Təhsil konsepsiyası həm də şagirdlərin mənəvi inkişafına yönəlib

 

Ruhiyyə İbrahimova: “Müəllim öz sahəsindən o qədər geniş məlumatlı olmalıdır ki, şagirdin qarşısında çətin vəziyyətdə qalmasın”

Uşaq və gənclərin mənəvi inkişafında təhsilin və müəllimlərin mühüm rolu var. İndi əsas məqsədin məhz təhsilin keyfiyyətini yüksəltmək olduğunu deyən ölkə başçısı bildirib ki, müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir: “Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. təbii ehtiyatlar, mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun”. Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən müxtəlif islahatlar da məhz bu istiqamətə yönəlib. Yeni təhsil proqramının tətbiqi isə bu gün müəllimlər tərəfindən birmənalı qarşılanmır. Müsahibimiz Bakı şəhəri 188 saylı tam orta məktəbdə riyaziyyat müəllimi Ruhiyyə İbrahimovadır:

 

- Yeni təhsil proqramının uşaq gənclərin mənəvi inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Yeni təhsil proqramının uşaq gənclərin mənəvi inkişafında rolu ilə bağlı mən ilk öncə valideyn kimi münasibət bildirərdim ki, iki övladım arasında dünya qədər fərq görürəm. Onlardan biri ənənəvi, digəri isə kurikulumla təhsil alır. Çünki kurikulum sistemi əsasında təhsil alan şagirdlərin daha çox mənəvi, yaradıcı, təfəkkürünün inkişafı nəzərə çarpır. Məsələn, humanitar sahələrdə əsas problem şagirdlərin fikrini çatdıra bilməməsidir. Onlar çox çətinlik çəkirlər. 11-ci sinifdə təhsil alan bir şagirdə mövzu verib tapşıranda ki, inşa yazsın, baxırsan ki, beş cümləni yaza bilmir. Yaxud məktəbdə bir tədbirdə çıxış etmək lazım gəldikdə baxırıq ki, dili dolaşır, fikrini çatdıra bilmir. Amma bu aşağı siniflərdə, 7-ci sinfə qədər olan şagirdlərdə hiss olunur ki, artıq tamam başqa cürdür. Onlara mövzunu vermək kifayətdir ki, mövzu ətrafında araşdırma aparsınlar, bildiklərini ortaya qoysunlar. Bunu da həm valideyn, həm müəllim kimi yeni təhsil konsepsiyasının ən böyük üstünlüklərindən biri hesab edirəm. Bu təhsil konsepsiyasında ən çox inteqrasiyaya yer verilir. İnteqrasiyanın çox üstünlükləri var. Üstünlüklərindən biri odur ki, vaxta qənaət edir. Yəni, artıq şagird tutaq ki, tarix dərsində incəsənətlə bağlı bir dövrü öyrənirsə, bu artıq ona ədəbiyyatdan tanışdır. Yaxud, riyaziyyatdan miqyas dərsini əvvəllər öyrətmişik. İndi isə məsələlərin qoyuluşu daha rəngarəngdir. İnteqrasiyanın olması ilk növbədə vaxta qənaət edir. Bu riyaziyyatda da var. Ənənəvi dərs monoloji dərs adlanırdı. Müəllim danışır, məlumat verirdi, əsas məlumat mənbəyi müəllim idi. Amma indiki dərsdə müəllim ancaq bələdçidi. Məsələn, mən şagirdə deyirəm ki, banka 100 manat pul qoymuşam, hesabla gör üstünə ayda 2 faiz gəlir gəldikdə ildə nə qədər olacaq. Yəni, bunu məsələ şəklində deyil, açıq şəkildə şagird özü araşdırır. Araşdırdıqlarına görə, həm onlar yaradıcı təfəkkürünü inkişaf etdirir, həm də işin bilavasitə icraçısı olur. Əvvəlki təhsildə ancaq əsas biliyi alıb, düsturlar öyrənməlisən, xronologiyanı əzbərləməlisən və s. Ancaq bu, yaddaşa əsaslanan təhsil idi. İndiki təhsil isə təfəkkürə əsaslanan təhsildir. Ona görə də indiki təhsilə bilikyönümlü yox, şəxsiyyətyönümlü təhsil deyilir. Çünki şəxsiyyətin inkişafına yönəlib. Şagirdin nitqi, yaradıcı təfəkkürü, bir sözlə, mənəvi inkişafına yönəlmiş bir təhsildir. Müəllim kimi mənim üçün bu sistemdə işləmək çox maraqlıdır.

