Ziddiyyətli Avropa
Avropa Şurasına üzvlük mexanizminə uyğun olaraq, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrlik funksiyalarını həyata keçirməyə başlayır. Bu münasibətlə AŞPA-nın 24 iyun iclasında çıxış edən ölkə başçısı cənab İlham Əliyev son onillikdə ölkəmizin siyasi- iqtisadi və sosial-mədəni həyatında baş verən köklü dəyişikliklərin qısa xülasəsini təqdim etdi.
Ölkə başçısı əsas strateji tərəfdaş kimi güclü və sabit Avropa ilə sıx əməkdaşlığın Azərbaycanın milli maraqlarına cavab verdiyini və buna görə də Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq Avropa İttifaqı ilə çoxtərəfli, sıx və ardıcıl əməkdaşlıq etdiyini vurğuladı.
Hələ 1996-cı ildə “Tərəfdaşlıq və Əməkdaşlıq müqaviləsi”nin imzalanmasından sonra qarşılıqlı əməkdaşlığın müvafiq mexanizmləri işlənib hazırlanmış, 2004-cü ildə isə Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil olmuşdur. 2008-ci ildən etibarən Azərbaycanın Şərq Tərəfdaşlığı Təşəbbüsündə iştirakı nəticəsində Avropa İttifaqı ilə münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı münasibətlərin prioritet istiqamətlərindən biri olmaqla, həm Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına, həm də Avropa İttifaqının enerji təchizatının diversifikasiyasına əlverişli zəmin formalaşdırıb. Bütün bunlar sabit Avropanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Təsadüfi deyil ki, Avropaya və Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında ifadə olunmuşdur. Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə son görüşündə və eləcə də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında Avropa İttifaqı ilə münasibətləri Azərbaycan üçün prioritet adlandırması ölkəmizin tutduğu siyasi yolun konturlarını və tərəddüdsüzlüyünü aydın şəkildə ifadə edir.
Azərbaycanın Avropa İttifaqı ilə strateji münasibətləri daim inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etməklə yanaşı, Prezident İlham Əliyev bu gün Avropa məkanında həllini gözləyən problemlərə də toxundu. Əlbəttə, bu iclasda Avropa problemlərini təfsilatı ilə araşdırmaq mümkün olmazdı və buna görə də cənab İlham Əliyev Azərbaycanın bu quruma sədrlik edəcəyi müddətdə Avropa dövlətlərinin diqqətini mövcud problemlərin həllinə yönəltmək istiqamətində fəal iş aparılacağını bəyan etməklə kifayətləndi. Lakin geniş tərəfdaşlıq əlaqələrimizin olduğu Avropa İttifaqında baş verən hadisələr AŞ-ın üzvü kimi Azərbaycana da təsirsiz ötüşmür. Bu baxımdan Avropa İttifaqında bu gün baş verən proseslərə, xüsusilə ziddiyyətli məqamlara obyektiv nəzər salmaq ölkəmizlə Aİ arasında ardıcıl və sistemli siyasi münasibətlərin formalaşdırılması baxımından olduqca önəmlidir.
Avropa İttifaqının təşəkkülünə aparan yolu bütövlükdə dünya tarixinin fenomenal hadisəsi hesab etmək olar. İnsanların, əmtəə və xidmətlərin, kapitalın azad hərəkəti ideyasını İttifaqın təməl prinsipləri kimi qəbul etməklə, Aİ regional əməkdaşlıq və inteqrasiyanın nümunəvi modelini yaradıb. 1993-cü ildə Maastrix müqaviləsinin imzalanması ilə artıq iqtisadi, ticari münasibətlərin dərin kök saldığı Avropa məkanında, həm də regional siyasi birliyin əsası qoyuldu. Avropa İttifaqının baş tutması digər regionların ölkələrinə də beynəlxalq münasibətlər sitemində yeni inteqrativ proseslərin örnəyini təqdim etmək baxımından tarixi hadisəyə çevrildi. Təsadüfi deyil ki, Avropa İttifaqının təsis olunmasından sonra Şərqi Asiyada, Afrikada, Cənubi Amerikada, eləcə də türk dövlətləri coğrafiyasında regional əməkdaşlığın dərinləşdirilməsinə yönələn regional birlik modelləri üzərində diskussiya və təşəbbüslər müntəzəm hal aldı.
