Maarif Təhməzov: “Bizlər Azərbaycanın
xaricdəki təcəssümüyük”
“Azərbaycandan kənarda
yaşayıb ölkəmizi təmsil etmək ən məsuliyyətli
işdir və buna
görə də xaricdə yaşamağa
dəyər”
Ali təhsil almaq üçün dünyanın dörd bir yanına üz tutan gənclərimiz sözün həqiqi mənasında müxtəlif ölkələrdə uğurlu təhsil alaraq Azərbaycanı da uğurla təmsil etməyi bacarırlar. Lakin onlar arasında elə gənclərimiz var ki, bu gənclər digərləri kimi Avropa və ya ABŞ universitetlərini deyil, ya Afrika, ya da Asiyada ali təhsil almağı seçirlər. Özü də belə gənclər, oxuduqları universitetlərdə Azərbaycanın vahid təmsilçi olurlar, desək, yanılmarıq. Çünki belə az seçilən ölkələrdə azərbaycanlı tələbə də az olur, ya da heç olmur. Belə gənclərdən biri artıq ali təhsilini başa vurmuş və hərbi xidmət üçün Vətənə dönən Maarif Təhməzovdur. Maarif Birləşmiş Birləşmiş Ərəb Əmirliklərində aviasiya sahəsi üzrə oxuyub və özünün də dediyi kimi, Azərbaycanı bu ölkədə layiqincə təmsil edə bilib. Bu aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz
barədə məlumat verərdiniz.
- Mən - Təhməzov Maarif Süleyman oğlu 1990 -cı il 20 dekabrda Bakıda anadan olmuşam və əslən Qərbi Azərbaycandanam. Orta təhsilimi Bakı şəhəri Xətai rayonu Rövşən Əliyev adına 254 saylı məktəbdə başa vurmuşam. Ali təhsilimi isə Birləşmiş Ərəb Əmirliklərində almışam.
-Birləşmiş Ərəb Əmirliklərində ali təhsil almağı özünüz seçdiniz?
-Ailə üzvlərimin Birləşmiş Ərəb Əmirliklərində məskunlaşması mənim ali təhsilimi orada almağa şans yaratdı. Bir neçə vaxt düşündükdən sonra həmçinin, aviasiya sahəsinə də marağım olduğu üçün Dubay şəhərində “Emirates Aviation University”də BBA Aviation Management ixtisası üzrə ali təhsil almağa qərar verdim. Hələ uşaq ikən təyyarələrin necə havada hərəkət etməsi məni təəccübləndirirdi. Buna görə də nə vaxt təyyarə görsəm, bunun bir möcüzə olduğuna inanardım. İllər keçdikcə bu düşüncəm məndə təyyarələrə qarşı maraq oyatdı və təhsilimi bu yöndə inkişaf etdirməyi qarşıma məqsəd qoydum.
- Ərəb
ölkəsini necə təsəvvür edirdiniz,
reallıqda necədir?
- Öncə onu qeyd edim ki, bu ölkə çox maraqlı və bir sıra sahələrinə görə sürətlə inkişaf etmiş ölkədir. Birləşmiş Ərəb Əmirlikləri Ərəbistan yarımadasının cənub-şərqində, Fars körfəzinin sahilində yerləşir. Ölkə 1971-ci ilin dekabrın 2-də Şeyx Zayid bin Xalifa El Nahyanın səyi nəticəsində əmirliklərin Əbu Dabi, Dubay, Şarjah, Ecman, Fuceyra, Ras əl Xeyma və Om el Kuveynin birləşməsindən sonra əsası qoyulmuş və Əbu Dabi paytaxt elan edilmişdi. Bu ölkənin rəsmi dili ərəb dili olmaqla, dini İslamdır. Əmirliklərin əsas gəlir mənbələri neft və qaz sektorundan gəlir. Lakin, ölkənin başqa sektorları da neft və qaz sektoru kimi gündən-günə çiçəklənir. Neft ehtiyatına görə dünyada 7-ci və qaz ehtiyatına görə isə 17-ci yerdə qərarlaşıb. Birləşmiş Ərəb Əmirlikləri, bildiyiniz kimi, sürətlə inkişafda olan bir neçə ərəb ölkələrindən biridir. Təxminən 10 milyon əhalisi olan ölkənin 2 milyondan az bir hissəsi yerli əhalidir (Emirati), qalanları isə gəlmə insanlardılar. Ölkə 7 böyük ayrı şəhərdən ibarət olmaqla hamısı ayrı-ayrılıqda bir-biri ilə əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerləri, yeni biznes ideyaları, texnologiyanın və turizmin inkişafı üçün rəqabətdədirlər. Təsadüfi deyil ki, Dubay şəhəri turizmin inkişaf etdiyi şəhərlər arasında ön sıralarda yer tutur. Nəinki turizm, hətta iqtisadiyyat və ona gündən-günə qoyulan kapital da bu ölkənin Ərəb yarımadasında nümunəvi ölkə kimi yer tutmasına şərait yaradır.
