“Qəhrəmanlarımızın həyatı
gənc nəslin mənəvi inkişafında əvəzsiz rol oynayır”
Vüsalə Məmmədova:
“Belə təbliğat gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsində, Vətən
sevgisində, mənəvi inkişafında böyük
rol oynayır”
Gənclərin mənəvi
inkişafında Vətən uğrunda
döyüşən, hətta canından keçən qəhrəmanlarımızın
böyük rolu var. Layihə çərçivəsində
belə qəhrəmanlardan biri Cavad Həkimlidən söhbət
açacağıq. Həmsöhbətimiz onun
nəvəsi Azərbaycan Turizm İnstitutunun müəllimi Vüsalə Məmmədovadır.
-Azərbaycanın bugünkü gənc nəslinə örnək ola biləcək bir sıra tarixi qəhrəmanlarımız var ki, onlardan biri də sizin babanız Cavad Həkimlidir. Böyük Vətən müharibəsi illərində faşist Almaniyasına qarşı mübarizədə xüsusi xidmətlər göstərmiş C.Həkimli həm də Sovet İttifaqı Qəhrəmanı, məşhur kəşfiyyatçı Mehdi Hüseynzadənin partizan yoldaşı kimi tanınır. Ona görə də gəlin, öncə babanızın şərəfli həyat yoluna nəzər salaq:
- Mənim babam Cavad Həkimli həqiqətən də gənclərə nümunə ola biləcək bir ömür yolu keçib. Cavad Ataxəlil oğlu Həkimli 1918-ci il dekabr ayının 25-də İrəvan Mahalında-yəni, sovet Ermənistanının Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. 1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub. 1941- 42 ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb. 1943-cü ilin əvvəlində bütün Almaniya müharibə rejimində yaşadığı bir vaxtda ölkənin ərazilərində əsirlər üçün xüsusi düşərgələr salınmışdı. Düşərgələrdə aclıq, xəstəlik, infeksiya, ölüm bir-birinə qarışmışdı. İnsan qanından doymaq bilməyən Hitler ordusunun zabitləri, insanlıqdan silinmiş sovet əsirləri ilə sözün həqiqi mənasında vəhşicəsinə davranırdılar. Bütün günü işlədir, istirahət vermir, sonda isə iyrənc yemək yedirdirdilər. Almanlar əsir düşərgəsində saxladıqları sovet döyüşçülərindən legioner ordu yaradaraq, öz qardaşlarına qarşı döyüşdürmək niyyətində idilər. Amma bu niyyət təbii ki, əsirlərin ürəyincə deyildi. Baxmayaraq ki, onlar əsir idilər, lakin açıq şəkildə almanların bu məqsədlərinə etiraz edirdilər.
- Mehdi
Hüseynzadə ilə tanışlığı necə olub?
- Düşərgədəki əsirlərin
içərisində babam bir
nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən
xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə,
zarafatçıllığına görə xüsusi
seçilən və sonradan əfsanələşən
qəhrəman Mixaylo-Mehdi Hüseynzadə
idi. Onlar bir-birinə
“əmioğlu” deyə müraciət etməyə
başlayıblar və getdikcə həqiqi dosta
çevriliblər. Ürəklərindəkilərini bir-birinə
açmağa etibar
ediblər və eyni vaxtda
ürəklərində qövr edən fikri, ideyanı ortaya qoyublar. Onların hər ikisi
alman düşərgəsinə gələn
gündən qaçmaq və partizanlara qoşulmaq haqda fikirləşirmiş. Ancaq
Almaniyada məqsədlərini
reallaşdırmaq qeyri-mümkün idi. Bir tərəfdən
də almanların legion ordusu
yaratmaq niyyətləri onları narahat edirdi.Vaxtilə bir ordunun tərkibində vuruşduqları
qardaşlarına, dostlarına qarşı silah
qaldırmaq, onlara ölümdən betər
idi. Odur ki, düşərgədəki əsirlər
arasında qızğın təbliğat aparıb, legion ordusu tərkibində
cəbhəyə getməyə etiraz etməyə
çağırırdılar. Mehdinin
hörməti digər əsirlərə nisbətən çox idi. Buna da səbəb onun alman, fransız, rus dillərini bilməsi idi.