Lakin bu gün Avropa İttifaqına daxil olan dövlətlər və onların xalqları əvvəllər çox nikbinliklə təşviq edilən İttifaq coğrafiyasının genişlənməsinə, xüsusilə mövcud iqtisadi durumun perspektivinə skeptik yanaşmağa başlamışlar. Bu gün İttifaqa üzv olan dövlətlərdə cərəyan edən hadisələrin, hərdənbir təzahür edən radikallaşma meyillərinin, bütövlükdə regionda baş verən proseslərin - Avropa İttifaqı kimi nümunəvi regional birliyin dayaqlarını sarsıda biləcək qədər təhlükəli xarakter alması da diqqətdən yayına bilməz. Demək olar ki, istisnasız olaraq bütün Avropa ölkələrində vaxtaşırı baş verən etiraz nümayişləri, Avropa parlamentinə son seşkilərdə bəzi ölkələrdə ifrat sağçı qüvvələrin çox səs toplaması bütövlükdə Avropa cəmiyyətində inamsızlıq sindromunun mövcudluğunu əks etdirir. Avropa İttifaqı kimi unikal və konstruktiv bir qurumun belə bir durumla üzləşməsinin bir sıra siyasi, iqtisadi və sosial səbəbləri var.
Avropa İttifaqı özünün ən yüksək inteqrasiya səviyyəsinə çatdıqdan, yəni Maastrix müqaviləsinin imzalanmasından sonra, üzv dövlətlərin bir çox suveren hüquqlarının Avropa İttifaqı təsisatlarına ötürülməsi prosesi başlandı. Avropa Parlamenti, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Ədalət Məhkəməsi, Avropa Mərkəzi Bankı kimi dövlətüstü təsisatlar üzv dövlətlərin icra, qanunverici və məhkəmə səlahiyyətlərinin əhəmiyyətli bir qismini öz üzərinə götürdü. Avropa İttifaqının coğrafi sərhədlərini nəzərəçarpacaq qədər genişləndirməyə başladığı 2004-cü ilə qədər qeyd olunan təsisatların fəaliyyəti ilə üzv dövlətlərin hakimiyyətləri arasında hər hansı ciddi fikir ayrılığına rast gəlinmir. Lakin məhz bu tarixdən - 2004-cü ildən sonrakı dövrdə Avropa İttifaqında baş verən siyasi proseslər fərqli istiqamət almağa başladı. 2008-ci ildən etibarən başlayan ümumdünya maliyyə böhranı və bu böhranın Avropa İttifaqına daxil olan dövlətlərdə özünü daha kəskin şəkildə büruzə verməsi İttifaq tərkibində ciddi fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasına yol açdı.
Avropa İttifaqının genişlənməsi zahirən nə qədər sistemli və harmonik proses kimi görünsə də, yeni üzv dövlətlərin İttifaq daxilindəki siyasi və iqtisadi rolu qısa zaman kəsiyindən sonra müzakirə obyektinə çevrildi. Avropa İttifaqı üzv olmaq istəyən dövlətlər üçün nə qədər ilkin tələblər irəli sürsə də, həmin dövlətlər üzvlük statusu qazandıqdan az sonra onların bu tələbləri lazımınca yerinə yetirmədiyi üzə çıxmağa başladı. Macarıstan, Kipr, Bolqarıstan, Rumıniya kimi dövlətlərin üzvlüyü İttifaqın Almaniya, Böyük Britaniya, Fransa kimi həlledici üzv dövlətləri və onların vergi ödəyiciləri üçün artıq yük kimi qiymətləndirilir. Bu proses Avropa İttifaqının coğrafiyasının genişlənməsinə qarşı çıxışların, hətta İttifaqı tərk etmək barədə çağırışların ortaya çıxmasına səbəb olur. Belə olan halda, daha zəif iqtisadiyyata və daha az ÜDM-ə malik olan üzv dövlətlərə böyük həcmdə subsidiyaların ayrılmasını tələb edən Avropa İttifaqı institutları ilə güclü iqtisadiyyata malik olan üzv dövlətlər arasında ciddi ixtilafların yaranması təbii və gözləniləndir. Avropanın iqtisadi cəhətdən güclü dövlətləri öz büdcə kəsirlərinin sürətlə artdığı bir məqamda iqtisadiyyatı zəif olan üzv dövlətlərə maliyyə yardımının