- Bəzi müəllimlər kurikulumun tətbiqini etirazla qarşılayırlar. Sizin buna münasibətiniz necədir?

- Cəmi 7 ildir ki, bu sistemə keçilib. Bu sistemə qarşı çıxanlar, etiraz edənlər də olub. Xüsusilə müəllimlər arasında güclü etiraz edənlər var. Təbii ki, hər kəsin subyektiv fikridir. Mənim də öz subyektiv fikrimdir. Həm müəllim, həm valideyn kimi ümidlə baxıram gələcəyə. Ümumiyyətlə, yenilik qəbul olunmur. Yaxşı şey daha çox tənqid olunur. Təbii ki, çatışmayan cəhətlər də var. İdeal bir cəmiyyət olmadığı kimi ideal bir sistemola bilməz. Azərbaycanda bütün sahələrdə islahatlar gedir. Təhsil sahəsində də bir qədər gecolsa islahatlar gedir, hətta biz gecikmişik. Həmkarlarımla söhbət etdikdə görürəm ki, öz işini sevən, savadlı müəllimdir, amma bu sistemə etiraz edir, əvvəlki sistemə alışıb. Bəzən düşünürlər ki, dərsi əyləncəyə çeviriblər. Əgər şagird dərsdə əyləncənin içində öyrənirsə bunun nəyi pisdir? Riyaziyyat elə bir fəndir ki, onu hamı öyrənə bilmir. Məsələn, bir sinifdə şagirdlərin müəyyən faizi tez öyrəndiyi halda, qalanları çalışmaqla qavrayır. Hətta riyaziyyatı öyrənə bilməmək “xəstəliyi” var. Şagirdi döymək kimi fikirlər yaddır. İndiki sistemdə şagird də sənin kimi şəxsiyyətdir. Qarşılıqlı inamdialoji təhsil var. Dərs dialoq əsasında qurulacaq.

Bəzən müəllimlər olur ki, deyir “mən deyirəmsə, düz deyirəm”. Artıq bu nəsil o nəsil, bu şagird o şagird deyil. Şagirdlərin ətrafla əlaqəsi var, yeni texnologiyalardan başı çıxır, internetdən istifadə edir. İstənilən informasiyanı hər yerdən alır. Ona görə də nəsillər arasında uçurumun yaranmaması lazımdır. Eyni zamanda şagirdləri yalnız öyrətməklə kifayətlənməməliyik, müəllimlik elə bir peşədir ki, ömrünün sonuna qədər öyrənməlisən. Əgər bir yerdə öyrənməyi kənara qoydunsa uduzdun, sən geri qalırsan. Öyrənmənin bir üsulu da şagirddən öyrənməkdir ki, bunun nəyi pisdir.