Almanlar ondan lazım gələndə
tərcüməçi kimi istifadə
edirdilər. O, həm də özünü
nisbətən nizam-intizamlı aparırdı. Ona
görə ki, məqsədini, niyyətini
həyata keçirməsində ondan
şübhələnməsinlər. Belə bir
vaxtda o, Şepke adlı alman
ustası ilə tanış olur. Onun Şepke ilə almanca sərbəst
danışması və dərin zəkaya sahib
olması ustada ona
qarşı rəğbət yaratmışdı. Bunların xeyli vaxt birlikdə işləmələri
ortada olan bir çox sirlərin,
qaranlıq mətləblərin aradan
götürülməsi ilə nəticələndi. Məlum oldu ki, alman
Şepke ürəyinin
başında kommunist
bileti gəzdirirmiş. Bu fürsətdən məharətlə
istifadə edən Mehdi, ondan öyrənə
bildi ki, Almaniya ərazisində partizan hərəkatı yoxdur. Bu xəbəri
C.Həkimliyə və
digər həmfikir olduqları azərbaycanlılara
çatdıran Mehdi xeyli təəssüflənib.
Axı
o, belə düşünmürdü.
Belə olan halda, onlar elə
buradaca həlak ola bilərdilər.
Hər zülmün bir sonu var. Bu isbat olunmuş teorem növbəti dəfə Həkimlinin və Mehdinin həyatında özünü göstərir.
“Məğlubedilməz alman ordusu” və
onun müttəfiqləri
1943-cü ildən etibarən
acı məğlubiyyətlərə
düçar olurlar.
Hitlerin yaxın silahdaşı və əqidədaşı
nasist Mussolini ordusu pərən-pərən düşməyə
başlayır. Silahlarını atıb qaçan İtaliya əsgərləri
Hitleri pis vəziyyətdə qoyur.
İtaliyanın nəzarətdən çıxması Hitlerin
Balkanlarla vidalaşması
demək idi ki, bu da
Almaniyanın sərhədlərinin
daralması ilə nəticələnə bilərdi.
Üstəlik Balkan respublikalarında, İtaliya dağlarında
yuva salmış partizanlar Hitler üçün
böyük problemə
çevrilmişdi. Ən
acınacaqlısı isə
o ola bilərdi
ki, İtaliya əsgərlərinin silahlarını,
döyüş texnikalarını
səngərlərdə ataraq
evlərinə dağılışması,
sonda silah-sursat sarıdan korluq çəkən partizanların
təpədən- dırnağa
qədər silahlanmaları
ilə nəticələnirdi.
Bu da mövcud problemin bir az da dərinləşməsi
demək idi. Məhz bunların qarşısını
almaq üçün
Hitler İtaliya ərazisinə
əsir düşərgələrində
saxladığı sovet
əsgərlərini yeritməyi
lazım bildi. Artıq azərbaycanlı əsirlər
arasında gizli təşkilat yaranmışdı.
Cavad Həkimli və Mehdi Hüseynzadə təşkilatın rəhbəri
idilər. Milli legionların
yaradılaraq cəbhəyə
göndərilməsi gündəlikdən
çıxmamışdı. Gizli təşkilat üzvlərini
bir yerə yığan C.Həkimli bu haqda əldə
etdiyi məlumat barədə yoldaşlarını
xəbərdar etdi.
-Digər partizanlarla necə əlaqə yarada biliblər?
- Bir səhər
onları heç nə demədən Ober-Leşen stansiyasından vaqonlara
doldurdular. Əsirlərin gözləri Mehdi və Həkimlidə idi,
ancaq bu iki azərbaycanlı zabit onlara dikilmiş gözlərə
cavab verməkdə aciz
qalmışdılar. İçərisində qərib azəri
əsirlərini aparan qatar
nəhayət ki, naməlum bir stansiyada
dayandı. Əsirlər üçün
naməlum olan stansiya
qədim İtaliyanın Udine şəhəri
idi. Əsirləri şimaldan
Avstriya, şimal-qərbdən Yuqoslaviya dağları ilə əhatələnmiş
Remanzakko düşərgəsinə gətirdilər.
