Uşaqlarda humanist
hisslərin inkişafında məktəbəqədər
müəssisələrin rolu
“Uşağın
gerçək aləm haqqında biliyinin,
təcrübəsinin artması onda humanist hisslərin inkişafı üçün müvafiq
şərait yaradır”
İnsanın uzun müddət təbiətdən və cəmiyyətdən təcrid olunmuş formada yaşaması heç bir halda mümkün. Belə olan halda insanda nə mənəvi inkişaf gedər, nə də ictimai şüur təşəkkül tapar. Ötən yazımızda da qeyd olunmuşdu ki, təbiətlə tanışlıq uşaqların mənəvi dünyasının, duyğularının, qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin, xüsusilə nitqlərinin inkişafına böyük təkan verir.
Psixoloq Gülnarə Əlixanova bu mövzunu davam etdirərək bildirdi ki, təbiətin ayrılmaz bir hissəsi olan uşaq gözlərini açdığı vaxtdan təbiət və cəmiyyətə, onların qanunauyğunluqlarına diqqət yetirir, hər gün nə isə öyrənir: “Təbiətin qoynunda, bitkilər və canlılar əhatəsində uşaq onlarla “ünsiyyət üçün” mövzu tapır. Gah quşlar, həşərat, gah da cansız əşyalarla “danışır”, nədənsə öz-özünə danışır. Bu prosesdə onun müşahidəçilik qabiliyyəti nəticə etibarilə təfəkkürü və rabitəli nitqi inkişaf edir. Buradan belə bir nəticə çıxarmaq olmaz ki, rabitəli nitq birbaşa ətraf aləmin təsiri ilə asanlıqla təlim edilir. Doğrudur, ətraf aləmin təsiri güclüdür, lakin onu istiqamətləndirmək lazım gəldikdə yeni məzmun vermək vacibdir. Bu gün tərbiyəçilər uşaq bağçasında təlim-tərbiyə prosesini dövrün tələbləri səviyyəsində qurmalı, uşağın həyatının hər anının maraqlı və məzmunlu qurulmasına çalışmalı, uşaqlara öz səylərini sərbəst ifadə etmələrinə şərait yaratmalıdırlar. Keçəcəyi məşğələnin məzmununa uyğun metod və üsullar müəyyənləşdirdikdən sonra uşaqların məşğələ saatındakı fəaliyyətinin başqa fəaliyyət növləri ilə inteqrasiya olunması yollarını aydınlaşdırmalıdır”.
Onun sözlərinə görə, uşaqlar ətraf aləmlə tanışlıq prosesində müxtəlif bölmələrlə qarşılaşır, addımbaşı problemli situasiyaya düşür: “Çox vaxt qoyulmuş sual heyrət doğurur. Vaxtilə Aristotel demişdir ki, təfəkkür heyrətdən başlayır, ətraf aləmlə tanışlıq da heyrət doğurur. Bu prosesdə müəyyən fakt və hadisədən, heyrətdən uşaq konkret biliklərə yiyələnərək əşya və hadisələrin xüsusiyyətlərini daha dəqiq öyrənir. Məhz belə şəraitdə uşaqların nitqi və təfəkkürü inkişaf edir. Tərbiyəçi unutmamalıdır ki, o ən zərif, incə bir məxluq olan uşaqla işləyir. Uşağın təfəkkürü əqli qüvvələri təbiətin qoynunda möhkəmləndirilməlidir. Bu, uşaq orqanizminin təbii qanunauyğunluqlarının tələbidir. Odur ki, təbiətə hər hansı gəzinti, ekskursiya, onun gözəlliyi qarşısında heyranlıq, məzmunluq uşaq qəlbinə yol açan cığır, təfəkkür dərsidir”.
“Doğma ana dilinə yiyələnməkdə şifahi xalq yaradıcılığı mühüm vasitələrdəndir”
Psixoloqun fikrincə, məktəbəqədər dövrdə folklor nümunələrindən istifadə uşaqların dünyagörüşünü, təfəkkürünü, yaddaşını genişləndirir: “Bu, adamlarda məhəbbət, yoldaşlıq, dostluq, əməksevərlik, düzlük hissini artırır, lüğət ehtiyatını zənginləşdirir, rabitəli nitqini inkişaf etdirir və həyatın romantikasını duymaqda bədii fantaziya yaranır. Fantaziyanın inkişafı nəticəsində bu dövrlərdə uşaqlarda nağıla böyük həvəs oyanır. Nağıl uşağın sirli-sehrli qəlbinə yol tapa bilən yaxın dostu, həyatın erkən çağlarından onun fərəhli hisslərinin mənbəyidir. Uşaqlara xalq dilinin nüfuzedici gücü vasitəsilə söylənilən nağıl onların nitqinin zəngin, səlis və obrazlı olmasına imkan yaradır”.
