“Bu gün
Azərbaycan gəncliyinin önündə böyük
qapılar, yollar açılıb”
Vüsal Həsənov: “Gənclər
siyasəti nəticəsində hər bir
azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil
etmək üçün kifayət qədər
resursları var”
Azərbaycan gəncliyi bu gün on, iyirmi il əvvəlki gəncliyin rastlaşdığı problemlərdən uzaqdır və gənclərimizin inkişafı əvvəlki illərlə müqayisədə daha sürətli şəkildə gedir. Bütün bunlar isə ölkədə yaradılan münbit və sağlam şəraitin nəticəsidir. Gənclərimizin özünü təsdiq etməsi, liderlik qabiliyyətini hələ gənc yaşlarından ortaya qoyması üçün ən müxtəlif formada şəraitlər yaradılır. Gənclərin daha çox toplaşdığı, təmsil olunduğu qurumlar isə təhsil ocaqlarıdır. Buradan başlanan siyasət və görülən işlər də göz qabağındadır. Budəfəki müsahibimiz məhz ölkənin aparıcı ali təhsil ocaqlarından birində aktiv fəaliyyət göstərən, həmyaşıdlarını öz ardı ilə aparmağı bacaran bir gənc - Vüsal Həsənovdur. Vüsal Həsənov Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olmaqla yanaşı digər ictimai işlərdə də aktiv gəncdir. Bu öncül gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
- Mən Həsənov - Vüsal Eldəniz oğlu 25 sentyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Nəsimi rayonu 14 saylı orta məktəbi əla qiymətlərlə bitirmişəm və elə həmin ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olub, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıram. Təhsil və ictimai fəaliyyətdə fəallığım elə məktəb illərindən başlayıb. Şagird olduğum dönəmdə məktəbdaxili və məktəblərarası bilik yarışmalarının, mədəni-kütləvi tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşam. Təhsildə və ictimai fəaliyyətdə fərqləndiyim üçün müxtəlif zamanlarda məktəb rəhbərliyi tərəfindən bir çox sertifikat, diplom və təşəkkürnamələrə layiq görülmüşəm.
- Aktiv gənclərdən olduğunuzu söylədiniz. Gənclər siyasəti, ümumiyyətlə, ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
-Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. O, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər və İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısı idi. Məhz bu diqqət və qayğı gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
-Oxuduğunuz ali məktəb barədə də söz açardınız. Təhsil, tədrisin səviyyəsi
sizi qane edirmi?
- Azərbaycan Kooperasiya
Universitetinin əsası
1964-cü ildə qoyulub. Kooperasiya Universiteti
yaradıldıqdan sonra
onun maddi-texniki bazasının möhkəmləndirilməsi,
professor-müəllim heyətinin
tərkibinin yaxşılaşdırılması,
tədris edilən ixtisasların genişləndirilməsi,
təhsilin səviyyəsinin
yüksəldilməsi istiqamətində
ardıcıl və məqsədyönlü işlər
aparılıb. Universitetimizin 7 fakültəsində tələbələr
19 ixtisas üzrə azərbaycan və rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 25 kafedra,
50-dən artıq laboratoriya
və fənn kabinetləri, 4 kompyuter laboratoriyası, 23 min nüsxədən
artıq kitab fonduna malik olan
kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, kooperasiya
muzeyi fəaliyyət göstərir. Deyərdim ki, universitetimizin
təhsil sistemi,
professor və müəllim
heyətinin yetərincə
təcrübəli olması,
fənlərin yüksək
səviyyədə tədrisi
məni qane edir.
-Universitetinizin tələbələri
necə, təhsil, ictimai işlərdə istənilən səviyyədə
aktivlik göstərirlərmi?
-Universitetimizin inkişafında
tələbə-gənclərin rolu da az deyil. Tələbələrimiz təhsilləri ilə
yanaşı universitetin
ictimai həyatında
daha yaxından iştirak edirlər.
Universitetimizin əlaçı və ictimai işlərdə fərqlənən
tələbələrinin illik
təhsil haqqında güzəştlər edilməsi
ilə yanaşı, ictimai fəaliyyətində
fərqləndiyinə və
nümunəvi davranışına
görə tələbələrə
aylıq təqaüdlər
də təyin olunur. Tələbələrin bu cür aktiv, təşəbbüskar,
yaradıcı, savadlı
olmalarına səbəb
məhz universitet rəhbərliyi tərəfindən
belə aktiv gənclərə göstərilən
diqqət və qayğının nəticəsidir.
-Universitetinizin tələbə-gənclər
təşkilatının sədrisiniz.
Bu barədə də danışardınız.
-2012-ci ildə universitetin
tələbə-gənclər təşkilatında müavin
kimi fəaliyyətə
başlamışam. 7 oktyabr 2013-cü ildən başlayaraq Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının
sədri olaraq fəaliyyət göstərirəm.
Qeyd etmək istərdim ki, Azərbaycan Kooperasiya Universiteti Tələbə-Gənclər
Təşkilatı respublika
əhəmiyyətli mədəni-kütləvi
tədbirlərdə yaxından
iştirak etməklə
yanaşı, universitetdaxili
və xarici -bilik, intellektual, çoxsaylı idman və vətənpərvərlik
yarışları, gəncləri
maraqlandıran müxtəlif
mövzularda seminarlar və təlimlər, xarici dil biliklərinin
artırılması məqsədi
ilə danışıq
klubları, bayram konsertləri, dövlət
əhəmiyyətli və
tarixi günlərdə
dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirir ki, bu da tələbə-gənclərə,
öz bilik və bacarıqlarını,
təbii potensiallarını
artırmasına və
ölkənin ictimai-siyasi
həyatında fəal
iştirak etməsinə
şərait yaradır.
