Fiziki inkişaf gənclərin mənən formalaşmasına da xidmət edir

 

Nicat Müslümov: “Gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürməlidir”

Bugünkü Azərbaycan gəncinin özəlliyi onun öz Vətəni və xalqına sədaqətli olmasındadır. Bu, Azərbaycan gəncinin mənəvi inkişaf təcəssümüdür. Müsahibimiz Nicat Müslümov da bu baxımdan fərqlənən gənclərimizdəndir. O, ictimai fəallıq göstərməklə yanaşı “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər Təşkilatının sədri kimi çalışır. Qeyd edək ki, N. Müslümov 1988-ci ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonu 104 saylı orta məktəbi əla qiymətlərlə bitirib və elə həmin ildə Təfəkkür Universitetinə daxil olub, iqtisadiyyat ixtisası üzrə təhsil alıb.

 

- Nə vaxtdan ictimai aktivlik göstərirsiz?

- İctimai fəaliyyətdə fəallığım məktəb illərindən başlayıb. Şagird olduğum dönəmdə məktəbdaxili və məktəblərarası bilik yarışmalarının, mədəni-kütləvi tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşam. Təhsildə və ictimai fəaliyyətdə fərqləndiyim üçün müxtəlif zamanlarda məktəb rəhbərliyi tərəfindən bir çox sertifikat, diplom və təşəkkürnamələrə layiq görülmüşəm.

- Bu gün gənclər özlərinin mənəvi inkişafı üçün lazımi addımlar atırlarmı?

- Gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir. Gənclərin milli mənlik şüurunun inkişafı onlarda vətənpərvərlik hisslərinin aşılanmasına öz təsirini göstərir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evi"nin inşa edilməsi, Prezident yanında Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulub. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı yeritdiyi siyasət uğurludur. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə sahəsində, gənclərin sosial-iqtisadi inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir.

- Dövlətimizin gələcək inkişafında gənclərimizin rolunu necə qiymətləndirirsiniz?

- Ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında formalaşan qürur və iftixardır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsasın olması da inamımızı şərtləndirən amildir. Bu gün savadlı gənclər, ölkəmizin uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli sosial resursdur. Bu gün hər bir gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabiluğurlu gələcək lazımdır. Bu gün ölkədə kifayət qədər təhsilli gənc var. Bu gənclər bu gün ölkənin müxtəlif strukturlarında çalışır və Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Hesab edirəm ki, bu gün ölkədə gənclər üçün bütün ictimai-siyasi şərait yaradılıb ki, onlar öz işlərini həyata keçirə bilsinlər və öz parlaq gələcəklərini qursunlar. Bu gün Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvü var ki, onların təxminən 45 faizini gənclər təşkil edir. Hesab edirəm ki, bunun nəticəsində gənclərimiz Yeni Azərbaycan Partiyasına öz dəstəklərini bundan sonra da verəcək, onlar bu təşkilat vasitəsi ilə öz firavan həyatlarını quracaq və Azərbaycanın gələcəyi naminə öz töhfələrini verəcəklər.

- Gənclərin ictimai fəallığının daha da artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

- Bu gün “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi, Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Prezident yanında Elm Fondu tərəfindən gənclərin layihələrinə qrantlar verilir, mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin artması istiqamətində müxtəlif beynəlxalq müsabiqələr, festivallar həyata keçirilir. Hər bir gənc yaradılmış bu şəraitdən səmərəli istifadə etməlidir.

- Gənclərin fiziki inkişafı onlara hansı perspektiv verir?

- Gənclərin asudə vaxtının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir. "Sağlam bədəndə sağlam ruh olar" deyilib. Bədənin sağlamlığını qorumaq üçün isə insan bu prosesə gənc yaşlarından start verməlidir. Fiziki inkişaf, sağlamlaşma ilə yanaşı, həm də gənclərin mənən formalaşmasına xidmət edir. Milli gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürməlidir.

- “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər Təşkilatının sədrisiniz. Bu barədə də danışardınız.

- “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər təşkilatı idarədaxili gənclərin təbii potensiallarını inkişafında rolu az deyil. 2008-ci ildən idarəmizin YAP Gənclər Təşkilatında müavin kimi fəaliyyətə başlamışam. 11 yanvar 2012-ci ildən başlayaraq “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər Təşkilatının sədri olaraq fəaliyyət göstərirəm. Qeyd etmək istərdim ki, “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər Təşkilatı respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etməklə yanaşı, idarədaxili idman və vətənpərvərlik yarışları, gəncləri maraqlandıran müxtəlif mövzularda seminarlar və təlimlər, xarici dil biliklərinin artırılması məqsədi ilə danışıq klubları, bayram konsertləri, dövlət əhəmiyyətli və tarixi günlərdə dəyirmi masakonfranslars. tədbirlər, layihələr həyata keçirir ki, bu da gənclərə, öz bilik və bacarıqlarını, təbii potensiallarını artırmasına və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə şərait yaradır.

“Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər Təşkilatı hər zaman gənclərlə maarifləndirmə işləri aparır.

- İnsanın mənəvi inkişafında ailənin, valideyn tərbiyəsinin hansı rolu var?

- Hər bir xalqın özünəməxsus ailə tərbiyəsi üsulları olduğu kimi, Azərbaycan xalqının da özünəxas mütərəqqi uşaq tərbiyəsi metodları var. Bir məqamı da nəzərə almaq lazımdır ki, digər dövlətlərlə müqayisədə bizdəki tərbiyə metodları mükəmməl və dolğun olmağı ilə seçilir. Məsələn, bütün valideynlər çalışır ki, övladları siqaret çəkməsin, spirtli içki içməsin, qumar oynamasın, oğurluqla məşğul olmasın, yalan danışmasın, böyük-kiçik yeri bilsin, nizam-intizamdan kənara çıxmasın və s. Bir növ, bütün bu deyilənlər sağlam gənc nəslin formalaşması üçün başlıca kredo hesab olunur.

- Bəzi gənclərin yanlış yolda olduğu müşahidə olunur. Gənclər həyatda özünü tapmaq, səhv yola getməmək üçün əsas nəyə fikir verməlidirlər?

- Təbii ki, bu, normaldır. Lakin öz dövlətinə və vətəninə müxalif olmaq olmaz. Yəni, bu artıq sağlam düşüncə tərzinin göstəricisi deyil. Təbii ki, bu rəqəm çox böyükola bilməz. Çünki həmin gənc özünü ya cəmiyyətdə tapa bilməyib, ya da onun olduqca zəif hissləri mövcuddur ki, o nəyinsə bahasına hansısa bir maraq vasitəsilə onu buna cəlb etmək mümkün olar. Cəmiyyət öz-özünü qoruyaraq, müalicə edərək bu cür xəstəliklərdən daim azad olunur. Digər bir tərəfdən isə hər hansısa bir fərd səhvdən sığortalanmayıb. Fərd səhv edə bilər. Sadəcə olaraq səhvi dərk etmək və düzgün yola gəlmək, “mən nə etmək istəyirəm? ” sualını verərək özünü cəmiyyətdə tapmaq üçün bir az həyata real baxmaq, təhlili düzgün etmək, azərbaycançılıq ideyasını bilmək lazımdır. Azərbaycanın uğurlarına təbii ki, sevinməyən qüvvələr var. Bunlar bilməlidir ki, Azərbaycan gəncliyinin əksəriyyəti Azərbaycanı sevironun uğurlarına sevinir. Hər bir dövlətin özünəməxsus problemləri və ümumbəşəri problemi var. Narkomaniya, QİÇS-lə mübarizə, depressiv kimi ümumbəşəri problemlər dünyanın bir parçası olduğumuz üçün bizdən də yan keçməyib. Uşaq və gənclər arasında təcrübə mübadiləsinin aparılmasında, yeni gənc liderlərin hazırlanmasına şəraitin yaradılmasında da yay təcrübə məktəbləri və düşərgələrin rolu böyükdür. Uşaqların estetik, texniki və tətbiqi incəsənət istiqamətindəki qabiliyyətlərində və yaradıcılıq potensialının inkişafında pedaqoji təsirin əhəmiyyəti çoxdur. Həmçinin qanun pozuntuları, zərərli vərdişlərin profilaktikası və məktəblilər üçün çox olan aktual məsələlər yay düşərgəsi müstəvisində də həllini tapa bilən məsələdir. Bu nöqteyi-nəzərdən yay fəsli zamanı bu istiqamətdə bir çox profilaktik tədbirlər arasıkəsilmədən davam etdirilməlidir və bu mühüm vəzifə yay düşərgəsi formatında icra olunmalıdır.

Ümumilikdə, düşərgə gənclərin fiziki fəaliyyət ehtiyaclarını qarşılamaları, yaradıcılıqlarını inkişaf etdirmələri və cəmiyyət üçün lazımlı vətəndaş yetişməsində rolu olan və şagirdlərin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin möhkəmləndirilməsi kimi fəaliyyət istiqamətlərini kompleks şəkildə özündə birləşdirən təşkilatlardandır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-15 iyul.-S.11.