Alman libasında olan əsirlərə
elə Remanzakko əhalisi də nifrətlə
yanaşırdı. Əhalinin münasibətini yaxşı
bilən almanlar əsirlərə kənd
əhalisi ilə təmasda olmağı qadağan
etmişdilər. Vaxt getdikcə yerli əhali öyrəndi ki,
bunlar alman əsgərləri
deyil, sovet əsirləridir.
Ondan sonra səmimi münasibət
göstərməyə başladılar. Amma
əsirlərdən ibarət polkun komandiri olan Polle, onları yığıb kənd əhalisinin
vəhşiliyi barədə, partizanlarla əlbir
olmaları haqqında təbliğat aparırdı.
Partizanların vəhşilikləri haqqında olmazın yalanlar uydururdu. Pollenin “partizanlardan qorunun” deməsi, əsirlərdə həyata olan ümidlərini yaşatmağa
sövq etdi. Onlar bildilər ki, buralarda partizanlar var, deməli qurtulmaq,
üstlərindəki ləkəni yumaq üçün əla imkan
yaranıb. O gündən əsirlər yerli
əhaliylə təmas qurmağa, imkan düşdükcə partizanlar
haqqında ətraflı məlumat əldə etməyə
çalışırdılar. Onlara yavaş-yavaş agah olurdu ki, Remanzakkonun
insanları partizanlara xüsusi
hörmət bəsləyirlər. Hətta əhali
arasında partizanlarla əlbir olanlar da az
deyildi. Kənd camaatı əsirlərə
bir o qədər
ürəklə yanaşa bilmirdilər. Odur ki, əsirlərlə
partizanların əlaqəsinin qurulmasına qədər alman zabitləri vəhşiliklərini davam etdirdilər. Artıq göstərilən
sitəm dözülməz həddə
çatmışdı. Onlara insan kimi
baxılmırdı. Almanlar əsirləri
ayrı-ayrı sahələrə bölmüşdülər.
Ağazadə adlı bir əsirin
çalışdığı səhiyyə məntəqəsindəki
italiyalı Biyanko ilə
tanışlığı səbəbindən,
partizanların bəxti gətirdi. Burada Həkimlinin
“əmioğlusu” Mehdinin rolu
öz işini gördü. Qızla bir-birlərini başa düşməyən Ağazadə Mehdini köməyə
çağırır. Tamam başqa istiqamətdə işləyən Mehdi dostunun
ismarıcına cavab olaraq
səhiyyə məntəqəsinə gəlir. Məsələdən
agah olduqdan sonra az-az
danışdığı italiyanca
qızı başa sala
bildi. Qızdan Cüzeppe
adlı italyanın evində görüşməyə
razılıq alaraq ayrıldı. Bazar günü saat 12.00 radələrində 45-50 yaş arasında olan Cüzeppe kişinin evinin zirzəmisində kiçik
bir ziyafət düzənlənmişdi. Ev yiyəsi Cüzeppe, qonaqlar isə M.Hüseynzadə və C.Həkimli
idi ki, onlara
da qulluğu Biyanko edirdi. Bir neçə bakal italiya şərabından içdikdən sonra ev yiyəsi partizanlarla onlar arasında
əlaqə yaratmağa söz
verdi. Cüzeppenin
razılığından dünyalar qədər
sevinən bu iki azərbaycanlı
kollektiv şəkildə qaçmaq
niyyətində olduqlarını bildirdilər. Bu fikir isə Cüzeppenin ürəyini qəhərləndirdi.
Cüzeppe almanların şübhələnməmələri
üçün Həkimligilə daha bura gəlməməyi
tapşırdı. Harada görüşmələri
barədə də onlara
tapşırıq verdi. 1944-cü ilin 20 yanvarı idi. C.Həkimliyə
partizanların və mərkəzi təşkilatın qərargahı
tərəfindən ciddi
tapşırıq verilmişdi. O,fürsət
axtarırdı, lakin real
imkan ələ düşmürdü.
