Həqiqətlərimizin təbliği üçün gənclərin bilgiləri və texniki bacarıqları inkişaf etdirilməlidir

 

Azərbaycanın ən aktual problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu sahədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi bu gün ölkəmiz və hər bir azərbaycanlı, o cümlədən gənclərimizin mənəvi inkişafı üçün ən ümdə vəzifələrdəndir. Ona görə də gənclərin bu baxımdan bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlara bu sahədə tarixi, mədəni bilgilər verilməsi və texniki bacarıqlarının təkmilləşdirilməsi olduqca vacibdir.

Qeyd edək ki, son zamanlar dövlət səviyyəsində bu məsələyə ciddi diqqət yetirilir, həmçinin buna aid çoxsaylı QHT layihələri maliyyələşdirilir. Amma erməni diasporunun dünya çapında aktiv fəaliyyəti və eləcə də onların bir çox dairələr tərəfindən dəstəklənməsi bizim bu işdə daim daha çevik olmamızı və mobil metodlardan yararlanmamızı diktə edir. Bu yöndə gənclərin zehnitexniki qabiliyyətlərinin inkişaf etdirilməsi və mütəşəkkilliklərinin artırılması günün tələbidir. Çünki bu gün Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işi bir sıra vacib məqamlar baxımından gənclərdə mənəvi boşluqlar müşayiət olunur. Bu məqamlara diqqət yetirək.

Birincisi, bu sahədə daha çox ənənəvi metodlara meyillilik var. Məsələn, İKT imkanlarından lazımınca istifadə olunmur. Sayt və bloqların yaradılması məsələsindən başqa, hazırda güclü beynəlxalq təsir gücünə malik sosial şəbəkələrin gücündən lazımınca yararlanılmır. Müşahidələr göstərir ki, sosial şəbəkələrə qoşulan gənclərimizin - xaricdə və ölkədə təhsil alan tələbələr, digər kateqoriyalı gənclər, diaspor nümayəndələri, elm adamları, sair insanlarımızın hər birinin bir çox hallarda 1000-ə yaxın əcnəbi virtual dostu olduğu halda, bu dostlar arasında Azərbaycan həqiqətləri barəsində məqsədli və ciddi təbliğat aparılmır. Eləcə də sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini təbliğ edən və yayan, bunun üçün mütəmadi genişlənən qruplar demək olar, yox dərəcəsindədir. Olanları da aktiv deyil. “Facebook”, “Twitter” və sair kimi şəbəkələrdə daha aktiv olan gənclər isə əsasən əyləncə xarakterli, digər ölkələrin mədəniyyəti, musiqisini təbliğ edən qruplara üzv olmağa daha çox meyilləniblər. Bir sözlə, sosial şəbəkələrdə mövcud olan potensialı, insan resursunu Azərbaycan həqiqətləri ilə bağlı məqsədli şəkildə səfərbər etməyə, təşkilatlandırmağa ciddi ehtiyac var.

İkincisi, sırf Azərbaycan həqiqətləri, Qarabağla bağlı yaranan, hətta bir neçə dildə fəaliyyət göstərən saytlarda ciddi effektlilik tələbinə cavab verməyən ənənəviçilik var. Məsələn, əksər hallarda bu saytlarda canlı, eksklüziv müsahibələr, xaricilərin, beynəlxalq təşkilatların təmsilçilərinin, diplomatların, diasporumuzunsairin xeyrimizə fikir və arqumentləri verilmir. Bu saytlar xarici aləm təmsilçilərini cəlb edə bilmir. Belə saytlar əsasən hazır, köhnə materialların yerləşdirilməsi ilə kifayətlənir. Həmçinin bu saytlarda Azərbaycan həqiqətləri tamdolğun təqdim edilmir. Rubrikaları da yeknəsəqdir. Saytlar canlı yazı və müzakirələrə yer verilmədiyi və beynəlxalq aləm təmsilçilərinə normal formada təqdim, təbliğ edilmədiyi üçün həqiqətlərimizlə bağlı təbliğat sisteminin formalaşmasına lazımi töhfə verə bilmirlər. Qeyd edilənlər göstərir ki, Azərbaycan həqiqətlərini daha effektli formada beynəlxalq aləmdə tətbiq etmək üçün yeni üslub və keyfiyyətdə saytların yaradılması da vacibdir.

