“Xaricdə təhsil alan
tələbələrin hər biri diaspordur”
Hikmət Həbibzadə:
“Azərbaycan nadir ölkələrdəndir
ki, burada gənclər
siyasəti dövlət siyasətinin mühüm
tərkib hissəsidir”
Azərbaycan gəncliyinin inkişafı göz önündədir. Bu inkişafı rəngarəng edən ən mühüm amillərdən biri də təhsildir. Əgər bir ölkənin gəncliyi təhsilə önəm vermirsə, o ölkə və cəmiyyət məhvə məhkumdur. Lakin bu gün ölkə başçısının müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan bu təhlükədən uzaqdır. Təsadüfi deyil ki, Azərbaycanda xarici ölkələrdə təhsil almaq üçün belə, ən yüksək səviyyədə şərait yaradılır. Bu isə gənc yaşlarından dərin biliklərə, dünyagörüşünə malik kadrların yetişməsinə zəmin yaradır. Belə gələcək perspektivli kadrların daha çox toplaşdığı ölkələrdən biri isə Türkiyədir. Türkiyə bir çox sahələrə və amillərə görə Azərbaycana yaxın olduğu üçün gənclərimizin əksəri də bu ölkəyə üz tutur. Belə gənclərdən biri də Türkiyədə ali təhsil alan Hikmət Həbibzadədir. Bu öncül tələbəmizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
Mən - Həbibzadə Hikmət Zahid oğlu 17 İyul 1991-i ildə Lənkəran şəhərində anadan olmuşam. Orta təhsilimi Lənkəran 10 saylı orta məktəbdə almışam. Bildiyiniz kimi, şagirdlər də tələbələr kimi yalnız təhsilə diqqətlərini yönəltmir, digər məktəbdaxili tədbirlərdə iştirak edirlər. Yəni bu mənada mən də bir çox aktiv şagirdlər kimi orta məktəbdə hər zaman ictimai işlərdə aktivlik göstərmişəm. Buna görə bir neçə dəfə xüsusi diplomlara da layiq görülmüşəm. Hətta maraq üçün deyim ki, orta məktəbdə Şagird Parlamentinin də üzvü olmuşam. 2008-ci ildə orta məktəbi fəxri fərmanla bitirdim. Ali təhsil almaq üçün bir neçə variant üzərində düşünsəm də, sonda xaricdə ali təhsili seçdim. 2009-cu ildə ali təhsilimi Türkiyədə almağa başladım. Türkiyənin Fırat Universitetinə daxil oldum və hazırda sosial bilgilər üzrə burada təhsil alıram.
- Türkiyə universitetləri təhsil və tədrisin yüksək səviyyədə olması ilə seçilir. Oxuduğunuz universitet necə, sizi qane edirmi? Ümumiyyətlə, bu ali təhsil ocağı barədə məlumat verərdiniz.
- Öncə onu vurğulayım ki, bir çox gənclər kimi mənim də başqa bir ölkədə, xüsusilə də Türkiyə kimi bizə yaxın olan bir dövlətin universitetlərindən birində təhsil almağa böyük marağım olub. Yəni, xaricdə təhsil almaq mənim öz fikrim olub. Çünki xarici ölkədə təhsil almaq hər bir gəncə xüsusi bir həyat təcrübəsi verir. Bu isə çox yaxşıdır. Dünyagörüşünü artırırsan və çətinliklərə qalib gəlirsən. Ailəm də mənə bu qərarımda böyük dəstək verdi və buna görə əzizlərimə də təşəkkür edirəm. Sualınıza gəldikdə isə, oxuduğum universitet Türkiyənin Elazığ şəhərində yerləşir. Fırat Universiteti bir çox özəlliklərinə görə seçilir. Təhsil cəhətdən bu universitetin səviyyəsi yüksəkdir və burada hər şey mükəmməldir. Bu universitet köklü bir keçmişə sahib olan təhsil ocağıdır. Universitetimiz 1975-ci ildə qurulub. Universitetdə təhsil ingilis və türk dillərində verilir. Universitetimizdə dərs deyən müəllim heyəti isə tanınmış professorlar və yardımçı dosentlərdir. Fırat Universitetinin nəzdində hazırda 15 fakültə, 3 humanitar kollec, 1 dövlət konservatoriyası, 4 institut, 9 peşə kolleci fəaliyyət göstərir.
- Xaricdə təhsil alan gənclərimizin böyük qismi təhsilləri ilə yanaşı, digər işlərə də vaxt ayıra bilirlər. Bəs siz necə, ictimai işlərdə aktivsinizmi?
- Bəli, ictimai işlərdə aktivlik göstərirəm. Diaspor işlərində də çalışıram, fəal olum. Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyinin Elazığ şəhəri üzrə koordinatoru seçilmişəm. Bundan başqa Türk Dünyası Araşdırmaları Topluluğu Klubunun Tələbə Təmsilçisi olmuşam. Həmçinin gənclərlə toplaşıb tez-tez maarifləndirici tədbirlər keçiririk. Bəzi konfranslar, bilik yarışmaları və futbol turnirləri həyata keçiririk. Milli matəm günlərimizi və dövlət bayramlarını xaricdə oxuyan tələbələr olaraq intensiv qeyd edirik.
Ümumiyyətlə, bir şeyi qeyd edim ki, azərbaycanlı tələbələr hər zaman aktivlik göstərirlər, ictimai işlər üçün də vaxt ayıra bilirlər. Gənclərimiz bir çox təhsil, mədəniyyət dərnəkləri və tələbə klubları qururlar. Bu klublar, dərnəklər çərçivəsində isə daha çox aktivlik göstərirlər. Buna nümunə olaraq Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyini (AZEDER) deyə bilərik.
