İtaliyada dərs deyən azərbaycanlı:
“Prezidentin İtaliyaya
səfəri bu ölkədə maraqla qarşılanıb”
“Azərbaycan
İtaliyanı neftlə təmin edən dördüncü
ölkədir”
Prezident İlham Əliyevin İtaliyaya səfəri yerli mətbuat və ümumilikdə ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ölkə başçısının bu səfəri çərçivəsində keçirilən görüşlərin çoxluğu da diqqət çəkir. Bildiyiniz kimi artıq iki ölkə arasında sənədlərin imzalanması mərasimi də olub. İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" qəbul olundu. Bu isə zənnimizcə, xüsusi əhəmiyyətə malik bəyannamədir. Ümumiyyətlə, Prezidentin hər dəfə müxtəlif ölkələrə etdiyi səfərlərdən sonra həmin ölkələrlə Azərbaycan arasında daha da yaxınlaşmanın, münasibətlərin yeni mərhələyə qədəm qoymasının şahidi oluruq. Avropanın, eləcə də dünyanın aparıcı dövlətlərindən olan İtaliyaya səfərin də sonda bu amillərlə yadda qalacağına şübhə yoxdur. Ölkə başçısının İtaliyaya səfəri və burada keçirdiyi görüşlər İtaliyada ali təhsil alan və aktiv fəaliyyət göstərən gənclərimiz tərəfindən də diqqətlə izlənilir. Belə gənclərdən biri də İtaliyada ali təhsilini davam etdirən və eyni zamanda Venesiyanın Ka Foskari Universitetində Azərbaycan dilini tədris edəm Məryəm Mehdiyevadır. Məryəm xanım Prezidentin İtaliyaya səfərini şərh edərək, keçirilən görüşlərin nəticəsində İtaliya –Azərbaycan münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini söylədi. O, italyanların azərbaycanlılara və ümumilikdə Azərbaycana olan marağının da böyük olduğunu bildirdi.
- Prezidentin getdiyi ölkələrdə
bu səfərlər məhsuldarlığı
ilə yadda qalmaqla
yanaşı, həmin dövlətlərdə ictimaiyyət tərəfindən
böyük diqqətlə izlənir, yerli mətbuat səfərə daha çox diqqət
ayırır. İtaliyada necə, bu səfərin yüksək ab-havası hiss olunurmu?
- Bunun özəl səbəbləri var. Çünki Azərbaycan günbəgün inkişaf edir və indi nəinki enerji amilinə görə diqqət mərkəzindəyik, həm də siyasi, iqtisadi potensiallarımıza görə də, partnyorlarımız çoxalır. İtaliyada da Prezidentimizin səfəri maraqla qarşılanıb desəm, yanılmaram. Bildiyimiz kimi, Azərbaycan İtaliyanı neftlə təmin edən dördüncü ölkədir. Digər üç ölkə isə Səudiyyə Ərəbistanı, Liviya və Rusiyadır. Yaxın gələcəkdə ölkəmiz Avropa ölkələrinə həm də böyük həcmdə qaz ixrac etməyə başlayacaq. Bu ixracat Yunanıstan və Albaniyadan keçəcək və İtaliyada son təyinat nöqtəsinə çatacaq. “Trans-Adriatik” qaz kəməri vasitəsilə həyata keçiriləcək bu böyük layihə Avropanın neft-qaz idxalının diversifikasiya siyasətinin bir hissəsidir. Bu səbəbdən İtaliya və Azərbaycan arasındakı əməkdaşlıq həm İtaliya, həm də Avropa ilə iqtisadi münasibətləri daha da möhkəmləndirmək üçün çox mühüm bir fürsətdir.
- Səfər
çərçivəsində əməkdaşlıq haqda müzakirələr aparılır və
çox güman ki, təhsillə bağlı da
razılaşmalar, tələbə mübadilələri olacaq. Necə düşünürsünüz,
bu görüşmələr həm də
İtaliyada təhsil almağa
gedən gənclərin sayına təsir edəcəkmi?
Ümumiyyətlə, bu istiqamətdə canlanmaya ehtiyac varmı?
- Düşünürəm ki, səfərin məqsədi sırf bu deyil, amma təbii ki, iki ölkə arasında olan sıx əməkdaşlıq münasibətləri xaricdə təhsil almaq istəyən gənclərin də diqqətini çəkməyə bilməz. Ümumilikdə isə təhsil üçün məhz İtaliyaya üz tutmağa qərar verən tələbələrin sayı ildən-ilə artmaqdadır. Burada ali təhsilini davam etdirən və dərs deyən biri kimi deyə bilərəm ki, bu sayın artması sözsüz ki, çox əhəmiyyətlidir. Bu sayın artması sözsüz ki, əhəmiyyətlidir, amma daha önəmli olan bir gün italyan gəncləri arasında təhsil almaq üçün Azərbaycan Dövlət Neft Akademiyasını və ya digər ali təhsil ocaqlarını seçən gənclərin sayının gündən-günə artmasıdır. Həqiqətən də, bu istiqamətdə bir sıra işlər görmək lazımdır. Prezident getdiyi bütün ölkələrdə insan amilinə böyük önəm verir və tələbə mübadiləsini çox vaxt gündəmə gətirir. Buna Vyetnama səfərdə İlham Əliyevin çıxışı zamanı xüsusi vurğuladığı fikirləri də misal gətirmək olar. O, sovet dönəmində olan bu mübadilənin aktiv bərpasını qeyd etmişdi. İtalyan gənclərin də ölkəmizə marağını artırmaq bu işdə xüsusi önəmə malik olar.
- Bəs,
ümumiyyətlə İtaliya-Azərbaycan münasibətlərinin
daha da inkişaf
etməsi üçün hansı
perspektivləri görürsünüz?
- Bəli, iqtisadi və siyasi münasibətlər getdikcə inkişaf edir. Bu səfəri İtaliyanın sabiq Baş naziri Covanni Lettanın səfərinin davamı və nəticəsi kimi qiymətləndirmək olar. İndi İlham Əliyevin yeni Baş nazir Matteo Renzi və Prezident Corcio Napolitano ilə görüşməsi əməkdaşlıqların və layihələrin qaldığı yerdən davam edəcəyinin bir növ zəmanətidir. Bunların hamısı Azərbaycana olan böyük marağın göstəricisidir. Düşünürəm, perspektivdə bir çox məsələlər var ki, bu istiqamətdə yeni mərhələlər açıla bilər.
- Hazırda ali təhsil almaqla
yanaşı, hansı işlərlə məşğul olursunuz? İtalyan gənclər
arasında təbliğat fəaliyyətiniz olurmu?
- Bəli, mən də İtaliyada təhsil alan tələbələrdən
biriyəm. Ölkəmə, Vətənimizə
bağlıyam və bildiyiniz kimi Azərbaycan Dillər Universitetinin
məzunuyam və yaxında Beynəlxalq münasibətlər
və reklam fakültəsinin məzunu olacağam. Eyni zamanda, Venesiyanın Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm. Qeyd edim
ki, Azərbaycanın artan nüfuzu, hər dərc olunan yeni xəbər
tələbələrin də
bu dili öyrənməyə
olan marağını
artırır. Mən də
bacardığım qədər
bu marağa rəng qatıram və Azərbaycan reallıqlarını gənclərə,
tələbələrə çatdırıram.
Tural Tağıyev
Palitra.-2014.-16 iyul.-S.6.