Beynəlxalq ictimaiyyəti həqiqətlərimiz barədə sistemli məlumatlandırmaq üçün diaspor və xaricdəki tələbələrimizdən də çox şey asılıdır. Onların real aktivliyini bu sahədə daha hərtərəfli etmək üçün virtual məkanda təşkilatlanması, əlaqəli fəaliyyət göstərməsi gərəkdir. Onların da internet resursları ilə bağlı yeni metodlarla maariflənmə və səfərbər edilməsinə ehtiyac var. Daha bir ehtiyac Azərbaycanda təhsli alan xarici tələbələr və ölkəmizə rəğbəti olan, Qarabağ münaqişəsində mövqeyimizi müdafiə edən beynəlxalq ictimaiyyət təmsilçilərinin virtual məkanda xeyrimizə aktivləşməsi ilə bağlıdır ki, bu da çox vacibdir.

Qeyd edilənləri nəzərə alaraq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi ilə bağlı layihələr həyata keçirməyə hələ də ciddi ehtiyac var. Bu cür layihələrin həyata keçirilməsi Azərbaycan həqiqətləri və Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılması işində önəmli töhfə olardı və yeni keyfiyyət mərhələsinə yol açardı.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi ilə bağlı layihələrdə məqsəd Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işindəki boşluqların aradan qaldırılmasına, bununla bağlı vacib tərəflərin potensialının səfərbər edilməsinə, onların İKT sferasında mütəşəkkilləşməsinə, bununla da Azərbaycanın ədalətli, Ermənistanın təcavüzkar mövqeyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qəbul edilməsinə yardımçı olmaqdır. Buna uyğun olaraq aşağıdakı vəzifələr reallaşdırıla bilər: Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında sosial şəbəkələrdə aktiv olan gəncləri səfərbər etmək, təşkilatlandırmaq, Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı diasporun imkanlarını virtual məkanda səfərbər etmək, Azərbaycan həqiqətləri ilə bağlı internet resurslarının və onlardan istifadə keyfiyyətinin artırılmasına, gənclərə tanıdılmasına yardımçı olmaq, xaricdə təhsil alan tələbələrimizi Azərbaycan həqiqətləri və Qarabağ məsələsi ilə bağlı dünyaya dolğun məlumat çatdırılmasında virtual məkanda səfərbər etmək, Azərbaycan həqiqətlərinin beynəlxalq sferada yayılması ilə bağlı sosial şəbəkələrdə aktiv olan gənclər, tələbələrlə diaspor nümayəndələrimiz, beynəlxalq dünya təmsilçiləri arasında sıx, çevik virtual əlaqənin qurulmasına yardımçı olmaq, müvafiq dövlət qurumları ilə sosial şəbəkələrdə aktiv olan gənclər arasında informasiya savaşına aid koordinasiyanın qurulmasına yardımçı olmaq, informasiya savaşına aid kampaniyalar həyata keçirən QHT-lərlə gənclər arasında güclü və mütəmadi əlaqələr yaradılmasına yardımçı olmaq, gənclərin beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dolğun şəkildə təqdim etmələrinə yardımçı olmaq.

Bu cür layihələrin ünvanlandığı əhali qrupu sosial şəbəkələrdə aktiv olan gənclər, tələbələr, eyni zamanda xaricdə təhsil alan tələbələr olmalıdır. Eyni zamanda Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından diaspor da ikinci bir qrupa aid edilə bilər. Bundan başqa, digər ictimai təbəqələr, xarici tələbələr və QHT-lər, dövlət qurumlarının, Azərbaycan ictimaiyyətinin də layihədən faydalanmaq imkanı yaradılmalıdır. Layihələr çərçivəsində sosial şəbəkələrdə aktiv və mütəşəkkil iştirakı təmin etmək üçünSosial şəbəkələrdə aktiv olan gənclərin Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hazırlanması” kimi mövzularda təlimlər keçirilə bilər. Burada gənclər sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini dolğundüzgün yaymağın yolları ilə bağlı maarifləndirilə, gənclərə interaktiv təlim formasında nəzəri və praktiki bilgilər verilə, bununla bağlı optimal vərdişlər qazandırıla bilər. Hazırlanmış internet resursları siyahısı əsasında bu mövzuya aid bukletlər hazırlana və gənclər, yeniyetmələr və sair təbəqələr arasında yayıla bilər. Burada Azərbaycan həqiqətləri - tarixi, mədəniyyəti, təbiəti, Qarabağla bağlı bütün lazımi internet resurslarının, bu barədə beynəlxalq ictimaiyyəti dolğun maarifləndirəcək səviyyədə olan sayt, bloq və portalların internet ünvanları qeyd edilməlidir. Azərbaycanda təhsil alan xarici tələbələr və diplomatlara da bu cür buklet paylanılmalıdır. Bunun üçün xarici tələbələrin təhsil aldığı ali məktəb rəhbərliklərinə və ölkədə fəaliyyət göstərən diplomatik korpuslara müraciət edilə bilər. Həmçinin virtual məkanda da bu aksiya davam etdirilsə, məqsədəuyğun olar: virtual buklet olaraq ünvanlara göndəriləcək və sosial şəbəkələrdə təqdim edilə bilər. Bundan başqa, İT sferasında Azərbaycan həqiqətlərini yaymaqda rast gəlinən çətinliklər və onların aradan qaldırılması yolları mövzularında dəyirmi masalar keçirilə bilər. Buraya İKT sahəsi üzrə ixtisaslaşmış ekspertlər, Qarabağ həqiqətləri üzrə ixtisaslaşmış QHT-lər, informasiya savaşı ilə bağlı dövlət qurumları, ölkədə olan tələbələr, diaspor nümayəndələri dəvət olunmalıdır.

