Qanadı yanmış pərvanə
Füzuli-Cəbrayıl
bölgəsində şəhid olmuş
kəşfiyyat-bölük komandirinin müavini, kapitan Ceyhun Pirəli oğlu Orucəliyevin
əziz xatirəsinə
Sərin bir yaz gecəsi.
Yuyur ay işığı
İlbizləri, böcəkləri.
Uzanıb gedir sərhəd.
Bu da bir sədd,
Azadlığımıza qoyulmuş
Bir hədd
İşğal altındakı torpaqlardan
Arabir sərin meh əsir,
Üşüyür yaz çiçəkləri.
Qarşıda erməni mövqeləri,
Ortada xarabazarlığa dönmüş
Kiçik Mərcanlı kəndi.
Bu kəndin sakinləri
Ölmüş ruhlardı indi.
Dağılmış evlər,
Uçurulmuş çəpərlər.
İndi ruhlar burada
Viranəlik becərir,
Xarabalıq əkirlər.
Sərhəd boyu
Bəzən qurd-quş
Qalır ayaq altda.
Yeridikcə xışıldayır.
Hərdən kol-kos, yaşıl ot da.
Yaxınlıqda, bir addımlıqda
Aylar öncə
Erməninin basdırdığı
Qorxunc mina.
Torpaq altda nəfəs alır.
O minadan bircə addım aralıda,
Kapitan Ceyhun Pirəliyev.
Üzü ay işığına sarı
Fikrə dalır.
Nə düşünür
görən bu an?
Ay işığıyla yuyulub
təmizlənir,
Yuxusuzluqdan gözlərinə
sağılan qan.
Yanında altı döyüş
dostu,
Qarşıda erməni postu.
Mövqelər üz-üzə,
Düşmənlə göz-gözə
Nəfəs almaq, uyumaq,
Əl yumaq, üz yumaq,
Çörək yemə, su içmək.
Bəzən hansısa istəkdən
Vaz keçmək.
Bütün bunlar Ceyhun üçün
Adi bir qayğı.
Vətənə sevgi,
Məsləkə sayğı.
Hələlik bir addımlıqda,
Ölüm qanad çalır.
Erməninin basdırdığı
Ağılsız mina
Torpaq altda nəfəs alır.
***
Axşam
bir şam yandırmışdı
Cəbhədə olan ərinin adına.
Şam işığına gələn
pərvanələr
Qüssə gətirirdi qadına.
Titrəyir şamın şöləsi,
İşıq saçırdı zəif-zəif.
Qadın
iki yavrusunun saçına
Tumar çəkirdi
zərif-zərif.
Bəlkə ataları gələr
deyə,
Yavrular qapıya
baxırdı.
Duyğunun, Aylinin gözlərindən
Qüssə sel kimi axırdı.
Aynurə
qadın fəhmiylə
Hiss edirdi- nə isə olacaq.
Şam işığı altında
Qızılgül yanaqlar solacaq.
Hələ, aylı bir gecəydi,
Dəqiqələr axıb gedirdi.
Zaman çökmüşdü diz
üstə,
Dikəlib, qalxıb gedirdi.
Zaman o zaman deyildi,
Nə dağ uçurdu,
Nə daş uçurdu.
Şam işığının ətrafında,
Pərvanələr aramsız uçurdu,
Cəbhə xəttindən çox
uzaqda,
İşıqla süslənmiş Xırdalan.
Bilmirsən bəzən həqiqət
Harada doğrudu, harada
yalan.
Bir qadın, iki körpə, bir şam,
O şam işığına
uçuşan pərvanələr,
Bir də sərin
Aylı bir axşam.
***
Yeddisi Aprel.
Gecə.
Bircə addımlıqda mina.
Canlıymış kimi,
Ceyhunla qanlıymış kimi
Kinlə baxırdı ona.
Ceyhun fərqinə varmadan
Döyüşçü dostlarıyla söhbətləşirdi.