Müəllim nüfuzundan danışanda deyirlər ki, təhsil islahatından sonra müəllim nüfuzdan düşüb. Halbuki bu belə deyil. Mən bu yanaşmanı tamamilə qəbul eləmirəm. Müəllim nüfuzuna xələl gətirən elə müəllimin özüdür. Düzdür, burada obyektivsubyektiv səbəblər də var. Müəllimin yetişdirdiyi o şagird sonra savadı, tərbiyəni müəllimdən alır və gəlib bir yerə çatandan sonra o artıq müəllimə hörmətsizlik edir və deyirlər müəllim hörmətdən düşüb. Şagirdin mənəviyyatı düzgün qurulsaydı o bilərdi ki, savadsız, yaxud başqa fikirlər dediyim müəllimin əlindən çıxıb gəlmişəm. Elə bir insan yoxdur ki, onun müəllimi olmasın. Bugünkü təhsil konsepsiyanın da məqsədi odur ki, şagirdə təhsillə yanaşı, mənəviyyat da verə bilək. Bunun isə yolu odur ki, müəllim elə nümunə olmalıdır ki, şagird onu görə-görə gəlsin. Müəllim sinifdə şagirdə” bugünkü mövzumuz “bir-birimizə hörmət etməkdir” deyib, amma sinifdə şagirdlər arasında fərq qoyursa, o mövzunu nə qədər əzbərlətsən də artıq şagirdin təfəkküründə formalaşır ki, hansı yolla qabağa keçmək olar. Ona görə də müəllimlərin diqqət etməli olduğu məqam çoxdur. Təhsil konsepsiyasının da əsas məqsədlərinin biriodur ki, müəllimin yolunu göstərir. Bildirilir ki, sən şagirdə yolu göstərməlisən, bələdçisən. Artıq yolu necə gedəcək, nə lazımdırsa əziyyəti müqabilində şagird özü qazanacaq. Müəllim yoldaşlarımdan biri belə bir fakt danışdı ki, “Həyat bilgisi” dərsində növbəti dərsi “Yaşlılara hörmət” olub. O sinfə daxil olarkən qələmi yerə atıb və bir neçə nəfər şagird gəlib götürüb. Şagirdlərdən soruşub ki, niyə götürdünüz? Onlar deyib ki, biz sizə hörmət etməliyik. Bu zaman heç bunu etməyən şagirdlərin də diqqətini bu cəlb edib. Yəni motivasiyanın qurulması, şagirdlərin fikrini hadisəyə yönəltdi. Müəllim deyir ki, mən sizdən yaşca böyük olduğuma görə, siz mənə kömək etməlisiniz.

- Yeni təlim üsulları haqqında nə deyə bilərsiniz?

- Yeni təlim üsulları da dərsin gedişində ənənəvi dərsdən fərqlidir. Əvvəlki dərsdə köhnə dərsin sorğusu, yeni dərsin izahı olur. Burda isə başqa cürdür. Dərsə daxil olduqda motivasiyanı yaradırsan, motivasiya gəlir tədqiqat sualına, sonra tədqiqat işləri başlayır. Daha sonra müzakirə başlayır. Qruplar isə müxtəlif istiqamətlərdən yanaşırlar, səhvlərinin nəticəsini özləri görürlər. Artıq bu o deməkdir ki, onlara hazır biliyi vermədilər, özləri qazandı. Müəllim nəticəni ümumiləşdirir, tədqiqatı özü apardığına görə şagird daha yaxşı mənimsəyir. Məsələn, şagirdlərlə bir layihə işləmişdik ki, belə bir fikir var ki, 20 ildən sonra neft ehtiyatı tükənir. Bu doğrudurmu? Şagirdlər iki qrupa ayrıldı. Onlar həvəslə mövzunu araşdırdılar. Təqdimatı hazırlayıb gətirdilər. Qrupun biri bildirdi ki, doğrudan da neft ehtiyatı tükənəcək, onu insan kapitalına çevirmək lazımdır. Digəri isə saytlara istinadən bildirirdi ki, belə bir problem yoxdur. Hər iki tərəf nəticəni həyəcanla gözləyirdi. Artıq burada müəllim öz sahəsindən o qədər geniş məlumatlı olmalıdır ki, şagirdin qarşısında çətin vəziyyətdə qalmasın.

 

Nigar Abdullayeva

Palitra.-2014.-16 iyul.-S.11.