan
sonra, bir
polşalı qadın tərəfindən ölülərin
arasından tapılıb və yardım ediləndən sonra, alman əsgərləri
tərəfindən lagerə aparılıb. Dediklərinə
görə, o, lagerdə gördüyü
işlərdən əlavə, orada olan insanlara Quran dərsi də deməyə davam edib. Müharibə
bitdikdən sonra Azərbaycana və öz ailəsinə geri dönüb. Atama Almaniyadan, xatirələrindən çox-çox danışıb və ona nə zamansa Almaniyaya getməsini məsləhət görüb. Deyilənə görə, alman dilini də bilib. Təəssüflər olsun
ki, mən babamı görməmişəm.
Atam isə babamın məsləhətini
və həmin hadisələri mənə danışaraq bu ölkəyə maraq
yaradırdı. Mənim
adım da məhz Almaniyadan gəlir. Ernst Telman
məşhur alman kommunisti olub.
Beləcə, mən təhsilimi bitirənə yaxın alman dilini öyrənməyə
başladım.
- Rusiyada tibb sahəsində
öyrəndiklərinizin sizə
köməyi oldu, yoxsa Almaniyada hər şeyi sıfırdan başlamalı
oldunuz?
- Ailəmizdə ilk həkim
mən oldum. Rusiyada öyrəndiklərimin mənə
çox köməyi
oldu. Təhsilimin 10 semestrini burada
tanıtdıra bildim və davamını isə Almaniyanın Açen şəhərində
başa vurdum.
- Belə bir fikir
var ki, keçmiş
sovet tibbi nəzəriyyəyə, Qərb
tibbi isə praktikaya üstünlük
verir. Siz bu fikirlə
razısınız?
- Azərbaycanın tibbindən
xəbərim olmadığı
üçün deyə
bilmərəm. Amma Rusiyada
bizə daha çox praktika verilirdi. Məncə, Amerikada nəzəriyyəyə
daha çox fikir verilir. Amma son zamanlar- həkimlərin başı
pul qazanmağa qarışandan sonra, tələbələrə az vaxt ayrılırdı
və belə də praktikaya imkanımız az olurdu. Hər bir tələbə
gərək özü
bir yol tapıb
praktika etsin. Elə də mən boş vaxtlarımda müxtəlif xəstəxanalarda
növbəyə qalaraq
praktika qazanırdım.
Almaniyada tibb təhsilinin son ili
yalnız praktikadır
və bu da işə başlamaq üçün
gözəl bir pillədir.
- Ümumiyyətlə, almanların
bizim tibbə nə dərəcədə
ehtiyacı var?
- Bu suala cavab tapmağa
çox çətinlik
çəkirəm. Əlbəttə, Azərbaycanın xalq təbabəti çox geniş haldadır. Amma indi mən orada
çox çətinliklə
həkimlərə güvənərəm.
Amma yaxşı bilən həkimlər də az
deyil. Bu günlərdə
Almaniyada tibb işçiləri çatışmazlığı
çox yüksəkdir.
Nəinki həkim, tibb
bacısı belə çatışmır. Mən ölkəmizdən
Almaniyaya gəlib burada təhsil almaq və işləmək
istəyənləri çox
xoş qarşılayıram.
Burada aldığımız biliklər
Vətəndə çox
gərəklidir. Amma almanların
Azərbaycana gedib və orada biliklərini
paylaşmalarını daha
çox istərdim.
Unutmayaq ki, məhz Almaniya
tibbi 20-ci əsrin əvvəllərində Azərbaycanda
çox böyük bir rol oynayıb.
Məhz köçəri almanlar Azərbaycana gələrək
orada məktəblər,
musiqi dərnəkləri
və tibbi yardım məntəqələri
də yaradıb və genişləndiriblər.
- Sizin tibb sahəsində
hansısa elmi kəşfiniz varmı?
- Mən Rusiyada təhsil alarkən neyrocərrahiyyə üzrə tələbələrarası dərnək yaradaraq, bu dərnəkdə elmi işlərlə məşğul olmuşam. Təəssüflər olsun ki, Almaniyaya gələndə işlərimi tələbə yoldaşlarıma buraxdım və burada davam etdirmədim. İndiki işlədiyim klinikada əsasən praktikaya daha çox üstünlük verilir.
- Almaniyada diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır?
- Biz gələndə diasporumuzun nəsilləri arasında əlaqə yarada bildik və çoxları bir-birini tanıyırdı. Getdikcə Almaniyada tələbələrimizin sayı çoxaldı və birlik bir çox yerdə və fərqli səbəbdən qırıldı. Ümid edirəm ki, səfirliyimiz və Diasporla İş üzrə Dövlət Komitəsi bu iş üzrə əlindən gələni əsirgəmir. Mən özüm tələbə olarkən bu işlə geniş məşğul olurdum. Təəssüf ki, işimə görə vaxtım çox az olur.
- Sizcə Almaniyadakı diasporumuz, bu ölkənin ictimai-siyasi mərkəzlərinə təsir imkanları olsun deyə hansı addımları atmalıdır?
- Azərbaycan xaricdə nə qədər uğur qazanarsa, o qədər də çox qürurla bu haqda görüşlər keçirilə bilər. Berlin Universitetində yaradılan Azərbaycan kafedrası böyük bir uğurdur. Gələcəkdə Austausch Proqramları daha genişləndirilərsə, məktəblilərin də Almaniya ilə əlaqəsi yaradılarsa, Azərbaycan mədəniyyəti burada geniş sahədə göstərilərsə, Azərbaycana maraq artar və bu da ictimai-siyasi baxımdan çox yaxşıdır.
Bizim gənclərə isə burada ictimaiyyətə inteqrasiya olmağı və alman siyasəti ilə dərindən maraqlanmağı məsləhət görərdim. Amma dilimizi və dinimizi gəlin unutmayaq! Bəzən xarici həkimlərdən eşidəndə ki, onların klinikasında bir azərbaycanlı həkim var, mən çox sevinirəm. Amma onların İslam dinindən imtina etməsini eşidəndə, bu məni çox üzür. Artıq Almaniyanın bir çox regionları İslam dinini tanıyır və dini məktəblərdə belə, öyrənməyə imkan yaradır.
- Sizcə, ATEİB- VASW qarşısına qoyduğu məqsədlərinə çata bilibmi?
-ATEİB hələ çox
gənc bir cəmiyyətdir. Əlbəttə
ki, bir çox
məqsədlərinə çata bildi. Artıq stabil tələbə
üzvü var və illik böyük
görüşlər keçirir. Amma bizim gənclərin daha aktiv olmasını çox istərdim və yeni
məqsədlərin yaranmasını və həyata
keçməsini arzu edərdim. İmkan daxilində kömək etməyə
mən də həmişə hazıram.
Fuad Hüseynzadə
Palitra.-2014.-27 fevral.-S.7.