-Bu
ölkənin iqtisadiyyatını təriflədiniz, bəs təhsili
necə, yüksək səviyyədədirmi? Ümumiyyətlə,
oxuduğunuz ali təhsil
ocağı sizi qane etdimi?
-“Emirates Aviation University” Birləşmiş Ərəb Əmirliklərinin aviasiya yönümlü əsas dövlət təhsil müəssisəsidir və “Emirates Group”a bağlıdır. “Emirates Group” Dubay əmirliyinin şirkətlər qrupudur. “Emirates Group” nəninki aviasiya sektorunda, hətta turizm sektorunda belə regionda məşhurlaşıb. Universitetdə cəmi 2 azərbaycanlı tələbə olduğuna görə başqa millətlərdən olan tələbələrin Azərbaycan haqqında olan suallarını ətraflı cavablandırmaq çətin olurdu. Amma əlimdən gələni edərək ölkəmizi təmsil etməyi çalışmışam. Buna universitetdə keçirilən beynəlxalq günü nümunə göstərə bilərəm. Universitetdə hər il “Global Day” adı altında beynəlxalq tələbələr üçün öz ölkələrini təmsil etmək üçün şərait yaradılır. Məndən öncə azərbaycanlı tələbənin olmadığı universitetdə Azərbaycan haqqında məlumatlar kafi deyildi. 2013-cü ilin aprel ayında Azərbaycan pavilyonunu yaratmağı qərara aldım. Elə həmin ayda da “Global Day”da Azərbaycanı təmsil etmək şansını əldə etdim. Burada 15 fərqli ölkədən olan tələbələr ayrı-ayrılıqda öz ölkələrinin adət-ənənələrini, geyimlərini, musiqilərini, mətbəxini və tarixini ora gələnlərə çatdırırdı. Azərbaycanın ilk dəfə bu tədbirdə yer alması Azərbaycana olan marağın böyüməsinə gətirib çıxardı. Bu tədbirdə mənə Azərbaycan Respublikasının Dubaydakı Konsulluğu və “Azerbaijan” jurnalı dəstək oldu. Onların sayəsində bu tədbir daha da maraqlı hal almışdı. Məncə, Azərbaycandan kənarda yaşayıb ölkəmizi təmsil etmək ən məsuliyyətli işdir. Buna görə də, xaricdə yaşamağa dəyər.
-Bildiyim qədərilə, sizə orada iş təklifi olmasına baxmayaraq, Vətənə dönmüsünüz.
-Vətənə dönməyin səbəbi əsasən qəribçilikdi. Elə il olub ki, Bakıya 4-5 dəfə səfər etmişəm. Doğrudan da insan doğma şəhərindən kənarda qalanda həmişə nəyinsə çatmadığını düşünür və bu, mənim də yaşadığım bir vəziyyət idi. Xüsusən də ən sevdiyim Novruz bayramında imtahanlar səbəbindən Bakıya gələ bilməməyim əhvalımı çox pozurdu. Ötən il iş təcrübəsi üçün çalışdığım Dubay Beynəlxalq Hava Limanında yenidən çalışmağım üçün şans yaranmışdı. Lakin, öncə hərbi xidmətə getməyə qərar verdim. Elə doğma şəhərimizə qayıtma səbəbim də hərbi xidmətlə əlaqədardır. Düşünürəm ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər bir şəxs müddətli hərbi xidmət etməlidir.
