“Gəncliyi
yüksəkliyə aparan
yol kitabdır”
Ülviyyə İmanova:“Tələbələrin kitab
oxumamaları və mütaliə etməmələri
məni çox narahat edir”
Müsahibimiz Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Əməkdar müəllim, BMA-nın professoru, musiqişünas
Ülviyyə
İmanovadır:
-Ülviyyə xanım, BMA-nın Musiqi tarixi kafedrasının
fəaliyyətindən hansı
nüansları qeyd edə bilərsiniz?
- Musiqi tarixi kafedrası
Bakı Musiqi Akademiyasının tədris
prosesində aparıcı
kafedralardan biridir. Çünki akademiyamızda
təhsil alan
bütün tələbələrlə
biz təmasda oluruq. Burada təhsil alan tələbələr
hər zaman bizim kafedraya müraciət edirlər. Musiqi tarixi kafedrası dedikdə, üç mədəniyyət daxilində
kurs keçirilir.
Bunlar Avropa musiqi mədəniyyəti
tarixi, rus musiqi mədəniyyəti
tarixi və əlbəttə ki, Azərbaycan musiqi mədəniyyəti tarixi
kafedramızda geniş
şəkildə tədris
olunur. Ardıcıl
olaraq, təhsil alan gənclər
həm bakalavr, həm də magistratura təhsili aldıqda müəllimlərimizlə
təmasda olurlar. Bununla da akademiyanın fəaliyyətində bilavasitə
daima çalışan
kafedra fəaliyyət
göstərir. Onu da qeyd edim ki,
akademiyamızda çalışan
müəllimlərimiz təhsil
ocağımızın yetirmələridir.
Odur ki, tələbəlik illərindən bu təhsil ocağına bağlı olan insanlar akademiyamızın
dəyərini çox
gözəl anlayırlar
və məsuliyyətlə
çalışırlar. Burada çalışanlar vaxtilə
təhsil ocağımızın
ən yaxşı tələbələri olublar.
Onların həm müəllimlik
fəaliyyəti, həm
də elmi fəaliyyətləri bir-biri
ilə sıx əlaqədə olub.
Ona görə də tələbələrlə ünsiyyət
çox yaxşı alınır.
-Təhsil
alan tələbələrin
inkişafı hansı
mərhələdədir?
- Tələbələrin səviyyəsindən
söz açdıqda
onu deyə bilərəm ki, bizim çox istedadlı tələbələrimiz
var. Sadəcə tələbələrimizin
sayını artırmaq
istəyirik. Həmçinin, bura qəbul
olan tələbələrin
yüksək şəkildə
hazırlıqlı olmasını
arzu edirik. Əlbəttə ki, hazırlıqlı tələbələrlə
çalışmaq, onlarla
iş birliyi etmək daha asandır. Çox heyf ki, bu cür tələbələrin
sayı xeyli azalır. Bunun nə ilə
bağlı olduğunu
mən deyə bilmərəm. Tələbələrin tədris illərinin ən çətin dövrü I kurs olur. Adətən I kursun I semestri
bitdikdən sonra tələbələrdə müsbət
dəyişikliyi görmək
olur. Son illər
bu proses çətinləşib. Orta təhsildən
bura qəbul olmaq müəyyən mənada I semestrdə bir çox çətinliklər yaradır.
Çünki ali məktəbin tələbləri başqadır.
Məsələn, musiqi tarixi
ilə olan proqramın I semestrdə mənimsənilməsi böyük
çətinliklərlə bağlıdır. Qədim dövr,
orta əsrin musiqi mədəniyyəti
ilə məşğul
oluruq. Bu mövzulara məktəb səviyyəsində qətiyyən
toxunulmur və onların heç bir təsəvvürü
belə yoxdur.
Qədim dövr dedikdə ən böyük mövzu kimi Qədim Yunanıstan və Qədim Roma araşdırılır. O dövrə
yaxın olmaq tələbələrə bir
o qədər asan deyil. Onların bu dövrlə
tanışlığı demək olar ki, yox dərəcəsindədir.
Ancaq müəyyən vaxtdan sonra tarixi zaman
yaxınlaşdıqca, söhbət
daha səmərəli
səviyyəyə qalxır.
Çünki onların musiqi
ilə müəyyən
tanışlığı var. Tanışlıq olduğu
zaman ünsiyyət daha da yaxınlaşır.
Biz müəllim heyətini
narahat edən bir nüans da var ki,
tələbələrimiz oxumurlar. Onlarda kitab
oxumaq anlayışı
sanki yox dərəcəsindədir. Bu gün Azərbaycan
ədəbiyyatı yüksək
nəşrlərlə çap
olunur. Onları alıb oxumaq,
mütaliə etmək
gəncliyin ən vacib şərtlərindən
biridir. Gəncliyi yüksəkliyə aparan yol kitabdır.
Bəzən gənclər arasında orta səviyyədən qəbul olan tələbələr çox
zaman məşğul
olduqları peşədən
xəbərsiz olurlar. Builki tələbələrdə
mən bunun şahidi oldum. Mən hər il I kursdan
tələbələrdə ciddi irəliləyiş görürdüm. Ancaq bu il gözə çarpmadı.
Tələbələrin kitab oxumamaları
və mütaliə etməmələri məni
çox narahat edir. Həmçinin, dar çərçivədə
təhsil almaqları gələcəyimizə böyük
zərbədir. Çünki, gənclər bu gün hər bir işlərini internet vasitəsilə görürlər.
Hər bir nüansa etinasız yanaşırlar.