Cəsur
kəşfiyyatçı
Erməni
hücumu önlənsin
deyə,
Onlarla məsləhətləşirdi.
Bir az düşüncəli
idi,
Bir az qayğılı.
Amma xoş idi əhvalı.
Ay işığı gözlərində
oynaşırdı.
İçində ermənilərə
Kin, nifrət, qəzəb
Qarışqa kimi qaynaşırdı.
Birdən
döyüşçü dostlarından biri:
- Bərk susamışam,- dedi.
Biri isə ağzına nə isə atıb,
Gülə-gülə, şirin-şirin yedi.
Və gülə-gülə:
-Hə, mən də susamışam,
Sərin
su pis olmazdı,- dedi.
-Aşağıda, dərədə
Gərək ki bulaq olsun.
Üçünüz enib su gətirin,
Dördünüz burda göz-qulaq olun.
Bölük komandirinin müavini
Belə
əmr verdi.
Hər kəs Ceyhuna baxıb,
Kapitanı çox qüssəli gördü.
- Gedib su gətirsəniz,
Bəlkə mən də içərəm,-dedi Ceyhun,
Zaman yorğun-yorğun
Axırdı torpaq altındakı
Minaya tərəf.
Onu torpağa basdıran əllər kimi
Mina qansız,
Mina naxələf.
Canlıymış kimi,
Girirdi dondan-dona.
Ceyhunla qanlıymış kimi
Baxırdı ona.
Ayrılıb enir bulağa,
Döyüşçülərdən üç nəfər.
Hələ gecədi, gecə.
Hələ uzaqdadı səhər.
Hələ onlar bulaqdan
Su gətirib içməlidirlər.
Əcələ qədər bir
addım yolu
Addımlayıb keçməlidirlər.
Hələ gecədi, gecə,
Hələ qanüzlü xəbər
Qoşulmayıb gedən köçə.
Hələ al yanaqlarda
Qanlı şırım açılmayıb.
Hələ qara gözlərdən
Qan-yaş saçılmayıb.
Əyilməyib ata qəddi,
Yolunmayıb ana saçı.
Qara xəbər yol gəlir,
Bir az qorxulu,
bir az acı.
***
Bu an yadıma düşür.
Dilimdən
Bir “təəssüf”
kəlməsi sürüşür.
Ay səni,Hrant Matevosyan,
İnsanlıq böyləmi olur, məgər?
Ermənilər belə qəddar
ikən,
Sənin yazdıqların nəyə
dəyər?
***
O gecə Pirəli müəllimin
Könlünü nəsə sıxırdı.
Tez-tez evə girib çıxırdı.
Narahat, əndişəli
idi.
Elə bil havalı, dəli idi.
Özünü-sözünü bilmirdi.
Görəcəyi işin
Əyrisini, düzünü bilmirdi.
Oğlu Ceyhundan nigaran idi.
Sanki içi şan-şan
idi.
Bütün günü düşünmək
Ata ürəyini yormuşdu.
Bakıya
zəng vurub
Gəlini
Aynurədən
Oğlunu sormuşdu.
Aynurə
o gecə
Yandırdığı şam işığında
Utana-utana,
Qızara-qızara:
-Danışmışam Ceyhunla
Hər şey yaxşıdı,- demişdi.
Tək qalanda isə
Gileyli-gileyli
Düşünmüşdü ki,
Bu da yəni bir işdi?
Nigarançılıqdan üzü
Girirdi dondan-dona.
Düşünürdü ki, burda da
İş tapılardı ona.
O gecə Şahbuzun
Mahmudoba
kəndində
Pirəli
müəllim
Çox əndişəli idi.
Hər halı
Üzündən bəlli idi.
Ev-eşiyə sığışmırdı.
Gözləri yollardan yığışmırdı.
Üzürdü onu nigarançılıq.