- Türkiyədə
olan tələbə gənclərimizin durumunu yüksək qiymətləndirdiniz. Bəs
ümumilikdə Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Azərbaycan gəncliyi ümumilikdə analiz etdikdə keçmiş illərdən fərqli olaraq xeyli inkişaf edib. Cənab Prezidentin gənclərə qarşı olan diqqət və qayğısı ümumilikdə Azərbaycan gəncliyinin inkişafına öz töhfəsini verir. Bu gün xeyli sayda gəncimiz var ki, xarici ölkələrdə təhsil alırlar. Beynəlxalq arenalarda gənc siyasətçi, iqtisadçı və digər sahənin gələcək perspektivli kadrı kimi təcrübələr yığırlar. Bütün bunlar ölkəmiz üçün ixtisaslaşmış kadrların hazırlanması deməkdir. Ölkəmizdə həqiqətən də gəncliyin inkişafı üçün digər ölkələrdən fərqli işlər görülür. Bu gün Azərbaycanda gənclərin inkişafı üçün gəncliyə aid qeyri-hökumət təşkilatları, dərnəklər qurulmaqda davam edir. Halbuki onların sayı kifayət qədərdir. Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi də gənclərimiz, xüsusən də xaricdə oxuyan tələbələrimiz üçün əlindən gələn köməklikləri göstərir. Bu qurum azərbaycanlı tələbələrin xarici şirkətlərdə beynəlxalq arenalarda təcrübə keçməsinə, işlə təmin edilməsinə hər bir dəstəyi göstərir və gələcəkdə ölkəmizdə savadlı kadrların sayının artmasında töhfəsini göstərir. Sadə dildə desək, hazırkı Azərbaycan gəncliyi birləşir və ölkəmizə bütün sahələrdə xidmət üçün əllərindən gələn hər cür yardıma hazırdır.
- Digər
dövlətlərdə gənclər üçün
yaradılan şəraitlə Azərbaycanda olan
münbit şərait arasında
müqayisə aparmısınızmı?
- Əlbəttə, bu müqayisələr olur. Xüsusən də bu sual xaricdə təhsil alan tələbəyə ünvanlanırsa, o təbii ki yaşadığı ölkədəki durumu da bilir, ölkəsindəkini də. Ən çox bəyəndiyim hal isə ölkəmizdə gənclərə xaricdə təhsil almaq üçün yaradılan şəraitdir. Bəli, hazırda çoxlu azərbaycanlı tələbə xaricdə təhsilə üstünlük verir və bununla bağlı 2007-2015-ci illərdə xaricdə təhsil almaqla bağlı dövlət proqramı da uğurla həyata keçirilir. Bu da cənab Prezidentin gənclərə olan qayğısının daha bir bariz nümunəsidir. Dövlətimiz gəncliyimizin başqa ölkələrdəki gücünü bilir. Xaricdə təhsil alan tələbələrin hər biri bir diaspordur. Çünki onlar oxuduqları ölkələrdə Azərbaycanı tanıdır və Azərbaycan mədəniyyətini başqa xalqlara çatdırırlar. O tələbələr ölkəmizə qayıtdığı vaxt savadlı kadr olmaqla yanaşı aktiv bir gənc olaraq da dövlətimizə xidmət edəcək. Qısası, ölkə gəncləri və tələbələr üçün indi böyük imkanlar yaradılıb. Bu gün “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verir. Azərbaycan nadir ölkələrdəndir ki, burada gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin və tələbələrin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət başçısı tərəfindən gənclər üçün Prezident mükafatının təsis olunması gənc nəslə dövlət qayğısının növbəti parlaq nümunəsidir.
- Gələcək planlarınız nələrdən
ibarətdir?
- Gələn il ali məktəbi başa vururam. Təhsilimi daha da mükəmməlləşdirmək üçün magistraturaya daxil olmağı düşünürəm. Bundan sonra da ictimai və siyasi işlərdə daha da aktivlik göstərməyə davam edəcəyəm. Ölkəmizi, mədəniyyətimizi tanıtmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm və bununla bağlı bəzi planlarım da var. Sonda bir savadlı kadr olaraq ölkəmizə qayıdıb Azərbaycana və xalqımıza xidmət edəcəm. Bizim xalq həqiqətən də hər şeyin ən yaxşısına layiqdir. Artıq gələcək illərdə bizdə xaricdən bir dənə də olsun, əcnəbi kadr gəlməyəcək. Xaricdə müxtəlif sahələr üzrə təhsil alan gənclərimizin sonda Vətənə dönüşü ölkəmiz üçün böyük kadr potensialı deməkdir. Bu isə inkişaf deməkdir. Mən də bu kadrların sırasında olmaq istərdim və bu, mənim üçün böyük şərəfdir.
- Sonda bizə sözünüz və ya təklifiniz varmı?
- Sözüm
budur ki, biz xaricdə təhsil alan
gənclər qərib yerlərdəyik. Hər nə qədər
texnologiya, nəqliyyat inkişaf
etsə də, yenə də məsafə səni
doğmalarından, əzizlərindən Vətənindən
ayırırsa, mütləq sən darıxacaqsan və məcazi
mənada ürəyin orada olacaq. Bu mənada bizləri-xaricdə təhsil alan gəncləri yada
salıb, ürək sözlərimizi mətbuata
daşıyırsınızsa, bizimlə cəmiyyətimiz,
ailəmiz, əzizlərimiz arasında bir
növ körpü rolunu oynayırsınızsa, sizə böyük təşəkkür düşür. Təklifim isə odur ki, bu
tip layihələriniz daha
da genişlənsin, xaricdə təhsil alan gənclərimiz tətil zamanı Vətənə
gəldikdə onlarla görüşlər
keçirəsiniz.
Tural Tağıyev
Palitra.-2014.-5 iyul.-S.6.