İnternet vasitəsilə aldıqları
məlumatla kifayətlənirlər.
Mən bunun qəti əleyhinəyəm. Kitabdan alınan
məlumatın zənginliyi
heç bir var-dövlətlə ölçülə
bilməz.
-Azərbaycan musiqi tarixi araşdırıldığı
zaman hansı nüanslara daha çox üstünlük
verilir?
- Bəli. Azərbaycan musiqi tarixi geniş şəkildə
araşdırılır. Burada heç bir şübhə yoxdur.
Bizim amalımız milli mədəniyyətimizin inkişafı
ilə bağlıdır.
Bizim musiqimizin zənginliyi müxtəlif insanların
yaradıcılığı ilə bağlıdır ki, elmi tədqiqat
işlərində müxtəlif
tərəfləri, imkanları
görmək olar.
Məsələn, Xəyyam Mirzəzadə kimi bir bəstəkarın çox maraqlı yaradıcılıq üslubu var. Onun yaradıcılığında kino musiqisi janrına nəzər yetirdikdə, çox aydın bir üslub dinləyirsən. Ancaq o, simfonik yaradıcılığa tam başqa bir tərzlə yanaşır. Ona görə ki, o, hər bir musiqi sahəsini çox gözəl hiss edir. Xəyyam Mirzəzadə “Yeddi oğul istərəm” filminə bəstələdiyi musiqi əsərini dramaturgiyanı zənginləşdirən vacib komponent kimi vurğulayıb. Bu bəstəkarın yaradıcılığına nəzər salmamaq, onu tədqiq etməmək mümkün deyil. Çünki bu kimi bəstəkarların yaradıcılığı Azərbaycan musiqi tarixinin müasir dövrdə ən parlaq səhifələrindəndir. Əlbəttə ki, həmin yaradıcılıq daxilində bir çox nüanslar öyrənilə bilər.
Onu deyə bilərəm ki, bizim tələbələrimizin arasında, xüsusən də musiqişünasların arasında çox bacarıqlı tələbələr var. Onlar o qədər istedadlıdır ki, musiqinin dərinliyini hiss etməyə çalışırlar. Hətta tarixi əhəmiyyətli elmi konfranslarda tələbələrimiz iştirak etməyə imkan qazanırlar. Yaxud, tələbələr üçün yazılı elmi iş müsabiqələri keçirilir. Tələbələr bu imkanlardan yararlana bilirlər. Bir çox tələbələr bu işə cəlb olunur. Fakültativ şəkildə digər ixtisas üzrə təhsil alan tələbələr də müsiqişünaslıqla məşğul olurlar. Yaxud, müasir musiqi üzrə dərslər hazırlanır. Fakültativ şəkildə belə dərslər də aparılır. Demək istəyirəm ki, oxuyan, maraq göstərən tələbə olub və olacaq.
Bizim bir tələbəmiz bu il bakalavrı bitirdi. Sənədlərini magistratura üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına verdi. Çünki onun rəssamlığa çox böyük həvəsi var idi. Hətta binamızın foyelərində açıq sərgisi təşkil olunurdu. Bu da gəncliyimizin bir uğurudur.
-Siz
musiqi tariximizi
araşdırdığınız zaman
hansı dövrə üstünlük verirsiniz?
- Əlbəttə ki, XX əsr musiqisinə üstünlük verirəm. Xüsusən də bəstəkarlıq musiqisinə. Biz kafedranın adını nəzərə alıb, müəllim heyəti olaraq irihəcmli mövzulara müraciət edirik. Müəyyən bəstəkarın yaradıcılığını araşdıranda tam şəkildə üstünlük veririk. Hər hansı bir sənətkarın yaradıcılığına nəzər saldıqda o dövrün musiqi hadisələri və zamanın mədəniyyət təkamülünü anlamağa çalışırsan. Bütövlükdə Azərbaycan musiqisinin inkişafını gələcəyimiz üçün üzə çıxartmaqdır. Mən belə düşünürəm ki, musiqi dünyamız üçün bu vacib məsələlərdən biridir. Biz artıq bir fikri xüsusi qeyd edirik ki, XX əsr musiqisi bizim tariximiz və keçmişimizdir. O dövrdə əbədi məna kəsb edən adlar var.
Biz təhsil alan dövrlərdə Üzeyir bəy artıq tarixi ad idi. Ancaq bu gün isə o siyahı yenilənib. Qara Qarayev, Fikrət Əmirov, müasir dövrümüzdə Arif Məlikov, Xəyyam Mirzəzadə və bir çox bəstəkarların adları sadalana bilər. Biz bu sözləri tarixin dərinliklərini hiss edərək tam məsuliyyətli şəkildə deyə bilirik. Əlbəttə ki, tarixin qarşısında müxtəlif anları, tarixin möhtəşəmliyi və gözəlliyini duyursan.
Musiqi sənəti nə qədər böyükdürsə, burada müəyyən mədəniyyətləri birləşdirən amillər var. Çünki Azərbaycan musiqisi ümumdünya musiqinin bir hissəsidir. Bu gün musiqimizin bütün dünyada qəbul olunması, həm milli musiqimizin zənginliyi, həm də bəstəkar musiqilərimizin gözəlliyi hər kəsə bəyandır.
Əsas məqsədimiz musiqimizin
ardıcıl inkişafını araşdırmaq və incəliklərinə
xüsusi diqqət yetirməkdir. Hər bir incəliyin arxasında da
böyük zəhmət durur.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-8 iyul.-S.13.