Sözsüz ki, Tələbə-Gənclər Təşkilatı
olaraq tələbə
gənclərin öz
bilik və bacarıqlarının, təbii
potensiallarının və
s. artırılması məqsədi
ilə keçirilən
tədbirlər, layihələrlə
yanaşı tələbələrin
problemləri ilə də yaxından maraqlanır və həmin problemlərin həll olunmasına çalışırıq.
-Digər universitetlərlə, tələbə-gənclər
təşkilatları ilə
sıx əməkdaşlıqlar
olurmu? Bu istiqamətdə
aktivliyin artırılması
üçün hansısa
təklifləriniz varmı?
-Hər birimizə məlumdur ki, universitetlərdə fəaliyyət
göstərən tələbə-gənclər
təşkilatları 2009-cu ildən etibarən Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqı ətrafında
birləşmiş və
müvafiq olaraq fəaliyyət göstərməyə
başlayıb. Deyərdim
ki ,
ATGTİ-nin təsis olunması Bakı və Sumqayıt şəhərlərində yerləşən
ali və orta ixtisas təhsili
müəssisələrinin tələbə-gənclər təşkilatları
ilə daha rahat şəkildə qarşılıqlı əməkdaşlıq
etməyimizə, birgə
tədbirlər və
layihələr həyata
keçirməyimizə şərait
yaradıb. İl ərzində ATGTİ , Nərimanov rayon Gənclər
və İdman idarəsi, YAP Gənclər
Birliyi və s. təşkilatlar tərəfindən
bir çox layihələr həyata keçirilir və bu layihələrin demək olar ki, əksəriyyəti bütün universitetlərin
tələbələrini əhatə
etməklə yanaşı
müxtəlif universitet
tələbələrinin qarşılıqlı
aktiv fəaliyyətinə
şərait yaradır.
- Bəs ümumilikdə gənclərlə
sıx təmasda olan biri kimi Azərbaycan
gəncliyinin hazırkı
durumunu necə xarakterizə edərdiniz?
-Azərbaycanda müasir gənclər hərəkatının
inkişafı üçün
dövlət səviyyəsində
kifayət qədər
işlər görülüb,
uşaq və gənclərin qeyri-hökumət
təşkilatlarının yaradılması, fəaliyyətlərinin
təşkili üçün
sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Göründüyü kimi, bu gün
Azərbaycan gəncliyinin
önündə böyük
qapılar, yollar açılıb. Tarixi milli-mənəvi
dəyərlərimiz, Azərbaycan
dövlətinin həyata
keçirdiyi tədbirlər,
eyni zamanda, ölkəmizin zəngin resursları biz gənclərin
inkişafı üçün
müvafiq şərait
yaradır. İndi əsas
vəzifə biz gənclərin
bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafımızı təmin
etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə
edən layiqli vətəndaş kimi formalaşmaq üçün
ciddi iradə ilə çalışmaqdır.
Hər bir gənc öz
yolunu müstəqil Azərbaycan Respublikasının
həyat yolu kimi qəbul etməlidir.
-Son illərdə
ali təhsil
ocaqlarında oxuyan tələbələrimizin xarici
ölkələrdə təhsillərini
davam etdirməsi halları çoxalıb.
Bununla bağlı dövlət proqramları da həyata keçirilir.
Bunu necə dəyərləndirərdiniz?
-Dövlət başçısının
gənclərin xaricdə
təhsil almasına dəstək verən
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsil
üzrə Dövlət
Proqramı” bütün
təbəqədən olan
gənclərin xaricdə
təhsilinə geniş
imkanlar yaratdı. İndi bu proqram çərçivəsində
minlərlə gənc
dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alır. Hər bir Azərbaycan
gənci xaricdə təhsil aldığı
zaman təhsili ilə yanaşı dövlətimizi, millətimizi
lazımı formada təmsil edir. Son zamanlar bu sahədə
ciddi şəkildə
aktivlik hiss olunur. Bu gün əminliklə
deyə bilərik ki, gənclər siyasəti nəticəsində
hər bir azərbaycanlı gəncin
xaricdə ölkəmizi
təmsil etmək üçün kifayət
qədər resursları
var.
- Gələcəkdə
ictimai aktivliyinizi başqa sahələrdə
də davam etdirməyi planlaşdırırsınızmı?
- Əlbəttə. Ümumiyyətlə,
qeyd edim ki, Kooperasiya Universitetinin Tələbə-Gənclər
Təşkilatının sədri
olaraq fəaliyyət göstərməklə yanaşı
Gənclər və İdman Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov
rayon Gənclər və
İdman idarəsi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Tələbə-Gənclər
Təşkilatının həyata
keçirdiyi bütün
tədbirlərində fəal
iştirak edir və aktivlik göstərirəm. Fərəh hissi
ilə deyə bilərəm ki, yaradıcısı ulu öndərimiz, hazırkı
sədri cənab Prezidentimiz olan Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Demək
olar ki, YAP GB-nin və Nərimanov
rayon YAP GB-nin həyata
keçirdiyi bütün
tədbirlərdə fəal
iştirak edirəm.
Tural Tağıyev
Palitra.-2014.-3 iyul.-S.7.