Ober-leytenant Şpetin
yanında xidmətçi kimi
çalışan Cavad Həkimli onun yataq otağını
yuyub, təmizləyib. Otaqdakı stolun siyirməsini çəkib, ələk-vələk
edib, ancaq ona lazım olan sənədi
tapa bilməyib. Şpetin
kabinetinə yaxınlaşıb qapını döyüb,
icazə alıb içəri keçib. Ober-leytenanta hər şeyin
hazır olduğunu söyləyib. Şpet diqqətlə onu
süzərək, rus dilini
bilib-bilməməsini soruşub. Müsbət
cavab alan alman zabiti ona
mühüm bir sənədin
üzünü rusca
köçürməyi əmr edib, otaqdan çıxıb. Zabitin
dalınca ayağa qalxıb, asılqandan
asılmış planşetini götürüb açıb.
Axtardığı sxemin orada
olduğunu görüb.
Planşetin ağzını
bağlayıb, əvvəlki yerindən asıb. Bayıra
çıxaraq ətrafa göz gəzdirib.
Heç kəs yox idi. İçəri girməkdə ikən, ober -leytenant Rabeni görür.
Otağına girir, qabağına ağ kağız qoyub Şpetin əmrini yerinə yetirməyə
başlayır. Elə bu zaman Raben otağa
girir, Şpetin harada olmasını soruşur. Onun bayıra çıxdığını
bildirir. Raben otağı
tərk edir. Həkimli Rabenin dalınca ayağa qalxır, tez planşeti götürür, sxemi çıxarıb qalkanın
üzərinə qoyur.
Qorxa-qorxa bir hissəsini
köçürür. Yenidən sxemi planşetin içərisinə qoyur.
Bir də bayıra çıxır. Ona tapşırılan
işin öhdəsindən
layiqincə gəlsə
də, sona çatdırana qədər
min dəfə ölüb-dirilir.
Üzünü köçürdüyü
sxemi partizanlara çatdıran C.Həkimli
etibar qazanmağa nail olur və bununla
da özündən başqa 58 nəfər azərbaycanlı əsirin
və partizanların sırasına qatılmalarını
təmin edir. Müharibə qurtarana qədər
partizan hərəkatında
əzablı və şərəfli ömür
yaşadı. Neçə-neçə gizlin tapşırıqların
yerinə yetirilməsində
iştirak etdi. Mehdi Hüseynzadə ilə alman zabitlərinə zülm, zillət yaşatmaları da həmin gündən başladı.
- Cavad Həkimli fəaliyyətinə
görə, hansı mükafatlara layiq görülüb və onunla bağlı məlumatlara hansı mənbələrdə rast
gəlmək olar?
- Yuqoslaviyanın ən yüksək dövlət
mükafatına- “ Nadir igidliyə görə”ordeninə
və yüksək dövlət mükafatına layiq görülüb. Rus-alman
müharibəsinin iştirakçısı, İtaliya
və Yuqoslaviyadakı partizan hərəkatının
komandiri, əfsanəvi partizan
Mehdi Hüseynzadənin yaxın
silahdaşı olub, adı Azərbaycan
Ensiklopediyasına düşüb, fəaliyyəti
barədə Avropa və keçmiş
ittifaqın nəşriyyatlarında nəşr olunmuş 62 mənbədə məlumat verilib, Yuqoslaviyanın orden
və medalları ilə təltif olunub. Yeddi xarici dildə sərbəst danışa bilirdi ki, bunlar
alman, italyan, yuqoslav, ərəb, gürcü,
rus, erməni dilləri idi.
“İntiqam” adlı romanın müəllifidir,
orada Mehdi Hüseynzadə
və digər döyüş
yoldaşları ilə keçdiyi
müharibə dövrünü olduğu kimi yazıya
alıb. Müharibə dövründə keçdiyi çətinliklər onun Vətənə olan
sevgisindən, azərbaycanlı döyüş
yoldaşlarını xilas etmək istəyindən
irəli gəlirdi. Bütün bunlar bu gün
gənclərimizə qəhrəmanlığı, Vətənə
sevgiyi aşılamaqla onların mənəvi
inkişafında əvəzsiz rol
oynayır. Belə qəhrəmanları cənc nəslə
tanıtmaq üçün təbliğ
etməliyik. Çünki belə təbliğat
gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsində, mənəvi inkişafında böyük rol oynayır.
Nigar Abdullayeva
Palitra.-2014.-4 iyul.-S.