Dağlardan aşağı
Asta-asta
Enirdi qaranlıq.
***
Şair
Xanəli Kərimli
Qələmini kağız üstündə
Gəzdirə-gəzdirə baxırdı.
İçindən şeir axırdı.
Yaza-yaza
üstünə
Göylərin daşı tökülürdü.
Bu gecə şeirlərindən
Gözyaşı tökülürdü.
Ürəyinə daman damırdı,
Hərdən qələmindən
Qan damırdı.
Bir az qabaq
Qardaşı Pirəliyə zəng
vurmuş
Ceyhunu sormuş,
Yenə rahatlıq tapmamış.
İndi oturub şeir yazırdı.
Hərdən qələmi
Labirintdə gəzirmiş kimi
Sətirlər arasında azırdı.
Hələ gecə idi, gecə.
Hələ qanüzlü xəbər
Qoşulmamışdı gedən köçə.
***
Döyüşçülər söhbət
edirdi
Su içə-içə.
Aylı
bir gecə,
Danışa-danışa
Səngər qazırdı onlar.
Səngər qaza-qaza
Bir qəhrəmanlıq tarixi
Yazırdı onlar.
Ayaqlar külüng idi,
Əllər tişə.
Səngər qazmaq da
Bir sənət,
bir peşə.
Onlar qazırdı
Danışa-danışa,
Gülə-gülə.
Mina basdırılan yerə
Bircə
qarış qalırdı,
Bircə qarış hələ.
Əl saxlayıb bir anlığa,
Su içə-içə,
Ceyhun baxır
qaranlığa.
Yaddaşını çözələyir,
Baxışları dumanlanır.
Ötən günlər
Gözlərində canlanır.
Uşaqlarla
Gizlən-qaç,
Oynadığı zamanlar.
Anasının dizinə
Baş qoyduğu
o anlar.
Dostlarıyla dağda-daşda
Keçirdiyi vaxt-zaman.
Düşündükcə
Könlü olur şan-şan.
Barmaqları tişə kimi
Oyur torpağı.
Ah, birdən titrəyir ayağı...
Yer uçur,
Göy uçur.
Əyilir, qalxır.
Qanadlarını yana açaraq
Üz üstə düşüb
Şam işığını
qucur.
Aynurə içini çəkir.
Ah, yazıq divanə.
Düşüb qalır şamdanda
Qanadı yanmış pərvanə.
Pərvanələr oda gəlir.
Oda gələn pərvanəyə,
Elə oddan qada gəlir.
Qan çilənir
Ay işığının üstünə,
Ay ətəyini yığır.
Torpağa uzanmış pərvanə
Gözlərini yumur ağır-ağır.
Yanmış qanadları yavaş-yavaş
Yanına
sürüşür,
Üstünə Ay işığı düşür.
***
Xırdalanda bir məzar var,
Şəhid məzarı.
İki ağlar körpəsi,
Bir gözü
yaşlı yarı.
Durmuşam
O məzarın önündə.
Sinəmdəki qəmi
Ürək oynadır.
Gözümdəki nəmi
Külək oynadır.
Hava aydın, günəşli,
Torpağı odlu, atəşli.
Hamı
əkində-biçində,
Hamının içində
Yanan bir şam.
Gözlərində inam,
Göyərir səhər-axşam.
Bu məzarın üstündə
Vətənin uzanmış qolu.
Bu ölüm Vətən üçün,
Bu yol insanlıq
yolu.
Bu yurd o qədər ucadır,
Dərdini kimsəyə bildirməz,
Bəzən içində ağlar.
Vətən gözyaşı tökməz,
Vətən içində ağlar.
Vətən döyüşməyə
İgid istəyir.
Yolunda ölməyə
Şəhid istəyir.
Şəhid olmasaq, sən, mən.
Böyüməz torpaq,
Ucalmaz Vətən.
Məmməd
TAHİR
Palitra.-2014.-10 may.-S.13.