-Artıq Vətəndəsən və yəqin ki ölkədə baş verən müsbət dəyişiklikləri aydın sezə bilirsən...
-Azərbaycan hazırda nəninki regionda, hətta qabaqcıl ölkələrlə bir sırada seçilən ölkə halına gəlib. Bu bizim üçün çox sevindirici haldır. Beynəlxalq tədbirlərdə bayrağımızın ucalması, himnimizin səslənməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Ölkədə gedən islahatlar və ordumuzun sürətlə inkişaf etməsi Azərbaycanı Qafqaz regionunda ən qabaqcıl ölkə edib. Mənfur qonşularımızın beynəlxalq tədbirlərdə ölkəmizin əleyhinə səsləndirdikləri əsassız, absurd ifadələr həmin tədbirdə olan azərbaycanlı nümayəndələr tərəfindən yerindəcə cavablandırılır. Vətənimizin 20 faizinin hələ də işğal altında olmasına baxmayaraq, buradakı ordu quruculuğunun müasir və inkişaf yönümlü olması sevindirici haldır. Öz ordumuzun gündən-günə daha da sürətlə inkişaf etməsi məni də bu inkişafın bir hissəsində olacağıma görə qürurlandırır. Gənclərin milli ruhda maariflənməsi vacibdir, buna görə də hərbi xidmət əvəzolunmazdır.
- Hərbi aviasiya ilə yanaşı, mülki
aviasiyamız son illərdə xeyli güclənib. Buna
münasibətiniz necədir?
- Azərbaycanda aviasiyanın yaranması
sovet dövrünə təsadüf edir və o zamanlar uçuş reyslərinin
əksəriyyəti yalnız sovet ölkələri
arasında olduğuna görə Amerika və Avropanın yeniliklərindən yararlanmaq bir o qədər də asan
olmayıb. Lakin, Azərbaycan Hava Yollarının yaranması ilə ölkəmizdə
aviasiya sənayesi inkişaf
etməyə başladı. Yeni- yeni hava limanları tikildi və bu proses hələ
də davam edir. Sevindirici haldır ki, Heydər Əliyev adına Beynəlxalq
Hava Limanında yeni terminal istifadəyə
verilib. Fürsət olan kimi ora
da baş çəkdim və orada olan avadanlıqlar
və aura məni hansısa Avropa hava limanlarından birində olduğumu hiss etdirdi. Ümid edirəm, bölgələrdəki
hava limanları da paytaxtımızdakı
hava limanı ilə rəqabətə girəcək vəziyyətə
gələrlər.
-Hərbi xidməti başa vurduqdan sonra hansı planlarınız var?
-Hərbi xidməti tamamladıqdan sonra öz sahəm üzrə işləyərək
magistr pilləsinə
çatmaq yaxın gələcəkdəki əsas
məqsədimdir. Buna görə də artıq Avropa və Amerikada olan bir neçə
universitetlərlə yazışmalarım
olub. Öz sahəmdə daha
çox təcrübə
əldə etdikdən
sonra bu təcrübələri Azərbaycanda
da tətbiq edəcəyim günü
səbirsizliklə gözləyirəm.
-Xaricdə yaşayan və təhsil alan
azərbaycanlılara hansı
məsləhətləriniz olar?
-İnkişafda olan
bir ölkənin, yəni Azərbaycanımızın
hər hansı bir sektorunun bir hissəsi olmaq bizim üçün
yaranmış şansdır
və bu şansı məncə bütün gənclər
dəyərləndirməlidir. Bizim kimi
xaricdə yaşayan, yaxud işləyən Azərbaycan vətəndaşları
isə hər bir zaman ölkəmizin
maraqlarını və
bizlərdən gözləntilərini
unutmamalıdır. İstərdim ki, xaricdə yaşayan bütün azərbaycanlılar nümunəvi
vətəndaş olsunlar.
Çünki, bizlər Azərbaycanın
xaricdəki təcəssümüyük.
Tural Tağıyev
Palitra.-2014.-11 iyul.-S.6.