ayrılmasına qəti şəkildə etiraz edirlər. Həm də belə bir vəziyyətin davamlı olub ənənəyə çevriləcəyi ehtimalları güclü dövlətlərin etirazçılıq ruhunu daha da artırır. Bu amil iki əsas ziddiyyətli məqamı ortaya çıxarır: Avropa İttifaqına yeni üzv olmuş dövlətlər gözləntilərinin əksinə olaraq regional inteqrasiyanın gətirdiyi üstünlüklərdən yararlanmaq imkanından tam istifadə edə bilmirlər. Həmin dövlətlər Avropa İttifaqının bir parçası olaraq iqtisadiyyatlarını stimullaşdırmaq üçün İttifaqın dayanıqlı iqtisadiyyata malik olan üzv dövlətlərindən lazım olan siyasi-iqtisadi-maliyyə dəstəyini almaqda çətinlik çəkirlər. Bu da öz növbəsində yeni üzv dövlətlərin hakim elitasında, eləcə də bütövlükdə cəmiyyətdə Avropa İttifaqına münasibətdə “puç olmuş xəyallar” effektini yaradır. Bununla yanaşı, bir zamanlar Avropa İttifaqının genişlənməsinə hər vəchlə dəstək verəcəklərini bəyan edən əsas İttifaq üzvlərinin - “Avropa patriarxlarının” yeni üzv dövlətlərin problemlərinə indeferent və “sayğısız” münasibət göstərmələri bu məkanda qarşılıqlı etimad mühitinin zədələnməsinə gətirib çıxarır.
Avropa İttifaqı regional iqtisadi inteqrasiya proseslərinin intensiv getdiyi məkan olduğuna görə İttifaqa daxil olan ölkələrin iqtisadiyyatları bu inteqrasiya modelinin tərkib hissəsinə çevrilmişdir. Bu hal avrozonaya daxil olan ölkələrdə daha aydın şəkildə özünü büruzə verir. Belə olan halda, bir üzv ölkədə baş verən iqtisadi və maliyyə təlatümlərinin digər üzv dövlətə təsir etmə reallığı qaçılmazdır. Bu baxımdan, təkcə Avropa İttifaqına yeni üzv olmuş dövlətlər deyil, eyni zamanda İttifaqın təsisçi dövlətlərindən biri olan İtaliya, həmçinin keçən əsrin 80-ci illərindən Avropa siyasi-iqtisadi məkanının tərkib hissəsi kimi çıxış edən Yunanıstan, İspaniya kimi avrozonaya daxil olan dövlətlər də ciddi iqtisadi və maliyyə böhranı ilə üz-üzədirlər. Belə bir vəziyyət İttifaq daxilində onsuz da kövrək olan münasibətlərin daha da korlanmasına gətirib çıxarır. Avropa İttifaqının əsas institutlarından biri olan Avropa Mərkəzi Bankı avrozonaya daxil olan İtaliya, İspaniya və Yunanıstana maliyyə yardımının göstərilməsinin ilkin şərti kimi sərt qənaət və büdcə restrukturizasiya tədbirlərini həyata keçirməyi təklif edir. Bu dövlətlərin hökumətləri tərəfindən büdcə islahatları adı altında həyata keçirilən tədbirlər isə cəmiyyət daxilində kəskin ziddiyyətlərin, narazılıqların yaranmasına gətirib çıxarır. Artıq bu gün Yunanıstan, İtaliya kimi dövlətlərin vətəndaşları düşdükləri ağır durumun əsas səbəbkarları kimi Avropa İttifaqının baza institutlarını və İttifaqın əsas söz sahibi olan dövlətlərini qınayırlar. Qarşılıqlı olaraq Avropa İttifaqının institutları, eləcə də Almaniya və Böyük Britaniya kimi dövlətlər də mövcud iqtisadi-maliyyə problemlərini vaxtında aşkarlamadıqlarına və preventiv tədbirlər görmədiklərinə görə Yunanıstan, İspaniya və İtaliya hökumətlərini ittiham edirlər. Göründüyü kimi, üzv dövlətlər və Avropa İttifaqının institutları Birliyin qarşılaşmış olduğu problemlərin həlli yollarını axtarmaq əvəzinə, qarşılıqlı ittihamlara əsaslanan və etimadsızlıq mühitinin dərinləşdirən təhlükəli siyasi xətt yürüdürlər.
(ardı var)
Cavanşir Feyziyev
Millət vəkili,
fəlsəfə
doktoru
Palitra.-2014.-1 iyul.-S.7.