“ Saz və balabanı qoruyaq“
Prezident yanında QHT- lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə
"Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai Birliyinin
həyata keçirdiyi " Saz və balabanı Azərbaycan
xalqının milli musiqi
aləti kimi erməni mənimsəməsindən
qoruyaq" adlı layihə uğurla başa çatıb. Bu barədə
“Aşıq Şəmşir Mədəniyyət
Ocağı" İctimai Birliyinin sədr müavini
Həbib Misirov məlumat verib.
Onun sözlərinə görə, layihə
çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda silsilə tədbirlər
keçirilib. Bu tədbirlərdə
Birliyin üzvləri, aşıqlar,
balabançılar, saz və balaban alətləri hazırlayan ustalar, jurnalistlər və gənclər fəal
iştirak ediblər. Layihəyə olan marağın gözlənildiyindən
artıq olduğunu söyləyən Həbib
Misirov QHT-lərə Dövlət Dəstəyi
Şurasının məhz problemin
aktuallığını nəzərə alaraq
bu layihəni maliyyələşdirdiyini
söyləyib: “Layihəmizə dəstək verdiyi
üçün “Aşıq Şəmşir
Mədəniyyət Ocağı" İctimai
Birliyi adından Prezident
yanında QHT- lərə Dövlət Dəstəyi
Şurasına öz təşəkkürümü
bildirirəm. Bu tipli
layihələrin həyata keçirilməsi informasiya
müharibəsində ermənilərə ağır zərbədir.
Bu gün tarixi torpaqlarımızla yanaşı, milli-mənəvi
sərvətlərimizdə gözü olan bədnam qonşularımız saz və balabanı özününküləşdirmək
istəyir. Layihəmizin də əsas məqsədi adından
göründüyü kimi
ermənilərin saz və
balabanımızı mənimsəməsinə imkan verməmək, bu
istiqamətdə geniş təbliğat və
maarifləndirmə işləri aparmaq olub. Düşünürəm ki, layihəmiz uğurla həyata
keçirilib. Bir daha bizə dəstək olan
hər kəsə öz təşəkkürümüzü
bildiririk". Həbib Misirov onu da
qeyd edib ki, əsrlər boyu
xalqımıza qarşı soyqırımı siyasəti həyata
keçirən, mədəniyyətimizi zaman-zaman
öz adlarına çıxan,
xalqımızın qədim musiqi alətləri
olan saz və balabanda bu gün
də gözləri olan ermənilərə
bu layihə tutarlı cavab olacaq, onların
yalanlarının ifşa olunmasında böyük rol oynayacaq: “Ermənilər daima
bizi təqlid etməyə
çalışıblar. Lakin buna nail ola
bilməyəcəklər çünki onlarda nə bizim
sazımızın, nə də balabanımızın ruhu var. Aşıq sənəti
Azərbaycan xalqının milli pasportu olan sənət sahələrindən
biridir. Bunlar bizim dədə-babalarımızın
şedevrləridir. Milli dövlətçiliyimizin
mənəvi dayağıdır. Aşıq sənəti Azərbaycan
dövlətinin milli mədəniyyət
siyasətinin tərkib hissəsidir. Ulu öndər Heydər
Əliyevin humanitar mədəniyyət
strategiyası bu gün
onun layiqli
davamçısı İlham Əliyevin
sayəsində uğurla davam
etdirilir. Çox sevindirici haldır ki,
ölkənin 1-ci xanımı, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın sayəsində aşıq sənəti
UNESCO-nun siyahısına daxil olub. Aşıq sənəti
Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Azərbaycan
sazı və onu müşayiət edən
balaban aləti musiqi mədəniyyətimizin
biçimlənməsi və zənginləşməsində
əvəzsiz rol oynayıb. Məhz buna görə ulu öndərimiz
Heydər Əliyev ozan-aşıq mədəniyyətindən
söz açaraq onu «milli
varlığımızın mötəbər qaynağı»
kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev
2013-cü ilin sentyabrında Gədəbəydə
aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək
qiymət verərək deyib: «Aşıq
sənəti bizim milli
sərvətimizdir, milli sənətimizdir.
Azərbaycanda aşıq sənətinin çox
dərin kökləri var. Gənclər bilikli, vətənə bağlı
olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər.
Milli ruh da aşıq sənətidir». Bu
dəyərləndirmələr Azərbaycan dövlətçilik
düşüncəsinin mövqeyidir".
Həbib Misirov həmçinin
vurğulayıb ki, layihənin həyata
keçirilməsində Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun direktor müavini, dövlət mükafatı
laureatı, professor Məhərrəm
Qasımlının böyük rolu olub. Eyni zamanda tanınmış balaban
ustası İbadət Allahverdiyev,
aşıq və balabançılardan Elbrus
Hüseynov, Şöhrət Kərimov, Taleh Abdullayev , Məzahir Allahverdiyev və bir qrup saz və balaban alətləri hazırlayan ustalar layihə çərçivəsində
keçirilən tədbirlərdə aktiv
iştirak ediblər. Xatırladaq ki, paytaxt Bakı və
bölgələrdə saz və
balabanın Azərbaycan xalqına məxsus musiqi
alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr
təşkil edilib. Bu
sənət sahəsinin gənclərə
aşılanması üçün ustad dərsləri təşkil olunub. Saz və balaban hazırlayan ustalarla
birgə gənclər üçün təlimlər
keçirilib. Ermənilərin bu musiqi alətləri barədəki
iddialarını ifşa edən əks-materialların
hazırlanıb, bir neçə dilə
tərcümə olunaraq müxtəlif internet səhifələrində yerləşdirilib.
Saz və balabanın Azərbaycan xalqına
məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor
təşkilatlarına və beynəlxalq qurumlara
göndərilib. Həmçinin layihə çərçivəsində
Türkiyə Cümhuriyyəti Qaziantep Universitetinin müəllimi, sənətşunaslıq
elmləri üzrə fəlsəfə doktoru
İlqar İmamverdiyev
və fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun geniş elmi
monoqrafiyaları çap olunub.
Nigar
Palitra.-2014.-3 iyul.-S.13.