G. Əlixanova bildirdi ki, doğma ana dilinə yiyələnməkdə şifahi xalq yaradıcılığı mühüm vasitələrdəndir: “Hər bir xalq kimi Azərbaycan xalqının da zəngin folkloru vardır. Bu folklor nümunələri ağızdan-ağıza, nəsildən-nəslə keçmiş və əlbəttə, müəyyən dəyişikliklərlə zəmanəmizə qədər gəlib çatmışdır. Uşaqlarla aparılan tərbiyə işlərində bu böyük sərvətdən səmərəli istifadə etmək olduqca faydalıdır. Biz nağıllar vasitəsi ilə babalarımızın məişəti, adət və ənənəsi ilə, istifadə etdikləri əmək alətləri, geyimlər, qab-qacaq, oyuncaqlar və oyunlar ilə tanış oluruq. Hər bir xalqın öz əfsanəsi, əsatiri, nağılları vardır. Hər xalqın tarixi bu nağıllarda öz obrazlı əksini tapıb. İstər sadə, istərsə də mürəkkəb nağıllarda qəhrəmanlar çox vaxt heyvanların timsalında verilir. Eyni zamanda nağıllarda fantaziyanın çoxlu elementləri vardır. Nağıllar uşaqların dünyagörüşünü, təfəkkürünü, yaddaşını genişləndirir, adamlara məhəbbətini, yoldaşlıq, dostluq, əməksevərlik, düzlük hissini artırır, nitqini inkişaf etdirir, lüğət ehtiyatını zənginləşdirir”.
“Uşaqlarda humanist hisslər əsasən bağça yaşı dövründə inkişaf edir”
O, məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsində tapmaca, yanıltmacların və təmsillərin də imkanlarının geniş olduğunu vurğuladı: “Tapmacalar uşaqların təfəkkürünün və nitqinin inkişafına güclü təsir göstərərək, onları düşündürməyə, fakt və hadisələri tutuşdurmağa, fərqli və oxşar cəhətlərini müəyyənləşdirməyə istiqamətləndirir. Tapmacanın bu cəhətinə görə uşaq bağçalarında ondan geniş istifadə edilməlidir”.
Onun sözlərinə görə, uşaq bağçalarında folklor nümunələrinin müxtəlif növləri üzrə iş aparılır: “Bu məqsədlə ailələrdə nümunələrin oxunması və söylənməsi tövsiyə olunur. Folklor nümunələrinin öyrədilməsi valideynlərlə əlaqədə aparılmalıdır və görülən işin səmərəliliyini artırmaq üçün qrupda xüsusi guşə-folklor guşəsi yaratmaq daha məqsədəuyğun olardı. Guşəni hazırlamaq üçün lazım olan məlumatı toplamaqda valideynlərin gücündən də istifadə olunması vacibdir. Guşəni iki bölməyə ayırmaq olar. Məsələn, 1-ci bölmədə valideynlərin və ailə üzvlərinin ( nənə, baba, ana, ata və s.) söylədikləri nağıl, layla, rəvayət, tapmaca və s. 2-ci bölmədə isə tərtib edilmiş folklor jurnalını nağıllar, atalar sözləri, tapmacalar, yanıltmaclar və s. kimi bölmələrə ayırmaq olar”.