Bu cür layihələrin həyata keçirilməsi ümumilikdə sosial şəbəkələrə qoşulan gənclərin Azərbaycan həqiqətləri barədə məqsədli və kütləvi təbliğat kampaniyasına qoşulmalarına, onların bu barədə bacarıq və məlumatlarının artmasına əhəmiyyətli stimul verəcək. Təlimdə iştırak edən gənclər, gənclər təşkilatlarının nümayəndələri, tələbələr bacarıqlarını artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla da virtual məkanda, sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına diqqəti, qoşulmaq həvəsini önəmli dərəcədə artıra bilərlər. Hər bir sosial şəbəkədə aktiv gəncin yüzlərlə əcnəbi dostu olduğunubu əcnəbilərin də öz ölkələrində aktiv ictimai mövqelərdə durduqlarını nəzərə alsaq, Azərbaycan həqiqətlərinin onlara aşılanması bu sahədə ciddi dönüş yaradacaq. Azərbaycan həqiqətlərinin yayılması işi bu cür sistemli və şəbəkəli şəkildə həyata keçirilsə, dünyada ədalətli mövqeyimizi qəbul edən xaricilərin sayı olduqca çox sayda arta bilər. Bu isə hətta, ermənipərəst ölkələrdə belə, ictimai rəyi xeyrimizə ciddi şəkildə dəyişə bilər.

Eyni zamanda bu məqsədlə layihələr çərçivəsində yeni və fərqli saytların yaradılması sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini yaymaq üçün önəmli, istinad etmək üçün zəngin və əlverişli internet resurslarının keyfiyyətini və sayını artırmağa şərait yaradacaq. Həmçinin yeni saytların nümunəsində Azərbaycan həqiqətləri və informasiya savaşı ilə bağlı yaradılacaq saytların daha keyfiyyətli və effektli olması tendensiyası formalaşacaq. Virtual məkanda çevik metodlarla Azərbaycan həqiqətlərini xarici aləm təmsilçilərinin diqqətinə çatdıran gənclər, eləcə də diaspor, Azərbaycan cəmiyyətinin üzvləri bununla dolğun informasiya əldə etməyə, həqiqətlərimizlə bağlı daha zəngin faktlar və xaricilərin öz dilindən deyilmiş arqumentlər, mülahizələr və sair materiallara əsaslana bilərlər. Gənclər təşkilatları, vətəndaş cəmiyyəti institutları, digər qurumlar və əhali qrupları layihə çərçivəsində Azərbaycan həqiqətləri ilə bağlı toplanmış, siyahıya salınmış internet resurslarından, eləcə də yeni saytdan yararlanmaqinformasiya savaşı ilə bağlı maariflənmək imkanı əldə edəcəklər. Xarici səfərlərə, görüşlərə yollanan gənclər, ictimaiyyət nümayəndələri internet resurslarının adları toplanmış siyahı ilə xaricdəki soydaşlarımızı və əcnəbiləri tanış edə və məlumatlandıra bilərlər ki, bu da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından vacibdir. Layihələr çərçivəsində keçiriləcək debatlar isə Azərbaycan həqiqətlərinin virtual məkanda təqdimi və təbliği istiqamətində olan proseslərə analitik diqqəti artıracaq və bu yöndə yeni, novatordaha effektli təşəbbüslərə başlamaq üçün ideyalar verə bilər.

 

İlkin AĞAYEV

Palitra.-2014.-12 iyul.-S.11.