Psixoloq dedi ki, kiçikyaşlı uşaqların nitq inkişafı, düzgün danışıq və tələffüz vərdişlərinə yiyələnmələri, söz ehtiyatının artması vacib məsələ kimi hər bir tərbiyəçini və valideyni düşündürməlidir: “Böyüklərin uşaqlar üçün yaratdıqları folklor nümunələri laylalar və oxşamalardır. Laylalar və oxşamalar təbiyəvi əhəmiyyəti ilə seçilərək, uşaqlarda musiqiyə, ədəbiyyata həvəs oyadır, onların bədii zövqünü oxşayır. Uşaq psixologiyasını, onun daxili aləmini, gələcək tərbiyə yollarını xalq qədər doğru, dürüst müəyyənləşdirməyi bacaran ikinci bir təsirli qüvvə tapmaq çətindir. Laylalar və oxşamalar uşaqların təxəyyülünün inkişafına təsir göstərməklə, yaradıcı fantaziyanı inkişaf etdirir. Onlar özlərini anaya bənzədərək gəlinciyini yatızdırır, yedizdirir, ona eşitdikləri laylaları və oxşamaları söyləyirlər. Eyni zamanda oyun - nəğmələr də uşaqların məntiqi təfəkkürünü, bədii zövqünü və rabitəli nitqi inkişaf etdirərək, uşaqları məşğələyə həvəsləndirir”.
Valideyn və tərbiyəçilər öz davranışları ilə hər bir uşaq qarşısında məsuliyyət daşıyırlar
Psixoloq kiçik yaşlı uşaqlara humanist hisslərin aşılanması yollarına da diqqəti çəkdi. Humanizmin ilk bünövrəsinin ailədə yarandığını deyən G. Əlixanova bildirdi ki, ailə üzvləri arasındakı qarşılıqlı hörmət, yaşlılara, uşaqlara qayğı ilə yanaşmaq, xalqın, Vətənin xeyrinə faydalı işlər görmək bizim ailələrimizdə insani münasibətlərin əsasında durur: “Uşaqlarda humanist hisslər əsasən bağça yaşı dövründə inkişaf edir. Bağça yaşlı uşaqlarda həm zehni, həm də iradi cəhətdən inkişaf etmələri onlarda yeni hisslərin təşəkkülünə, hisslərin məzmunca zənginləşməsinə səbəb olur. Ona görə də hər bir tərbiyəçi ilk gündən bu mühüm məsələni diqqət mərkəzində saxlamalı, tərbiyə və təlim prosesinə geniş yer verməlidir. Tərbiyə işinin ilkin mərhələsində uşaqlara qrupdakı yoldaşlarının şəxsi nümunələrini də təqdim etməklə humanistliyin olmasını və onun üstünlüyünü izah etmək lazımdır. Humanist hisslərin yaranması rəftar və davranışda, işdə və əməkdə nəyin yaxşı və nəyin pis olmasını dərk etməyə əsaslanır. Bu təcrübə isə böyüklərin və tərbiyəçilərin apardığı işlər əsasında əldə edilir. Bağça yaşlı uşaqlarda humanist hisslər əvvəlcə cisim və hadisələri anlamaqla yaxşı və pisi ayırmaq, sonralar isə necə rəftar etməklə yaranır. Onlar başqalarına kömək etməyə çalışır, onların qayğısına qalırlar”.
Onun sözlərinə
görə, uşağın gerçək aləm
haqqında biliyinin, təcrübəsinin
artması da onda humanist hisslərin inkişafı üçün müvafiq
şərait yaradır: “Bəzən uşaq
tərbiyəçini diqqətlə dinləyir, oxunan materiala maraqla qulaq asır, lakin humanist hissi özündə əks etdirə bilmir. Belə hallara
yol verməmək üçün
uşağı təbii yolla elə başa salmaq
lazımdır ki, aparılan işin nəticəsini müşahidə etmək
mümkün olsun.
Əgər uşaq öz
aləmində xeyirxahlığı əks etdirməzsə, onu danlamaq və ya pisləmək deyil, sadəcə
olaraq “Filankəs necə etmişdir?”, “Sən necə etməli
idin?” kimi
yaradıcı suallarla praktik
fəaliyyəti, bu nəcib hissi özündə əks etdirmək tərzi
mühüm rol
oynayır. Əgər bağçada tərbiyəçidə,
evdə isə valideyndə humanist hiss özünü
göstərmirsə, uşağa sözlə
təsir etmək, onu insanlar
üçün xeyir
verməyə səsləmək heç bir nəticə verməz. Çünki
kiçik yaşlı uşaqlara
sözə nisbətən canlı fəaliyyət nümunəsi
daha güclü təsir
göstərir. Bu baxımdan tərbiyəçi
öz davranışı ilə hər bir uşaq
qarşısında məsuliyyət
daşıdığını unutmamalıdır. Eyni zamanda bu
baxımdan valideynlərdən də çox
böyük məsuliyyət tələb olunur”.
Fuad Hüseynzadə
Palitra.-2014.-10 iyul.-S.11.